Elektron imtahan zamanın tələbidir
Tarix: 11.02.2013 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Təhsil, eləcə də ali təhsil hər bir cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir. Bu bir həqiqətdir ki, təhsil olmadan inkişaf mümkün deyil. Bu inkişafı doğma Azərbaycanımızın timsalında aydın görmək mümkündür. Ümummilli liderimiz Heydər Əliyev müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolunu hər zaman xüsusi vurğulayırdı. Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün də uğurla davam və inkişaf etdirilir.
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında isə təhsilin xüsusi yeri var. Bu gün Azərbaycanda həyata keçirilən iri layihələrin və proqramların reallaşması, ilk növbədə, ölkənin kadr potensialından asılıdır. Bu potensialın formalaşmasında başlıca sahə isə təhsildir. Təhsilin inkişafına göstərilən diqqət və qayğıdan Naxçıvan Dövlət Universitetinə də xeyli pay düşüb. Burada yaradılan şərait gənc kadrların daha yaxşı yetişdirilməsinə imkan yaradır.
Göstərilən dövlət qayğısı nəticəsində yeniləşən Naxçıvan Dövlət Universiteti muxtar respublikamızdakı böyük intibahın əsas göstəricilərindən biridir. Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dünya universitetlərinə inteqrasiya edən müasirtipli ali təhsil ocağıdır. Artıq bu universitet Azərbaycandakı ən qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilib. “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağını Şərqdə və Qərbdə nəinki tanıyır, həm də dünya universitetləri ailəsinin üzvü kimi qəbul edirlər. Universitetdə bir çox beynəlxalq layihələr həyata keçirilir. Bütün bunlar Naxçıvan Dövlət Universitetində milli təhsilin dünya təcrübəsi ilə əlaqələndirilməsinə və inkişafına imkan verir.
Sivilizasiyanın bütün inkişaf mərhələlərində yüksək olan yeni biliklərin rolu müasir mərhələdə təyinedici olub, bütün qabaqcıl ölkələrin sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Sivil dünyada biliklərə əsaslanan cəmiyyət fəal şəkildə qurulur. Nəinki toplanmış irihəcmli informasiya, həmçinin istehsalın intensiv şəkildə artan templəri və yeni biliklərin toplanması yeni dövrün digər fərqli cəhətidir. Ekspert mütəxəssislərin verdikləri qiymətlərə əsasən, bəşəriyyət tərəfindən toplanan biliklərin ümumi həcmi hər beş ildən bir iki dəfə artır. Bütün bunlar təhsil prosesinin mahiyyətini radikal şəkildə dəyişir: o fasiləsiz, daha intensiv və dinamikdir. Buna müvafiq olaraq, təhsil texnologiyaları da dəyişilir. “Yazı taxtasında tabaşirlə” adlanan metod sıradan çıxır, tələbə imtahanda bilet çəkib müəllim qarşısında cavab vermir, onlara verilən test suallarını əlyazması şəklində cavablandırmır. Sadaladıqlarımız müasir dövrdə elektron üsulla həyata keçirilir. Artıq “Elektron təhsil”, “Elektron imtahan”, “Elektron test” kimi yeni təhsil texnologiyaları yaradılır. Naxçıvan Dövlət Universiteti də yeni təhsil texnologiyalarından istifadə edir.
Universitetdə müasir tələbata müvafiq olaraq, bakalavr pilləsi üzrə keyfiyyətli mütəxəssis hazırlığının təmin edilməsi sahəsində son illərdə uğurlu nəticələr əldə edilib. Bu uğurların bir nəticəsi də elektron test imtahanlarının keçirilməsində özünü göstərir. Boloniya prosesinin tələbləri tələbələrin mənimsəmə səviyyəsinin yüksəldilməsi, biliyin qiymətləndirilməsi sisteminin daha da təkmilləşdirməsini tələb edir. Bu istiqamətdə universitetdə aparılan islahatların uğurla davam etdirilməsi üçün tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmində dəyişikliklər edilməsi, imtahan formasında yekun attestasiyanın düzgün və obyektiv qiymətləndirilməsi prosesi mütəmadi surətdə rektorluğun iclaslarında təhlil olunub, NDU Elmi Şurasında geniş müzakirə edilən məsələlərdən birinə çevrilib. Elmi Şurada dövlət və semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi qərara alınaraq, “elektron universitet” layihəsi qəbul olunub və 15 noyabr 2012-ci ildə Elektron Təhsil Şöbəsi yaradılıb. Boloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsinə tam nail olmaq, distant təhsili həyata keçirmək, xarici ölkələrdən, respublika ali məktəblərindən müəyyən olunmuş alimlərin vasitəsilə fakültələrarası səviyyədə onlayn dərslərin təşkilini həyata keçirmək, elektron təhsilin proqramlaşdırılmasına nail olmaq, imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankının yaradılması, semestr imtahanlarının test üsulu ilə keçirilməsini təmin etmək Elektron Təhsil Şöbəsinin məqsəd və vəzifələridir.
Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə 2012-ci ilin dekabr ayında start verilərək təhsilin inkişafı istiqamətində ciddi islahata imza atıldı. Tələbələrin qış semestr imtahanlarında istifadə edilən bu üsulun yaxşı nəticələri oldu. Bu gün dünyanın qabaqcıl ölkələrində təhsilin müxtəlif pillələri üzrə tətbiq edilən texnologiyaların istifadəsi bu addımın ümumilikdə təhsil sisteminin şəffaflığına yönəldiyini təsdiqləyir.
Qeyd edək ki, universitetdə bu istiqamətdə ciddi hazırlıq işləri aparılıb, elektron imtahan keçirilməsi üçün Memarlıq və mühəndislik fakültəsində Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompyuter proqramı hazırlanıb. Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin və universitetin Elektron Təhsil Şöbəsinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılması və universitetin rəsmi internet səhifəsində yerləşdirilməsi tələbələrin imtahanlara daha yaxşı hazırlaşması üçün kifayət qədər imkan yaradıb. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə dəfələrlə sınaq-test imtahanları keçirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanıb. Tələbə imtahan zalında kompyuter arxasında oturur, özünə uyğun parametrləri seçir və imtahanı başlayırdı. Mərkəzi kompyuterdən suallar tələbəyə təqdim olunur və müəyyən edilən vaxt ərzində kompyuterin köməyi ilə 50 sualı cavablandıran hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə edə bilirdi. Qeyd edək ki, qış semestr imtahanlarında elektron test üsulu ilə 183 imtahan keçirilib, 3000-dən çox tələbə bu imtahanlarda iştirak edib. Tələbələrin 99 faizi imtahanlarda müvəffəq qiymətlər almağa nail olub. Bu üsulla imtahanların Naxçıvan Dövlət Universitetində ilk dəfə tətbiq olunmasına baxmayaraq, qış semestr imtahanlarında müxtəlif fənlər üzrə 100 ballıq nəticə göstərən tələbələr də kifayət qədər olub. İmtahan sualları düşündürücü, məntiqli olması ilə diqqəti cəlb edib.
Elektron imtahanın keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya texnologiyalarının tətbiqi, elektron təhsilin həyata keçirilməsi, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir.
İmtahanlarda rektorluq tərəfindən müəyyənləşdirilmiş, universitetin tədris şöbəsinin işçilərindən, gənc müəllimlərindən və magistrantlarından ibarət nəzarətçi heyətin və Elektron təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə tələbələr öz nəzəri biliklərini sınaqdan keçiriblər. Nəzarətçilər qeyri-ixtisas imtahanlarında iştirak edərək imtahanların şəffaf və obyektiv keçməsini təmin ediblər. Hər elektron imtahan başa çatdıqdan sonra imtahanların gedişi və yekunu müzakirə olunurdu. İmtahan nəticələrinin qənaətbəxş olması, ciddi texniki problemlərin olmaması, imtahan qaydalarına ciddi əməl olunması, tələbələrlə söhbət zamanı onların elektron test barəsində müsbət rəyləri, elektron imtahanların uğurlu olduğunu bir daha təsdiqləyir. Hətta bu tələbələrin içərisində əcnəbi tələbələr də var idi ki, onlar da elektron imtahanın daha əlverişli olduğunu, biliklərinin şəffaf, qiymətləndirmənin tam obyektiv olduğunu bildirdilər. Hər elektron imtahanlar başlanılmazdan əvvəl universitetin rektoru, akademik İsa Həbibbəyli imtahan üçün nəzərdə tutulmuş auditoriyalarda olur və bu prosesi izləyirdi.
Qeyd edək ki, elektron test üsulu ilə imtahanların gələcəkdə bütünlüklə tətbiqi nəzərdə tutulur.

Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info