“Daş yuxular”da kənar qüvvələrin də sifarişləri görünür”
Tarix: 11.02.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Rasim Sadıxov:
“Hər öldürülən azərbaycanlıya, türkə görə, ölmək demirəm, heç olmasa, bir damla göz yaşı axıtmağa çalışdınızmı?”

Mirkazım Seyidov:
“Azərbaycan xalqı onu heç vaxt bağışlamayacaq”

Əkrəm Əylislinin “Daş yuxular” romanı ölkədə kiçikdən böyüyə qədər hər kəsin etirazı ilə qarşılanıb. İstər dövlət tərəfindən, istərsə ictimaiyyət tərəfindən pislənən bu romanın bəzi “müdafiəçiləri” tapılsa da, bu gün Azərbaycan xalqı əksəriyyət olaraq bu addımı Vətənə xəyanət kimi qiymətləndirir.

Lakin Ə.Əylislinin bu hərəkəti təkcə ölkə daxilində deyil, dünya azərbaycanlıları tərəfindən də etirazla qarşılandı. Almaniyanın Boxum şəhərində yaşayan, “Kaufmannisches Schulungsinstitut Schweppe/Weyers GbR” maliyyə institutunda alman dilindən dərs deyən, həmçinin, Boxum-Rur Universitetinin filologiya fakültəsində alman və Azərbaycan dilləri üzrə doktorluq fəaliyyəti ilə məşğul olan diaspor nümayəndəmiz Rasim Sadıxov Ə.Əylisliyə etirazını açıq məktubla bildirib. “Palitra”ya açıqlama verən R.Sadıxov bildirib ki, bu romanı oxuduqca bizim millətin gözünə kül üfürmək, onu illərlə aldatmaq, aldadıb çörəyini yemək və ən sonda əsl iç üzünü göstərərək, məyus edib şoka salmağın çox çətin iş olmadığına əmin olub. Onun sözlərinə görə, bunun üçün böyük və ya kiçik yazıçı olmağa ehtiyac yoxdur, Ə.Əylislinin kəndindəki “müqəddəs Aniko” səviyyəsində bir erməni qadını olmaq da yetər.
R.Sadıxov Ə.Əylisliyə müraciətlə bildirib ki, sizin romandakı Saday Sadıqlı hər ölən erməniyə görə ölürdü, deyirsiniz. Bəs siz? Hər öldürülən azərbaycanlıya, türkə görə ölmək demirəm, heç olmasa, bir damla göz yaşı axıtmağa çalışdınızmı? Yoxsa, haykanuşlara olan hədsiz sevginiz buna yol vermədi?
“Bu, hansı səbəbdənsə nümayəndələrini qorxaq, yarıağıllı, təlxək göstərməyə çalışdığınız bu millətin qəhrəman oğullarının adına, həm sizin, həm də bizim namusumuzu qorumaq yolunda keçən əsrin əvvəllərindən bu vaxta qədər canlarından keçmiş oğulların, sizin “ermənilərsiz heç bir qiyməti olmayan” adlandırdığınız bu Vətənin torpaqları uğrunda canını əsirgəməyən oğulların ruhuna yaraşmadı. Sizin Uluruh Turanməkan adlandırıb, Saday Sadıqlı və professor Abasəliyev kimi millətinə, dininə xain çıxanların, öz tarixini bilmədən erməni sevgisi ilə yanan şərəfsizlərin gülüş alətinə çevirdiyiniz şairlər bu torpaqlara oğullarını qurban veriblər, Əkrəm müəllim, öz doğma oğullarını. Deputat mandatı uğrunda səviyyəsiz mübarizələrdə keçən boş zaman qurbanı deyil, oğul qurbanı veriblər. Belə ülvi məqamları ucuz gülüş alətinə çevirəndə onların ruhu sizə əziyyət vermədimi?”, - deyə soydaşımız Ə.Əylisliyə müraciət edib. R.Sadıxov hesab edir ki, bu əsərin rus variantı ermənilərin dəyirmanına su tökdüyü halda, onun Azərbaycan dilinə çevrilməsi bundan sonrakı Azərbaycan gəncliyinin vətənpərvərlik hisslərinin formalaşmasına ağlagəlməz zərbə vurmuş olar: “Bu yazıda cəmi bir nəfər oxumuş erməni olmayan var - Mirzə Vahab. O da erməni qızına verdiyi çörəyin əvəzinə onu yatağına sürükləyir. Necə olub ki, Ə.Əylislinin kəndindən bir nəfər də ağıllı, işgüzar, heysiyyətli, namuslu azərbaycanlı çıxmayıb? Bəlkə də Ə.Əylisli bununla o kənddən yalnız özünün çıxdığını, buna səbəb də qanının erməni sevgisi ilə sintez olduğunu demək istəyir. Belə olanda, onun damarlarında türk qanının axdığına şübhəm var. Çünki türk qanı ilə erməni sevgisinin sintezindən ancaq bir şey alınar - yaranmamışdan qoxuyan çirkab. Həm də damarlarından belə çirkab axan şəxsin nə milliyyətinə, nə yazısına, nə də amalına sorğu-sual olmaz”.
