“Seçkilərin beynəlxalq müşahidəsi: normalar, prinsiplər, reallıqlar”
Tarix: 22.10.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Azərbaycan cəmiyyəti və dövləti növbəti parlament seçkilərinin astanasındadır: artıq Milli Məclisə 6-cı çağırış seçkilərinin aktiv təbliğat dövrü başlanıb. Bu dövrdə təbliğatla yanaşı, seçki prosesinin demokratikliyinin təmin olunması sahəsində aktiv nəzarətin – müşahidəçiliyin də böyük rolu var.
Qeyd edək ki, dünya seçki tarixinin çox qədimlərə gedib çıxmasına baxmayaraq, müşahidəçilik institutu son onilliklərdə inkişaf etməyə başlayıb. Azad müşahidəçilik institutunun olması – müasir dünyada, xüsusilə də Avropada seçkinin demokratikliyinin, şəffaf və ədalətliliyinin ən başlıca meyarlarından biri sayılır.
Vətəndaş Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Məclis sеçkiləri üçün müşаhidəçilərin hazırlanması və müşahidəçilik hüquqları ilə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsinin koordinatoru Feyruz Şivəxanovun sözlərinə görə, müşahidəçilik iki səviyyəlidir – yerli və xarici(yaxud beynəlxalq): “ATƏT-in 1990-cı il tarixli Kopenhagen sənədinin 8, 10 və 12-ci bəndlərində seçki keçirən dövlətlərdə beynəlxalq və yerli müşahidəçiliyin təminatı ATƏT regionunda seçkinin nəticələrinin tanınması üçün əsas amillərdən biri kimi qeyd olunur. Qeyd edilir ki, seçkidə demokratikliyin, bərabərliyin, ədalətliliyin təmin olunması kimi, seçki prosesinin azad və təzyiqlər olmadan izlənməsi – müşahidə edilməsinin təmin olunması da mühüm əhəmiyyət kəsb edir. Dövlətlər seçkinin nəticələrinin legitimliyini təmin etmək üçün müşahidəçilərin sərbəst fəaliyyətinə şərait yaratmalıdır. Müşahidəçilər isə öz növbələrində fəaliyyətlərini seçki prosesinə müdaxilə etmədən qurmalıdırlar.
Kopenhagen sənədi həmçinin seçkilərlə bağlı beynəlxalq normaları müəyyənləşdirir ki, yerli müşahidəçilərin bu normaları dərindən öyrənməsi onların obyektiv və düzgün nəticələr əldə etməsi üçün çox vacibdir.”
Maraqlıdır ki, beynəlxalq müşahidəçilik yerli müşahidəçiliyə nisbətən daha tez inkişaf etməyə başlayıb. Belə ki, BMT-nin üzv dövlətlərdə seçkini izləmə missiyası ilk dəfə 1989-cu ildə Nikaraquaya göndərilib. Ardınca isə 1990-cı ildə Haitiyə belə bir missiya göndərilib. BMT missiyaları seçkini izləməkdən daha çox demokratik seçkilərin təşkili sahəsində dövlətlərə yardım xarakteri daşıyır. 1992-ci ildə BMT-də formalaşdırılmış departamentin həyata keçirdiyi belə missiyalar bir qayda olaraq seçkidən sonra heç bir qiymətləndirici rəy açıqlamır.
Müsahibimiz qeyd edir ki, ATƏT regionunda aktiv və qiymətləndirici müşahidəçiliyi qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu(DTİHB) həyata keçirir: “Büronun əsas vəzifəsi hərtərəfli müşahidəçiliyin təmin olunması yolu ilə demokratik seçki prosesinə dəstək verməkdir. Hər il Büro müxtəlif ölkələrdə seçkilərin ümumxalq, bərabərlik, ədalətlilik, gizlilik, azad, şəffaf və hesabatlılıq prinsiplərinə uyğunluğunu qiymətləndirmək üçün həmin ölkələrə yüzlərlə müşahidəçi göndərir. Büronun müşahidə missiyası qısamüddətli və uzunmüddətli ola bilər. Uzunmüddətli müşahidəçilik 6-8 həftəlik dövrü əhatə etməklə bütövlükdə seçki prosesinin idarə olunmasını qiymətləndirmək məqsədi daşıyır.
Qısamüddətli müşahidəçiliyin məqsədi isə bilavasitə səsvermə və səssayma proseslərini qiymətləndirməkdir. Bu missiya seçkidən bir gün əvvəl göndərilir. Beynəlxalq müşahidəçilik seçkilərin bilavasitə beynəlxalq normalara uyğunluğunu qiymətləndirmək üçündür. Hansı ki, bu normalara riayət olunması ATƏT üzvü olan ölkələrin əsas öhdəliklərindən biridir.”
Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda keçirilən seçkilər bir qayda olaraq ATƏT DTİHB tərəfindən izlənib. Son illərdə bu qurumun müşahidə missiyaları tərəfindən ölkəmizdə keçirilən seçkilər demokratikliyi və beynəlxalq normalara uyğunluğu baxımından irəliyə doğru mühüm addım kimi dəyərləndirilib. Lakin bu il keçiriləcək parlament seçkiləri ərəfəsində qurum tərəfindən Azərbaycana müşahidə missiyasının göndərilməməsinə dair qərar qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib: “DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə Xarici İşlər Nazirliyi tərəfindən rəsmi məktubla Azərbaycanın razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab ATƏT DTİHB-ə təqdim olunub. Məktubda Azərbaycan tərəfindən Ehtiyacların qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış bəzi məqamların düzgün və əsaslandırılmış olmadığı və ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğu vurğulanıb. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib. Məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub”.
Açıqlamada qeyd olunur ki, 1992-ci il Helsinki sənədinə əsasən ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir: “1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib. Budapeşt sənədində deyilir: “DTİHB fəaliyyətdə olan sədr ilə məsləhətləşərək və məşvərətçi rolunda çıxış edərək, Daimi Şuranın müzakirələrində iştirak edir və həyata keçirilmiş məsələlər üzrə məlumat təqdim edir. Fəaliyyətdə olan sədr ilə sıx məsləhətləşmə şəraitində DTİHB-in rəhbəri növbəti addımları təklif edə bilər”. Göründüyü kimi, ATƏT/DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsasız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır. Seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur. ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşərək, ATƏT-in Daimi Şurasına konstruktiv təkliflər verməlidir”.
ATƏT DTİHB-dən əlavə Avropa Şurası, AŞ Nazirlər Komitəsi, Azərbaycanın daxil olduğu MDB kimi beynəlxalq təşkilatlar da bir qayda olaraq ölkəmizə seçkiləri izləmə missiyaları göndərirlər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1 noyabr seçkiləri ilə bağlı 20 ölkədən də 138 müşahidəçi seçkiləri izləmək üçün Azərbaycana gələcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info