Suvarma əkinçiliyinin kökü Azərbaycanda yaranıb
Tarix: 14.02.2013 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


B. İbrahimli qazıntı zamanı əsasən çəhrayı və boz gilli qab fraqmentlərin aşkar edildiyini vurğuladı: “Fraqmentlər süfrə və mətbəx qablarına aiddir. Tək-tək daş alətlərə də rast gəlinir. Daş alətlər içərisində birinci otağın qərb divarına yaxın aşkar edilib, içərisi 40 sm dərinliyində yonulmuş daşın təyinatını müəyyən etmək çətindir. Adətən iri həcmli dübək daşları qranit və bazalt daşlarından hazırlanırdı, bu daş isə yumşaq tufit daşından hazırlanıb. Rəsul dərəsində aşkar edilib öyrənilmiş yaşayış evi kompleksləri Sumbatan-dizə şəhər yerində məhəllələrin də necə yerləşdiyini öyrənməyə imkan verir”.

Arxeoloji qazıntılar Plovdağda e.ə. IV minilliyin ortalarında yaşayışın olduğunu göstərir

Xaraba-Gilan arxeoloji ekspedisiyası 2012-ci ildə, Plovdağın şimal ətəyində - 650 kv. metr sahədə arxeoloji qazıntıları davam etdirib. Aparıcı elmi işçi aşkar edilmiş ilk tunc dövrünə aid yaşayış evinin quruluşunun diqqəti cəlb etdiyini bildirdi: “Dairəvi planda işlənmiş, diametri 3,2 m olan bir otağa şimal tərəfdən onun dörddə biri qədər ölçülərində dairəvi bir tikili əlavə olunub. Kiçik ölçülü dairəvi tikilinin içərisindən avadanlıq aşkar edilmədi. Otağın içərisindən isə ilk tunc dövrü üçün xarakterik keramika nümunələri, otağın bir-neçə yerində kül qatı və kömür qırıqları, qərb divarına yanında daşla işlənmiş oval formalı tikili, otağın divarlarına paralel düzülmüş daş cərgələri və nəhayət, otağın hər yerində döşəməyə səpələnmiş darı qalıqları aşkar edildi. Bəzi yerlərdə bu qalıqların qalınlığı 2-3 sm-ə çatır”.
O bildirdi ki, qazıntı sahəsinin mərkəzi hissəsində gildən hazırlanmış nal şəkilli ocaq qurğusu və öküz sifəti formasında kult əşyası tapılıb: “Nal şəkilli ocaq qurğuları da kult təyinatlı olub. Plovdağın şimal ətəyində aparılmış arxeoloji qazıntılardan əldə olunmuş materiallar bu yaşayış yerinin artıq e.ə. IV minilliyin ortalarında mövcud olduğunu göstərir”.
Nəzərə çatdıraq ki, Xaraba-Gilan arxeoloji ekspedisiyası 2012-ci ildə Dəlmə qalasından başqa daha bir yeni abidədə arxeoloji qazıntılara başlayıb. Bu abidə Plovdağın şərq tərəfində, ondan 150 m aralıda, Qaraqılçıq adlanan yerdə aşkar olunmuş müxtəlif tip qəbirlərdən ibarət nekropoldur. B.