Onun sözlərinə görə, bu əsər bütün türk dünyasının, islam aləminin duyğuları ilə oynayır. R.Sadıxov onu da bildirib ki, yazıda verilən tarixi səhvlər və yanlışlar bunun sifarişlə yazıldığının bariz nümunəsidir.
“Əgər belə olmasaydı, Ə.Əylisli heç olmasa, tarixi mənbələri araşdırardı. Ona bu işdə alman tarixçisi Yohannes Raunun (Johannes Rau) “Dağlıq Qarabağ Azərbaycan tarixində və Ermənistanın Azərbaycana qarşı aqressiyası” (Berg-Karabach in der Geschichte Aserbaidschans und die Agression Armeniens gegen Aserbaidschan) əsəri kömək edə bilərdi. Çünki bu əsər nə bizim azərbaycanlılar, nə də Ə.Əylislinin erməniləri tərəfindən yazılıb. Onu yazan almandır, həm də tarixi hadisələrin kökünü dərindən və alman dəqiqliyi ilə araşdırıb deyə, bu işdə ruhən Ə.Əylisli və başqalarında daha çox azərbaycanlıdır”.
R.Sadıxov qeyd edib ki, bütün dünya azərbaycanlıları Ə.Əylisliyə etiraz edir və onun həqiqətlərdən uzaq bu yazısının Azərbaycana qarşı olduğunu hesab edir.
Rusiyadakı Azərbaycan diasporunun tanınmış nümayəndəsi Mirkazım Seyidov isə qəzetimizə açıqlamasında Ə.Əylislinin bu romanının Azərbaycana arxadan vurulan bıçaq olduğunu deyib. Onun sözlərinə görə, Ə.Əylislinin bu addımı çox ağrılıdır: “Çünki hər bir ziyalının bu cür hərəkətləri cəmiyyətin faciəsidir. Hər bir ziyalı başqa insanlardan fərqli olaraq özündə 3 amili daşımalıdır: dövlətçilik, milli maraqlar və vətəndaşlıq mövqeyi. Ə.Əylisli artıq bu 3 amili itirmiş şəxsdir. Onun hərəkətlərində ziyalı satqınçılığı var”.
M.Seyidov Ə.Əylislinin bu cür yazılarının, neqativ mövqeyinin indi üzə çıxan məsələ olmadığını bildirib. Onun sözlərinə görə, Ə.Əylislinin yaradıcılığını izləyən hər kəs Azərbaycana qarşı neqativ mövqeyinin şahidi ola bilər: “Məsələn 70-ci illərdə yazdığı “Əylisdən Əylisə”, yaxud “Gilanar ağacına dediklərim” buna nümunədir. Ə.Əylisli, hətta 1980-ci illərin ağrılı vaxtlarında belə Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edirdi. Bundan başqa, 1998-ci ildə onun ulu öndər Heydər Əliyev haqqında da yanlış, neqativ fikirləri var idi. Bütün bunları Ə.Əylislinin yaradıcılığında görə-görə gəlmişik. Bu gün də “Daş yuxular”ını oxuyanda Ə.Əylislinin vətəndaşlıq mövqeyindən məhrum olduğunu görürük”.
Diaspor nümayəndəsi qeyd edib ki, bu hərəkətləri Ə.Əylislinin həyatında izsiz qalmayacaq: “Çünki onun özünü müdafiə etməyə nə haqqı var, nə də sözü. Özü bu romanın öz fikri olduğunu nə qədər desə də, burada kənar qüvvələrin sifarişləri də görünür. Əslində, Ə.Əylisli öz təkəbbürü, özündən razılığı ilə özünü məhv etdi. “Sirkə nə qədər tünd olsa, öz qabını qırar” misalı burada yerinə düşür. Artıq həm hökumət, həm də xalq Ə.Əylislinin layiqli cavabını verdi. Onun heç bir hərəkətinə bəraət yoxdur”.
Asif NƏRİMANLI




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info