Sıra saylarının orfoqrafiyası
Tarix: 11.11.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Miqdar sayları kimi sıra sayları da sayın əsas məna növlərindən olub, bu və ya digər bir şəxsin, əşyanın, hadisənin sırasını, ardıcıllığını bildirir. Yaranış etibarilə miqdar saylarından sonra və onun əsasında əmələ gəlib formalaşan sıra sayları işlənmə məqamına görə, ifadə etdiyi, yaratdığı semantikaya müvafiq olaraq neçənci? və hansı? suallarından birinə cavab verir. Ümumiyyətlə, dilçilik ədəbiyyatlarında bir nitq hissəsi kimi sayın yaranması, mənşəyi, quruluşu, qrammatik məna növləri, əmələ gəlmə yolları-bir sözlə, yarandığı ilkin dövrlərdən ta bu günümüzə qədər keçdiyi inkişaf yolu sistemli və müqayisəli şəkildə tədqiq olunmuş, qiymətli fikirlər sölənilmişdir. Azərbaycan dilçilik tarixində də say haqqında Ə.Dəmirçizadə, F.Zeynalov, M.Hüseynzadə, A.Qurbanov, H.Mirzəzadə, Ə.Rəcəbli, Q.Kazımov, Ə.Tanrıverdi və s. kimi görkəmli, nəhəng dilçi alimlərimiz tərəfindən sanballı tədqiqatlar aparılmış, müxtəlif məzmunlu xarakterə malik monoqrafik yazılar dərc olunmuşdur. Bu yazıda isə biz sıra saylarının düzgün yazılış qaydalarını müəyyənləşdirməyə çalışmışıq. Çünki müxtəlif dilçilik ədəbiyyatlarında mövzuya dair verilən müvafiq şərhlər sıra saylarının düzgün orfoqrafiyasını tam şəkildə əks etdirə bilmir, yaxud da fikir natamam olduğundan oxucu üçün qaranlıq qalır. Məlum olduğu kimi, sıra saylarını əmələ gətirmək üçün müəyyən miqdar saylarının sonuna -ıncı-inci-uncu-üncü şəkilçisi əlavə edilir. Məsələn: birinci, üçüncü, beşinci, onuncu və s. Lakin bəzi müəyyən miqdar sayları saitlə bitdiyi üçün və şəkilçi də saitlə başladığı üçün bu qrup sözlərdə eliziya hadisəsi baş verir və şəkilçi -ncı-nci-ncu-ncü formasına düşür. Məsələn: iki(i)nci, altı(ı)ncı, yeddi(i)nci, on iki(i)nci və s. H.Mirzəzadə, Ə.Tanrıverdi kimi dilçilərimiz -ıncı-inci-uncu-üncü şəkilçisinin XX əsrin əvvəllərində -imci-mci-mcu formasının olduğunu yazılı abidələrdən gətirdikləri müxtəlif nümunələrlə izah etmişlər. Qeyd edək ki, şəkilçinin göstərilən variantına bu gün də canlı danışıq dilində, dialekt və şivələrimizdə mühafizə olunmaqdadır. Ümumiyyətlə, müasir Azərbaycan dilində sıra saylarını 3 əsas yolla ifadə etmək mümkündür: 1. Sözlə: beşinci, onuncu, yüz əlli ikinci, min beş yüzüncü. 2.Ərəb rəqəmləri və -ıncı-inci-uncu-üncü şəkilçisinin 1-ci hecasının - örtüsüz-qapalı hecasının düşməsi nəticəsində yaranan -cı-ci-cu-cü şəkilçisinin defis (-) vasitəsilə əlaqələnməsindən yaranan sıra sayları: 1-ci,5-ci,10-cu,21-ci və s. 3. Rum (Roma) rəqəmləri ilə: I, V, XX, C, CL və s. Bunlardan sıra saylarının sözlə ifadəsi daha qədimdir.Hətta Orxon-Yenisey abidələrinin dilində də təsadüf olunur. Müasir Azərbaycan dilində ərəb rəqəmlərləri ilə ifadə olunan sıra saylarını dilçiliyə dair mənbələrdə əsasən aşağıdakı kimi xarakterizə edirlər: a) Sətrin əvvəlində rəqəm yazılır, sonra nöqtə qoyulur və ilk sözün baş hərfi böyük hərflə yazılır.Məsələn: 1.Sadə sözlər. 2.Düzəltmə sözlər. 3.Mürəkkəb sözlər. b) Sətrin əvvəlində rəqəm yazılır, sonra tire işarəsi çəkilir və ilk söz ümumi və xüsusi olmasından asılı olaraq kiçik və ya böyük hərflə yazılır. Məsələn: 1- sadə sözlər 2- düzəltmə sözlər 3- mürəkkəb sözlər. c) Müvafiq rəqəmlər yarımmötərizədə yazılır, heç bir işarə qoyulmur və ilk söz ümumi və xüsusi olmasından asılı olaraq kiçik və ya böyük hərlə yazılır.Məsələn: 1) B.Vahabzadə 2) M.Araz 3) R.Rza
Sıra sayları rum rəqəmləri ilə ifadə olunduqda onlardan sonra adətən heç bir şəkilçi və qrafik işarə qoyulmur(!) Məsələn: I sinif, IV kurs, X cild, XXI əsr və s. Rum rəqəmləri kəmiyyət etibarilə 7 qrafik işarədən ibarətdir: I, V, X, L, C, D, M.
