Ekstremist Bağırzadənin üzü və astarı
Tarix: 10.11.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


"Artıq anlamaq gərəkdir ki, indi mömin müsəlmanlarla hökumət, dindarlarla hakimiyyət arasında qarşıdurma yoxdur - olan din pərdəsinə bürünmüş ekstremizmlə dünyəvilik, demokratiya, insanın ən önəmli dəyər sayıldığı sistem arasında savaşdır. Heç bir səmavi din başqa dindən olan insanları hədəf göstərmir. Əmin olun ki, peyğəmbərlər indi olsaydılar, dinlə pərdələnən insanları görüb onlara lənət oxuyardılar".Bu sözlər Yaxın Şərqdə və ümumiyyətlə, müsəlman aləmində həddən ziyadə nüfuz sahibi olan din xadiminə, Suriyanın müftisi Əhməd Bədruddin Həssuna məxsusdur.
O, gerçəyi deyir.
Həmin gerçəyi ki, Allahın rəsulu, Hz.Məhəmməd (s.ə.s.) təqribən 55 kvadrat kilometrlik Yəsrib adlı vahədə yerləşən eyni adlı şəhərə üz tutanda, orada ev tikmək istəyəndə məkan salacağı yeri ələ keçirməmişdi - halbuki buna gücü, nüfuzu və imkanları çatardı.
Yox, Allahın elçisi ev tikmək istədiyi yeri Yəsribdəki iki yetim qardaşdan satın aldı.
O qardaşlar uşaq olsalar da, rəsulillah ədalət və şəfqətlə davranaraq cəmi müsəlmanlara həmişəki təki, örnək oldu. Dostu Əbubəkrlə şəhərə gələn Hz. Məhəmməd (s.ə.s) burada "mühacirun"lar tərəfindən qarşılansa da, o, bütün bəşəriyyətə xitab edərək insanları haqqa, imana, irşada çağırdı.
Yəsrib də Mədinə-ən-Nəbiyə çevrildi.
Fəqət, indi bəzi müsəlmanlar balaca uşaqların haqqını əzmək, onları ağlar qoymaqla bahəm, yerlərə sahib çıxmaq və siyasətdən tutmuş, ictimai həyatadək yersizliklərlə zorakılığa, ölümlərə, qəsbə, qarətə, talana, qəsdlərə çağırışlarla son qoymaq istəyirlər.
Əsrlər əvvəl manixeylər, qnostiklər, müşriklər kimi davranan kəslər islamın adından və sözlərindən istədikləri kimi istifadə etdiklərini düşünür, hakimiyyətlərin devrilməsini, dövlətlərin yerində "vilayət"lər və "əmirlik"lər yaradılmasını istəyirlər.
Onlar insanların şəriət və fiqh əsasında idarə olunmasını arzuladıqlarını deyirlər.
Halbuki özləri şəriətin təməl qaydalarını, fiqhin postulatlarını pozur və bunu gizlətməyə çalışırlar.
Azərbaycanda dindarların inanclarından sui-istifadə edərək onları hakimiyyətə yox, dövlətə qarşı qaldırmaq, durumu gərginləşdirmək, "qayda" adı ilə xaos yaratmaq istəyən qruplardan biri də "Müsəlman Birliyi Hərəkatı"dır.
Hərəkatın lideri Taleh Bağırzadə "Azadlıq Radiosu"na verdiyi müsahibəsində belə deyib: "Bizə qarşı aparılan bu kampaniyanın arxasında hal-hazırki ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq".
Bu açıqlama vacib məsələdir və Hacı Talehin dediklərinin həqiqətə nə dərəcədə uyğun olduğunu qismən araşdırmağa çalışaq.
Fəqət, əvvəlcə bir qədər tarixə varaq.
Misirdə Əbbud əl Zümarın yaratdığı "Cihad əl Cədid" və banisi Məhəmməd Əbdüssəlam Fərac olan "Təlaa əl Fateh" qruplaşmaları təşəkkül tapanda onların birgə bəyanatında deyilirdi: "Misirin hakimiyyət dairələrinin bizə qarşı apardığı kampaniyanın arxasında ictimai-siyasi fəaliyyətimiz durur".
Bu açıqlama Hacı Talehin sözləri ilə sanki identikdir.
Bəhs etdiyimiz qruplaşmalar indi Misirdə ən təhlükəli ekstremist və terrorçu dəstələr arasında yer alır.
Küveytdə "Cəmiət əl İslah əl İctimai" qruplaşması yarananda bu dəstənin liderləri "təşkilatımızın adından da göründüyü kimi, ictimai islahatlara təkan vermək istəyirik" deyirdilər. Amma indi sözügedən dəstə "Əl Qaida"ya "biət etmiş", yəni sədaqət andı içmiş terror qruplaşmaları arasındadır.
