Şou-biznes nümayəndələri asanlıqla vergidən necə yayınırlar?
Tarix: 13.11.2015 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Sosioloq Gülnar Nəzərova: “Sənət adamları hər bir xidmətləri üçün müqavilə imzalamalı, əldə etdikləri ödəniş barədə vergi orqanlarına dəqiq məlumat bildirməlidirlər”

Dünya təcrübəsi də göstərir ki, məhz yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cümlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar.
Bugünlərdə Vergilər Nazirliyi şou-biznes nümayəndələri ilə bağlı vergi yoxlamalarına başlayacağını açıqlamışdı. Nazirliyin məlumatına görə, ayrı-ayrı sənət adamlarının mediada vaxtaşırı açıqladıqları toy qiymətlərindən məlum olur ki, onlar toy şənliklərində çıxışlarına görə yüksək qonorar alırlar. Amma müğənnilərin bu qazanclardan dövlətə vergi ödəyib-ödəmədikləri sualı açıq qalıb. Nazirliyin mətbuat xidmətindən bildirilir ki, şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan müğənnilər, əyləncə obyektlərində çıxış edən fərdi şəxslərlə bağlı mütəmadi olaraq maarifləndirmə və nəzarət tədbirləri keçirilməsinə, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu zümrədən olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi çox aşağıdır. Cari ilin ötən 9 ayının nəticələri təhlil olunarkən, tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə hansı qiymətə çıxış etmək müqabilində aldıqları və KİV-lərdə açıq şəkildə bəyan edilən qonorarların məbləği ilə həmin şəxslər tərəfindən təqdim olunmuş vergi bəyannamələrin göstəriciləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Nazirlik tərəfindən bununla bağlı araşdırmalar aparılır.
Bundan başqa, bugünlərdə nazirliyin rəsmi orqanında şou nümayəndələrinin vergini ödəmə qaydaları, verginin ödənilməyəcəyi haqda nəzərdə tutulan tədbirlər haqda məlumat dərc olunub. Burada da qeyd edildiyi kimi, məşhur adların vergi qalmaqallarında hallanması, dünyanın tanıdığı “ulduzların” bəzən ciddi cəza almaları görünməmiş hadisə deyil. Məsələn, İtaliyanın ən məşhur kino ulduzlarından olan, dünyada qadın gözəlliyinin rəmzi hesab edilən Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olmuşdu. Başqa bir görkəmli italiyalı, məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılmışdı. Dahi rejissor və aktyor Çarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilmişdi. Bu yaxınlarda əfsanəvi futbolçu Lionel Messinin adı ətrafında ciddi vergi iddialarının qaldırıldığının şahidi olduq. Dünyada sözsüz və müzakirəsiz qəbul edilən qayda belədir ki, kimliyindən asılı olmayaraq, hər kəs öz qanuni öhdəliklərini yerinə yetirməlidir.

Özlərini xarici ölkə sənətçiləri ilə müqayisə edən şou nümayəndələri onlar qədər vergi ödəyirmi?

Ölkəmizə gəldikdə isə bu sahədə çalışanların vergi öhdəliklərinə əməletmə səviyyəsi çox aşağı olduğu bildirilir. Halbuki KİV-də çıxışları zamanı şou-biznes nümayəndələri toylara baha qiymətə getdiklərini bəyan edirlər. Onlardan bəziləri toylara 2, 3, 5, 10 min, hətta 100 min manata getdiklərini deyirlər. Ancaq şou nümayəndələrinin əksəriyyəti vergi ödəmələri ilə bağlı məbləği gizlədirlər.
Bizdə digər problem kimi bu təbəqədən olan vergi ödəyicilərinin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələri göstərilir. Belə ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda «Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi «kitaba» salınır. Əgər bu gün şou nümayəndəsi getdiyi bir toydan 10 min manat gəlir əldə edirsə, onlara hər 1000 manata görə dövlət büdcəsinə cəmi 40 manat ödəmək heç də böyük bir rəqəm deyil. Onu da qeyd edək ki, şou nümayəndələri bu gün həmin gəlirləri çox asan yolla əldə edirlər. Əgər bir vaxtlar müğənnilər təxminən 500 manata toylara gedirdilərsə, bunun üçün canlı ifa tələb olunurdu. Ancaq indi heç bir çətinliyə qatlaşmadan, fonoqramla cəmi 3-4 mahnı səsləndirməklə yüksək məbləğlərə sahib olurlar. Bugünlərdə ödədikləri vergi ilə bağlı fikir bildirən şou nümayəndələrinin bir çoxu həmin məbləği gizli saxlayıb, bəziləri toylardan qazandıqlarının maaş olmadığını, əlavə qazanc olduğunu və bunun üçün vergi verməyə ehtiyacı olmadığını deyib.
Maraqlı məqam odur ki, bizimkilər özlərini xarici ölkələrin şou nümayəndələri ilə müqayisə etsələr də, məsələn, elə Türkiyədə bu sahədə çalışanların ödədikləri vergi barədə danışmırlar. Halbuki onların sırasında yüz minlərlə, hətta milyonlarla lirə vergi ödəyən sənətçilər var. Hətta həmin sənətçilər ilin ən çox vergi ödəyici kimi bir-birləri ilə yarışırlar.
Bütün bunlar isə bizdə hələ də vergi mədəniyyətinin formalaşmasından irəli gəlir. Dünya təcrübəsi də göstərir ki, məhz yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cümlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar.