Göstərilən rum rəqəmlərinin yaranması da müxtəlif amillərlə əlaqədar olub, bir-birindən əsaslı şəkildə fərqlənir. Bu haqda A.Qurbanovun tədqiqalarında oxuyuruq ki, I rəqəmi -barmaq, V rəqəmi- baş barmağı aralanmış formada əl pəncəsi, X rəqəmi-iki qolun çarpazlaşması şəklindən əmələ gəlmişdir. "Centum" sözünün ilk hərfi (C) yüz rəqəmi, min mənasını ifadə edən "Mille" sözünün ilk hərfi (M) min rəqəmi kimi istifadə olunmuşdur. Bunlardan başqa L və D rəqəmləri də hərf-rəqəmdir. Bu rəqəmlərin tarixi isə elmə məlum deyildir.Rum rəqəmləri ilə ifadə olunan digər saylar bu rəqəmlərin törəməsi olub, onların müxtəlif şəkildə birləşməsi nəticəsində meydana gəlir. Adətən kiçik rəqəm böyük rəqəmdən sonra gəldikdə toplanır, əksinə olduqda isə böyükdən kiçik rəqəm çıxılır. Eyni zamanda Rum rəqəmlərindən istifadə zamanı bir qrafik işarədən 3-dən artıq istifadə etmək olmaz. Məsələn: XII-12 IX-9 XV-15 XL-40 XXIX-29 CD-400 və s.
Müxtəlif ədəbiyyatlara istinadən sıra saylarının əsas ifadə vasitələri haqqında qeyd etdiyimiz məqamlar düzgün də olsa, tam şəkildə dəqiq deyil. Yazılı mətnlərin, bədii materialların müşahidəsi göstərir ki, burada sıra saylarının orfoqrafiyasına dair incə bir məqam var. Dilçilik ədəbiyyatlarında da bu məsələyə münasibət, demək olar ki, bildirilməmişdir, yaxud da qoyulan fikir səthi şəkildə ifadə olunmuşdur. Hesab edirik ki, sıra saylarının ifadə vasitəsi kimi göstərilənlər əşyanın, şəxsin, hadisənin müəyyən bir sırasını, ardıcıllığını inkişafını bildirsə də, cümlə daxilində konkret olaraq bir-birlərinin qrammatik sinonimi, ekvivalenti mövqeyində çıxış edə bilmir. Bu mənada söz, ərəb rəqəmləri və şəkilçi, rum rəqəmləri ilə ifadə olunan sıra sayları arasında müəyyən fərqlər mövcuddur. Şübhəsiz ki, burda söhbət yazılı nitqdəki ifadə vasitələrindən gedir. Çünki sıra saylarının yazılı nitqdə nə ilə ifadə olunmasından asılı olmayaraq şifahi nitqdə, canlı danışıq dilində onlar sözlə ifadə olunur. Bədii materialların, mətnlərin təhlili və ayrı-ayrı dil faktları göstərir ki, yuxarıda verilən sıra saylarının əsas ifadə vasitələrinin cümlədə eyni dərəcədə, eyni tezlikdə, eyni mövqede işlənməsi bütün hallarda özünü doğrulda bilmir. Bu baxımından həmən sıra saylarının cümlənin əvvəlində, ortasında və sonunda işlənmə xüsusiyyətlərinə görə bir-birindən fərqləndirilməlidir. Məsələn, sözlə ifadə olunan sıra sayları cümlənin hər yerində-əvvəlində, ortasında və sonunda gələ bilir:
1. "Birinci" qolu bizim komanda vurub.