İbrahimli dedi ki, bu nekropol Plovdağ yaşayış yerinə aid üçüncü nekropoldur: “Nekropolun şərq tərəfində - 200 kv. metr sahədə arxeoloji qazıntı işləri aparıldı. İlkin qazıntılar göstərir ki, nekropol əsasən torpaq qəbirli kurqanlardan ibarətdir. Kromlexlərinin diametri 3-5 metrdir. Əksər qəbirlərdə yerüstü hissə saxlanmayıb. Şərq tərəfdə, kromlexə bitişik işlənmiş qurbangahlar var. İki kurqan tam öyrənilib, üçüncü kurqanın qazıntısını isə başa çatdırmaq mümkün olmayıb”.
İnstitut rəsmisi dedi ki, tədqiq olunmuş kurqanlarda diqqəti cəlb edən cəhət Plovdağın əvvəlki iki nekropoluna nisbətən fərqli dəfn adətinin aşkarlanmasıdır: “Birinci, bu nekropoldakı kurqanların kromlexi diskşəkilli olub divar kimi işlənib. İkinci, qəbirlərdə ölünün yanına qoyulmuş bəzək əşyaları dəri torba içərisində, dirsəkdən bükülmüş əllərinin yanında, sifəti bərabərində qoyulub. Baş sancaqlarından, sırğalardan və müxtəlif muncuqlardan ibarət bəzək əşyalarının ölünün üzərində deyil, torbada ayrıca qoyulmasına Gilaçay vadisində ilk dəfədir, rast gəlinir. Bəzi bəzək əşyalarının formasında da fərqlər var. Belə ki, tuncdan hazırlanmış içi boş aypara muncuqlara da ilk dəfə rast gəlinir. Hələlik yuxarıda adı çəkilən fərqlərin etnik və ya zaman fərqi olduğunu dəqiq demək mümkün deyil, lakin biz onların daha çox zaman fərqi olduğunu hesab edirik”.
Arxeoloq Nekropolda qazıntısı başa çatdırılmamış kurqanın mürəkkəb quruluşa malik olduğunu bildirdi: “Üst hissəsi dağıntıya məruz qalıb. Kromlexi iri həcmli daşlardan disk şəklində hörülüb. Kurqanın qərb yarısında, diametri 0,8-1,0 m olan 10 dairə var. Dairələr dağ daşı ilə işlənib. Bəzilərinin içərisinə daş döşənib. İki dairədə döşəmə daşları birbaşa kromlex daşlarının üzərindədir. Arxeoloji qazıntı zamanı bu dairələrdən heç bir tapıntı əldə olunmadı. Hələlik, bu dairələrin nə məqsədlə qurulduğunu müəyyənləşdirmək çətindir, lakin kurqanın qədim bir ziyarətgah olduğunu ehtimal etmək mümkündür. Yeni bir nekropolun aşkar olunması və indiyədək aparılmış arxeoloji tədqiqatların nəticələri Plovdağın artıq Tunc dövrünün sonlarında inkişaf etmiş şəhər tipli bir (protoşəhər) yaşayış məskəni olduğunu söyləməyə imkan verir”.
B.İbrahimli arxeoloji tədqiqatlarından əldə etidiyi bəzi nəticələri də bizimlə bölüşdü. Onun fikrincə, suvarma əkinçiliyinin kökü Azərbaycanda yaranıb: “Yəni bir sıra arxeoloqlarda belə fikir var ki, Cənubi Qafqazda suvarma əkinçiliyi üçün şərait yox idi. Amma Kür-Araz vadisində bu imkanlar olub. Yəni sivilizasiya üçün zəruri olanların hamısı burada var idi.

