“Hamını heyran edə biləcək bir ifanı göstərə bildim”
Tarix: 03.11.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Ayan Məmmədli: “Qran-priyə layiq görülməyim bütün yarışma iştirakçılarının, o cümlədən mənfur ermənilərin də böyük həsrətlə izlədikləri möhtəşəm bir qələbə oldu”

Gənclərimzin xaricdə qazandıqları uğurlar ölkəmizin adını dünyada daha da ucaldır. Bugünlərdə yeniyetmə pianoçumuz Ayan Məmmədli Motsartın vətənində, Avstriyada Qran- priyə layiq görülərək Azərbaycan adına daha bir uğura imza atıb. Qeyd edək ki, Ayan Məmmədli 2002-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqini çox sevən Ayan hələ 3-4 yaşlarında rəqs, vokal və piano dərnəklərində dərs alıb. Sonralar bu marağı görən valideynləri onu Bakı şəhəri T.Quliyev adına 11 illik uşaq musiqi məktəbinə aparıblar. Ayan artıq 6 ildir ki, həmin məktəbin fortepiano sinfində təhsil alır.

-Musiqiyə maraq sizdə haradandır?
-Açığını deyim ki, bu illər ərzində T.Quliyev adına uşaq musiqi məktəbindəki müəllimlərimin mənə olan qayğısı və xüsusilə məktəbin direktoru hörmətli xanım, respublikanın Əməkdar müəllimi Gülnarə Səfərovanın mənə olan diqqət və dəstəyi mənim musiqiyə olan marağımı və həvəsimi daha da artırdı. İxtisas müəlliməm eyni zamanda Q.Qarayev adına Dövlət Kamera orkestrinin və Respublika Uşaq Simfonik orkestrinin direktoru Nazilə xanım Yaqubovanın bütün dərslərini diqqətlə və səylə öyrənməyə başladım və hazırda da davam edirəm. Qeyd edim ki, T.Quliyev adına uşaq musiqi məktəbi bu il “İlin ən yaxşı məktəbi” adını alıb. Direktor Gülnarə Səfərova Prezident sərəncamı ilə “Əməkdar müəllim” adını alıb. Bu ay isə məktəbin 60 illik yubileyidir ki, biz də ona töhfə etdik. Məktəbimizin şagirdləri respublika və beynəlxalq səviyyəli müsabiqələr, baxışlar, festival və olimpiadalarda çıxış edirlər.
-İlk beynəlxalq müsabiqəyə nə vaxt qatılıbsız?
-Əldə etdiyim biliklərdən sonra özümü beynəlxalq müsabiqədə sınamağa qərar verdim. İlk dəfə 2013-cü ildə Estoniyanın Narva şəhərində keçirilən İ.S.Bax adına beynəlxalq müsabiqədə iştirak etdim. O zaman mənim 9 yaşım var idi və həmin müsabiqənin iki nominasiyasında iştirak edərək, III və I yerlərin qalibi olmaqla ilk dəfə beynəlxalq müsabiqə laureatı adını qazandım.
Bu ilk qələbəm məni daha da ruhlandırdı və elə həmin ilin avqust ayında İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq paino müsabiqəsində I yerin qalibi olaraq "Rimini star" adını qazandım.
Bilirsiniz, bu qələbələrin sayının artması mənim məsuliyyətimi də birə-iki artırdı. Respublikada Q.Qarayev adına Mədəniyyət Mərkəzinin nəzdində olan və professor Zəhra xanım Quliyevanın rəhbərlik etdiyi Respublika Gənc İstedadlar Mərkəzinin üzvü seçildim. Sonradan Respublika Gənc Simfonik Orkestrinin solisti olmağım məni öz üzərimdə daha ciddi işləməyimə, dərslərimə daha da ciddi yanaşmağıma sövq etdi. Bilirsiniz, bu sənət elə bir sənətdir ki, bunun üzərində daim işləmək, axtarışda olmaq lazımdır. Mən öz müəllimlərimin, xüsusilə mənə gecə-gündüz əməyini sərf edən Nazilə xanımın tapşırıqlarını daim bütün səyimlə yerinə yetirməyə çalışıram. Bəlkə də, bunun nəticəsidir ki, mən müsabiqələrdə və konsertlərdə onların etimadını doğrulda bilirəm. Qeyd etməliyəm ki, respublikamızın dəyərli sənətkarları mənə böyük etimad göstərirlər. Elə bunun nəticəsidir ki, dəfələrlə həm Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, həm də Uşaq Simfonik Orkestrinin və maestro, dirijor, respublikanın Xalq artisti Teymur Göyçayevin müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ifalar etmişəm. Hələ 11 yaşında ikən bu tarixi musiqi məbədinin səhnəsində, yüzlərlə tamaşaçı qarşısında, müdrik sənətkarların müşayiəti ilə çıxışlar etdiyim anlar mənim həyat səhifəmə qızıl hərflərlə yazılıb. Gənc İstedadlar Mərkəzinin üzvü kimi digər möhtəşəm səhnələrdə- Muğam Mərkəzi, Xalçaçılıq muzeyi, Rastropoviçin, maestro Niyazinin ev muzeylərində, Şamaxı Musiqi Mərkəzində, Bakının müxtəlif musiqi məktəblərinin keçirilən tədbirlərdəki çıxışlarım da bu qəbildəndir.
