Sərdar Cəlaloğlu: “Müsavatın Seçki Məcəlləsindən xəbəri yoxdur”
Tarix: 08.02.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“İsa Qəmbər və Müsavat Partiyası “Yeni Müsavat”ın yardımçı təsərrüfatıdır”

Müsavat Partiyası ilə ADP sədri Sərdar Cəlaloğlu arasındakı gərginliyə səbəb olan qalmaqal davam edir. S.Cəlaloğlunun “Yeni Müsavat” qəzetinə açıqlamasından sonra qəzetdən ADP sədrinə qarşı ittihamlar səsləndirilib. Ardınca Müsavat funksionerlərinin müdaxiləsi ilə qalmaqal daha da kritik vəziyyət alıb. Belə ki, Müsavat başqanının müavini Mustafa Hacıbəyli S.Cəlaloğlunu İ.Qəmbərin uğurlu seçki kampaniyasına mane olmaqda, müxalifətin birləşməsi üçün atılan addımlara qarşı çıxmaqda ittiham edib. M.Hacıbəyli S.Cləloğluna ADP-dəki cəsarətli insanlara mane olmamağı, əksinə onlardan nümunə götürməsini nəsihət edib. ADP sədri S.Cəlaloğlu isə “Palitra”ya müsahibəsində baş verənlərə aydınlıq gətirib. Partiya sədri qalmaqalın onun İ.Qəmbərin Lənkərana səfəri ilə bağlı fikirlərindən sonra başladığını deyib.
-Onlar bu səfəri İ.Qəmbərin seçki kampaniyasının uğuru kimi təqdim edirlər. Lakin əgər bu, İ.Qəmbərin seçki marafonudursa, o zaman MSK onun namizədliyini qeydə almaya bilər. Çünki Seçki Məcəlləsində seçki kampaniyasının başlanmasının vaxtı göstərilib və hazırda buna 6 aydan çox vaxt qalır. Beləliklə, onlar İ.Qəmbərin seçki kampaniyasının qeyri-qanuni olduğunu etiraf edirlər. Digər tərəfdən, bu konfiliktin yaradılmasında “Yeni Müsavat” qəzetinin rolu böyükdür. Çünki jurnalist mənim İ.Qəmbərin Lənkərana səfri ilə bağlı fikirlərimi soruşanda mən dedim ki, bizim partiyanın və təmsil olunduğumuz blokun bununla bağlı bəyanatı var. Jurnalistsə təkidlə soruşur ki, “deyirlər hökumət İ.Qəmbərdən qorxur”. O jurnalist istəyirdi ki, mən hökumətin İ.Qəmbərdən qorxduğunu deyim. Mənsə demişəm ki, hökumət Amerikadan, Avropadan qorxmursa, İ.Qəmbərdən nə üçün qorxmalıdır. Sonra jurnalist soruşur ki, “deyirlər İ.Qəmbər müxalifətin əsas namizədidir”. Mənsə demişəm ki, seçkilərə hələ 6 aydan çox vaxt var. İ.Qəmbər necə əsas namizəd kimi rayonlara gedə bilər? Axı bu qeyri-qanunidir. Bunu mənim İ.Qəmbərə hücumum kimi təqdim ediblər. Sonra da qəzetin başqa bir jurnalisti başlayıb İ.Qəmbəri müdafiə etməyə. Bunlar hesab edirlər ki, mən hökumətin İ.Qəmbərdən qorxmadığını demişəmsə, deməli, İ.Qəmbərə hücum edirəm.
-Sizcə, qəzetin burda nə marağı var?
-Onların özlərinə məxsus texnologiyası var. Əvvəlcə özləri İ.Qəmbərin xeyrinə açıqlama alırlar, sonra eynilə həmin açıqlamadan İ.Qəmbərin əleyhinə istifadə edirlər. Başqası da çıxıb müdafiəçi kimi çıxış edir. Bu yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydir. Görünür, İ.Qəmbərə hücumu özləri təşkil edib, müdafiəsini də özləri ediblər.
Başqa bir məqsədsə müxalifətin birliyinə mane olmaqdır. Fikir verin, qəzetin jurnalisti təkidlə məndən açıqlama alır. Mətnə mənə aid olmayan başqa sözləri əlavə edir. Düşünülmüş şəkildə iki həftə saxlayıb, müxalifət partiyalarının funksional əməkdaşlıqla bağlı görüşündən bir gün əvvəl dərc edirlər. Əgər İ.Qəmbər də qəzetə tərəfdar çıxsa, onda heç bir əməkdaşlıqdan danışmaq olmaz. Əks təqdirdə İ.Qəmbər qəzetin yalan məlumatlar yaydığını, süni konfliktlər yaratdığını dilə gətirməlidir.
