Müxalifətin Əkrəm Əylisli məsələsində susması razılıq əlamətidir
Tarix: 14.02.2013 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Bəzi qüvvələrin “Daş yuxular” əsərindən əvvəlcədən məlumatları olub

Əkrəm Əylislinin “Daş yuxular” əsəri yazıçının bu günə qədər kölgədə qalan antiazərbaycan mövqeyini və özünün uzun illər gizlədib saxladığı daxilindəki kimliyini ortaya çıxardı. Ə.Əylisli əsərdə demək istədiklərini dilə gətirməkdən nə qədər qaçmağa çalışsa da, Azərbaycan dövləti, ictimaiyyəti bu əsərin hansı məqsədlərə xidmət etdiyini anlayırdı və haqlı olaraq etiraz səsini ucaltdı. Bu romanın ortaya çıxması, eyni zamanda, cəmiyyətdə bir ələnməyə də səbəb oldu. Yəni antiazərbaycançılıq ruhunda olan və bir o qədər də qərəzli, ədalətdən uzaq düşmüş əsərə hər kəs öz mövqeyini bildirməklə harda olduğunu, milli, yoxsa antimilli düşərgəni seçdiyini da bəlli etdi.

Belə ki, Azərbaycan dövlətinin məsələyə münasibəti dövlətin Azərbaycanın milli və dövlətçilik maraqlarını heç kimə və heç nəyə qurban vermədiyini göstərdi. Ölkə ictimaiyyətinin münasibəti isə daha sərt oldu və əsərin nəşr olunmasından az müddət keçməsinə baxmayaraq, Azərbaycan xalqının Ə.Əylisli kimi yazıçını artıq öz sıralarında görmək istəmədiyini ortaya qoydu. Həmçinin, ölkənin dövlətçilik maraqlarını hər şeydən üstün tutan əsl ziyalıları, ictimai fəalları, eyni zamanda, ədəbiyyat cameəsi Ə.Əylisliyə etirazlarını bildirdilər. Bununla da dövlət və cəmiyyətin ümummilli məsələlərdə bir yerdə olduğu bir daha özünü göstərdi.
Lakin Ə.Əylislinin antiazərbaycan mövqedən çıxış edərək, tarixdə qətl, soyqırımı, işğal törətmiş erməniləri təbliğ etməsini müdafiə edənlər də tapıldı. Bunun nə qədər təəssüf doğurmasına baxmayaraq, mövcud vəziyyətdə bəzi qrupların, şəxslərin və ya təşkilatların siyasi və digər çıxarlarının tərəzidə ümummilli maraqları ağırlaması faktı var. Ə.Əylislinin müdafiəsinə qalxanlarsa, müəyyən ədəbiyyat adamları ilə yanaşı, daha çox müxalifətin radikal kəsimi olan siyasi partiyalar, bir qədər də dəqiqləşdirsək, “ictimai palata”da təmsil olunan AXCP-Müsavat və onların ətrafındakı təşkilatlar oldu. Belə ki, “ictimai palata” təmsilçiləri əvvəlcə Ə.Əylislinin yazdıqlarını söz azadlığının nümunəsi olaraq təqdim edir, ona qarşı etirazları düzgün saymırdı. Sonradan isə xalqın genişlənən etirazını görən bu partiyalar susma taktikasına keçdi. Hazırda Müsavatın məsələyə ötəri münasibətini çıxmaqla, radikal düşərgənin hələki susmağa üstünlük verdiyi ortadadır. AXCP isə ümumiyyətlə, məsələyə münasibət bildirməkdən qaçır.
Maraqlıdır ki, bu qüvvələr ölkədə hansısa xırda problemdən böyük məsələ düzəltməyi, beynəlxalq təşkilatlara “sanballı hesabatlar” verməyi bacardıqları halda, ümummilli məsələ olan, Azərbaycan maraqlarının müzakirə mövzusu olduğu bir məqamda milli maraqlar çərçivəsindən çıxış etməyi “bacarmadılar”. Buna bacarıqlarının çatmadığını da demək olmaz. Görünür, bu qüvvələr susmaqla iki hədəfə istiqamətləniblər. Birincisi Ə.Əylisliyə etiraz etsələr, kənar qüvvələrin narazılığına səbəb ola bilər, etməsələr, Azərbaycan cəmiyyətinin. Onların “Ən yaxşı yol susmaqdan keçir” yolu isə dolayısı ilə Ə.Əylislinin və onun müdafiə etdiyi ermənilərin yanında olduğu ehtimalını yaradır. Və burada sual yaranır: hakimiyyətə iddialı bu qüvvələr ümummilli məsələlərdə susurlarsa, hakimiyyətdə olacaqları təqdirdə Azərbaycanı qorumaq üçün “danışacaqlarmı”?
Mübariz Qurbanlı:
“Kiminsə bu kitabdan
xəbəri olubsa və bu kitabın
çap olunmasına rəvac veribsə, onlar elə Əkrəmin tayıdırlar”

