“BVF kimi nüfuzlu qurumun Azərbaycana dair müsbət proqnoz verməsi yaxşı haldır”
Tarix: 09.10.2015 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Əli Məsimli: “Azərbaycan hökumətinin süni qiymət
artımına qarşı gördüyü tədbirlər, eləcə də dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində
atılan addımlar inflyasiyanın səngiməsində ciddi rol oynayır”


Bugünlərdə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarında Azərbaycan iqtisadiyyatına dair dəyişiklik öz əksini tapıb. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. BVF-nin dərc etdiyi “Dünya İqtisadi Proqnozları” adlı oktyabr hesabatında qeyd olunur ki, BVF, Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% idi.
BVF, gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını gözləyir. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi. Onu da qeyd edək ki, BVF, Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də saxlayıb. BVF, Avro zonası üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0.1 bənd salaraq 1.6%-ə endirib.

Bu proqnozlar həqiqətən də ölkəmizdə inkişafın göstəricisi kimi qiymətləndirilir.
Ölkədə iqtisadiyyatla yanaşı, qeyri-neft sektorunun da inkişafı yüksələn templə davam edir. Ölkə başçısı da qeyd edib ki, məhz bugünkü iqtisadi böhran şəraitində bizim işimiz ölkəmizi, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qorumaqdan ibarətdir: “Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz , qeyri-neft sənayesi 14 faiz artıb”.
Beləliklə, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər: “Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olub, il artıq başa çatır, heç bir sosial proqramda yubanma olmayıb. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə yeni obyektlər açılır. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək”. Bu gün bölgələrdə həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni-yeni obyektlər iqtisadiyyatla yanaşı, qeyri-neft sektorunun da inkişafının göstəricisidir.

Bölgələrdə ixrac potensiallı yeni
müəssisələr istifadəyə verilir


Bugünlərdə Göyçay və Ucar rayonlarına səfəri zamanı ölkə başçısı bir çox obyektlərin açılışında iştirak edib. Belə obyektlərdən biri kimi dövlət başçısı Ucar rayonunda “Ucar Aqro” MMC-nin müasir kəsim və broyler fabrikləri ilə tanış oldu. Ümumiyyətlə, ölkədə quşçuluğun inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir ki, bu gün maliyyələşdirilmiş quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunmuş avadanlıqlarla təchiz edilib. Bu amillər quşçuluq məhsullarının ixracı üçün də imkanlar yaradıb. Ölkə başçısının qeyri-neft məhsulları ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinə uyğun olaraq, quş əti məhsullarının ixracı üçün müəssisə Rusiya Federasiyasının müvafiq qurumlarında akkreditasiyadan keçərək bu ölkənin ərazisinə quş əti məhsullarını ixrac etmək razılığını alıb. Bu da, müəssisəyə imkan verir ki, yaxın perspektivdə quş ətinin ixracına başlasın. Ümumiyyətlə, ölkəmiz artıq idxalla kifayətlənməyib müxtəlif sahələrdə ixrac potensialını getdikcə artırmağa çalışır ki, bu da xarici bazarda öz sözünü deməyə imkan verir.

“Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi Azərbaycan iqtisadiyyatının real, maliyyə və sosial sektorlarına az təsir edir”