Əlcəzairdə "Əl Cəmaatul Sələfiyyatul Dəvəti vəl Qitaa" və ya sadəcə, "Əl Cəmaa" qruplaşması 1997-ci ildə yaradılanda "qanunsuzluqlar və korrupsiyaya mübarizə" şüarı ilə çıxış edirdi. Amma vur-tut iki ay sonra bu qruplaşma aşkar ekstremist dəstə olduğunu göstərdi. "Əl Cəmaa" indi özünü "Məğribdə Əl Qaida" adlandırır.
Misalların sayını artırmaq, "Əsbat əl Ənsar", "Cəmiyat İhya ət Turaz əl İslami", "Cund əş Şam", "Hizbut Təhrir əl İslami", "Ləşkəri Taiba"nı, daha sonra "Cəbhət ən Nüsra"nı, "Cund əl Şam vəl Muslimin"i, "Riyadus Dabiq"i və ən nəhayət, İŞİD-i xatırlayaraq həmin qruplaşmaların da yaradıldıqları ilkin dövrlərdə "ölkə qanunlarına qarşı çıxmırıq, sadəcə, dindarların haqq və hüquqlarının qorunmasını istəyirik" tipli bəyanatlarını yada salmaq olar.
"İlkin məqsəd və məram"ların sonradan ekstremizmə, terrorizmə, dini radikalizmə transformasiyası çox tez, hətta "fenomenal" sürətlə getdiyindən təəccüblü heç nə yoxdur: çünki haqlarında bəhs etdiyim təşkilat və qruplaşmalar elə bünövrədən sonrakı məqsədlərini gerçəkləşdirmək üçün yaradılmışdılar.
Azərbaycandakı dini hərəkatlar və qruplar sırasına qatılmağa çalışan "Müsəlman Birliyi Hərəkatı"nın banisi, rəhbəri Taleh Bağırzadə belə deyir: "Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər. Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcəklər".
Qətiyyətli açıqlama, hətta ultimatum ruhlu bəyanatdır.
Taleh Bağırzadənin və onun təşkilatının fəaliyyətini "planlı şəkildə təhrif etmək" fikrindən çox uzağam.
Sadəcə, faktlarla danışaq və danılması mümkün olmayan məqamlara istinad edək.
Facebook-dakı "Hicab bizim namusumuzdur" adlı səhifə yazır (orfoqrafiya və stilistika olduğu kimi saxlanılıb): "Bu yezid sifətləri cəzalandırmaq istəyən muxtarların nəzərinə... Vicdansız Elmarın Gəncədə İmam Hüseynin əzasına qoyduğu qadağadan sonra ona qarşı etirazlar və təhdidlər dayanmaq bilmir. Biri sözü ilə, biri nifrinləri ilə, biri də onu ölümə hədələməklə etirazını bildirir. Bu cinayətləri törədən məmurlar gərək tez bir zamanda cəzalandırılsın. Uşaqlarımızı döyən məmurları gecə saatlarında tutub yaxşı döymək lazımdır.
Elmar kimiləri də gərək öldürülsün.
Onun kimilərin qanı halaldır. İnşaallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq. Sadəcə bir məsələyə diqqət edin ki, bunları cəzalandırmaq istəyənlər və onlara lənət və nifrin göndərənlər, onların ailələri ilə və ata anaları ilə işləri olmasın. Çalışın ailələr təhqir olunmasın. Cəzalandırılan insanların ailələrinə xəsarət dəyməsin.
Bunları cəzalandıran şəxslər milli qəhrəmanımıza çevriləcəklər və Azərbaycan tarixi bu qəhrəmanlarla fəxr edəcək.
Hər ibni-ziyadın qarşısında bir muxtar olması gərəkdir".Ümit Zeynalov adlı Facebook istifadəçisi isə belə yazıb: "Artıq Azərbaycanda vəziyyət tam başqadır. Əqidə, məzhəb qardaşlığı hər şeydən üstün tutulur. Budəfəki aksiyalar 70-80 nəfərdən ibarət olmayacaq, başınıza daş olub yağacağıq. Leysan olub sizi Azərbaycandan yuyub aparacağıq, ayağınızı hara qoyduğunuza diqqət edin. İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbala məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq".Taleh Bağırzadəyə qarşı "təqiblər"in olduğunu deyənlərin çağırışları budur.
Onlar dövlət sturkturlarında çalışanların, rəsmi şəxslərin döyülməsini, öldürülməsini istəyir, Azərbaycanda talan və amansızlıqlar "xəbərdarlığı" edirlər.
Kütləvi iğtişaşlara, qatı xuliqanlığa, qətllərə və ağır cinayətlərə çağırışların qanunvericilikdə necə dəyərləndirildiyini lüzum görmürəm.
