MTN-in sahibkarlığın inkişafına vurduğu zərərlər barədə yeni faktlar
Tarix: 28.10.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, MTN vəzifəlilərinin qeyri-qanuni hərəkətləri, vəzifələrindən sui-istifadəyə yol vermələri, sahibkarları şantaj etmələri, müxtəlif ranqlı insanları dinləmələri və sair əməlləri barəsində təhqiqatlar davam etdirilir. Bu təhqiqatlar hazırda iki əsas istiqamət üzrə aparılır. Belə ki, MTN-in sahibkarlarla bağlı fəaliyyəti, onlardan xərac alması və vəzifəli şəxslərin gizlicə dinlənilməsi məsələsi ilə bağlı aparılan təhqiqatlarla bağlı ortaya yeni faktlar çıxıb.
Xatırladaq ki, bu həbslərin başlanmasından az öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu, göstərilən sahədə sui-istifadə hallarını qeyd etmiş, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlər həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini diqqətə çatdırmışdı. Məhz bu xəbərdarlıqlardan və tapşırıqlardan dərhal sonra sahibkarlığa qarşı olan maneələr və cinayət xarakterli darvanışlar ifşa edilməyə və aradan qaldırılmağa başladı. Bu sahədə atılan addımlar əyani şəkildə sübut etdi ki, Prezident ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması hallarına qarşı barışmazdır və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi cəza tədbirləri həyata keçiriləcək. Prezident özəl biznesə qarşı olan istənilən maneənin ortadan qaldırılması və bu sahəyə cinayət xarakterli, qanunsuz müdaxilə edən məmurların, vəzifəli şəxslərin ən sərt şəkildə cəzalandırılmasının gerçəkləşdirilməsini təmin etməklə, bir daha milli və ictimai maraqların, azad sahibkarlığın yanında olduğunu bariz şəkildə göstərdi. Bu proses hər bir sahibkarın MTN əməkdaşları barəsində şikayətləri, narazılıqları diqqətə götürülməklə, bütün şikayətlər nəzərə alınmaqla keçirildi və ona görə də həbslərin miqyası da buna adekvatdır. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmuş, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləmiş və bundan öz məqsədləri üçün istifadə etmişlər. Onlara qarşı ən qəti və sərt addımlar gerçəkləşdirildi. Milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırıldı, Prezident tərəfindən sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü irəli sürüldü, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və layihəyə əsasən, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Beləliklə, yersiz yoxlamaların və sahibkarlığa qarşı MTN əməkdaşlarının müdaxilələrinin ifşa edilib, aradan qaldırılması azad sahibkarlığın inkişafında dönüş mərhələsi və keyfiyyətcə yeni şəraitin yaradılması deməkdir.

MTN tərəfindən incidilənlərin hər bir
şikayəti diqqətə götürülür və araşdırılır

Bu proses azad biznesə və özəl sektora ciddi təkan verməklə bərabər, sahibkarların özlərini cəmiyyətə və dövlətə sərbəst ifadə edə bilmələri üçün də ciddi bir ortam yaratdı. Belə ki, müxtəlif vaxtlarda MTN vəzifəlilərindən zərər çəkmiş sahibkarlar, iş adamları ölkə rəhbərliyinə müraciət etməklə, özlərinin tapdanmış hüquqlarının bərpa edilməsi imkanını qazandılar. “Texnikabank”ın Müşahidə Şurasının keçmiş sədri Etibar Əliyevin Prezidentə müraciət edərək, 2012-ci ildə MTN-in xüsusi əməliyyatı nəticəsində pozulmuş hüquqlarının bərpasını xahiş etdiyini, araşdırmalardan sonra onun saxlanılmasında o zaman ciddi hüquq pozuntuları baş verdiyini, bundan sonra Etibar Əliyevin öz vəzifəsinin icrasına başladığını yazmışdıq. E.Əliyev ANS TV-yə müsahibə verib və başına gələnlər haqda danışıb: “6 mart 2012-ci il tarixində evdən çıxarkən heç bir əsas və səbəb olmadan ölkənin təhlükəsizlik xidmət tərəfindən məni MTN-ə dəvət etmişdilər. Oradan da 8 ay müddətində hər şeydən izolyasiya olunmuşam. Bank rəhbərliyinə dəvət olunan o insanların bank sektorundan xəbərləri yoxdur. Onlar bir qrup insanların ətrafında birləşərək bankı bu vəziyyətə gətirib çıxarıblar. Təyin olunmuş rəhbərlər bir adama xidmət göstəriblər. Bu günləri həmin şəxsin adını çəkmək istəmirəm, çünki bu, hər bir kəsə məlumdur. Haqsızlıqlar barədə cənab Prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirmiş, müvafiq tapşırıqlarını verib və məni bu gün bu banka yenidən rəhbər olmağıma göstərişlərini verib”.
Bundan başqa, hazırda həbsdə olan sahibkar Vəliyev Hafiz Ramiz oğlunun anası Dilzarə Vəliyevanın “qafqazinfo”ya 2013-cü ilin may ayında oğlunu heç bir günahı olmadan qanunsuz olaraq MTN əməkdaşlarının həbs etdiyi barədə, mərhum iş adamı Cahangir Məmmədovun anasının MTN-in fəaliyyətinin onun oğlunun ölümünə səbəb olduğu kimi şikayətlərinin araşdırıldığı da bəllidir.