2. Kiçik qardaşım Uğur bu il "birinci" sinfə gedəcək.
3. Şübhəsiz ki, bizim məktəb bu il də "birincidir".
-cı-ci-cu-cü şəkilçili ərəb rəqəmləri istisna olunmaqla sıra sayı qismində çıxış edən və müxtəlif şəkildə işlənən ərəb rəqəmlərinin cümlədə əsas işlənmə yeri cümlənin əvvəlidir. Qeyd edək ki, mənbələrdə, orta və ali məktəb dərsliklərində bu haqda müvafiq qeyd verilməmişdir, yaxud da yox səviyyəsindədir. -cı-ci-cu-cü şəkilçisi vasitəsilə sıra məzmunu yaradan ərəb rəqəmlərinin işlənmə yerinə görə daha çox cümlənin əvvəli və ortasında təsadüf olunur. Məsələn:
1. 5-ci sinif riyaziyyat olimpiadasında qalib gəldi.
2. Məktəbin direktoru ictimai işlərdə göstərdiyi fəallığa görə 8-ci sinif şagirdi Əsgərov Fuadı "Təşəkkürnamə" ilə təltif etdi.
Özündən sonra nöqtə(.), yarımmötərizə()), tire (-) işarəsi qoyulmaqla sıra məzmunu bildirən ərəb rəqəmlərinin işlənmə yeri bir qayda olaraq cümlənin əvvəlidir. Bu tip sıra sayları adətən sadalanma intonasiyası ilə tələffüz edilir və hər hansı bir əşya, hadisə, şəxs, məfhum, proses və s. anlayışların əsas xarakterik xüsusiyyətləri, əlamət və keyfiyyətləri, müxtəlif göstəriciləri, növləri, tipləri və s. göstərilir, sadalanır. Cümlənin daxilində və sonunda isə bu tip sıra sayları işlənmir. Müasir Azərbaycan dilinin qrammatik quruluşu buna imkan vermədiyi üçün bu, bir qayda olaraq mümkün deyil. Məsələn: "Qardaşım 1. sinifdə oxuyur" cümləsində sıra sayı düzgün işlənmədiyi kimi, "Qardaşım 1) sinifdə oxuyur" cümləsində də düzgün işlənməmişdir. Bu hər iki halda orfoqrafik norma səviyyəsində fonetik normanın pozulması deməkdir. Əlavə edək ki, göstərilən formada həmin sıra saylarını cümlənin sonunda da işlətmək olmaz. Buna heç bədii əsərlərdə və yazılı mənbələrdə də rast gəlinmir.Rum rəqəmləri ilə ifadə olunan sıra saylarının işlənməsində də bir qanunauyğunluq müşahidə olunur. Beləki, bu tip sıra sayları adətən qeyri-predikativ birləşmələrin əvvəlində, predikativ birləşmələrin isə həm əvvəlində, həm də ortasında işlənir. Sıra sayı bildirən rum rəqəmlərindən daha çox bəzi tarixi hadisələr, əsr, minillik(yuvarlaq rəqəmlər), müxtəlif qurultay, forum, konfrans, tədris prosesində istifadə olunan yarımil və rüblükləri, sinif, kurs, kitab cildləri, saat və müxtəlif qurğuların üzərindəki siferblatları və s. göstərmək üçün istifadə olunur. Məsələn: IX əsrin sonu X əsrin əvvəllərində vaxtilə vahid məkan daxilində varlanmış və iqtisadi gücə malik olmuş Xilafət zəiflədikdən sonra onun tərkibində olan vilayətlərin öz müstəqilliklərini elan etməsi Böyük İpək yolunun tədricən parçalanmasına və ayrı-ayrı dövlətlər tərəfindən idarə olunmasına şərait yaratdı. Lakin XI əsrdə "Şərq və Qərbin sultanı və hökmdarı" ləqəbini alan Səlcuq imperatorları Böyük ipək yolununun çox hissəsinə rəhbərlik etməyə başladılar.(E.İsayev), I Türkoloji qurultay, III minillik, II yarımil, IV rüb, V sinif, III kurs, Azərbaycan Gənclərinin VI Forumu, Magistrantların VI Regional Elmi Konfransı və s.Miqdar və sıra sayları bəzən mətn daxilində işlənmə mövqeyindən, mənasından asılı olaraq br-birlərinin yerində də işlənə bilirlər. Məsələn: səh.41 (41-ci səhifə), çalışma 8(8-ci çalışma), döngə 4, bina 1(4-cü döngə, 1-ci bina) və s.