Demokratiya və insan haqları prinsiplərinə gəldikdə isə, bir anlıq təsəvvür edin ki, ABŞ-da "dindar" olduqlarını iddia edənlər qubernatoru döyməyə, məmurları öldürməyə, polis idarələrini yağmalamağa və yandırmağa çağırışlar edir, Birləşmiş Ştatları talan edəcəklərini yazırlar.
Belə çağırışların sadəcə, bir kəlməsi yetər ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security, DHS) həmin adamları dərhal həbs etsin və istintaqa başlasın.
ABŞ-da dini radikallarla, islamçı ekstremistlərlə polisin və təhlükəsizlik strukturlarının davranışı bəllidir.
Konqresin "Daxili Təhlükəsizlik Aktı"na uyğun olaraq, belə şəxslərə qarşı "qətiyyətli ifadəalma metodları" tətbiq olunur.
"Qətiyyətli ifadəalma metodları"nın nə olduğunu Quantanamo həbsxanasında saxlanan məhbuslar əla bilirlər: həmin metod trivial işgəncələrdir ki, adı sivil ifadələrlə pərdələnib.
Fransa, Almaniya, İsveç, Britaniyada "ölkəni talan edərik", "məmurları döyün", "dindar qardaşlarımızın qisasını alın" tipli açıqlamalar isə kim tərəfindən və harada səslənməsindən asılı olmayaraq terrora, ekstremizmə çağırış sayılır və qanunvericiliklə ən ağır cəzalara layiq bilinir.
Qonşu Rusiyada və ya Türkmənistanda, Belarus və ya Ukraynada, Gürcüstan və ya Qazaxıstanda isə analoji bəyanatlar birbaşa terrora çağırış sayılır.
... Avqustun 31-də İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda rəsmi səfərdə oldu.
"Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırov və onun müavini Elçin Qasımov da ayətullanın əlini öpənlər sırasında idilər.
Cənab Həmədani İrandakı "mühafizəkarlar" adlanan siyasi düşərgənin ən nüfuzlu təmsilçilərindən biri olmaqla yanaşı, İranın xarici və daxili siyasətinin vektorlarının müəyyənləşdirilməsində də söz sahibidir.
Belə şəxsin Azərbaycana səfəri önəmli hadisə idi, sözsüz. Amma onun əlinin öpülməsi nə xalqımızın adət-ənənələrinə, nə də islam qaydalarına uyğun deyildi.
Doğrudur, osmanlı türklərində belə adət var və Anadoluda böyüklərin, yəni yaşlıların əli öpülür.
Fəqət, osmanlı türkü yalnız valideynlərinin, bir də yaşlı qohumlarının əlindən öpər. Türkiyədə hansısa müsəlmanın din xadiminin əlindən öpməsi nonsens kimi qəbul olunur.
Azərbaycanda da bineyi-qədimdən belə adət olmayıb, indi də "əl öpmə" ənənəsi yoxdur.
Tale Bağırzadə ayətullah Həmədaninin əlini öpməsi ilə bağlı belə açıqlama verib: "Bu məsələyə münasibət bildirmişik. Ayətullah Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir. Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz həyat yoldaşlarının əllərini öpdürürlər. Fətullah Gülənin də əlindən öpülür. Digər əl öpmələri də qeyd etmək olar. Qardaş Türkiyədə ağsaqqalın əlindən öpürlər. MHP sədrinin əlindən dəfələrlə öpüblər.Bizi qınayanlar qərəzli şəxslərdir".
Sözün açığı, Taleh Bağırzadəyə qarşı heç bir qərəzimiz yoxdur. Doğrudur, din xadimlərinin əllərinin öpüldüyü ölkələr var, Türkiyədə də Fətullah Gülən və ya MHV sədri Dövlət Baxçalının əlini öpürlər.
Amma Türkiyədə o əl öpənlər osmanlı türkləridir: ingilisin, hollandın və ya ərəbin belə "əlöpmə" mərasiminə qatılması onların ölkələrində ən azı birmənalı qarşılanmaz.
İslamda din xadiminin əl öpməsi "biət"in, yəni sədaqətin bir formasıdır.
Ayətulla Həmədaninin əlinin öpülməsi də birbaşa olaraq onun ideyalarının, mövqeyinin, dünyagörüşünün paylaşılması, sözlərinin və çağırışlarının birmənalı olaraq qəbulu kimi dəyərləndirilməlidir.
Hər halda İranda belədir.
