“Əkrəmin düşüncəsi ilə “ziyalılar forumu”ndakıların düşüncəsi arasında ciddi fərq yoxdur”
Tarix: 14.02.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Elçin Mirzəbəyli:
“Onlar Əkrəmlə həmrəyliyini gizli şəkildə də olsa, davam etdirirlər”

Mais Səfərli:
“Belə adamların ölkənin guya problemlərini müzakirə etməsi absurddur”

Azərbaycan siyasi arenasına antimilli məqsədlərlə girməyə çalışan insanların destruktiv fəaliyyəti zaman-zaman müşahidə edilib. Eyni zamanda, həmin adamlar gurultulu adlarla qurumlar yaradaraq “parlaq” təzahürlərlə zühur etməyə çalışırlar. Amma belələrinin fəaliyyəti barədə müfəssəl informasiya toplayan kimi o zaman onların çürük mahiyyəti açıq şəkildə üzə çıxmış olur. Qeyd edilməlidir ki, antiazərbaycan əməli və əsəri şübhə doğurmayan Əkrəm Naibovun “Daş yuxular”ı cəmiyyətimiz tərəfindən barışmaz etirazla qarşılandı. Amma buna baxmayaraq, bəziləri Əkrəm Naibova “qahmar” çıxmağa çalışır və hətta bütöv cəmiyyəti və Azərbaycan millətini tənqid etməyə girişiblər.

Konkret olaraq reneqat Eldar Namazovun “ziyalılar forumu”nda yığışmış dəstəsi xəyanətkar Əkrəm Naibovu müdafiə edir, ona qarşı cəmiyyətin haqlı narazılığını tənqid hədəfinə çevirirlər.
Məsələn, Eldar Namazov mətbuata açıqlamasında jurnalistin Ə.Naibova münasibətlə bağlı sualına cavab verməkdən yayınır. Səbəbi nədir? Çünki bu şəxs həmin romanla öncədən tanış olub və onun çap olunacağını bilərək qarşısını almaq üçün heç bir iş görməyib, hətta cəmiyyəti belə, məlumatlandırmayıb. E.Namazov bunda “ziyalılar forumu”, yaradılacağı və onun rəhbər gətiriləcəyi “El” təşkilatının perspektivi, ümumiyyətlə, öz siyasi karyerası üçün təhlükə görüb. Belə görünür ki, bu adamlar şəxsi siyasi karyeraları naminə hər an cəmiyyət maraqlarını və milli mənafeyi qurban verə bilərlər. Bu azmış kimi, “forum”un digər üzvü - Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirən Rüstəm İbrahimbəyov da ermənilərə simpatiyası olan, onlarla yaxın dostluq edən, Bakını ermənilərsiz təsəvvür etməyən ünsürdür. Məlum olduğu kimi, o, Rusiya mətbuatında ermənilərə simpatiyası və Bakıya ermənilərin “yerinə” gələn soydaşlarımıza antipatiyası barədə ikrah dolu çıxışlar edir. Bu gün əsassız iddialarla çıxış edən İbrahimbəyov onu ermənilərlə bağlayan səbəblər, öz cinayət əməlləri, talançılıq fəaliyyəti, dostlarına xəyanəti, qeyri-etik həyat tərzi barədə danışsa, daha səmimi görünərdi... O da bəllidir ki, onun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqında baş verən kütləvi yeyintilər, korrupsiya faktları sübut olunub, cəmiyyətə təqdim edilib - hər kəs bundan xəbərdardır...
Bir sözlə, bu cür dürüst olmayan şəxslər indi də erməniləri təbliğ edən, erməni tarixini Azərbaycanın hesabına zənginləşdirən bir əsərlə bağlı mövqelərini söz azadlığı ilə pərdələməyə çalışırlar. Artıq faktiki olaraq onların bu addımı Ermənistan Yazıçılar Birliyinin mövqeyindən seçilmir.
Bütün bunlar göstərir ki, reneqat Eldar Namazovun dəstəsi yalnız bu və ya digər səbəbdən incik düşmüş, öz biznes və karyera maraqlarını təmin edə bilməmiş adamların yığıncağıdır. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Bütün bunlar onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir.

“Onların yerinə olsaydım, həmin əsəri alıb oxuyan kimi, onu Naibovun təpəsinə çırpardım”

