Xocalı soyqırımı ilə bağlı səsvermədə fəallıq artır
Tarix: 11.02.2013 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Bu aktivliyin yaranmasında həm ölkə daxilində, həm də diasporumuz tərəfindən aparılan təbliğat işlərinin böyük əhəmiyyəti var

Xəbər verdiyimiz kimi, bu il yanvarın 26-da amerikalı azərbaycanlılar və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dostları ABŞ-da Ağ Evin rəsmi veb səhifəsində Xocalı soyqırımının tanınmasına dair petisiya yerləşdiriblər. Bu addımın atılmasında məqsəd prezident Barak Obama Administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanımasıdır. Bunun üçün fevralın 25-ə kimi petisiyaya 100.000 səs toplanması vacibdir. Hələlik bu səsi toplaya bilməmişik.
Düzdür, ilk günlər səsvermədə iştirak edənlər çox az idi. Amma son günlər səsvermədə aktivlik artıb. Artıq 80 000-dən çox insan səsvermədə iştirak edib. Bu aktivliyin yaranmasında həm ölkə daxilində, həm də diasporumuz tərəfindən aparılan təbliğat işlərinin böyük əhəmiyyəti var. Hər halda daha da fəal olmalıyıq ki, lazım olan son rəqəmi toplaya bilək. ABŞ-ın Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyanın prezidenti Töhfə Eminova qəzetimizə bildirdi ki, Florida ştatında yaşayan bütün azərbaycanlılar bu möhtəşəm layihəni dəstəkləyib və imzalayıb: “Eləcə də bizim səsimizə bu ştatda yaşayan türk qardaşlarımız da qatılıb. Bir neçə ildir, bizim təşkilatın aktivləri Xocalı faciəsi ilə bağlı anım mərasimləri keçirir, səsimizi yaşadığımız cəmiyyətə çatdırmağa çalışır və bu faciə ilə bağlı bayannamənin yayılmasında köməklik edirlər.
T.Eminova Azərbaycan həqiqətlərinin yayılması yolunda dayanmadan irəlilədiklərini, gələcəyə inam və ümidlə baxdıqlarını dedi: “Bununla bağlı sevindirici xəbər verim ki, mən “Miami-Dade County Asian-American Advisory Board”a üzv seçilmişəm. Çox sevindirici bir haldır ki, biz öz sözümüzü Mayami dairəsində artıq oranın üzvü olaraq söyləyə bilərik və bütün bəyannamələri yaya bilərik”.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Nikolayev vilayəti üzrə sədri Xəyyam Həqiqətoğlu isə düşünür ki, bu səsvermədə bütün yük və addımlar gəncliyin üzərinə düşür: “Yaşlı nəslin 99 faizi internetin nə olduğunu bilmir. Gəncləri isə maksimum səfərbər etmişik. Buradakı gənclərin olduğu digər sosial şəbəkələrdə gənclərimiz üçün yaratdığımız qruplarda bu haqda məlumatları dəfələrlə paylaşırıq. Bununla yanaşı, iki gün əvvəl gəncləri təcili bir yerə yığıb necə səsvermək lazım olduğunu əyani göstərdim”. Onun sözlərinə görə, səs verənlərin, bəlkə də, əksəriyyəti Ukraynada yaşayan gənclərimizdir. “Bu işdə Kiyev, Nikolayev, Vinneska, Dneprepetrovski, Odessa şəhərlərindəki gənclər fəal iştirak edirlər”,-deyə o əlavə etdi.

“Xüsusən, Azərbaycan gəncləri bu səsverməyə biganə qalmamalıdır”

Hollandiyada yaşayan soydaşlarımız da bu təbliğatın aparılmasında fəallıq göstərirlər. Benilüks Azərbaycanlıları Konqresinin nümayəndəsi Xatirə Sərdarqızı sosial şəbəkələrdə mütəmadi olaraq soydaşlarımızı səsverməyə çağırdıqlarını bildirir: “Bu baxımdan hər bir azərbaycanlı öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Xüsusən, Azərbaycan gəncləri bu səsverməyə biganə qalmamalıdır. Ümumiyyətlə, hər bir azərbaycanlı Xocalı faciəsinin tanınması üçün nə etdiyini özünə sual etməlidir”.
X.Sərdarqızına görə, kampaniyaya daha geniş auditoriyanın cəlb edilməsində və bu günə kimi petisiyaya imzaların toplanmasında “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirilmiş video çarxların böyük rolu var”.
O, son zamanlar bir neçə mənbələrdə bu petisiyaya yalnız ABŞ vətəndaşlarının verdikləri səslərin qəbul edilməsi ilə bağlı yayılan məlumatların tamamilə yanlış olduğunu vurğuladı: “13 yaşı tamam olmuş hər bir şəxs bu səhifədə səs vərə bilər. Bundan əlavə, petisiya yaratmaq və mövcud petisiyanı imzalamaq haqqında şərtlərdə istifadəçilərin hansı ölkədən olmasına aid heç bir məhdudiyyət öz əksini tapmır. ABŞ hökumətinin bu rəsmi səhifəni yaradarkən əsas məqsəd kimi ilk növbədə amerikalıların Administrasiyaya müraciətetmə imkanının təmin edilməsini nəzərdə tutduğunu bildirib. Lakin bu o demək deyil ki, Amerikadan kənarda yaşayan insanlar Administrasiyaya müraciət hüququndan məhrumdurlar”.
Hollandiyada yaşayan digər həmvətənimiz politoloq Vüqar Abbasov da öz “Facebook” səhifəsində petisiya ilə bağlı linki paylaşdığını dedi: “Amma bunu yaxşı olardı ki, təşkilat rəhbərləri öz tərəfdarları arasında paylaşsın. Ancaq deyim ki, yetərincə səs yığa bilməməyimiz heç də yaxşı hal deyil. Məncə, bunun səbəbi internet istifadəçilərimizin bir çoxunun səsvermə qaydalarını bilməməsi ilə bağlıdır. Əks halda yetərincə səs yığa biləcəyimizi düşünürəm”.
Beynəlxalq Jurnalistlər Birliyinin üzvü olan V.Abbasov hesab edir ki, bu məsələnin təbliğatı lazım olduğundan aşağı səviyyədə aparılıb: “Baxmayaraq ki, bizim televiziyaların birində bu barədə süjet də getdi, deyəsən. Ancaq yenə də kifayət deyil. Bir şou adamına ayrılan vaxtın 1 faizi buna, təbliğata ayrılsa, yetər. Bəlkə də insanlarımızın bir çoxunun belə bir məsələdən xəbəri yoxdur. Məgər sosial şəbəkələrdə paylaşımla, ayrı - ayrı adamların təbliğatı ilə iş bitir? Biz bəzən lazımi məsələlərə çox adi yanaşırıq. İnanıram ki, məlumatı olan, səsvermə qaydalarını bilən hər kəs səsverməyə qatılar və biz lazım olan nəticəni əldə edərik”.