-Axı, “Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına yaxınlığı hər kəsə məlumdur. Sizcə, burda partiyanın da təsiri görünmürmü?
-Bu qəzetin Müsavata yaxınlığı ilə razıyam. Amma Müsavatdan daha çox “sahib” kimi istifadə edirlər. Əslində isə Müsavat Partiyası bu qəzetin informasiya texnologiyasında vasitədir. Müəyyən konyunkturlar, əməliyyatlar, hərəkətlər üçün İ.Qəmbər və ətrafındakı elektorat “Yeni Müsavat” qəzetinin əlində alətdir. Lazım olanda İ.Qəmbəri döyülən, söyülən kimi təqdim edirlər. Lazım olanda özləri İ.Qəmbərin əleyhinə yazırlar, sonra da müdafiəçisi kimi çıxış edirlər. İ.Qəmbər və Müsavat Partiyası “Yeni Müsavat”ın yardımçı təsərrüfatıdır. Başqa heç bir partiya “Yeni Müsavat” qəzeti üçün bu rolu oynaya bilməz.
Qəzetdəki məlum məqalədə yazırlar ki, S.Cəlaloğlunun kimlərləsə əlaqələrinin olması şübhəlidir. Amma mən bu qəzetin kimlərin təsiri altında olduğunu, hansı dairələrdən idarə olunduğunu bilirəm və buna heç bir şübhəm yoxdur. Hesab edirəm ki, burda konkret olaraq İ.Qəmbərlə mənim aramda konflikt yaratmağa çalışırlar. Guya, mən İ.Qəmbərə hücum etmişəm. İ.Qəmbərin özü cavab vermədiyi üçün, qəzet özü onun əvəzinə cavab verir. Beləliklə də öz aləmlərində kimisə ittiham edir, kimisə müdafiə edirlər.
Maraqlıdır ki, Müsavatın öz qəzeti təkidlə çalışır ki, məndən İ.Qəmbərin əleyhinə söz alsın. Mənsə heç bir söz deməmişəm. Sadəcə olaraq, son prosesləri təhlil edərək, müxalifətin bəzi qərarlarının yanlış olduğunu bildirmişəm. Onlarsa bunu İ.Qəmbərə qarşı ittiham kimi göstərirlər. Əslində “Yeni Müsavat” qəzetinin hansı oyunlara başladığını yaxşı bilirəm.
-Müsavat başqanının müavini Mustafa Hacıbəyli də bu məsələdə sizə qarşı bir sıra ittihamlar irəli sürüb.
-Əgər mən İ.Qəmbərin əleyhinə ittiham irəli sürmüşəmsə, hüquqa görə, buna yalnız onun özü cavab verməlidir. Çünki Mustafa Hacılı və digər müavinlər hardan bilirlər ki, mənim dediklərim nə dərəcədə ittihamdır. Məncə İ.Qəmbər onu ittiham etmədiyimi bildiyi üçün cavab vermir.
Bu 20 il ərzində İ.Qəmbərə qarşı sərt, kəskin fikirlər söyləmişəm. Amma heç vaxt qərəzli, qeyri-səmimi, konyunktur olmamışam. İ.Qəmbər bunu yaxşı bilir. Hətta Rəsul Quliyev ADP-nin sədri olanda İ.Qəmbərlə onun münasibətlərini tənzimləməyə çalışmışam. İndi isə mənim guya İ.Qəmbəri ittiham etdiyimi deyirlər. Əgər belədirsə, buna yalnız ittiham edilən şəxs cavab verməlidir. Başqaları cavab verirsə, deməli, bu müəyyən oyunların elementləridir. Biz tayfa davası aparmırıq ki, mən İ.Qəmbərə nəsə deyim, onun bütün qohumları, qonşuları, tanışları mənə hücuma keçsin.
Görünür, kimlərsə siyasətə qoşulmağa çalışır, bu cür məsələlərlə, açığını deyim, müəyyən dairələrə özlərini göstərirlər. Kim nə istəyir etsin, bizə heç bir aidiyyəti yoxdur.
-M.Hacıbəyli sizə məsləhət görüb ki, ADP-dəki cəsarətli insanların İP-də iştirak etmələrinə icazə verəsiniz və siz özünüz də onlardan nümunə götürəsiniz. Bununla bağlı nə deyə bilərsiniz?
