Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olub
Tarix: 17.11.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Noyabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək deyib: Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Burada əsrlər boyu böyük mədəniyyət formalaşmışdır. Biz bu gün Naxçıvanın qədim mədəniyyətindən danışarkən təkcə sənətkarlıq, əkinçilik, memarlıq mədəniyyətini yox, bununla yanaşı, zəngin dövlətçilik mədəniyyətini də nəzərdə tuturuq. Bu ərazidə müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları meydana çıxmışdır. Buna misal olaraq Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Naxçıvan xanlığı böyük bir əraziyə malik idi. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarmışdır.
Qeyd olunub ki, siyasi tariximizdəki müstəsna xidmətlərinə baxmayaraq, Naxçıvan xanlığının tarixi əvvəllər lazımi səviyyədə öyrənilməmişdir. Azərbaycan tarixinin, eləcə də Naxçıvan xanlığının tarixinin elmi mənbələr əsasında yenidən araşdırılmasının vacibliyini bir vəzifə kimi irəli sürən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İndi Azərbaycanın qədim diyarı kimi Naxçıvanın tarixini öyrənmək lazımdır. Mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var”. 1996-cı ildən Naxçıvan Muxtar Respublikasında Ulu Öndərimizin müəyyənləşdirdiyi istiqamətlərdə tariximizin yenidən və obyektiv mənbələr əsasında araşdırılmasına başlandı. Həmin il keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu qarşıya ciddi elmi proqram qoydu. Bu proqram mərhələ-mərhələ icra olundu. Həm ən qədim, həm orta əsrlər, həm də müasir tariximiz yenidən öyrənildi. Bu gün deyə bilərik ki, nəticələr uğurludur. Xüsusilə Naxçıvan xanlığının tarixi üzrə aparılan elmi araşdırmalar öz bəhrəsini vermişdir.
Ali Məclisin Sədri qeyd edib ki, ötən müddət ərzində Naxçıvan xanlığının görkəmli şəxsiyyətləri, hərb xadimləri, əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair kitablar və xəritələr çap olunub, rus tədqiqatçılarının Naxçıvan xanlığı barədə kitabları Azərbaycan dilinə tərcümə edilərək ayrıca kitab halında oxucuların ixtiyarına verilib. Yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı çap olunub, iki hissəli “Naxçıvan xanlığı” sənədli filmi hazırlanıb. Naxçıvanda on səkkizinci əsrə aid Xan Sarayı əsaslı şəkildə yenidən qurularaq burada muzey yaradılıb. Bu dövrdə həyata keçirilən tədbirlərin bir istiqaməti də Naxçıvan xanlığının dövlət rəmzlərinin müəyyən olunması barədə təşəbbüsləri əhatə edirdi. Bununla bağlı bir sıra tədqiqatlar aparılıb, kitablar, elmi tezislər çap olunub, Kəngərli süvari dəstəsinin fəxri və döyüş bayrağı, eləcə də Naxçıvan bəy drujinasının döyüş bayrağı əslinə uyğun şəkildə bərpa edilərək nümayiş olunması üçün Naxçıvan Dövlət Bayraq Muzeyinə verilib.
Ali Məclisin Sədri deyib: Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərdən tapılan Naxçıvan xanlığının dövlət və döyüş bayraqları bu ərazidə mövcud olmuş dövlətlərin rəmzlərinin müəyyən edilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu tapıntılar Azərbaycanın xanlıqlar dövrü dövlət atributlarının müəyyən edilməsi sahəsində tədqiqatlara mühüm elmi istiqamət verir. Bayrağın üzərindəki səkkizguşəli ulduzların dahi memar Əcəmi Naxçıvani yadigarı olan Möminə xatın türbəsi üzərindəki ulduzların üslubunda əks etdirilməsi, aypara təsviri və günəş rəngi bayrağa sahib olan xanlığın və bu ərazidə yaşayan əhalinin siyasi-ideoloji, tarixi-mənəvi və dini baxışlarını kompleks şəkildə təcəssüm etdirir.
Təsadüfi deyil ki, ilk dəfə dövlət bayrağı üzərində təsvir olunan bu inanclar və dövlətçilik simvolları üstündən yüz il keçəndən sonra ikinci dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağında bir daha öz əksini tapmışdır. Ötən əsrin əvvəllərində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra endirilən üçrəngli, ay-ulduzlu bayrağımızı həmin əsrin sonunda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırmış, ona dövlət müstəqilliyinin simvolu kimi çox yüksək status vermişdir!
“Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və ali təhsil müəssisələri dövlətçilik tariximizin araşdırılması istiqamətində elmi tədqiqatları bundan sonra da davam etdirməlidirlər. Tariximizin öyrənilməsi ilə bağlı bütün təşəbbüslər bu günə qədər olduğu kimi bundan sonra da müdafiə olunacaq və lazımi dəstək veriləcəkdir”, - deyən Ali Məclisin Sədri Naxçıvan xanlığının bayraqlarının tədqiqi sahəsində fəaliyyətinə və faydalı əməkdaşlığa görə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Pərvin Gözəlova təşəkkürünü bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Hacıfəxrəddin Səfərli çıxış edərək deyib ki, son illər muxtar respublikada əldə olunan inkişaf elm sahəsində də özünü göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan müvafiq sərəncamlar elmi tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirib. Nəticədə 1996-2015-ci illərdə Azərbaycan tarixinin, arxeologiyasının, etnoqrafiyasının, epiqrafikasının müxtəlif problemləri ilə əlaqədar tədqiqatlar aparılıb, müxtəlif kitablar, monoqrafiyalar, məqalələr yazılıb, dissertasiyalar müdafiə edilib. Ötən dövrdə Gəmiqaya abidələri kompleks şəkildə öyrənilib, muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılıb, bu abidələr əsasında Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklopediyası” hazırlanıb, “Naxçıvan tarixi atlası” işıq üzü görüb. Ali Məclis Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən üç cildlik “Naxçıvan tarixi”nin hazırlanması da muxtar respublikada tarix elmi sahəsində əldə edilən uğurlar sırasında mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, bu gün muxtar respublikada tarixi-mədəni irsin qorunub yaşadılması ilə yanaşı, dövlət rəmzlərinə də hörmət və ehtiramla yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən noyabrın 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Naxçıvan ərazisində mövcud olmuş qədim dövlətlərin bayraqları elmi şəkildə öyrənilərək üzə çıxarılır. Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun axtarışları nəticəsində Rusiya muzeylərindən, xüsusilə Sankt-Peterburq şəhərindəki muzeylərdən Naxçıvan xanlığının dövlət və döyüş bayraqları aşkar olunub. Hacıfəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikasının tarixinin araşdırılmasına və zənginləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov deyib ki, Naxçıvan xanlığının bayraqlarının 187 il sonra Naxçıvana qaytarılması və təqdimat mərasiminin keçirilməsi tarixi hadisədir. Aşkar olunmuş yeni bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur. Bu bayraqların tapılması Naxçıvan xanlığının tarixinin öyrənilməsinə mühüm töhfələr verəcək, xalqımızın tarixi-mədəni irsinə qarşı aparılan əks-tədqiqat təşəbbüslərinə son qoyacaqdır. Pərvin Gözəlov apardığı elmi tədqiqat işlərinə verdiyi yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, bu istiqamətdə tədqiqatlarını davam etdirəcəyini bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 16 noyabr tarixli Sərəncamı ilə Pərvin Gözəlov Naxçıvan xanlığının bayraqlarının tədqiqi sahəsində fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasının 90 illiyi” yubiley qızıl medalı ilə təltif edilib.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarına baxıblar.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov məlumat verib ki, Naxçıvan xanlığına döyüş bayrağı 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülüb. Dövlət bayrağı isə 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi götürülüb və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında saxlanılıb.
Qızılı ipəkdən hazırlanmış və bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarət olan dövlət bayrağının eni 144, uzunluğu 178 santimetrdir. Bayrağın üzərində 6 səkkizguşəli ulduz və nəbati elementlər əks edilib. Üst zolağın üzərində qızılı saplarla ərəb qrafikası ilə “Qurani-Kərim”in “Səff” surəsindəki “Allah dərgahından kömək, qələbə yaxındır, möminlərə müjdə ver, Ya Mühəmməd” ayəsi həkk edilib.
Döyüş bayrağının uzunluğu 145, eni isə 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, sol tərəfində “Qurani-Kərim”dən əl-Fəth, bir qədər aşağıda isə əl-Bəqərə surələrinin bir hissəsi yazılıb.
Ali Məclisin Sədri Naxçıvanın dövlətçilik tarixi ilə bağlı elmi tədqiqatların aparılması zərurətinə diqqəti çəkərək deyib: Naxçıvan xanlığı Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsini yaradarkən bu məsələni xüsusi qeyd etmiş, Naxçıvan xanlığının tarixinin öyrənilməsi barədə tapşırıqlar vermişdi. Ötən müddətdə bu sahədə elmi-tədqiqat işləri aparılmış, kitablar çap olunmuş, üç cildlik “Naxçıvan tarixi” kitabı hazırlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları, xüsusilə tarixçi alimlər bu sahədəki fəaliyyəti davam etdirməli, Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar aparılmalı, arxeoloji qazıntılar və qədim əlyazmalar əsasında yeni tarixi faktlar üzə çıxarılmalıdır.
Ali Məclisin Sədri deyib: Hər bir dövlət tarix üzərində qurulur. Çünki keçmişi olmayan xalqın gələcəyi də yoxdur. Bu gün biz tariximizi tədqiq etməklə yanaşı, həm də onu təbliğ etməli, gənc nəslə öyrətməli, onları əsl vətəndaş kimi böyütməliyik. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə məktəb-muzey şəbəkəsini təkmilləşdirməli, Naxçıvan tarixi ilə bağlı elektron dərsliklər hazırlanaraq ümumtəhsil məktəblərinin tədris proqramına daxil edilməlidir. Teleradiolar və qəzetlər bu sahədə fəaliyyətlərini gücləndirməli, Naxçıvan tarixinə, dövlətçilik ənənələrinə həsr olunmuş sistemli və təhlilli materiallar hazırlanmalıdır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info