“Sahibkarlığa yersiz müdaxilələrə son veriləcəyini düşünürəm”
Tarix: 15.02.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İqtisadçı ekspert Vüqar Bayramov:
“Prezident göstərdi ki, həmin hallara qarşı sərt tədbirlər həyata keçiriləcək

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin sosial-iqtisadi sahədə əldə etdiyi ciddi nailiyyətləri qeyd etməklə yanaşı bir sıra məsələlərlə bağlı ciddi tənqidlər də səsləndirib.

Məsələn, Prezident bildirib ki, sahubkarlara subsidiyalar verilir, amma, əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik: “Subsidiyalar ya ünavana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətcə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün.
Bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir.
Mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir”. Prezident xüsusi olaraq bildirib ki, yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir. Dövlət siyasətini aparmalıdırlar: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik”.
Məsələ ilə bağlı qəzetimizə münasibətini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir ki, son proqram çərçivəsində görülən işləri ümumilikdə yüksək qiymətləndirmək lazımdır: “Bu proqram faktiki olaraq regionların iqtisadi inkişafına və eyni zamanda ÜDM-də qeyri-neft sektorunun payının artmasına gətirib çıxarıb. Məlum olduğu kimi, ötən ilin sonlarına əsasən, qeyri-neft sektorunun ÜDM-də payı 56 faizdir. ÜDM-in yarıdan çoxu artıq qeyri-neft sektorunun payına düşür. Amma eyni zamanda, Prezident öz çıxışında qeyd etdiyi kimi, investisiya mühiti və sahibkarlığın fəaliyyəti ilə bağlı bəzi problemlər qalmaqdadır. Əlbəttə, Azərbaycan MDB-də yeganə ölkələrdəndir ki, sahibkarlığın inkişafına maliyyə dəstəyi həyata keçirir. Sahibkarlar güzəştli kreditlər əldə etmək imkanı qazanırlar. Aqrar sektorda çalışanların subsidiya əldə etmək imkanları var. Bu cür önəmli dövlət dəstəyi Azərbaycanda sahibkarlara və aqrar sektora göstərilir”.
Məsələ burasındadır ki, bəzən bu sahədə neqativ hallara rast gəlirik: “Belə ki, yerlərdə bəzi məmurlar bu dəstəkdən sui-istifadə etməyə çalışırlar və sahibkarlarla münasibətlərdə neqativ hallara yol verirlər. Sahibkarlara müdaxilələr hələ də qalmaqdadır. Bu cür müdaxilələr daha çox yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Onlar bir sıra hallarda sahibkarlardan qeyri-rəsmi ödənişlər tələb edirlər, həmçinin, onları rayondakı dövlət büdcəsindən maliyyələşən layihələrə lazım olmadığı halda, maliyyə yönəltməyə məcbur edirlər. Prezident də bu cür hallara qarşı sərt və barışmaz mövqeyini ifadə etdi və düşünürəm ki, bu, həmin məmurlar və yerli icra orqanları üçün ciddi siqnal olmalıdır. Prezident göstərdi ki, həmin hallara qarşı sərt və ciddi tədbirlər həyata keçiriləcək və o cür məmurlar özlərini yığışdırmalıdırlar. Bu baxımdan düşünmək olar ki, sahibkarlığa yersiz müdaxilələrə son veriləcək. Eləcə də subsidiyaların verilməsi zamanı müəyyən problemlər müşahidə olunur. Bu barədə ən ciddi problemlər bəzi rayonlarda subsidiyaların öz təyinatı üzrə fermerlərə çatmamasıdır. Hesab edirəm ki, Prezidentin xəbərdarlıqları və tənqidi bu məsələyə də aiddir və bu sahədə də vəziyyət düzəlməlidir. Apardığımız araşdırmalar, eləcə də Maliyyə Nazirliyinin monitorinqləri də göstərir ki, subsidiyaların bəzi rayonlarda təyinatı üzrə çatmasında ciddi əngəllər yaşanır. Bu cür əngəllər və maxinasiyaların da aradan qaldırılmasına ciddi tələbat var. Bəzən torpaq sahələrini qəsdən daha çox göstərməklə dövlət büdcəsindən əlavə subsidiyalar almağa da çalışırlar. Bu kimi hallar müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalı və bu işləri görənlər cəzalandırılmalıdır. Məlumdur ki, subsidiyalar kartlar vasitəsilə verilir. Bəzi fermerlərlə söhbət zamanı aşkara çıxır ki, subsidiyaları gecə radələrində saat 3-4-də bankomatlardan çıxarırlar. Çünki bəzən həmin kartları fermerlərdən alan yerli icra hakimiyyəti orqanlarının nümayəndələri gecə vaxtı, əl-ayaq çəkiləndən sonra özləri subsidiya vəsaitini bankomatlardan çıxarırlar. Bu kimi neqativliklərin ciddi şəkildə ləğv olunması lazımdır. Subsidiyaların yerli icra hakimiyyəti orqanları tərəfindən müdaxiləsiz və vaxtında fermerlərə çatdırılması təmin edilməlidir. Düşünürəm ki, bu baxımdan da nəzarət gücləndiriləcək və cəzalar sərtləşdiriləcək”.
Ekspert qeyd edir ki, ümumilikdə Dünya İqtisadi Forumu Azərbaycanı MDB ölkələri arasında rəqabət qabiliyyətinə görə ən yaxşı rəqabət qabiliyyəti olan ölkə kimi elan edib. Dünya Bankı da bizneslə məşğul olmaq baxımından Azərbaycanı ən islahatçı ölkələrdən biri kimi qiymətləndirib. Bu baxımdan regionlarda yerli icra orqanları tərəfindən sahibkarların, fermerlərin dəstəklənməsi, bu sahədə islahat tədbirlərinin davam etdirilməsi, nəzarətin gücləndirilməsi vəziyyəti daha da yaxşılaşdırardı və bütün neqativliklər aradan qalxardı.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info