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, ataların bir sözü var: ağsaq atın kor nalbəndi olar: “Əkrəm Əylislini müdafiə edən elə onun tayıdır. Əkrəmi müdafiə eləyənlərə Allah ağıl versin ki, erməni əhval-ruhiyyəsində kitab nəşr edən bir şəxsi müdafiə edirlər. Əkrəmə qarşı bu gün Azərbaycanda hansısa bir təhlükə yoxdur. Ona görə, onu müdafiə etmək anormal hərəkətdir. Əkrəmi kimdən və nədən müdafiə edirlər? Əkrəm xalqımıza uzun müddət ziyan vuracaq bir kitabı ortaya qoyub. Bu kitabın bədii məziyyətləri də hamıya bəllidir. Onu müdafiə edənlər gərək o kitabı bir də oxusunlar”. M.Qurbanlı qeyd edib ki, kiminsə bu kitabdan xəbəri olubsa və bu kitabın çap olunmasına rəvac veribsə, onlar elə Əkrəmin tayıdırlar.
Elman Məmmədov:
“...bu o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə də deyilir”
Millət vəkili Elman Məmmədov isə hesab edir ki, əgər bu gün kimsə Azərbaycan xalqına, dövlətinə düşmən mövqedə duran Ə.Əylislini müdafiə edirsə, onun mövqeyi ilə Əylislinin mövqeyində fərq yoxdur. “Əgər Azərbaycan torpaqlarını işğal edən, uzun illər boyu türklərə qarşı soyqırımlar, qırğınlar törədən, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan ermənilərin tərəfində duraraq Əylislini tərifləyib, müdafiə edirlərsə, bu o deməkdir ki, onun ünvanına deyilən sözlər həm də onu müdafiə edənlərə də deyilir”, - deyə millət vəkili bildirib.
Qeyd edək ki, Ə.Əylislinin müdafiəçiləri arasında onun əməkdaşlıq etdiyi Ziyalılar Forumu da var. Forum üzvləri isə onlara ünvanlanan suallardan “əsəri oxumamışıq” cavabı ilə yayınmağa çalışırlar. Lakin seyrçi mövqe sərgiləyən forum ümummilli məsələlərdə yanlış tərəfə yönəldiyini göstərdi və ümumiyyətlə, Azərbaycan xalqına onların aidiyyətləri sual altına düşdü. Çünki ziyalı şəxslər məhz ümummilli məsələlərdə önə çıxaraq, xalqın taleyinin həll olunmasında müsbət təsirlər göstərirlər. Bu forumun adının Ziyalılar Forumu olmasına baxmayaraq, təkcə Ə.Əylisli məsələsindəki mövqeyi onun ümumxalq platformasına çevrilməyə qadir olmayan bir təşkilat olduğunu göstərdi.
Zahid Oruc:
“İctimai palata” və Ziyalılar
Forumunun olduqca sakit
görünmələri onların bu
əsərdən əvvəldən xəbərlərinin
olması ehtimalını gücləndirir”


Millət vəkili Zahid Oruc hesab edir ki, Eldar Namazovun dəstəsi, son hadisələr gedişində tutduğu mövqeyə görə, özünü cəmiyyətdən təcrid etdi. Onun sözlərinə görə, qeyri-müntəzəmlik, sistemsizlik, ardıcıllığın olmaması da insanların nəzərində çox ciddi problemlər yaradır: “Daimi fəaliyyət göstərən bir mexanizmə çevrilə bilməmək o deməkdir ki, vətəndaşlar nə mənəvi, nə də siyasi cəhətdən, hətta bu hadisələr fonunda ədəbi cəhətdən də, özünün fundamental mövqeyini onlardan gözləyə bilməz”. Əslində Ə.Əylislini müdafiə edənlər susmaq yolunu ictimai rəyə qarşı gələ bilmədikləri üçün tutublar. Amma susmaq həmişə, xüsusilə də ümummilli məsələlərdə qızıl olmur. Hazırda cəmiyyətin bu qüvvələrə münasibəti də onların tutduqları yolun sonundakı işığın çox zəif olduğunu deməyə əsas verir.
Bununla yanaşı, Ə.Əylislinin məlum əsərinin üzə çıxması ilə bütün ölkənin etiraz etdiyi bir vaxtda “ictimai palata” və Ziyalılar Forumunun olduqca sakit görünmələri onların bu əsərdən əvvəldən xəbərlərinin olması ehtimalını gücləndirir. Çünki Ə.Əylisli bu düşərgələrə yaxın bir yazıçıdır. Böyük ehtimalla o, yazdığını yaxın ətrafında müzakirəyə çıxardıqdan sonra nəşr etdirib. Bunu Ə.Əylislinin özü də çıxışlarında dolayısı yolla vurğulayıb. Bu ehtimalla müxalifətin sakitliyini eyniləşdirəndə onların bundan əvvəlcədən məlumatlı olduğu ortaya çıxır.
Z.Oruc hesab edir ki, bu əsərin, sadəcə günün birində Rusiyada peyda olmadığı haqqında yetərli informasiyalar var. “O, öz yaxın çevrəsinə bu əsəri əvvəldən oxumanı təşkil etmiş və guya ilk prezentasiyanı onların çevrəsində edib. Bu barədə o, məlumatları gizlətmir. Odur ki, “Ziyalılar Forumu”nun və “ictimai palata” nın əsəri ədəbi və bədii cəhətdən bəyənmiş bir forum və qurum saymaq olar. Məhz onların xeyir-duası ilə “Daş yuxular” əsərinin işıq üzü gördüyünü saymaq olar”, - deyə millət vəkili diqqətə çatdırıb.
Tahir Kərimli:
“İctimai palata”nın böyük
bir hissəsinin öncədən bu
kitabdan xəbəri və
məlumatı olub”

Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirib ki, Ə.Əylislinin “Daş yuxular” əsəri bir neçə adama göndərilmiş bir kitabdır: “Görünür ki, bu adamlar adlarının orada çəkilməsinə razı olmayıblar. “İctimai palata”nın böyük bir hissəsinin öncədən bu kitabdan xəbəri və məlumatı olub. Qeyd edim ki, bu kitab hissə-hissə tərtib olunub. Bu kitab yazılan zaman “ictimai palata”dakı insanlarla məsləhətləşmələr olub. Çünki həmin insanlar Əkrəm Əylislinin dostlarıdır”. Partiya sədri qeyd edib ki, “ictimai palata”nın xalqı aşağılayan bu insanı müdafiə etməsi bir daha göstərir ki, bu qurum qeyri-səmimi bir qurumdur.
Cümşüd Nuriyev:
“Bu “palata” o günə qalıb ki,
erməniləri təbliğ edən
əsərlə bağlı söz azadlığını
dəstəkləmək məsələsini
gündəmə gətirib”


Ziyalılar Forumunun Ə.Əylislinin kitabından öncədən məlumatlı olduğunu politoloq Cümşüd Nuriyev də deyib. Politoloq bildirib ki, təkcə Rafiq Əliyev Ə.Əylislinin yazdığı bu əsərdən imtina edib: “Bu əsərin belə şəkildə olmasını istəməyiblər. Burada “ictimai palata” çıxılmaz bir vəziyyətə düşüb. Bu “palata” o günə qalıb ki, erməniləri təbliğ edən, erməni tarixini bir növ Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı söz azadlığını dəstəkləmək məsələsini gündəmə gətirib. Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlər ilə razılaşmırıq, digər tərəfdən isə bildirirlər ki, bu söz azadlığı olmalıdır”. Politoloq diqqətə çatdırıb ki, “ictimai palata”nın öz dövlətinə, xalqına hörməti yoxdur, əksinə işləri ermənilərə yarınmaqdan başqa bir şey deyil.
Ə.Əylislinin müdafiəçilərinin gətirdiyi arqumentlərə gəlincə, burada bir sıra məqam var. Belə ki, müdafiəçilər humanizmdən çıxış edərək ədəbiyyatın ümumbəşəri olduğu fikrini irəli sürürlər. Lakin unutmaq lazım deyil ki, ədəbiyyatın da sərhədləri var: bu, bir xalqın milli məsələsi və tarixin olduğu yerdir. Ə.Əylisli isə tarixin təhrifi ilə yanaşı, bəşərilikdən uzaq olan yanlışlığa yol verib. Əslində isə humanizm, bəşəriyyət, ədəbiyyat kimi ifadələrlə öz müdafiələrinə haqq qazandıranlar bununla məsələnin siyasi tərəflərini ört-basdır etməyə çalışırlar.
ASDP sədri Araz Əlizadə bildirib ki, Ə.Əylislini müdafiə edənlər gözləyirlər ki, onlara “əhsən” desinlər: “Çünki Ə.Əylisli də bu əsəri yazanda elə bilirdi ki, ona “əhsən” deyəcəklər. Onu müdafiə edənlər pul güdürlər. Çünki bu cür məsələlərlə bağlı hər hansı müdafiə komitəsi yaradılanda onu xaricdən maliyyələşdirməyə başlayırlar”. Onun sözlərinə görə, əsərin yazılmasında pul əsas olduğu kimi, onun müdafiəsində də pul əsasdır.
Asif NƏRİMANLI




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info