“Xocalıların haqq
səsini İsveç ictimaiyyətinə çatdırmağın
hamımızın vicdan işi olduğunu dərk edirik”


Danimarka Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova isə düşünür ki, istərsək, çox şeyi əldə edə bilərik: “Bunu hamımız bilirik, Azərbaycan çox gücə malikdir. Ramil Səfərovu Budapeştdən gətirmək özü bir güc istəyirdi, baxmayaraq ki, bunu bütün insanlar tələb edirdi. Amma yenə də bu işə hakimiyyət müdaxilə etdikdən sonra nail olduq. Ramil Səfərov vətənə ekstradisiya olundu”.
A.Hüseynov qeyd etdi ki, Amerika deyil, nə ediriksə, özümüz etməliyik: “Məncə, bunlar hamısı bir siyasətdir. Gah erməni bayrağını yandırın dedilər, ona imza topladılar, gah Azərbaycan bayrağını qaldıraq dedilər, ona imza topladılar. İndi də bu çıxıb. Nədənsə insanın bu yalanlara inanmağı gəlmir. Hər şey dövlətin əlindədir, istərlərsə, hər bir uğuru qazana bilərlər. Burada səs toplayıb-toplamamaq, məncə, real bir fakt deyil”.
Dünya Azərbaycanlıları Konqresinin Sankt-Peterburq nümayəndəsi Rəşad Cəbrayılov da Xocalı soyqırımının tanınmasına dair petisiyaya bütün dünya azərbaycanlıları kimi, Rusiyada yaşayan azərbaycanlıların da dəstək olduğunu bildirdi: “Biz Sankt-Peterburqda yaşayan azərbaycanlılar hər il Xocalı soyqırımını yad edirik. Diasporumuz Xocalı soyqırımının təbliğ olunmasında mütəmadi olaraq işlər görür. Xocalı soyqırımı 20-ci əsrdə xalqımızın başına gətirilən ən dəhşətli fəciələrdən biridir. Biz xaricdə yaşayan azərbaycanlıların hər birinin borcudur ki, yaşadığımız dövlətdə bu soyqırımı ilə bağlı həqiqətlər haqqında cəmiyyətə doğru dürüst məlumat verək. Xocalı soyqırımını dünyada tanıtmaq hər birimizin vətəndaşlıq borcudur”.
R.Cəbrayılov diasporumuzun ABŞ Azərbaycanlılarının təşəbbüsünü dəstəklədiklərini və tam gücləri ilə bu işi təbliğ etdiklərini dilə gətirdi.
İsveçdə yaşayıb-yaradan soydaşımız, azərbaycanlı diasporçu xanım, yazıçı, publisist, natiq Eluca Atalı artıq Stokholmda 1 aydır ki, Xocalı aksiyasına hərtərəfli hazırlıq getdiyini bildirdi: “Bundan ötrü Stokholmda yaşayan azərbaycanlılardan ibarət bir işçi qrupu yaradılıb. Qrupda həm ayrı-ayrı fərdlər və həm də təşkilatlar iştirak edirlər. Sadəcə, azərbaycanlılar birgə iş görür! Aksiyanın təşkili və aksiyada necə hərəkət ediləcəksə, hamısı əvvəlcədən planlaşdırılıb. Aksiyaya çağırış üçün mümkün olan bütün informasiya kanallarından istifadə edirik: “Facebook”, saytlar, radio, elanlar paylamaq və s. Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Ağ evdəki imza kampaniyasını da yayıb təbliğ edirik. Bunu özümüzün həm milli və həm də ilk növbədə, insanlıq borcumuz hesab edirik. Xocalıda vəhşicəsinə öldürülənlərin qanını yerdən silməyin, əsir götürülmüş xocalıların haqq səsini İsveç ictimaiyyətinə çatdırmağın və əsirlərin geri götürülməsinin hamımızın vicdan işi olduğunu dərk edirik”.

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info