“Azərbaycan gəncliyi bir çox məqamlara görə qonşu ölkələrdə formalaşan gənclərdən öndədir”
Tarix: 19.10.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


İlqar Talıbov: “Hər zaman yeni layihələrlə tələbə-gəncləri bir araya yığırıq, xarici dövlətlərdə ölkəmizi layiqincə təmsil edirik”

Müsahibimiz Cənubi Qafqazın ən böyük tələbə təşkilatı sayılan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi İlqar Talıbovdur.


-Özünüz barədə oxuculara məlumat verərdiniz.

-Mən, Talıbov İlqar 1992-ci il təvəllüdlüyəm. Səbail rayonunun 49 nömrəli liseyinin humanitar bölməsini bitirmişəm. Ali təhsilimi isə 2009-2013-cü illərdə Bakı Slavyan Universitetinin Rus filologiyası fakültəsində almışam. Təhsil aldığım illərdə ictimai aktivliyim olub və həmin universitetin Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyət göstərmişəm. Hazırda Cənubi Qafqazın ən böyük tələbə təşkilatının – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat katibi vəzifəsində çalışıram.

- Universitetdə oxuyarkən aktiv ictimai fəaliyyətə başladığınızı qeyd etdiniz. Gənclərimiz üçün ictimai fəallığın önəmi haqda söz açardınız.

- Bəli. Yuxarıda da qeyd etdiyim kimi sözügedən ali təhsil müəssisəsinə daxil olandan ictimai fəaliyyətə qoşulmuşam. Təhsilimi başa vurduqdan sonra müxtəlif yerli və beynəlxalq layihələrin təşkilatçısı oldum. Dövlət layihələrinin və proqramlarının koordinatoru kimi fəaliyyət göstərmişəm. Gənclərimizə gəldikdə isə onu deyə bilərəm k, əlbəttə, gənclərimiz üçün ictimai fəallıq çox önəmlidir. Erkən dövrdən ictimai fəaliyyətə qoşulmaq gənclərimizin ilk növbədə doğma ölkələrimizə faydalı olması, ikinci növbədə isə dünyagörüşlərini artırmaq baxımından vacibdir. Mən ümumiyyətlə, bir məsələni qeyd etmək və tövsiyə kimi önə çəkmək istərdim ki, gənclərimiz aktiv ictimai fəaliyyətə orta məktəb oxuyandan başlasalar, daha yaxşı olar. Düzdür, bu, bir qədər çətin olur. Amma bunun effektini tələbəlik illərində hiss edəcəklər.

-Tələbələrimiz artıq əvvəlki illərlə müqayisədə ictimai işlərə daha çox cəlb olunurlar. Bu barədə nələri deyə bilərsiniz?

-Gənc nəsli bacarıqlı və savadlı olan dövlətin gələcəyi də parlaq olacaq. Burada ancaq ictimai fəallıqdan söhbət getmir. Dediyim kimi, ümumiyyətlə, müxtəlif sahələrdə gənclərin fəallığı mütləqdir, həm gəncin şəxsiyyət kimi formalaşması, həm öz ölkəsinə faydalı olmaq üçün. Doğru vurğuladınız ki, ilbəil aktiv tələbələrimizin sayı artır. Təhsil almaqla bərabər ictimai fəallıq da önəmlidir. Gələcəkdə də aktiv tələbələrimizin sayının artmasının şahidi olacağıq. Bununla bağlı təşkilatımız da müvafiq tədbirlər görür.

- Təşkilatınız - ATGTİ barədə söz açdınız. Təşkilatın effektiv fəaliyyəti göz önündədir və qarşıda hansı məqsədlər, işlər gözlənilir?

-ATGTİ-nin dövlət əhəmiyyətli, irimiqyaslı tədbirləri hər kəsin yaddaşındadır. Misal üçün: “Yaşayan tarix”, yay və qış liderlik məktəbləri, yerli və beynəlxalq “Univiziya” layihəsi, Dövlət Bayraq Gününə həsr edilmiş fləşmoblar və s. Hər zaman yeni layihələr ilə tələbə-gəncləri bir araya yığırıq, xarici dövlətlərdə ölkəmizi layiqincə təmsil edirik. Yaranandan bu günə kimi ittifaq daim tələbələrin yanındadır, onların vətənpərvər ruhda yetişməsinə dəstək göstərir, hər hansı problemləri olduqda onlara köməklik göstərməyə çalışır. Uğurlu fəaliyyətin nəticəsidir ki, ATGTİ bir çox mükafatların sahibidir, beynəlxalq səviyyədə tanınan bir təşkilatdır. Bildiyiniz kimi, ATGTİ-nin sədri Şahin İsmayılov bu il parlament seçkilərində Beyləqan rayonundan namizəddir. Əlbəttə ki, bu da ittifaqın uğurudur.

