Macar gözü ilə Azərbaycan
Tarix: 19.11.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Münaqişə tərəfi Azərbaycan – Həqiqətlər və Reallıqlar” layihəsi zamanı rəsmi səfərdə olan macar jurnalist Alpar Kato layihəylə bağlı məqaləsini macar mətbuatında dərc etdirib.
“Avroviziya Mahnı Müsabiqəsi 2012”, 1-ci Avropa Oyunları və gələn il təşkil olunacaq “Formula 1 Grand Prix” kimi mötəbər tədbirlərdən sonra Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin adı bu günlərdə xəbərlərdə tez-tez hallanır. “Daily News Hungary”nin redaktoru dəvət məktubu aldıqdan sonra Budapeştdən 2500 km aralıqda yerləşən Bakıya səfər edib. Bir az uzun olan bu məqalədə buranı ziyarət etmək istəyənləri azərbaycanlılarla, onların paytaxtları ilə tanış etməyə çalışacağıq.
Budapeşt - Bakı birbaşa “Wizz Air” uçuşları fəaliyyətini maliyyə səbəblərindən dolayı dayandırsa da, Daily News Hungary-nin bildirdiyinə görə həmin uçuşlar gələn ilin mart ayından yenidən bərpa olunacaq. Bu çox vacib bir məsələdir, çünki hal-hazırda siz Azərbaycanın paytaxtına İstanbuldan transfer edərək uça bilərsiniz ki, bu da ümumilikdə 6-7 saat təşkil edir. Həmçinin Avropa İttifaqı vətəndaşları Azərbaycana səfər etməkdən ötrü viza üçün müraciət etməlidirlər. Sənədləşdirmə Oktogon (Budapeşt, Eotvos Street 14, 1067) ünvanında yerləşən Azərbaycan Respublikasının səfirliyində aparıla bilər. Prosedur əlbəttə ki, sadə deyil. Lakin Bakıya səfər etmək üçün dəyər. Həm də səyahət zamanı siz xüsusi təcrübə də qazanacaqsınız.
Bakıya enən kimi, ilk olaraq, üç saatlıq saat fərqinə öyrəşmək lazımdır. Lakin narahat olmayın, Heydər Əliyev Beynəlxalq Hava Limanında siz xoş şərq atmosferinə daxil olacaqsınız, sərnişinlər bütün müasir tələblərə cavab verən hava limanına gəlirlər, şəhərin mərkəzinə isə geniş magistral yol ilə çatmaq olar. Azərbaycan Qafqazın ən dinamik inkişaf edən ölkəsidir; neft və qaz gəlirləri ÜDM-in artımını davamlı edir.
Son illərdə həyata keçirilmiş irimiqyaslı tikinti layihələri və inkişafa görə bir çox insanlar Bakını "kiçik Dubay" adlandırmağa başladılar. Qeyd etmək vacibdir ki, paytaxtda inşa olunan bu böyük göydələnlərin var olmağı ilə yanaşı iqtisadi gücü qıraq regionlarda da görmək olar.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin məqsədi aydındır: Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş ölkə ilk növbədə paytaxtı sərmayələr üçün əlverişli etmək və böyük investisiya tempinin aşağı düşdüyü zaman neft gəlirlərinin çox hissəsini kənd təsərrüfatının inkişafına sərf etmək niyyətindədir.
Bir məsələ dəqiqdir: Macar turist Bakıya səfər etdiyi zaman möhtəşəm, canlı və hərəkətli şəhər görür. Siz həmçinin şüşə sarayların ətrafında kranlar, saatların ətrafında əlavə inşa olunan binalar görə bilərsiniz. Azərbaycanlılar dəyişiklik üçün hər şeyi edir, onlar uzunmüddətli möhtəşəm planları həyata keçirmək məqsədini qoyublar. Macarıstandakı milli tikililər və yol təmiri ilə müqayisədə iş Bakıda işıq sürəti ilə gedir. Bundan əlavə, tikinti bumu bir neçə il əvvələ baxarkən bir az zəifləsə də, siz kompromissiz reallaşmanın gücünü hiss edə bilərsiniz.
Bakıda ən gözəl təəssürat bağışlayan yerlərdən də biri də Dövlət Bayraq Meydanıdır ki, harada 70X35 m ölçülərində olan Azərbaycan bayrağı dalğalanır. Meydan bir neçə il öncə ərsəyə gəlsə də, paytaxt və onun sakinləri haqqında bir çox məlumat verir. Azərbaycanlılar öz milli rəmzləri ilə çox fəxr edirlər.