-Əgər onların dedikləri kimi, ADP-dəki bu şəxslər cəsarətlidirlərsə, ondan mənim icazəmə fikir verməzlər. Əslində ADP daxilində mənimlə üzvlər arasında intriqa yaratmaq istəyirlər. Çox cılız düşüncədir. Guya, elementar texnologiyanı onlardan başqa heç kim bilmir. Aksiyalarda və ya İctimai Palatanın iclaslarında ADP üzvlərinin iştirakı yalnız mənim icazəmlə olub. Vəssəlam. Digər məsələlərə gəlincə, onların məsləhətlərinə ehtiyacımız yoxdur. Biz vaxtı gələndə hər şeyi özümüz həll edirik. Amma bir şeyə əmin olsunlar ki, heç bir qrup və fərdi maraqların xidmətçisi olmayacağıq. Bundan arxayın ola bilərlər. Onlar özlərinin şəxsi, lazımsız hərəkətləri üçün aksiya keçirəcəklər, sonra da deyəcəklər, ADP niyə iştirak etməyib. Biz ancaq milli maraqlara uyğun olan məsələlərdə müxalifətlə bir yerdə ola bilərik.
Prosesləri diqqətlə izləyəndə görürük ki, bəzi müxalifət partiyaları yalnız hakimiyyət məsələsi gələndə ortaya çıxırlar. Yalnız belə məqamlarda bu ölkədə yaşadıqları yadlarına düşür. Hansı ki ölkədə, regionda bu qədər ciddi hadisələr baş verir. Müxalifət təkcə hakimiyyət məsələsində ortaya çıxmamalıdır. Xarici siyasətdə, dövlət təhlükəsizliyində də müxalifətin rolu, sözü olmalıdır. Bu məsələlərdə az-çox fəallıq göstərən yenə də ADP-dir. Çünki biz pullu adamların ayağına birinci getmirik. Həmişə birinci addımı onların atmasını gözləyirik. Bəzi müxalifət partiyaları isə ancaq hakimiyyət məsələsində və öz maraqları ortaya çıxanda fəallıq göstərirlər. Elə bu cür qruplardır ki, düşünülmüş şəkildə, hardansa aldıqları tapşırıqlara əsasən, müxalifət daxilində konfiliktlər yaradırlar.
-Siz ADP daxilində intriqaların yaradılmasına çalışdıqlarını vurğuladınız. Son dövrlər belə cəhdlər olubmu?
-Vaxtilə ADP-dən Müsavata 15-20 nəfər adam keçmişdi ki, Müsavatda onlara vəzifə verəcəkləri ilə bağlı müəyyən sözlər verilmişdi. Amma bu şəxslər ADP-ni necə tərk etmişdilərsə, Müsavatı da elə tərk etdilər. Hazırda isə Müsavat partiyasından ADP-yə qarşı ciddi pozuculuq fəaliyyəti yoxdur. Amma bu kimi fikirlər yayan, qəzetdə mübahisələr yaradanların elə bir niyyətinin olduğu ortadadır. Guya, mən kimlərəsə müxalifətin birliyinə kömək etməyə icazə vermirəm. Necə ola bilər ki, insanların konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqları mənim icazəmlə tənzimlənsin? Bunların hamısı gülüncdür.
-Bir sıra hallarda sizi hansısa dairələrlə, yaxud da hökumətlə əməkdaşlıqda günahlandırırlar.
-Yalandan böhtan atmaqla deyil. Hökumətin adamısan deyəndə nəyi nəzərdə tuturlar? Misal üçün, onlar müxalifətin birləşməsinə mane olan yanlış hərəkətlər edirlər. Mən bunları tənqid edirəmsə, yaxud müdafiə etmirəmsə, deməli, hökumətin adamıyam? Müxalifətdaxili ziddiyyətlərin, yanlış hərəkətlərin hökumətə nə aidiyyəti var? Bu adamların şüuru o qədər inkişaf etməyib ki, belə məsələləri anlasınlar. Onların şüurunun nə dərəcədə inkişaf etməsi, seçki kampaniyasını başlamaqla da özünü göstərir. Çünki Seçki Məcəlləsində seçki kampaniyasının başlanma vaxtı göstərilib. Onlarsa deyirlər ki, “İ.Qəmbərin seçki kanpaniyası uğurla gedir. S.Cəlaloğlu isə İ.Qəmbərə mane olur”. Bu qüvvələr nələrisə qızışdırmaqda, konfliktlər yaratmaqda maraqlıdırlar.
Asif NƏRİMANLI




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info