-Azərbaycanda könüllülər ordusu formalaşıb. Bu, özünü Avropa Oyunlarında da effektiv şəkildə göstərdi. Ölkəmizdə qarşıdakı keçiriləcək beynəlxalq tədbirlərdə könüllülər ordusu hansı töhfələri verə bilərlər?

- Doğrudur. Bu gün bizdə könüllülərlə bağlı bir sıra müsbət məqamlar var və artıq gənclərimiz müxtəlif tədbirlərdə könüllü kimi çalışıb təcrübələr toplamağa xeyli meyilli olublar. Bildiyimiz kimi, ATGTİ ölkəmizdə baş tutan beynəlxalq tədbirlərin həyata keçirilməsində də müxtəlif formalarda dəstək verir. Könüllülərin tədbirlərə cəlb olunması görülən əsas işlərdən biridir. Şübhəsiz ki, Birinci Avropa Oyunlarında könüllü gənclər özünü doğrulda bildi. Könüllülərə göstərilən diqqət oyunlardan sonra da davam etdi. Bu da ölkəmizdə keçirilən növbəti beynəlxalq layihələrin bir parçası olmaq üçün stimulverici amildir. Düşünürəm ki, könüllülərin töhfəsi bütün beynəlxalq tədbirlərdə davam edəcək. Bir məqamı da qeyd edim ki, ünsiyyətdə olduğumuz könüllü gənclərin əksəri də bu fəaliyyətlərinin müəyyən mənada onların gələcək aktiv ictimai fəaliyyəti üçün önəmli addım olduğunu qeyd edirlər.

- Bəs xaricdə təhsillə bağlı olan dövlət proqramları ilə bağlı nələri deyərdiniz?

- Əlbəttə, bunu çox müsbət amil kimi qiymətləndirirəm və düşünürəm ki, çox nadir ölkələr var ki, dövlət gənclər üçün belə şərait yaradır. Bu mənada Azərbaycanda gənclərin xaricdə təhsil almaları üçün yaradılan münbit şəraitdən gənclərimizin yararlanmasını istəyirəm. Xaricdə təhsil alan gənclərimizin təhsil almaqla yanaşı, beynəlxalq təcrübəni mənimsəməsi gələcəkdə onların ölkəmizdə hər hansı sahədə uğurlu fəaliyyətinə geniş imkanlar yaradır. Bu səbəbdən də xaricdə təhsilin tərəfdarıyam.

-Bəs ümumiyyətlə, ilbəil xaricdə oxuyan tələbələrimizin sayının artmasına münasibətiniz.

-Əlbəttə ki, münasibətim müsbətdir. Ölkədə aktiv gənclər ordusu olduğu kimi xaricdə də təhsil alan gənclər-tələbə ordumuz var. Əvvəlki illərlə müqayisədə bu ordunun sayı artır. Bu həm də bizə bir sıra üstünlüklər də verir. Gələcəkdə perspektivli kadrlar yetişməklə yanaşı, başqa ölkələrdə oxuyan bu tələbələr təbliğat işlərində də aktiv olurlar. Ümumiyyətlə xaricdə təhsilin üstünlüklərini sadalamaqla bitməz.

-Gənclərimizə, tələbələrə hansı məsləhət və təklifləriniz olardı?

- Məsləhətlər çoxdur. Əsas onu deyim ki, təhsilləri ilə yanaşı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etsinlər, hər zaman öz üzərilərində çalışsınlar, dövlətçilik ənənələrinə sadiq, xalqımıza faydalı vətəndaş kimi yetişsinlər. Bu gün Azərbaycan gəncliyi bir çox məqamlara görə qonşu ölkələrdə formalaşan gənclərdən öndədir. Bu mənada bizim üçün gələcəkdə hər sahədə güclü kadrların olacağını deyə bilərəm. Bir daha gənclərimizə uğurlar arzu edir və aktiv olmalarını diləyirəm.
Tural TAĞIYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info