Arxeoloji tədqiqatlarda müasir texnologiyalardan da
istifadə olunur


O həmçinin bildirdi ki, bir neçə illərdir, tədqiqatlarda ölünün əlində gil qab olan dəfn adəti aşkarlanıb: “Bu ən qədimdən yayılan adətdir. Bunun ilk rast gəlinən yeri Naxçıvandır. Bu bizim qədimdən Yaxın Şərqdə olduğumuzu sübut edir. Amma dünya elmi bunu qəbul etmək istəmir. İkinci bir tərəfdən arxeoloqlar belə bir fakt aşkarlayıb ki, uzun illər Aralıq dənizi sahillərinə, Mesopotamiyaya, ümumiyyətlə, Yaxın Şərqə dairəvi yaşayış evlərinin tikilməsi forması Cənubi Qafqazdan gedib. Çünki oralarda tikilən evlərin hamısı dördbucaqlı idi. Tunc dövrünün əvvəllərindən başlayaraq Cənubi Qafqazın təsiri ilə digər ərazilərdə də dairəvi tikililər yayılıb”.
Həmsöhbətimiz arxeologiyada təbiət elmlərinin bir çox üsullarından və müasir texnologiyalardan da istifadə olunduğunu vurğuladı: “Bütün elmlərin hamısından arxeoloji qazıntılarda istifadə olunur. Məsələn, biz tapdığımız toxumları aparıb botaniklərə veririk. Onların sortlarını, növlərini öyrənirik. Yəni biz öz nəticələrimizi əldə etmək üçün analizlərin cavablarını bir yerə toplayıb detalların fərqini öyrənirik. Kimyəvi laboratoriyalarda metalların tərkibi öyrənilir. Eləcə də lazer taraz və nivelerlərdən istifadə edirik. Lazer nivelerlə planı daha dəqiq çıxarmaq mümkündür. İkinci bir tərəfdən bütün bu ölçü işlərinin hamısı sonda kompyuterdə işlənir. Əgər əvvəl memar abidənin rekonstruksiyasını kağız üzərində edirdisə, indi kompyuterdə müxtəlif proqramlar vasitəsilə abidənin əvvəlki formasını müəyyən etmək mümkündür”.
Gənclərin bu işə marağına gəlincə, B.İbrahimli Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışan 250 nəfər işçinin böyük əksəriyyətinin gənclər olduğunu dedi: “Gənclərin arxeologiyaya marağı var. Bu gənclər də mən deyərdim ki, fanatiklərdir. Düzdür, hər hansı peşəni sevib gedirsənsə, yaşayış da lazımdır. Amma bu sahədə pula aludə olsan, heç nə əldə edə bilməzsən. Şükür ki, vətənini, xalqını, milli mədəniyyətini sevən gənclərimiz var. Onlar beynəlxalq konfranslara gedib sərbəst şəkildə Azərbaycanı təmsil edirlər”

“Tapdığımız materialların milli, etnik mənsubiyyəti bizə aiddir”

O, könüllülərin arxeoloji qazıntılar aparmasına icazə verilmədiyini dilə gətirdi: “Hər dövrün öz tədqiqatçısı olur. Məsələn, bizə Tunc və ya Daş dövrlərini araşdırmağa icazə vermirlər. Arxeoloji abidələrin həm regional, həm də xronoloji fərqləri var. Bunu isə könüllülər bilmirlər. Arxeologiyada könüllülər yalnız kömək edə bilərlər. Yəni gəlib arxeoloqun rəhbərliyi altında hər hansı abidəni təmizləməyə, lap şəklini də çəkməyə icazə verilir. Amma sırf arxeoloji tədqiqat aparması mümkün deyil. İndi 19-cu əsr deyil. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində könüllülərin qazıntı üsullarını arxeoloqlar “quyu üsulu” adlandırırlar. Yəni gəlib ortadan qəbri qazıb özlərinə lazım olanları götürüb gedirdilər. Məsələn, XIX əsrdə Qızıl burun abidəsini belə qazmışdılar”.
“Bizim tapdıqlarımızın hamısı milli-mənəvi dəyərlərimizdir” deyən B.İbrahimli bunların bir çoxunu hələ indi də qiymətləndirməyi bacarmadığımızı düşünür: “Məsələn, biz hansı materiallar tapırıqsa, faktiki olaraq onların milli, etnik mənsubiyyəti bizə aiddir. Qeyd etdiyim əlində camla dəfnolunma adəti Naxçıvanda olub və ilk Orta əslərə qədər gedib çıxıb. Həmin adət ancaq bizim xalqımızın arasında əmələ gəlib və sonradan başqa ərazilərdə yayılıb. Bu, bizim milli-mənəvi dəyərimizidir. Yəni onu biz yaratmışıq. Biz qoruyub saxlamışıq. Biz xalq olaraq qədimiliyimizi sübut etmək üçün bu kimi milli-mənəvi dəyərlərimizdən istifadə etməliyik. Ona görə də tapdığımız materialları Naxçıvandakı yerli muzeylərə təqdim edirik. O qədər material vermişik ki, artıq muzeylərdə yer yoxdur. Bunlar hamısı bizim milli-mənəvi dəyərlərimizdir. Çünki onları bizim xalqımız yaradıb”.

Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info