“Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır”
Tarix: 11.11.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


ABŞ-ın Texas ştatının Hyuston şəhərində tanınmış Hyuston Universitetinin binasında həmin Universitet, Azərbaycan Mərkəzi, həmçinin Türkiyə, Yunanıstan və İtaliyanın Baş Konsulluqlarının təşkili və ARDNŞ-ın dəstəyi ilə “Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı böyük konfrans keçirilib (The Southern Gas Corridor in European Energy).
Qeyd edək ki, Hyuston şəhəri Bakı ilə qardaşlaşmış şəhərdir və ABŞ-nin əsas enerji mərkəzidir.
Gün boyu davam edən bu konfransın işində enerji sahəsində öz sözünü demiş nüfuzlu ekspertlər, ABŞ dövlət orqanları və Konqresin nümayəndələri, həmçinin diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, İtaliya və Yunanıstanın Hyuston şəhərindəki baş konsulları iştirak ediblər. Ölkəmizi konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov təmsil edib.

Konfransı Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova açıb. Hyuston Universitetinin Prezidenti Renu Xator Hyustonun qardaşlaşmış şəhəri olan Bakıya səfər etdiyini qeyd edərək ölkəmiz və xalqımız barəsində olduqca xoş təəssüratlarla geri döndüyünü və həmin təəssüratlarla bölüşmək üçün Azərbaycanla bağlı hətta bloq yaratdığını bildirərək Cənubi Qaz Dəhlizi kimi mühüm bir layihə barədə konfransın məhz Hyuston Universitetində keçirilməsindən məmnun olduğunu bildirib.

Bundan sonra Hyuston şəhərinin meri Anise Parker tərəfindən noyabrın 9-nun Hyustonda Cənubi Qaz Dəhlizi günü elan olunması barədə sənəd təqdim olunub.