Şəhid ailələrinə qarşı özbaşınalıq
Bundan başqa, şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib. Şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni “Lent.az”a da daxil olub. Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb. Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər: "Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər."
Goranboy rayon Xanqərvənd sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.
Qeyd edək ki, məsələ ilə bağlı ailə Prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

“Biznesə mane
olanlar Azərbaycana xəyanət edirlər”

Bütün bu cür şikayətlərin yerində araşdırılması və ortaya həqiqətlərin çıxarılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq. Bu isəöz növbəsində, biznes mühitinin tamamilə şəffaf və azad olmasının, azad və rəqabətli inkişafın təmin olunması deməkdir. Çünki Prezident İlham Əliyev rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaqda qəti qərarlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oktyabrın 25-də Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bu barədə bir daha mövqeyini bariz şəkildə ortaya qoyub: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”. Prezident vurğulayıb ki, azad sahibkarlığı və özəl biznesi inkişaf etdirməklə bağlı siyasi iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Məhz bunun nəticəsində son dövrlərdə dövlət tərəfindən həyata keçirilən sahibarklğı inkişaf etdirmək tədbirləri, çıxarılan qərarlar, islahatlar artıq effektiv bəhrəsini verməyə başlayıb. Qeyd edilməlidir ki, bu sahədə aparılan islahatlar və onların birbaşa bəhrələri beynəlxalq qurumlar tərəfindən də mühaşidə edilir. Məsələn, Dünya Bankı tərəfindən hazırlanan və oktyabrın 27-də açıqlanan “Doing Business 2016” hesabatına görə, ötən il həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.

Gizli dinləmələr
Yuxarıda qeyd edildiyi kimi, MTN-lə bağlı araşdırmalar nəticəsində yeni həbslər var. Məsələn, bir neçə gün əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun həbs olunduğu rəsmən təsdiqlənib. “Musavat.com”a görə, həbs edilənlər barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri 308.2-dir. Bu maddə əsasən, seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir. Yuxarıda adıçəkilən sayta məlumat verən mənbə bildirib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib.
Bütün bu cür faktlar MTN vəzifəlilərinin fəaliyyətindəki ciddi nöqsanlardan xəbər verir. Bir daha bəlli olur ki, ölkənin milli təhlükəsizliyinin qayğısına qalmalı olan, qeyri-ənənəvi və radikal təriqətlərin, ideyaların və onları təbliğ edən kitabların, eləcə də onlarla bağlı maliyyənin ölkəyə yol tapmasınn qarşısını almalı olan bir qurumun əməkdaşları əsas fəaliyyətlərini sahibkarları şantaj, incitmə və talan üzərində qururmuşlar.
Sonda bir məsələyə də diqqət yetirmək istərdik. İndiyə qədər dəfələrlə özlərini MTN əməkdaşları kimi qələmə verdikləri və bu yolla vətəndaşlardan dələduzluq edib, külli miqdarda vəsaitlər aldıqları ifşa edilən şəxslərlə bağlı mediada xəbərlər yayılıb. İndi bəlli olur ki, onların əməlləri daha yüksək ranqlı MTN vəzifəlilərinin əməlləri ilə tam üst-üstə düşür...
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info