“Gəlirinin əsas hissəsini “toy
bazarı” əsasında formalaşdıran
müğənnilər çox vaxt vergidən
yayınmağa çalışırlar”


Sosioloq Gülnar Nəzərovanın da fikrincə, inkişaf etmiş ölkələrin əksəriyyətində sənət adamlarının vergi öhdəlikləri dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır: “Hətta bəzən şou nümayəndələri digərlərindən daha çox vergi ödəyərək bu istiqamətdə rəqabət vəziyyətində olurlar. Buna müvafiq olaraq həmin ölkələrdə ən çox vergi ödəyən şou-biznes nümayəndələrinin siyahısı mütəmadi olaraq da mətbuatda işıqlandırılır. Bu sıraya aktyorlar, aktrisalar, müğənnilər, futbolçular, hətta yazarlar və s. daxil edilir. Düzdür, bəzən, hətta Hollivud ulduzlarının da vergidən yayınması halları mətbuatda işıqlandırılır. Lakin bu cür hallarda bu sənət adamlarına qarşı vergi orqanları müvafiq cərimələr tətbiq edir. Həmin şəxslər buna müvafiq olaraq həbs də olunurlar. Bu baxımdan bir çox ölkələrdə kimliyindən asılı olmayaraq, hər kəs öz qanuni öhdəliklərini yerinə yetirir. Azərbaycanda isə bu məsələ tamam fərqlidir. Şou-biznes nümayəndələri içərisində aktyor, aktrisalar vergi ödəsələr də, onlar bu mövzu ilə gündəmə gəlmirlər. Çünki aktyor və aktrisaların (bir-iki nəfəri çıxmaqla) gəlirləri az olduğundan onların ödədikləri vergi də səs-küy yaradacaq həddə olmur. Bu sırada ən çox adıçəkilən müğənnilər, tamadalar, şoumenlər, prodüserlər, diceylər, müxtəlif şou-proqramların (xınayaxdı və s.) aparıcıları, rəqqaslardır. Gəlirinin əsas hissəsini “toy bazarı” əsasında formalaşdıran müğənnilər çox vaxt vergidən yayınmağa çalışırlar. Üstəlik şou-biznes nümayəndələrinin faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqların aşkar olunması da tez-tez səsləndirilir. Həmin müğənnilər aşkar şəkildə mətbuata toy qiymətlərini açıqlayırlar. Bəs, necə olur ki, vergidən belə asanlıqla yayına bilirlər? Bu halda ya onların fəaliyyətinə nəzarət aparılmadığı, ya da şou nümayəndələrinin müəyyən metodlarla bunu gizli saxlaması məsələsi ortaya çıxır. Qanunvericiliyə müvafiq olaraq sənət adamları hər bir xidmətləri üçün müqavilə imzalamalı, əldə etdiyi ödəniş barədə vergi orqanlarına dəqiq məlumat bildirməlidir. Lakin bir çox hallarda açıq şəkildə toy qiymətlərini etiraf edən müğənnilər müqavilə bağlamaqdan imtina edirlər və beləliklə də mətbuatda hətta toylara pulsuz getdiklərini də deməkdən çəkinmirlər. Gəlirlərin formalaşma mənbələrindən biri olan vergilərdən yayınma halları isə ölkə iqtisadiyyatı üçün ağır zərbədir. Bu da dolayısı ilə əhalinin sosial-iqtisadi vəziyyətinə neqativ təsir göstərir”. Qeyd edək ki, Vergilər Nazirliyi bir daha şou-biznes nümayəndələrini dövlət büdcəsinə vergiləri tam həcmdə və vaxtında ödəməyə dəvət edərək bildirib ki, həmin şəxslər cari ilin sonuna qədər öz vergi öhdəliklərini tam həcmdə yerinə yetirməyəcəkləri təqdirdə, onların hər biri barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək və nəticələri ictimaiyyətə açıqlanacaq.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info