Qarlı-şaxtalı havalarda şimal bölgəsinin ən təhlükəli yollarından sayılan Quba-İspik-Xınalıq avtomobil yolu qarşıdakı qış mövsümünə tam
hazırdır.
Bu barədə Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. Sahə rəisi bildirib ki, 57 kilometr uzunluğundakı yolda qış günlərində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Yolun eniş-yoxuşlu və sərt döngələr olan ərazilərinə səpilmək üçün 730 kubmetr qum-duz qarışığı yığılıb. Bununla yanaşı, baş verə biləcək qar uçqununun fəsadlarının dərhal aradan qaldırılması üçün 6 saylı yol istismar idarəsinin ağır texnikaları və işçilərindən ibarət növbətçi briqadalar təyin olunur. Bilal Sultanov bildirib ki, qış aylarında Quba-İspik-Xınalıq yolunda hərəkət edən təcrübəsiz sürücülər xüsusilə diqqətli olmalıdırlar. Çünki yolun bir neçə yerində sərt aşırımlar və ensiz ərazilər var. Bütün qabaqlayıcı tədbirlər görülsə də, qarlı-şaxtalı günlərdə təbiətin sürprizləri qaçılmazdır. Yolun keçdiyi ərazilərdə hər an qar uçqununun başvermə ehtimalı var. Qeyd edək ki, Quba-İspik-Xınalıq avtomobil yolu 12 ucqar yaşayış məntəqəsini Qubanın rayon mərkəzi ilə birləşdirir.
|