“2016-2018-ci illərdə neftin qiyməti 80-100 dollar civarında olacaq” (Yenilənib)
Tarix: 05.11.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Sahibkarlıq subyektlərində qaz və enerji sahəsində aparılan yoxlamalar artıq dayandırılıb
Bakıda Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) II İllik Xəzər Texniki konfrans və sərgisi öz işinə başlayıb. Tədbir həm regional, həm də dünya miqyasında karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı sahəsində texniki məsələ və layihələrə həsr edilib. Konfrans neft-qaz sahəsində mütəxəssislərin geniş dairəsinin iştirakını nəzərdə tutur və əlaqələrin yaradılmasına, qabaqcıl təcrübə və novator ideyaların mübadiləsinə müstəsna imkanlar yaradır.
Tədbir 2014-cü ildə Astanada keçirilən konfransın ardıdır və Neft-qaz Mühəndisləri Cəmiyyətinin Xəzər neft-qaz şirkətlərinin dəstəklənməsi məqsədilə regionda proqram və tədbirlərin, texniki resursların genişlənməsi planlarına əsaslanır. Konfransın proqramı mütəxəssislərin tematik iclaslarından və texniki sessiyalardan ibarətdir. Onların keçirilməsi zamanı bilik, qabaqcıl təcrübə və iş təcrübəsi mübadiləsi üçün məruzələr təqdim ediləcək.
Bu konfrans regional xarakter daşıyır və həm Xəzər regionu nümayəndələrindən, həm də bütün dünyadan iştirak haqqında təkliflər qəbul etməyə hazırdır.
Konfrans zamanı süni qaldırma vasitələri, qazma və tamalanma işləri: praktiki problemlər, yeni konsepsiyalar və texnologiyalar, ətraf mühitə nəzarət, geologiya və Petrofizika: neft layının dərk edilməsi, təkmilləşdirilmiş neft hasilatı metodları/neft hasilatının artırılması metodları, kompleks geoloji tədqiqatlar, istehsalatın optimallaşdırılması, hasilatın proqnozlaşdırılması və modelin tənzim edilməsi, yatağın təsviri və dinamikası, yataqla bağlı praktiki misallar və yatağın idarə edilməsi, yatağın geoloji və fiziki xüsusiyyətləri və modelləşdirilməsi istiqamətlərdə texniki sessiyalar aparılacaq. Həmçinin risklərin idarə edilməsi və qərar qəbul edilməsi, aktiv və qiymətli kağız çantasının idarə edilməsi, beynəlxalq dənizlərə çıxışı olmayan Xəzər dənizində işlənmələr və əməliyyatlar, qumla mübarizə, obyektin bütövlüyü, HP(20k): Qazma, quyunun quruluşu və tamamlama, dinamik modelləşdirilmənin əsas vəzifələri, quyu divarının dayanıqlığı və xam mal qiymətinin Xəzər dənizinin neft iqtisadiyyatına təsiri istiqamətlərdə texniki sessiyalar baş tutacaq.
Qeyd edək ki, II İllik Xəzər Texniki konfrans və sərgisi ilk dəfə Qazaxıstanın paytaxtı Astanada keçirilib. Konfrans 3 gün davam edəcək.

A.Əlizadə: “Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür”
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirdi ki, Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivi böyükdür, xeyli zəngindir: “Meksika Körfəzində 10 kilometrdən artıq sahədə nəhəng neft-qaz yataqlarının olduğu proqnozlaşdırılır. Biz alimlər Meksika Körfəzinə aid edilən bu fikri Cənubi Xəzər hövzəsi üçün proqnozlaşdırırıq. Mən alimlərin diqqətini buna cəlb etmək istəyirəm”. Akademik qeyd edib ki, AMEA-da alim və mütəxəssislərin birgə fəaliyyətinə böyük diqqət yetirilir: “Bizim üçün əsas kriteriya alim və mütəxəssis birliyidir. Elmlə istehsalat, elmlə praktika vəhdət tapırsa, bu, böyük qüvvəyə çevrilir. 1994-cü ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Həmin uğurlu neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada neft-qaz diyarı kimi tanınır”. Yaxın günlərdə AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini söyləyən A. Əlizadə AMEA-nın 15 təsisçisindən 3 nəfərinin məşhur geoloq olduğunu qeyd edib: “Biz bu 70 ildə şərəfli yol keçmişik. AMEA-nın təsisçiləri sırasında 3 görkəmli geoloq - Şamil Əzizbəyov, Mirəli Qaşqay və Ələşrəf Əlizadənin adları var”.