Sıra saylarının orfoqrafiyasında diqqət çəkən məqamlardan biri də rum rəqəmlərindən sonra müəyyən qrafik işarələrin işlənməsi ilə əlaqədardır. Əslində, "rum rəqəmlərindən sonra şəkilçi və heç bir qrafik işarə işlənməz" fikri natamamdır. Biz də bu fikrin tərəfdarı deyilik. Müxtəlif məzmuna malik olan yazılı nitqin analizi onu deməyə əsas verir ki, istisna hallarda rum rəqəmlərindən sonra müəyyən qrafik işarələr işlənir. Ancaq bunun da işlənməsində də incə bir məqam var. Bizim bu fikrimizi EA-nın nəşri olan "Müasir Azərbaycan dili"ndə verilən nümunə də təsdiq edir. Kitabda rum rəqəmlərinin istifadə olunduğu məqamlar arasında ay adlarının-tarixlərin göstərilməsi də verilib. Nümunələrin sırasında "3.IX-65" tarixi də öz əksini tapmışdır.(Yəni üçü doqquzuncu ay,1965-ci il). Hazırda ayın tarixinin bu şəkildə yazəlışına təsadüf olunsa da, daha çox ərəb rəqəmlərindən istifadə edilir. Məsələn: 12.12.12; 24.07.15 və s. Bəzən bu halda rum rəqəmindən sonra defisin yerinə nöqtə işarəsindən də istifadə halları da məlumdur. Məsələn: 08.VIII.08, 08.VIII-08, 08.08.08. Mövcud orfoqrafiya qaydalarında da bu məsələ öz əksini tapmadığından qeyd olunan məsələdə,onların yazılışında bir sərbəstlik müşahidə olunmaqdadır. Bundan başqa quruluş etibarilə mürəkkəb struktura malik və rum rəqəmi ilə ifadə olunan sıra sayları müəyyən bir tarixi hadisə, dövr və s. bildirdikdə onlar qarşısında defis işarəsindən istifadə olunur. Məsələn: Sərdabəli qoyuluş və gövdənin qülləvari biçimi onu XI-XII yüzilliklərin Marağa, Naxçıvan türbələrinə bənzədirdi. XVII-XVIII yüzilliklərdə hələ şəhər böyüyüb genişlənərək bu ərazilərə çatmamışdı. və s. Burada tarixi bir ədəbiyyatdan iki cümlə vermişik. Rum rəqəmləri ilə ifadə olunan, defis vasitəsilə əlaqələnmiş, quruluşca mürəkkəb sıra sayı olan iki söz-leksik vahid vardır: XI-XII və XVII-XVIII.
Demək, belə nəticəyə gəlmək olar ki, ədəbiyyatlarda deyilən "rum rəqəmlərindən sonra heç bir qrafik işarə işlənmir" fikri bütün məqamlar üçün eyni deyildir. Bu tip nümunələrdə defis işarəsi təxminən "və" bağlayıcısı kimi birləşdirici xüsusiyyətə malik olub, bir növ həmcinslik xüsusiyyəti daşıyır. Daha doğrusu, tərəflərə şərti həmcinslik keyfiyyəti verir. Lakin "və" bağlayıcısından fərqli olaraq defis işarəsinin nitqdə yaratdığı fasilə hiss olunmayacaq dərəcədə daha yığcamdır. Sıra saylarının bu tipində defisin işlənməsi mürəkkəb sözlərin əmələgəlmə yollarından biri kimi qiymətləndirilməlidir. Rum rəqəmləri vasitəsilə ifadə olunan sıra saylarından sonra o halda qrafik işarə qoyulmaz ki, o, qeyri-predikativ birləşmə - I növ təyini söz birləşməsi xarakterinə malik olsun. Daha dəqiq desək, "təyin+təyinlənən" modelinə uyğun gəlsin. Bu halda rum rəqəmi ilə ifadə olunan sıra sayı aid olduğu üzvdən əvvəl gəlir, heç bir qrammatik vasitə olmadan yanaşma əlaqəsi vasitəsilə əsas sözə tabe olur və müəyyən cəhətdən onu təyin edir. Məsələn: XX əsr, X cild, I sinif və s. Ümid edir və inanırıq ki, gələcəkdə yazılacaq orta və ali məktəb dərsliklərində sayın təsnifatında göstərdiyimiz zəruri məqamlar nəzərə alınıb, müvafiq düzəlişlər aparılacaqdır.

İlkin Əsgər




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info