Macarıstanda bir çox insan böyük və yalnız diqqət cəlb etmək məqsədi daşıdığına görə Kossuth meydanındakı bayrağa qarşı çıxırlar. Lakin Bakıdakı bayraqla müqayisədə o çox kiçikdir.
Bundan əlavə, Azərbaycan Bayrağının aşağı hissəsində muzey yerləşir. Həmin muzeydə bayrağın görünüşünün əsrlər boyu dəyişməsini, həmçinin 200 kq-lıq bayrağın qaldırılma mərasiminin orijinal görüntülərini görmək olar.
Bayraq Meydanının yaxınlığında 2012-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsi üçün özəl tikilən Bakı Kristal zalı yerləşir. Xəzər dənizinin xətti ilə şəhər mərkəzinə gətirib çıxaran dünyanın ən uzun dənizkənarı zolağı da burada bitir.
Demək olar ki, bütün Bakının reklam xarakterli şəkillərində 3 binanı görmək olar. “Alovlu Qalalar” (Flame Towers) şəhərin təxminən hər tərəfindən görülə bilir, gündüz gözəl şüşə sarayı kimi görünən, gecə isə Azərbaycan bayrağının rəngləri, alov görüntüsü ilə böyük qrafik interfeys ilə örtülən binalar “Odlar Yurdu”-nun adını əks etdirir. Simvolik binanın dərhal qarşısında ölkə parlamenti yerləşir. Onun sadəliyi macarlarda bir məyusluq hissi yarada bilər. Lakin yalnız bir neçə parlament binası Macarıstandakı parlamentlə rəqabət apara bilər.
20-ci əsrin əvvəllərinə qədər Azərbaycan Çar Rusiyasının periferik vilayət idi. Yalnız imperiyanın süqutundan sonra ölkə öz müstəqilliyini formalaşdırdı. Qonşu ölkələr olan Gürcüstan, Ermənistan və Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu. Və etnik xəritənin ölkələrin sərhədlərinə uyğun gəlmədiyinə görə təəssüf ki, azərbaycanlılarla ermənilər arasında bir neçə qanlı qarşıdurma baş verdi. Ermənilərin hücumu zamanı bir çox insanlar qətlə yetirildi. Beləliklə, belə bir zorakı və planlı təcavüzü haqlı olaraq soyqırım adlandırmaq olar.
Bariz nümunə kimi Rusiya-Azərbaycan sərhədinə yaxın yerləşən Quba şəhərində 20-ci əsrin əvvəllərində ermənilərin törətdiyi Quba qırğınının xatirəsinə yaradılmış bir memorial parkı göstərmək olar. Muzeyin böyük binasının yanında kiçik çadır var ki, harada da kütləvi məzarlar var. Şəkildən aydın olur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılar ümumi məzara atılıblar sonra isə onların üstləri torpaq ilə örtülüb. Eyni şok vəziyyətlə Bakıda parlamentin yanındakı Şəhidlər xiyabanında rastlaşdıq. 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsinin qurbanları burada torpağa tapşırılıb.
Ermənistan-Azərbaycan münaqişəsi zamanı on minlərlə mülki vətəndaşlar və əsgərlər qətlə yetirildi. Ermənilərin Dağlıq Qarabağı işğal etməklərinin nəticəsində 800 min azərbaycanlı öz doğma yurdlarını tərk edərək ölkənin başqa regionlarına köçməli oldular, o zamanki, Ermənistana köç edən ermənilərin sayı 200 min təşkil edirdi. İndiki Avropadakı miqrantlarla müqayisə etsək, təsəvvür edə bilərik ki, həmin məcburi köçkünlərin yerləşdirilməsi və məşğulluğunun təmin edilməsi Azərbaycanı hansı ciddi iqtisadi çətinliklərlə üzləşdirib.
1994-cü ildə tərəflər arasında atəşkəs elan olundu. Həmin vaxt yaradılan ATƏT-in Minsk qrupu isə bu günə kimi hər iki tərəflə danışıqlar aparır. Ermənistanın bu əraziləri qeyri-qanuni yolla əldə etməsindən sonra BMT TŞ tərəfindən 4 qətnamə qəbul edildi, həmin qətnamələrdə Ermənistan hərbi qüvvələrinin Azərbaycana aid olan Qarabağ ərazisini tərk etmələri əks olunmuşdu. Bu sənədlər hələ də rəsmi Yerevan tərəfindən nəzər alınmır. Və o vaxta kimi ki, Rusiya hərbi qüvvələri Ermənistanda yerləşəcək Azərbaycan tərəfinin hər hansı bir hərəkəti ciddi nəticələrlə üzləşəcək.