X.Yusifzadə: “AÇG blokundan
Azərbaycanın mənfəət neftinin payı artacaq”

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə çıxışında bildirdi ki, 1997-ci ilin noyabrından bu günədək Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan 380 milyon ton neft hasil edilib, bunun 209 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşür.
O qeyd edib ki, blokda hasilat 85 quyuda aparılır: "Bu dövr ərzində AÇG-də səmt qazının hasilat həcmi 114 milyard kubmetr təşkil edib. Gündəlik hasilat (yataqlar blokunda) 87 min ton neft və 33 milyon kubmetr qaz təşkil edir". X.Yusifzadənin sözlərinə görə, 2015-ci ilin 9 ayında AÇG blokundan 26 milyon ton neft və 10 milyard kubmetr səmt qazı hasil edilib. 17 milyon ton neft Azərbaycanın mənfəət neftidir. I vitse-prezident bildirib ki, bu dövrdə mənfəət neftinin payı 65 faiz təşkil edir və gələcəkdə artacaq. X.Yusifzadə əlavə edib ki, Azərbaycanın ixrac etdiyi 396 milyon ton neftdən 288 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə ixracın payına düşüb: "Qalanları isə Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərlərinin və dəmir yolunun payına düşüb. Bununla belə, cari ilin 10 ayında Azərbaycan 28 milyon ton neft ixrac edib, bunun 24 milyon tonu BTC-nin payına düşüb". O, diqqətə çatdırıb ki, ilin sonunadək AÇG-də hasilatın ümumi həcmi 385 milyon ton neft olacaq ki, bu da blokun ehtiyatlarının yalnız 17 faizini təşkil edir. Bununla belə, neftin çıxardılması əmsalının 45-dən 50 faizədək artırılması planlaşdırılır. I vitse-prezidentin sözlərinə görə, "Şahdəniz" qaz yatağından istismara başlanandan 66 milyard kubmetr qaz və 17 milyon ton kondensat hasil edilib: "Hazırda Azərbaycan qazının Türkiyəyə ixracının ümumi həcmi 36 milyard kubmetr təşkil edir, 4,8 milyard kubmetr isə Gürcüstana ixracın payına düşür".
X.Yusifzadə deyib ki, hazırda Azərbaycanda təsdiq edilmiş ümumi neft ehtiyatları təqribən 2 milyard ton, qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları təqribən 5,4 trilyon kubmetr qaz, neft ehtiyatları isə 4,5 milyard ton təşkil edir.

Nazir müavini: "Cənub Qaz Dəhlizi qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyini təmin edəcək"
Energetika nazirinin müavini Natiq Abbasov çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyinin təminatçısı olacaq: “Avropanın enerji təhlükəsizliyi strategiyası, enerji resurslarının diversifikasiyası və tədarükü üzrə əsas layihə kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyi təmin olunacaq. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və regionla məhdudlaşmayan bu layihə həm də mürəkkəb geosiyasi şəraitdə olan Avropanın qaz asılılığından xilasına hesablanmış, həm də alternativ enerji mənbəyi kimi bütün dünyanın diqqət mərkəzindədir”.

Nazirlik: “Enerji tarifləri artırılmayacaq”
N.Abbasov onu da vurğulayıb ki, Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmır: “Gələcəkdə tələbat artacaq. Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi haqqında heç bir məsələ müzakirə aparılmır. Alternativ enerjiyə gəlincə, razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hal-hazırda onun tarifi 4,5 qəpikdir. Onun da qiymətinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb”. Natiq Abbasov qeyd edib ki, Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar artıq dayandırılıb. Nazir müavini qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı Energetika Nazirliyində də lazımi tədbirlər görülüb. Nazirliyin Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar artıq dayandırılıb.

K.Yavuz: “STAR-ın inşasına
2,1 milyard dollar xərclənib”

“SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) rəhbəri Kənan Yavuz bildirib ki, Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunda inşaat işlərinə indiyədək 2,1 mlrd. dollara yaxın vəsait yatırılıb. K. Yavuzun sözlərinə görə, STAR-da aparılan inşaat işlərinin 35%-ə yaxını artıq görülüb. Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin mart ayında yekunlaşdırılması və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur.

“Neftin qiymətinin aşağı düşməsi
siyasi amillərlə əlaqədardır”

K.Yavuz onu da qeyd edib ki, 2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq. Neft məhsullarının istehlakında azalmanın qeydə alınmadığını deyən K. Yavuz qiymətlərin aşağı düşməsini siyasi amillərlə əlaqələndirib: “İndi müzakirə olunan məsələ Çində iqtisadi artımım gözlənilən səviyyədə, yəni 8-9% ətrafında deyil, 6-7% ətrafında olmasıdır. Yəni, iqtisadi artım davam edir. Neft məhsullarının istehlakı da artmaqdadır. Burada ABŞ-ın enerji siyasətinə nəzər yetirmək lazımdır. ABŞ dünyanın ən böyük enerji istehlakçısıdır, eyni zamanda enerji asılılığı olmayan bir dövlətdir. Başqa sözlə, ABŞ-ın enerji siyasəti, yəni enerjidə, neftdə, təbii qazda ixracatçı olmaq, idxalatçı olmaq və yaxud “o” mövqeyində qalmaqla bağlı qərarları dünya bazarında neftin qiymətinə təsir edir. Burada Ukrayna böhranı, Rusiyanın mövqeyi kimi məsələlər neftin qiymətinin təzyiq altında olmasına gətirib çıxardığını düşünürəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info