Elə bizə bu barədə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli də eyni cür düşünür: “Mətbuatdan eşitdim ki, Əkrəm Naibov öz əsərini çap etdirməmişdən əvvəl “ziyalılar forumu”nun Eldar Namazov, Rüstəm İbrahimbəyov və digər bu kimi nümayəndələri ilə məsləhətləşib və onlara həmin əsəri göstərib. Məhz bundan sonra o, həmin əsəri Rusiyada çap etdirib. Mən onların yerinə olsaydım, həmin əsəri alıb oxuyan kimi, onu Əkrəm Naibovun təpəsinə çırpardım. Əgər onlar millətin ziyalısı keyfiyyətlərinə cavab versəydilər, bunu etməli idilər. Çünki əsl ziyalı öz millətinin, dövlətinin mövqeyində olan adamdır. Halbuki məhz onlarla məsləhətləşmələrdən sonra Əkrəm Naibov bu əsəri çap etdirmişdi. Əgər bunlar doğrudan da Azərbaycanın mövqeyini müdafiə edirlərsə, Əkrəmin əsəri hələ çap olunmamış onun cavabını verməli idilər. Bunlar - “ziyalılar forumu”nun nümayəndələri hələ bir Əkrəmi müdafiəyə qalxıblar, ona qahmar çıxmağa çalışırlar. Bu, onların mahiyyətini açıq şəkildə ifşa edir. Onların bu cür hərəkəti azərbaycanlı ziyalı üçün yolverilməz bir haldır. Əkrəm Naibovun bu gün bizə vurduğu bu zərəri heç erməni Zori Balayan kimi antitürk ermənilər də vura bilməmişdilər. Belə adamların oturub ölkənin guya problemlərini müzakirə etməsi absurddur. Çünki onların bu hərəkəti heç bir göstəricisinə görə ziyalılığa və milliliyə sığmır. Ona görə də bu gün belələrinin cəmiyyətdə heç bir dəstəyi yoxdur. Çünki milli və ictimai mənafeyə zidd addımlarla xarakterizə edilirlər. Xalqın və millətin yanında olmayan heç kim xalqın və millətin ziyalısı sayıla bilməz. Bu, sadə və güclü bir məntiqdir”.

“Rüstəmin antiazərbaycan mövqeyi Əkrəmin cızma-qarasında daha çılpaq formada özünü göstərir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elçin Mirzəbəyli bizə bu məsələ ilə bağlı belə qeyd edir: “Əslində Əkrəm Naibovla “ziyalılar forumu”nda təmsil olunan insanların düşüncələri arasında elə bir ciddi fərq yoxdur. Xüsusilə də Eldar Namazovu və Rüstəm İbrahimbəyovu nəzərdə tuturam. Bir neçə il öncə Rüstəm İbrahimbəyovun “Pravda” qəzetinə verdiyi müsahibəni xatırlasanız, buna əmin ola bilərsiniz. Burada onun işlətdiyi fikirlərin və Azərbaycan xalqına qarşı həqarətin nə dərəcədə uyuşduğunu yəqin etmək çətin deyil. O, həmin qəzetin müxbirinə demişdi ki, ermənilər Bakıdan gedəndən sonra və Bakıya qaçqınlar gələndən sonra həyat dəyişib, pisləşib, Bakıda elita qalmayıb, mədəniyyət aşağı düşüb və sair. Eyni motiv faktiki olaraq Əkrəm Naibovun cızma-qarasında daha kəskin və çılpaq formada özünü göstərir. Eyni zamanda Eldar Namazovun da düşüncə tərzi Azərbaycan xalqına, onun mədəniyyətinə ikrah hissi üzərində qurulub. Onun verdiyi açıqlamalara baxanda bunun əyani şəkildə şahidi olmaq olar. Eyni zamanda bu fikri həmin qurumdakı digərlərinə də aid etmək olar. “Ziyalılar forumu”nda təmsil olunan digərlərinin də belə oxşar xarakterləri var. Onların Əkrəm Naibovun antimilli əməlinə reaksiya verməmələrinin səbəbi də elə buna görədir. Onlar Əkrəmlə həmrəyliyini gizli şəkildə də olsa, davam etdirirlər. Hesab edirəm ki, bu, məqsədyönlü, Azərbaycan milləti və xalqı əleyhinə düşünülmüş bir proyektdir. Bu layihədə “ziyalılar forumu” da yer alır və iştirak edir. Məsələn, Moskvada bəzi “ziyalılarla” keçirilən görüşləri xatırlayın. Onların səsləndirdikləri fikirləri xatırlayın. Bu əsərin mahiyyəti, “ziyalılar forumu”nun mövqeyi və bir qrup adamın Moskvada Azərbaycanın mənafeyinə zidd bir şəkildə “ziyalılıq” etməsi, antiazərbaycan dairələri və ermənilərlə işbirliyinə getməsi ilə üst-üstə düşür. Bütün bunların isə Azərbaycan milləti, xalqı üçün yalnız ziyanı ola bilər. Necə ki, ermənilər hazırda Əkrəm Naibovu istinadgaha çeviriblər”.
Qeyd edək ki, doğrudan da, erməni diasporu artıq mütəşəkkil bir şəkildə Əkrəm Naibovu reklam və müdafiə etməyə girişib. Məsələn, Fransada erməni təşkilatlarının koordinasiya şurası “Əkrəm Əylisli uğrunda” kampaniyaya start verib. Onlar Fransa hökumətindən Əkrəm Naibovun “Azərbaycanda təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülməsini” tələb edirlər. Ermənilərin bu qurumu artıq məsələ barəsində bəyanat yayıb. Göründüyü kimi, Əkrəm Naibovun ermənilərə xidmətini onların diasporu da yaxşı başa düşür. Belə bir halda, “ziyalılar forumu”nun da Ə.Naibovu müdafiə etməyə çalışması isə bir daha E.Namazov, R.İbrahimbəyov kimilərinin ermənilərlə faktiki olaraq eyni mövqedən çıxış etdiyini büruzə verir...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info