Konfransın “Avropa enerjisi, təhlükəsizlik və diversifikasiya” adlanan ilk panelində çıxış edən hazırda ADA Universitetində çalışan səfir Con Mareska regionumuzun strateji əhəmiyyəti və ona çıxışın Avropa və ABŞ üçün vacibliyindən danışıb, onun ardınca Hyuston Universitetinin professoru Kristin Ekonomides regionda mövcud olan geosiyasi reallıqlardan söz açıb.
Cənubi Qaz Dəhlizinin regional əməkdaşlığa töhfəsini nümayiş etdirərək, tədbirdə Türkiyənin, Yunanıstanın və İtaliyanın nümayəndələri çıxış ediblər. Qeyd etmək lazımdır ki, bu yaxınlarda qeyd olunan üç dövlətin Hyustondakı baş konsulları Cənubi Qaz Dəhlizinə həsr olunmuş birgə məqalənin müəllifi olublar.
Türkiyənin baxışını təqdim edən bu ölkənin Hyustonda Baş Konsulluğunun enerji müşaviri Caner Can Türkiyənin həm enerji istehlakçısı həm də coğrafi məkanına görə “təbii tranzit” olduğunu bildirərək Cənubi Qaz Dəhlizinin ölkəsi üçün prioritet olduğunu deyib.
Yunanıstan Baş konsulu Georgios Papanikolau Avropada təbii qazın ətraf mühitə zərərin dərəcəsini azaldan yeganə alternativ enerji mənbəyi olduğunu qeyd edərək bütün proqnozlara görə 2025-ci ilədək Avropanın qaz ehtiyaclarının artacağını, digər tərəfdən Avropanın Rusiyadan enerji asılılığı dərəcəsindən narahatlığını vurğulayıb. Bu səbəblərdən Avropaya təbii qaz mənbələrinin diversifikasiyasının vacibliyini qeyd edən yunan diplomat bu kontekstdə Cənubi Qaz Dəhlizinin əhəmiyyətinin danılmaz olduğunu deyib.
G.Papanikolau Cənubi Qaz Dəhlizinə daxil olan və Yunanıstan ərazisindən keçəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) ölkəsi üçün faydasından danışaraq layihənin böhran keçirmiş Yunanıstan iqtisadiyyatının vəziyyətinin yaxşılaşdırılmasına gözəçarpacaq dərəcədə töhfə verəcəyini qeyd edib. Layihənin Yunanıstanda birbaşa olaraq iki min bu və ya digər yolla layihə ilə bağlı isə on min iş yerinin açılacağının gözlənildiyini çox müsbət hal kimi qiymətləndirib. Ümumiyyətlə layihənin Yunanıstan enerji təhlükəsizliyini gücləndirəcəyini deyən yunan təmsilçisi Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasında Cənubi Qaz Dəhlizinin əsas faktorlardan olduğunu söyləyib.
İtaliyanın Hyustonda Baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası üzrə strategiyasından söz açaraq Cənubi Qaz Dəhlizinin həmin strategiyaya tam cavab verdiyini və bu dəhlizin Avropa hissəsi olan TAP layihəsinin məhz bu səbəbdən İtaliya Hökuməti üçün prioritet olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə Avropaya enerji tədarükünün artması və beləliklə ümumilikdə Avropa enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə TAP yerli istehlakçılar üçün təbii qazı daha aşağı qiymətə əldə etmək imkanını yaradır. E.Sqarbi İtaliya enerji tələbatının 17% təmin edən Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynadığını vurğulayıb. O, İtaliyanın TAP layihəsini tam dəstəklədiyini, ölkəsinin digər tərəfdaşları ilə birgə onun uğurla reallaşdırılması üçün bütün zəruri addımları müəyyən etmək, əlaqələndirmək və həyata keçirməyə hazır olduğunu deyib.
Bundan sonra çıxış edən ABŞ konqresmeni, ABŞ Nümayəndələr Palatasının Enerji üzrə altkomissiyasının sədri Rendi Veber (Randy Weber) ABŞ-Azərbaycan əlaqələrinə toxunaraq onların “həyati əhəmiyyət” daşıdığını deyib. O, Azərbaycanın ABŞ ilə enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığını xüsusilə qeyd edib. Konqresmen Veber Cənubi Qaz Dəhlizinin uğurla həyata keçirilməsində ABŞ-ı müsbət rol oynamağa və lazımi dəstək verməyə çağırıb. ABŞ-ın bütün müttəfiqləri ilə münasibətlərini daha da möhkəmlənməsinin zərurətini qeyd edən konqresmen Azərbaycanın davamlı olaraq ABŞ Hökuməti ilə əməkdaşlıq etmək niyyətinin nümayiş etdirdiyini, ABŞ-ın, Azərbaycanın və bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsi baxımından iki ölkə arasında strateji tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda əsas məruzəçi qismində çıxış edən səfir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müəyyən etməsi barədə fikrini səsləndirərək Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı enerji layihələrinin həyata keçirildiyindən sonra Xəzər dənizi hövzəsi və Aralıq dənizi regionlarının arasında fiziki təmasın yarandığını nümunə kimi gətirib. Cənubi Qaz Dəhlizi regionlar arası təmasları daha da genişləndirəcəyini deyib. Eyni zamanda o bildirib ki, bu əməkdaşlığın bütün tərəf ölkələri və bütövlükdə regionun rifahı və təhlükəsizliyinə töhfəsi danılmazdır. Səfir regiondakı layihələrin uğurunu Azərbaycan rəhbərliyinin siyasi iradəsi və müdrik siyasəti nəticəsində mümkün olduğunu bildirib.
O, regionda həyata keçirilən bütün irimiqyaslı infrastruktur layihələrin , o cümlədən Cənubi Qaz Dəhlizinin məhz Ümumilli lider Heydər Əliyevin bu uğurların təməlini qoymuş siyasətinin və Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin nəticəsi olduğunu bildirdi. Səfir qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri ümumiyyətlə regionun inkişafına töhfə verir və hazırkı konfransda İtaliya, Yunanıstan və Türkiyənin iştirakı bunun göstəricisidir. Eyni zamanda o, Azərbaycanın Gürcüstana davamlı dəstəyinin regional əməkdaşlığın uğurunun daha bir təsdiqi kimi göstərib. Səfir Süleymanov tədbirdə iştirak edən türk nümayəndələrinə tədbirə dəstəklərinə görə təşəkkürünü bildirərək Türkiyənin regionumuz üçün əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıb.
Eyni zamanda səfir Süleymanov indiyədək həllini tapmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasının regionun inkişafına ən ciddi maneə olaraq qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Səfir həmçinin “İpək Yolu” çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə ölkəmizdə yeni nəqliyyat infrastrukturun inşa edilməsindən danışıb.
Bundan sonra konfransın ikinci panelində çıxış edən məruzəçilər Cənubi Qaz Dəhlizi layihəsinin müxtəlif aspektlərini işıqlandırıblar. Panel zamanı çıxış edən ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov ARDNŞ-ın fəaliyyəti barədə geniş məlumat verib, şirkətin prioritetlərindən danışaraq neft hasilatının davamlı surətdə təmin edilməsi, təbii qaz hasilatının artırılması, şirkətin fəaliyyətinin effektivliyinin yüksəldilməsi, Dövlət Şirkəti olan ARDNŞ-ın Azərbaycanın inkişafına töhfəsi və s. sadaladı. V.Bəylərbəyov ARDNŞ-ın iştirak etdiyi layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizinin uğurla reallaşdırılacağı ilə bağlı əminliyini ifadə edib.
“BP” şirkətinin ABŞ-da təmsilçiliyinin rəhbəri Qreq Sanders çıxışı zamanı hazırda dünya bazarında təbii qaza tələbatın artdığı bir zaman Azərbaycanın özünü etibarlı və sabit tərəfdaş kimi göstərdiyini, eyni zamanda ölkəmizin coğrafi baxımından çox əlverişli yerə malik olduğunu bildirib.
Konfrans zamanı həmçinin Ed Hirs, Corctaun Universitetinin professoru Brenda Şafer, Trans-Anadolu təbii qaz kəməri (TANAP) xarici əlaqələr direktoru Maqsud Məmməd və İstanbulda yerləşən Xəzər Strateji İnstitutunda Strateji və Siyasi Koordinator Əfqan Niftiyev çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info