Bütün bunların sayəsində qazandığım təcrübələr mənə dünya ölkələrinin məşhur səhnələrində müxtəlif ölkələrdən gəlmiş ifaçılarla bir səhnədə daha uğurlu çıxışlar edib, qələbələr qazanmağıma səbəb olur.
-Gənc pianoçu olaraq xaricdə uğur qazanmaqla nə dərəcədə sevinc hissi keçirirsiz?
-Ötən il Malta Respublikasının Valetta şəhərində mən ABŞ-dan, Çindən, Yaponiyadan, Avropanın onlarla ölkələrindən gələn iştirakçılarla bir səhnəni bölüşərək, Polşadan sonra ikinci yeri qazanaraq böyük dövlətlərin təmsilçilərini arxada qoya bildim. Belə müsabiqələrdə mənim həm Azərbaycanın korifey bəstəkarlarının, həm də klassik dünya bəstəkarlarının əsərlərini uğurla ifa etməyim böyük qələbələrə imza atmağıma səbəb olur. Belə müsabiqələrdə, eyni zamanda müxtəlif məşhur dünya musiqiçilərindən də ustad dərsləri almağa imkanım olur ki, bu da təbii ki, musiqidə püxtələşməyimə böyük təkan verir.
Çoxlu sayda tanışlar, dostlar qazanıram. Bəzən ölkəmiz haqqında apardığım əyani vəsaitlərlə vətənimi təbliğ edə bilməyim məni çox sevindirir. Lakin bu müsabiqələrdə ən böyük qürur hissi keçirdiyim an I yerin qalibi olarkən hər kəsin müstəqil dövlətimizin himnini ayaq üstə dinləmələri və üçrəngli bayrağımızın zirvəyə qaldırılaraq dalğalanması olur. O zaman ilk olaraq bayrağımıza, sonra hər zaman yanımda olan anam Aidə xanıma və müəlliməm Nazilə xanıma baxıb, sevincimi onlarla bölüşürəm. Amma etiraf edim ki, bu müsabiqələrdən ən çətini və ən məsuliyyətlisini və yekunda onun sevincini yaşamaq mənə 3 gün əvvəl nəsib oldu.
- Avstriyada qazandığınız möhtəşəm uğurla bağlı təəssüratlarınızı bilmək istərdik.
-Bəli, 3 gün öncə mən böyük bəstəkar A.Motsartın vətəni olan Avstriyada, onun doğulduğu Salzburq şəhərində keçirilən "Salzburq star" müsabiqə-festivalına qatıldım. Bu tədbirdə dünyanın onlarla ölkəsindən 150-ə yaxın iştirakçılar müxtəlif nominasiyalar üzrə iştirak edirdilər. Mən isə bunun tərkibində 20 nəfərin yarışdığı piano yarışmasına qatılmışdım. Açığını deyim ki, proqramım həm zəngin, həm də bir qədər çətin idi. Amma buna baxmayaraq, mən müəlliməm Nazilə xanımla bu müsabiqəyə çox ciddi hazırlaşmışdım. Belə ki, mən Azərbaycan bəstəkarı Q.Qarayevin prelyüdiyasıyla yanaşı, məşhur Avstriya bəstəkarları olan K.Çerni - F.Şubertin variasiyasını, həmçinin hazırda dünyaca məşhur müasir bəstəkar olan N.Kapustinin prelyüdiyasını da ifa etdim. Qeyd etməliyəm ki, dünyanın bir çox tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin bu əsərini respublikamızda ilk dəfə olaraq mən ifa etdiyim üçün ikiqat məsuliyyət hiss edirdim. Çox həyəcanlı idim. Lakin müsabiqədən əvvəlki gün böyük bəstəkar A.Motsartın ev muzeyilə yaxından tanış olanda bir daha inandım ki, o da gəncliyində çox böyük qələbələr əldə edib. Hər uğurun arxasında yalnız zəhmət dayanır. Ona görə də bu təsəllilə yarışmaya qatıldım və hamını heyran edə biləcək bir ifanı göstərə bildim. Çünki ifadan sonra zaldan səslənən "bravo" kəlmələri yalnız mənim ifamdan sonra qalxdı. Alqış sədaları mənə o əminliyi verdi ki, istədiyimi çatdıra bilmişdim. Sonda isə dünyanın çox tanınmış musiqiçilərindən ibarət olan münsiflər heyəti tərəfindən tədbirin ən ali mükafatı olan Qran-pri mükafatına layiq görülməyim bütün bu müvəffəqiyyətlərin məntiqi nəticəsi oldu.
Çox sevinirəm ki, tək mənim deyil, bütünlükdə məmləkətimizin hesab etdiyim bu uğur, dünyanın onlarla ölkələrindən qatılan bütün yarışma iştirakçılarının, böyük həsrətlə izlədikləri möhtəşəm bir qələbə oldu! Bu, mənim xalqımın, dövlətimin incəsənətinin böyük qələbəsi idi!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info