Konqres iştirakçıları dünya ictimaiyyətinə müraciət edib
Tarix: 16.10.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları dünya ictimaiyyətinə müraciət edib: “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 13-15 oktyabr 2015-ci il tarixlərində Gəncə şəhərində reallaşan VIII Beynəlxalq Atatürk Konqresi təkcə Azərbaycanın elmi həyatı üçün deyil, bir çox dünya xalqlarının tarixi taleyi üçün də önəmli hadisədir. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası, Hindistan, İtaliya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Polşa, Serbiya və digər ölkələrdən olan alimlər XIX-XX əsr Qafqaz bölgəsinin və həmsərhəd ölkələrin tarixinin aktual məsələlərini müzakirə etdilər. Konqresin nəticələri təsdiq edir ki, müasir dünyada baş verən qanlı münaqişələr XIX-XX əsrlərin siyasi sarsıntılarından doğmuşdur. Bunu, xüsusən də Qafqazın və türk-müsəlman dünyasının ən yeni tarixində izləmək mümkündür. Xalqlarının müəyyən mərhələlərdə soyqırımı və deportasiyaya məruz qaldığı Qafqaz dünyanın güc mərkəzlərinin kobud müdaxiləsinin bölgədəki proseslərə neqativ təsirinə bariz nümunədir. Dünyanın müəyyən dairələri tərəfindən şirnikləndirilən erməni millətçiliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımlar, azərbaycanlıların əzəli torpaqları olan bü günkü Ermənistan Respublikasının ərazisindən deportasiyası, Azərbaycanın işğal edilmiş ərazilərində erməni silahlı qüvvələri tərəfindən qəddarcasına törədilmiş etnik təmizləmələr bölgənin etnosiyasi və demoqrafik mənzərəsinin dəyişilməsinə gətirib çıxarmışdır. Böyük dövlətlər çoxəsrlik hegemonluq siyasətlərinə uyğun olaraq bu gün yenə də Yaxın və Orta Şərqi, Qafqazı zərbə altında tutduqları bir şəraitdə bölgə ölkələrinin alimləri yüz il əvvəlkinə bənzəyən olduqca qorxulu, dünyanın əmin-amanlığı və təhlükəsizliyi üçün təhlükə yaradan, yeni genişmiqyaslı hərbi toqquşmalara gətirə biləcək vəziyyətin müşahidə edilməsini bəyan etməyi zəruri bilirlər. “İdarə olunan xaos” vəziyyəti yaradan və bölgə ehtiyatlarına sahib olmağa can atan dövlətlərin siyasəti xüsusi təhlükə doğurur. Müstəqil dövlətlərin suverenliyinə xarici qəsdlər beynəlxalq münasibətlərdə özbaşınalığa gətirib çıxarır, Qafqazın və qonşu dövlətlərin təhlükəsizliyinə real təhdid yaradır. Xarici qüvvələr təbii sərvətlərlə zəngin olan ölkələrdə dağıdıcı ünsürləri şirnikləndirir, suveren dövlətlərdə qayda-qanunu pozur, terrorizmə, ekstremizmə və separatizmə dəstək verir. Bununla da beynəlxalq hüquq heçə endirilir, hüququn gücü yox, gücün hüququ bərqərar olunur. Biz alimlər, hesab edirik ki, müasir dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan iri güc mərkəzləri dövlətlərin parçalanmasına, minlərlə günahsız vətəndaşların məhv edilməsinə gətirib çıxaran bu məhvedici siyasətdən əl çəkməlidirlər. Hər zaman cəmiyyətin mütərəqqi qüvvəsi olan alimlər bu gün hər kəsi istər nüfuzlu dövlətlər, istərsə də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tətbiq edilən ikili standartları və düşünülmüş xaos siyasətini ittiham etməyə çağırır. Dünya düzəninin möhkəm əsasları pozulmamalı, Birləşmiş Millətlər Təşkilatı dünya güc mərkəzlərinın tələblərini yerinə yetirməli deyil, beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilən bütün qətnamələrin eyni şəkildə icra olunmasını həyata keçirməlidir. Sabitlik, sülh və təhlükəsizliyin olmadığı şəraitdə heç bir ölkənin davamlı inkişafı mümkün deyildir. Bu inkarolunmaz həqiqət Azərbaycan və Qafqazın digər xalqlarının taleyində öz təsdiqini tapmışdır. Azərbaycan hələ də süni şəkildə yaradılmış, on minlərlə günahsız insanın həlak olmasının, o cümlədən Xocalı soyqırımının səbəbi olan Qarabağ münaqişəsindən əziyyət çəkməkdədir. Məhz buna görə, konqres iştirakçılarının hesab etdiyi kimi, Azərbaycan Respublikası sülhün bərqərar olmasına və hərbi münaqişələrin aradan qaldırılmasına xüsusi önəm verir, Azərbaycan rəhbərliyinin bölgədə təhlükəsizliyin təmin edilməsinə yönələn sülhpərvər səylərini alqışlayır. Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan bir milyondan çox azərbaycanlının zorla qovularaq qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda region ölkələri, dünya ictimaiyyəti nəinki yeni yaranmış münaqişələrin qarşısını almağa, həm də artıq mövcud olan təhlükəsizlik problemlərini həll etməyə bütün səylərini verməlidirlər. Dağıdıcı imperiya siyasətindən hal-hazırda Türkiyə əleyhinə də istifadə olunur. Bu gün bu dövlətin daxili işlərinə müdaxilə edilməsi, orada sabitliyin pozulması, Türk dövlətinin əsaslarının sarsıdılmasına yönəlmiş açıq-aşkar cəhdlər mövcuddur. Konqres iştirakçıları Türkiyənin dinc əhalisi əleyhinə terror aktlarının təşkilatçılarını qətiyyətlə ittiham edir və Türkiyə Cümhuriyyətinin vətəndaşlarını birliyə çağırır. Türkiyədə sabitlik bütün regionda sabitliyin mühüm şərtidir. Yaxın Şərqdə münaqişəli vəziyyətin kəskinləşməsi bu gün Avropaya güclü miqrasiya axınına səbəb oldu. Bununla belə, Avropa İttifaqı ölkələrində millətçi və antimüsəlman əhval-ruhiyyəsi güclənir, faşizm, rasizm baş qaldırır, ksenofobiya və dini ayrı-seçkilik artır. Belə şəraitdə Avropa İttifaqı planetin müxtəlif bölgələrində münaqişənin artmasına yönəlmiş ikili standartlar siyasətinin gerçəkləşməsinə üstünlük verir. Avropa parlamentinin bu yaxınlarda qəbul etdiyi anti-Azərbaycan qətnaməsi beynəlxalq aləmdə müstəqil xətt yürüdən suveren dövlətin maraqlarına qarşı yönəlmiş ədalətsiz siyasətin ibrətamiz göstəricisidir. Biz, VIII Beynəlxalq Atatürk Konqresinin iştirakçıları hesab edirik ki, yalnız ədalət, hüquq və sabitlik qlobal təhlükəsizliyi təmin edə bilər. Yalnız beynəlxalq hüquq prinsipləri və normalarına dəqiq riayət etməklə, terrorizm, ekstremizm və separatizm kimi cinayətlərin kökünü kəsmək, ölkələrin və xalqların hüquq bərabərliyi, onların dinc yaşaması zəminində müasir dünya nizamını bərqərar etmək, məqsədgüdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq mümkündür. Konqres işrirakçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi riayət etməyə çağırır. Bu baxımdan işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının Dağliq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin icrası xüsusi əhəmiyyət kəsb edir. Müasir gərginlik vəziyyətində təkcə siyasətçilər deyil, eləcə də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında dialoqun inkişafı, millətlərararası və dinlərarası nifaqın hər hansı bir formada təzahürünün qarşısının alınması üçün, terrorizmlə mübarizə və silahlı münaqişələrin tənzimlənməsi naminə birgə səylərini əsirgəməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə və inanclarına hörmət təşkil etməlidir. Bu kontekstdə xalqın çoxəsrlik ənənələri və mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini təqdim edən Azərbaycanın qiymətli tarixi təcrübəsi qeyd olunmalıdır. Biz, VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətinin diqqətindən kənarda qalmayacaqdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info