Beləliklə, ölkəmizin dinamik inkişafı beynəlxalq təşkilatlarında da diqqətindən yayınmır. Bu baxımdan BVF-nin hesabatını mütəxəssislər də yüksək qiymətləndirir. “Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyata dair proqnozlarını pisləşdirdiyi halda, Azərbaycana dair proqnozlarını nəzərəçarpan dərəcədə yaxşılaşdırması təqdirəlayiq haldır”. Bu fikirləri İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib. Əli Məsimli qeyd edib ki, hazırda dünya düzəni çox qarışıb: “Faşizm, ilhaqlar, çevrilişlər, rəngli inqilablar, lokal müharibələr, qaçqın və köçkün problemləri bir-birinə qarışıb. Bu da dünyanı çox təhlükəli bir perspektivə doğru sürükləməkdədir. Bütünlükdə isə proseslər xeyli dərəcədə iqtisadiyyata da təsirsiz ötüşmür. Belə bir şəraitdə həm də qlobal iqtisadiyyatda gedən proseslərin görünməyən tərəfləri görünən tərəflərindən qat-qat böyük olduğundan Beynəlxalq Valyuta Fondu və digər bu kimi beynəlxalq iqtisadi qurumlar həmin prosesləri məqbul sayıla biləcək səviyyədə proqnozlaşdırmaqda çətinlik çəkir, hadisə və proseslərin gedişindən asılı olaraq vaxtaşırı öz proqnozlarına korrektlər etməli olurlar. Bu, həm qlobal iqtisadiyyata, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatına dair proqnozlara da təsir edir. Dünyada iqtisadi böhran qlobal şəkildə özünü dünyanın bütün coğrafi məkanlarında tam göstərməsə də, dünya iqtisadiyyatındakı sabitsizliklər, xüsusilə Avrasiya məkanında böhran getdikcə ciddiləşir. Çində iqtisadi artım templərinin aşağı düşməsi və birja təlatümləri qlobal iqtisadiyyata da mənfi təsir göstərməyə başlayıb”. İqtisadçı ekspert onu da qeyd edib ki, Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1%-ə, 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq faiz 3,6%-ə endirib: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində 2014-cü ilin ikinci yarısından başlanan şok olaylar 2015-ci ildə də davam edir. Bu isə neft hasil edən ölkələrin iqtisadiyyatlarına, onun həm real, həm maliyyə və həm də sosial sektoruna mənfi təsir göstərir. Amma son vaxtlar neftin qiymətindəki dəyişikliklər BVF-nin neftə dair pessimist proqnozlarının da dəyişməsinə səbəb olur. Proqnozlar verilərkən dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmalarının Azərbaycana təsiri də qiymətləndirilir. Digər tərəfdən isə Azərbaycan hökuməti də qlobal iqtisadiyyatda gedən mənfi proseslərin təsirini minimuma endirməkdən ötrü tədbirlər görür.Təhlillər göstərir ki, neft ölkələrinin xeyli hissəsi ilə müqayisədə neftin qiymətinin kəskin sürətdə aşağı düşməsi Azərbaycan iqtisadiyyatının real, maliyyə və sosial sektorlarına az təsir edir. Ona görə də BVF “Dünya İqtisadi Proqnozları” adlı hesabatının oktyabr sayını aprel ayında Azərbaycana dair verdiyi proqnozlara dəyişikliklər edərək yeni ölçülər və proqnozlar irəli sürüb. BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə əvvəllər proqnozlaşdırdığı kimi 0,6 faiz yox, bundan 3,4 faiz bənd çox,yəni 4% artacağını gözləyir. BVF 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını proqnozlaşdırır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan hökumətinin rəsmi proqnozlarında 2015-ci ildə 3,3 faiz, 2016-cı il üçün isə 1,8 faiz artım proqnozlaşdırılıb. Bu fərq xeyli dərəcədə Azərbaycan hökumətinin proqnozlarının ilin əvvəllərində və həm də neftin bir barelinin qiymətinin 50 dollardan, BVF-in proqnozlarının isə ilin ortalarından sonrakı meyilləri də nəzərə almaqla həm də neftin qiymətinin 60 dollardan yuxarı götürülməsi əsasında qurulması və son aylar Azərbaycan hökumətinin həyata keçirməyə başladığı tədbirlərin effektlərinin BVF-nin proqnozlarda nəzərə alınması ilə əlaqədardır. Manatın 21 fevral devalvasiyasından sonra bu il Azərbaycanda 10 faizin ətrafında inflyasiya gözlənilirdi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 8 faizə yaxın olacağını proqnozlaşdırmışdı. Azərbaycan hökumətinin süni qiymət artımına qarşı gördüyü tədbirlər, eləcə də dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində atılan addımlar inflyasiyanın səngiməsində ciddi rol oynayır. Ona görə də BVF bu il Azərbaycanda əvvəllər proqnozlaşdırdığından 3 faiz bəndi az- 5 faiz inflyasiya proqnozlaşdırır. Bu yaxşı haldır ki, BVF kimi nüfuzlu bir qurum dünya düzənindəki kataklizmlərin güclənməsi ilə əlaqədar qlobal iqtisadiyyata dair proqnozlarını pisləşdirdiyi halda, Azərbaycana dair proqnozlarında müsbətə doğru dəyişikliklər edib”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info