“Bu ilin sonuna xarici investisiyaların 49% artacağı gözlənilir”
Tarix: 12.11.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


İlin sonuna Azərbaycanda inflyasiyanın birrəqəmli səviyyədə qorunacağı gözlənilir. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub. Sənəddə bildirilib ki, qlobal əmtəə bazarlarında ucuzlaşma, partnyor ölkələrdə davam edən devalvasiyalar, habelə pul kütləsinin dinamikası inflyasiyaya azaldıcı təsir göstərən amillərdir: “Rəsmi proqnoza görə 2015-ci ildə orta illik inflyasiya 4,4% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun proqnozları əsasında aparılan qiymətləndirmələrə görə Azərbaycanda orta illik inflyasiya MDB ölkələri ilə müqayisədə 10,9 faiz bəndi, ölkəmizin ticarət tərəfdaşı ölkələrlə müqayisədə isə 3,4 faiz bəndi aşağı olacaq. Mərkəzi Bank tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələri birrəqəmli inflyasiya proqnozu ilə tam uzlaşır. Belə ki, monitorinqin nəticələrinə görə qiymət gözləntisi indeksi sənaye və xidmət sektorunda artıb, tikinti sektorunda neytral olub, ticarətdə isə azalıb. Sahələr üzrə azalma gözləntiləri poçt, səhiyyə, turizm xidmətləri, avtomobil, daşınmaz əmlak, tikinti materialları qiymətləri üzrə də müşahidə olunub. İnflyasiyanın birrəqəmli səviyyədə qorunacağı ilə bağlı proqnozlar Mərkəzi Bank tərəfindən cari ildə reallaşdırılan pul və məzənnə siyasətinin adekvat olduğunu göstərir”, - deyə icmalda qeyd olunub.
Yaxın perspektivdə Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir. Bu barədə də icmalda qeyd olunub. Sənəddə vurğulanıb ki, hökumətin son proqnozlarına görə 2015-ci ildə ölkədə iqtisadi artımın 3,3%, o cümlədən qeyri-neft sektorunda 5,9% olacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə qeyri-neft sektorunda artım 7,1% olacaq. “Rəsmi proqnozlara görə iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 7,8% bəndi artaraq, ilin yekunu üzrə 68,8% təşkil edəcək. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək. 2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9,2%-ni təşkil edəcəyi gözlənilir. Daxili investisiyalarla yanaşı, xarici investisiyalar da iqtisadi artıma müsbət təsir edəcək. Reallaşdırılan irihəcmli neft-qaz layihələri, habelə mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq ölkəmizin beynəlxalq kredit reytinqinin yuxarı həddə qiymətləndirilməsi xarici investisiya axınlarının yüksək tempdə artmasına şərait yaradır. İlin yekunu üzrə xarici investisiyaların 49% artacağı gözlənilir. İqtisadi artımın digər mühüm amili olan əhalinin istehlak xərclərinin ilin sonuna real ifadədə 1,4% artacağı gözlənilir. İstehlakın artımına ilk növbədə əhali gəlirlərinin artımı şərait yaradır. İlin sonuna əhalinin real pul gəlirlərinin 1,9% artacağı gözlənilir. Ölkəmizin əsas ixrac məhsullarından olan neftin dünya bazarında qiymətlərinin kəskin düşməsinə baxmayaraq, xalis ixracın həcmi də nominal ÜDM-in formalaşmasında mühüm rol oynayır. İlin sonuna xarici ticarət balansının profisitli olacağı gözlənilir”, - deyə icmalda vurğulanıb.

“Strateji valyuta ehtiyatlarının zəruri həcmdə
qorunması təmin edilib”


Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. “APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub. Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib. Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib.

“Manatın çoxtərəfli məzənnəsinin ucuzlaşması ixrac sahələrinin inkişafı üçün əlavə stimullar yaradıb”

2015-ci ilin 9 ayında Mərkəzi Bank əlverişsiz beynəlxalq iqtisadi konyunkturun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin davam etməsi şəraitində fəaliyyət göstərib. İcmalda qeyd olunub ki, bu ilin 9 ayında dünya iqtisadiyyatında qeyri-müəyyənliklər artıb, qlobal iqtisadi artım zəif və kövrək olub, bölgədə iqtisadi risklər artıb. “Dünya əmtəə qiymətlərinin, o cümlədən neftin dünya qiymətinin azalması meyli davam edib, bir sıra valyutaların ucuzlaşmasının yeni dalğası müşahidə olunub. Qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına dərindən inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına müxtəlif kanallarla təsir göstərib. Xarici mühitin birbaşa və dolayı təsirləri xüsusən də valyuta bazarında xarici valyuta təklifinin azalması, tələbin isə artmasında özünü büruzə verib. Yeni risklərin və çağırışların yaranması şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədlərinə yönəldib. Məzənnə siyasəti üzrə ölkənin ödəmə balansında tarazlığın və strateji valyuta ehtiyatlarının dayanıqlı səviyyəsinin qorunmasına xidmət edən qərarlar qəbul olunub. Dövr ərzində manatın çoxtərəfli məzənnəsinin ucuzlaşması idxalı əvəzləyən və ixrac sahələrinin inkişafı üçün əlavə stimullar yaradıb”, - deyə sənəddə qeyd olunub. İcmalda bildirilib ki, dövr ərzində pul siyasəti üzrə strateji hədəflərə nail olma vəziyyəti qənaətbəxş olub: “2015-ci ilin 9 ayında ölkədə inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Daxili inflyasiya ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan aşağı olub. Pul siyasətinin həyata keçirilməsi şəraiti nəzərə alınaraq pul siyasəti alətlərindən adekvat istifadə edilib”. AMB-də hesab edirlər ki, 2015-ci ilin ötən dövründə də Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatda baş verən proseslərin mənfi təsirlərinə yüksək davamlılıq nümayiş etdirib və özünün stabil inkişaf kursunu saxlayıb: “Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti üzrə son hesabata görə Azərbaycan MDB məkanındakı liderliyini, makroiqtisadi vəziyyət üzrə isə ilk onluqdakı yerini qoruyub. Eyni zamanda, aparıcı reytinq agentlikləri ölkənin beynəlxalq kredit reytinqini investisiya səviyyəsində təsdiq ediblər”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info