Üstəlik, Taleh Bağırzadə "əlöpmə"də qeyri-adi heç nə görmürsə və bu, sədaqət izharı deyilsə, onda nədən İranın "Səhər" telekanalından tutmuş, "mühafizəkarlar"ın nəzarətindəki ən müxtəlif media qurumları T.Bağırzadənin "müdafiəsi"nə qalxıblar?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib: "Tale Bağırzadə 5 il İranın Qum şəhərində dini təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə (İraq) xüsusi "kurs" keçib. Təhsil alıb, beyni yuyulub millət, vətən, xalq anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm dərəcəsində siyasi radikal şiəliyi təmsil edir".
İndi Taleh Bağırzadənin "heç bir xarici ölkə və ya qüvvə ilə əlaqə"lərin olub-olmamasına məntiqlə düşünənlər qərar versin.
Taleh Bağırzadə "müstəqil siyasətçi və demokrat insan" olduğunu deyir, amma indiyədək onun Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya və ya başqa ölkədən gəlmiş nüfuzlu din xadiminin əlini öpdüyünü görən olmayıb.
Çıxışlarında ölkədəki hakimiyyəti sürəkli olaraq "yezidi rejim, əməvilər" adlandıran Taleh Bağırzadə "fəaliyyətinin təhrif" olunduğunu deyir.
Ölkədə qisasçılıq ruhunun yayılmasına can atmaq, kütləvi itaətsizlik və iğtişaşlara çağırışlar, hakimiyyət mənsublarının hədələnməsi, "indiyədək susmuşuq, bundan sonra..." ifadələri ilə başlayan ultimatumlar, hədələr - bütün bunlar "Konstitusiya çərçivəsində fəaliyyət" sayıla bilərmi?
"Müsəlman Birliyi Hərəkatı" sadəcə, proseslərin təzahür forması, Taleh Bağırzadə isə Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini zəmində toqquşmalar burulğanını törətmək istəyənlərin siyasətində, bəlkə də ən sadəlövh fiqurlardan biridir.
Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində bilərəkdən və ya sövq-təbii olaraq alətə çevrilir, ölkəmizi hədəfə almış radikal islamçı ideoloqların ssenarilərində subyektlərə dönürlər.
Yaşananlar göstərir ki, Azərbaycannda din pərdəsi altında fəaliyyət göstərən radikallar və ekstremistləri şəbəkələşdirmək, onları aktivləşdirmək üçün aşkar cəhdlər göstərilir.
Radikallar son vaxtlar hədsiz dərəcədə cürətləniblər və bu "qətiyyət" heç bir halda daxili emosionallıq, hisslər məcmusu ilə izah oluna bilməz.
Çünki Taleh Bağırzadə də daxil olmaqla, radikalların çıxışları, xütbə və moizələri, bəyanat və çağırışları indiyədək Azərbaycanda dini zəmində toqquşmalar yaratmaq, dövlət çevrilişini reallaşdırmaq istəyən güclərin fiqurları olmuş şəxslərin və təşkilatların səsləndirdikləri ifadələri sanki təkrarlayır.
Azərbaycanda "qəflətən", zəruri və obyektiv zəmin olmadan "Hüseyniyyə" cərəyanının ifrat dərəcədə fəallaşması hadisələrin normal məcrasında olan hadisə deyil. Dövlətin əsaslarına, milli ideologiyanın təməllərinə qarşı yönələn ifadələr, aşkar itaətsizlik çağırışları və kütləvi aksiyalara səslənişlərin "daxili hisslərin təbəddülatı" sayılması baş verənləri çox səthi dəyərləndirmək olardı.
Nədən ki, bu çağırışların əsasında din, irşad, hidayət və iman yox, siyasət durur.
Özü də kənardan diltə olunan, idarə edilən və ən başlıcası - "nəticə"lər barədə hesabat tələb olunan siyasət.
... "Möminlərin haqqını pozan məmurlar, dövlət mənsublarını öldürmək gərəkdir. Belələrinin qanları halaldır. İnşallah, onların ölüm xəbərləri tezliklə yayılacaq. Vallahi, bizim səbrimizlə oynamayın. Dindarlar indi əmr gözləyirlər".
Suriyadakı "Cəbhət ən Nüsra li Əhli əş Şam" qruplaşması 2012-ci ilin yanvarın 3-də belə bəyanatla çıxış etmişdi.
Radikallar məkandan asılı olmayaraq, eynidir və onların məqsədlərini təxminləmək də çətin deyil.
Bunu hələ Çar Rusiyasındakı sosial-demokratların "Qoca" dedikləri Vladimir İliç Ulyanov-Lenin söyləmişdi.
"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırzadənin fəaliyyətinin zahiri və batini, bəyanatlarının eksteryer və interyer mahiyyəti, çağırışlarının üz və astarı var.
Son vaxtlardasa astar vurub üzə çıxıb.
Elçin Alıoğlu
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info