“Ən aztəminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq”
Tarix: 30.10.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Fikrət Yusifov: “Artıq vətəndaş ipoteka krediti hesabına aldığı mənzilin “kupça”sını, binanın istismara qəbul edilib- edilməməsindən asılı olmayaraq “ASAN xidmət” vasitəsilə əldə edə biləcək”

Ölkə əhalisinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Məhz bu məqsədlə ölkə başçısı tərəfindən bugünlərdə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalanıb. Fərmanda da göstərilir ki, həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.
Mütəxəssislər hesab edir ölkə başçısının bu fərmanı bu sahədə məsələlərin həllində mühüm rol oynayacaq.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, ölkə başçısının sahibkarlığın inkişafı və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyan son qərarları ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir: “Müşahidələrimiz, apardığımız söhbətlər, bölgələrdən aldığımız məlumatlar göstərir ki, Azərbaycan iqtisadiyyatına böyük perspektivlər vəd edən islahatlar Azərbaycan vətəndaşlarının ürəyincədir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş addımların hər biri dövlət büdcəsi üçün əlavə yükdür. Bu addımlar ya büdcədən əlavə vəsaitlərin ayrılması, ya da büdcəyə gəlməli olan gəlirlərdən vətəndaşların xeyrinə imtina edilməsi yolu ilə tənzimlənir. Məsələn, gömrük sərhədlərindən vətəndaşların ölkə ərazisinə gətirdikləri gömrük ödənişlərindən azad olunan malların həcminin 1500 dollardan 10 000 dollara qədər artırılması o deməkdir ki, dövlət əvvəlcə 1500 dollarlıq maldan büdcəyə gömrük ödənişlərini vətəndaşlara bağışlayırdısa, indi 10 000 dollarlıq malın gömrük ödənişlərini almayacaq. Yəni, yeni qaydalarla büdcəyə sözügedən əməliyyatlar xətti ilə əvvəlkindən 6,7 dəfə az gömrük ödənişi daxil olacaq. Dünyada gedən iqtisadi tənəzzül dönəmində və neftin qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda bu sıradan olan addımların atılmasına başqa ölkələrdə rast gəlmək mümkün deyil. İqtisadiyyatı neftlə bağlı ölkələrdə isə bu məsələlər ümumiyyətlə gündəmə gətirilmir.
Ən önəmli hal budur ki, ölkə Prezidenti bu və ya digər məsələlərlə bağlı verdiyi bəyanatlardan sonra vətəndaş onun konkret və real addımlarını görür”.
Mütəxəssisin sözlərinə görə, İpoteka Fondunun yenidən təşkili barəsində Prezidentin qəbul etdiyi qərar da məhz həmin ardıcıl xəttin bir nümunəsidir: “Bu ilin iyul ayının 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ipoteka kreditləşməsi məsələsinə münasibət bildirən ölkə Prezidenti belə demişdi: “Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir”. Həmin müşavirədə Prezident eyni zamanda aidiyyətı qurumlara ipoteka kreditləşməsi sahəsindəki mövcud durumu araşdırıb ona lazımi məlumatların təqdim edilməsi tapşırığını vermişdi. Bu sahədəki mövcud durum hərtərəfli araşdırıldıqdan sonra oktyabr ayının 27-də Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun yenidən təşkil edilməsi məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalandı”. Bu fərmanın mahiyyətinə gəldikdə isə F.Yusifov bildirdi ki, fərmanda nəzərdə tutulan müddəaların icrası ölkə əhalisinin – ilk növbədə gənc ailələrin, aztəminatlı ailələrin mənzillə təmin olunması sahəsində sözün əsil mənasında bir dönüş olacaq: “Gəlin baxaq, bu vaxta qədər məsələnin həlli Mərkəzi Bankın üzərinə düşürdü. Mərkəzi Bankın isə öz qayğıları kifayət qədərdir. Digər tərəfdən, Fondun vəsaitlərinin formalaşdırılması sahəsində geniş rıçaqların olmaması onun imkanlarını məhdudlaşdırırdı. Fərmanın qəbulu bu məsələlərin həlli üçün ortaya yeni bir yanaşma qoydu. İndi İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti kimi sərbəst fəaliyyət göstərəcək bu qurum öz vəsaitlərini dövlət zəmanətli istiqraz vərəqələrinin yerləşdirilməsindən tutmuş, ölkə daxilində və xaricdən bankların və başqa maliyyə qurumlarının, eləcə də beynəlxalq maliyyə institutlarının vəsaitlərini sərfəli şərtlərlə uzun müddətə cəlb edə biləcəkdir. Təbii ki, bütün bunlarla yanaşı, ölkə başçısının imzaladığı fərmanda verilən tapşırığa uyğun olaraq Maliyyə Nazirliyi də növbəti illərin büdcəsində bu istiqamətə vəsait ayrılmasını təmin edəcək. Deməli, Fond kifayət qədər vəsait toplamaq imkanına malik olacaqdır. Belə olduğu təqdirdə, əlbəttə ki, Fondun bu vəsaitləri təyinatı üzrə istifadə etmək, onların likvidliyini təmin etmək istiqamətində zəruri addımlar atmaq imkanları da kifayət qədər geniş olacaq. Bu gün ipoteka kreditlərinin faizləri az qala adi bank kreditlərinin faizləri həddindədir. Bu isə həmin kreditin ipoteka mahiyyətini çox azaldır və onu vətəndaşlarımız üçün az sərfəli edir. Lakin yeni yaradılmış struktur artıq bu faizləri ipoteka adına yaxınlaşdırıb, əhalinin sosial cəhətdən az təminatlı kateqoriyaları üçün güzəştli ipoteka kreditlərinin verilməsi imkanlarına malik olacaq. Başqa sözlə, əgər adi ipoteka kreditləri üçün faiz ödənişləri haradasa 4-6% həddində olacaqsa, güzəştli ipoteka kreditləri üzrə faizlər bundan iki dəfə az - 2-3% həddində ola bilər. Nəticə etibarı ilə bu fərmanın icrası ən aztəminatlı vətəndaşlarımızı belə, mənzil sahibinə çevirəcək”. İqtisadçının sözlərinə görə, fərman eyni zamanda ölkədə yaşayış binalarının istifadəyə qəbulu, mənzillərə mülkiyyət hüququ verən sertifikatların (kupçaların) alınması sahəsindəki əngəllərin tamamilə aradan qaldırılması sahəsində də dəyişikliklərə səbəb olacaq: “Artıq vətəndaş mövcud qaydalarla ipoteka krediti hesabına aldığı mənzilinin (həmin mənzilin olduğu binanın istismara qəbul edilib edilməməsindən asılı olmayaraq) sertifikatını (kupçasını) çox sadə bir qaydada “ASAN xidmət” vasitəsilə əldə edə biləcəkdir. Belə olan halda bütün kommunal xidmətlərlə təmin edilmiş binaların istismara qəbul olunması işi də tam sadələşmiş olacaq. Fərmanda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinin və onun müavinin ölkə Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi barəsindəki müddəa isə o deməkdir ki, cəmiyyətin rəhbərliyi görülən işlər və onların nəticəsi barədə ölkə başçısına mütəmadi hesabat təqdim edəcək. Bir sözlə, bu Fərmandan irəli gələrək ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması yolunda atılacaq addımlar bilavasitə dövlət başçısının nəzarətində olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin ana xəttində vətəndaşa qayğı dünən olduğu kimi, bu gün də çox önəmli bir yer tutur”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info