Neft Fondunun aktivləri 35 milyard dollara yaxındır
Tarix: 21.11.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“ARDNF üçün maliyyə alətlərinin uzun zaman intervalında gəlirlilik göstəriciləri daha mühüm əhəmiyyət kəsb edir”
Noyabrın 20-də jurnalistlər üçün "Azərbaycan Respublikası Dövlət Neft Fondu: vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” mövzusunda seminar öz işini davam etdirdi.
Öncə Fondun Risklərin idarə edilməsi departamentinin əməkdaşı Ziya Kəngərli “İnvestisiya portfelinin qurulması və investisiya strategiyasının həyata keçirilməsi” mövzusunda çıxış etdi. Onun sözlərinə görə, investisiya siyasətinin formalaşdırılması üçün gəlir hədəfləri və risk limitləri təyin olunur. Ziya Kəngərli bildirdi ki, investorların müvafiq hədəf gəlir və risk limitlərinin müəyyən olunmasına investisiya müddəti, maliyyə öhdəlikləri, likvidlik tələbləri və digər məhdudiyyətlər təsir edən amillərdir. Risk, gəlirliliyin gözlənildiyindən fərqli (əsasən aşağı) olması ehtimalıdır. Bura, həmçinin ilkin investisiya dəyərinin bütünlükdə və ya bir hissəsinin itirilməsi ehtimalı daxildir. Risk və gəlirlilik arasında düz mütənasib əlaqə mövcuddur: yüksək gəlirlilik hədəfləri yüksək risk ilə səciyyələnir”.
Müxtəlif növ investisiya fondlarının risk tolerantlığı olduğunu deyən Ziya Kəngərli bir neçə suveren fondların investisiya portfelləri haqqında məlumat verdi.
O bildirdi ki, ARDNF-in investisiya portfeli 2010-cu ildə $22.8 mld. 2013-cü ildə $35.9 mld. 2014-cü ildə isə $37.1 mld. olub.
ARDNF-in hazırkı investisiya siyasətindən danışan Ziya Kəngərli diqqəti hədəf portfelinə (bençmark) çəkdi: “Bençmark müəyyən qiymətli kağızların məcmusundan ibarət xəyali investisiya portfelidir. Beynəlxalq maliyyə təcrübəsində həyata keçirilmiş yatırımların gəlir və risklərinin müqayisəli qiymətləndirilməsi üçün onlar hədəf portfelin (bençmarkın) gəlir və riski ilə müqayisə olunur. Benchmark təyin edərkən nəzərə alınmalı amillər bunlardır; investorun risk-gəlir məqsədləri ilə uyğunluğu, real olaraq yatırım edilə bilinən olması, müvafiq çəki tənzimləmə mexanizmi, şəffaf və anlaşıla bilən olması.
O qeyd etdi ki, vəsaitlərin idarə olunmasında xarici menecerlərdən istifadə olunur: “Xarici menecerlərin xidmətlərindən istifadə olunması ilə onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq imkanı yaranır, həmçinin müxtəlif investisiya alətləri idarə etməsi ilə portfelin diversifikasiyası təmin olunur. ARDNF investisiyalara cəlb edilən xarici menecerlər və ya onların əsas təsisçisi üçün aşağıdakı kriteriyaları müəyyən edib; 1. İnvestisiya dərəcəli kredit reytinqinə sahib olmalıdır.2. Aktivlərin idarə edilməsi sahəsində 5 ildən az olmayan təcrübəyə sahib olmalıdır. 3.Dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
Nəzərə çatdırım ki, 2015-ci ilin oktyabr ayının sonuna Neft Fondunun investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. Neft Fondunun hazırkı xarici menecerləri sabit gəlirli qiymətli kağızlar üzrə Dünya Bankı (0.7%) və Deutsche Bank Advisorsdur (0.3%). Səhmlər üzrə isə UBS Asset Management (3.8%) və State Street Global Advisorsdur (SSgA, 2.4%)”.
Ziya Kəngərli investisiya siyasətini əks etdirən sənədlər barədə də məlumat verdi: “Fondun vəsaitləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş İnvestisiya Qaydaları və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan İnvestisiya siyasətinə əsasən idarə olunur. İnvestisiya Qaydaları Fondun vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. İnvestisiya Siyasəti Fondun investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini və s. müəyyən edir”.
ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru Bəhruz Bəhramov isə investisiyaların həyata keçirilməsindən sonrakı proseslər haqqında danışdı. O dedi ki, investisiyalardan əldə edilən gəlirlilik üzrə bölgüsünə baxılsa, 2014-cü il üzrə gəlirlilik əsasən istiqrazlardan (69 faiz) olub.
Bəhruz Bəhramov bildirdi ki, gələcək investisiya gəlirlərini əvvəlcədən əminliklə proqnozlaşdırmaq mümkün deyil: “İnvestisiya riski gəlirlərin gözləniləndən az olması ehtimalıdır. Standart kənarlaşma gözlənilən orta gəlir göstəricisindən (müşahidə olunmuş tarixi orta göstərici) uzaqlaşmanı ölçür. Qiymət dəyişkənliyi riski dedikdə müəyyən zaman intervalında müşahidə edilən maliyyə alətlərinin gəlir dəyişkənliyi nəzərdə tutulur. Uzunmüddətli investor olmaqla ARDNF üçün maliyyə alətlərinin uzun zaman intervalında gəlirlilik göstəriciləri daha mühüm əhəmiyyət kəsb edir”.
Onun fikrincə, hesabatların tərtibi investisiya prosesinin vacib tərkib hissədir: “Rüblük olaraq ictimaiyyətə açıqlanan və Fondun internet səhifəsində yer alan təqdimatlarda Fondun investisiyaları ilə bağlı əsas məlumatlar öz əksini tapır. Bundan savayı investisiya portfelində baş vermiş əsas dəyişikliklər ilə bağlı məlumatlar vaxtlı-vaxtında media və Fondun internet səhifəsi ilə pres-relizlər şəklində ictimaiyyətə çatdırılır. İnvestisiyalar ilə bağlı dolğun məlumat Fondun illik hesabatlarında da işıqlandırılır”.
Bəhruz Bəhramovun sözlərinə görə, investisiya fəaliyyətinin auditi investisiya prosesinin qəbul olunmuş daxili prosedurlara və beynəlxalq standartlara uyğunluğunun yoxlanılması baxımından mühüm rol oynayır: “ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu müstəqil audit şirkətləri tərəfindən audit olunur. 2013-2015-ci illər dövrü üçün ARDNF-in maliyyə hesabatlarının auditi “Price Waterhouse Coopers” şirkətinə həvalə olunub. ARDNF-in fəaliyyətinə dair bütün illik hesabatlar və onu müşayiət edən maliyyə hesabatları Fondun rəsmi internet səhifəsində yerləşdirilir. ARDNF-də eyni zamanda müntəzəm olaraq daxili audit hesabatlarını hazırlayan daxili auditor fəaliyyət göstərir”. O qeyd etdi ki, 2015-ci ilin 3-cü rübünün sonuna ARDNF-in aktivləri 34.7 milyard ABŞ dolları təşkil edir. Təqdimatlardan sonra jurnalistlər Fondun müxtəlif departamentlərinin fəaliyyəti ilə yerində tanış oldular. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edildi.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info