Azərbaycan hökuməti öz haqlı tələbinin həyata keçirilməsi üçün əlindən gələni edir, lakin böyük dövlətlərin marionetkasına çevrilən Minsk qrupu BMT TŞ qətnamələrinin yerinə yetirilməsinə nail olmaq əvəzinə ya bir tərəfi, ya da digər tərəfi dəstəkləyir. Bu münaqişədə milli birliyin formalaşdığına görə Azərbaycanın münasibəti nümunəvidir. Halbuki, hal-hazırda Macarıstanda belə bir şey mümkün deyil. Əliyev höküməti daha çox qərar qəbul edən insanlara həqiqəti çatdırmaq üçün məsələnin BMT-nin gündəmində qalması üçün böyük səylər sərf edir. Sayılı məzarlıqlar, heykəllər Qarabağ münaqişəsinin qurbanlarını yada salır və hər xəritə Azərbaycanın oğurlanmış ərazisini əks etdirir.
Qız Qalası da həmçinin Bakının rəmzlərindən biridir. Qıraqdan adi bastion (qala) kimi görünsə də, sonra ziyarətçi onun nə qədər zəngin tarixə malik olduğunun fərqinə varır. Qaladan İçərişəhərin (köhnə şəhərin) gözəl mənzərəsi açılır. Qala köhnə şəhərin qırağında yerləşir, lakin bir neçə dar küçədən keçdikdən sonra, Bakının ən qədim hissəsinin tam ürəyində olursan və məhz orada illər öncə Bakıdakı həyatın necə cərəyan etdiyini hiss etmək olar. Macarıstan səfirliyi də bu rayonda yerləşir. Bu balaca küçələrdə çoxlu sayda mağazalar və milli ənənəvi yeməklər təklif edən restoranlar var. İçərişəhəri tərk etdikdən sonra mağazalarla bol olan Fəvvarələr meydanına çıxmaq olar. Budapeştdəki Vaci küçəsi kimi burada da dünyanın məşhur brendlərini tapmaq mümkündür.
Bu paytaxta səfər həm də eyni zamanda mükəmməl yemək təcrübəsidir. Çoxlu sayda tərəvəzlər, meyvələr, pendirlər, souslarla yanaşı azərbaycanlılar turistləri həm də çox dadlı ət və toyuq yeməkləri ilə təəccübləndirə bilirlər. Bir müsəlman ölkəsi kimi iaşə müəssisələrində donuz əti və alkoqol təklif olunmur. Əlbəttə bu bir macar üçün çox qəribə gəlir, çünki macar mətbəxini “brendi”siz (konyaksız) və donuz ətindən hazırlanan yeməksiz təsəvvür etmək mümkün deyil. Amma dolma və quzu ətini əldən buraxmaq olmaz.
Azərbaycan öz çayı ilə də çox məşhurdur və çay özlüyündə yerli əhali arasında ayrı bir böyük mədəniyyət növüdür. Biz stəkanda təqdim olunan isti qara çaydan daddıq və bu da qonaqpərvərliyin ilk addımıdır. Şəhər sakinləri arasında qəlyan da çox məşhurdur, yaşından asılı olmayaraq hər kəs çay evlərinə gedərək dostları ilə söhbət edib, asudə vaxtlarını dəyərləndirirlər.
Bir macarın gözləri ilə bura sehrli bir dünyadır. Çünki alkoqol Macarıstanda çox böyük problemlərin səbəbkarıdır və alkoqolsuz dünyaya daxil olanda, biz heyran qalırıq.
Cinayətkarlığın səviyyəsi Bakıda çox aşağıdır, insanlar burada özlərini təhlükəsiz hiss edirlər, küçələrdə saylı polis maşınları var, lakin yol hərəkəti haqqında belə pozitiv düşünmək olmaz. Müasir şəhər şərq nəqliyyatı ilə uyğunlaşdırılıb. Yol hərəkəti qaydaları xəfif formada tənzimlənir, bu səbəbdən də yollarda çox zaman xaotik vəziyyət olur, aramsız siqnal da traffikin bir hisssinə çevrilib. Yerlilərin sözlərinə görə Bakı sakinləri ictimai nəqliyyatdan az istifadə edirlər, çünki o hələ yetərincə inkişaf etməyib. Yanacaq ucuz olduğuna görə isə avtomobillər status rəmzi kimi görünür.
Bir macar üçün Azərbaycana gəlmək böyük bir təcrübədir. Yerli əhali bizim Macarıstandan olduğumuzu öyrənən kimi anında gülür, əl sıxır, eyni Turan keçmişimizə görə bizə qardaş xalq kimi baxır. Bu anda özünü çox yaxşı hiss edir və bir daha gəlməyə dəyər deyə düşünürsən.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info