“Terrorçu ekstremistlərin qarşısı qətiyyətlə alınmalıdır”
Tarix: 28.11.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Nardaranda baş verən hadisə ictimaiyyətin diqqət mərkəzindədir. Bu prosesə ziyalılarımız etinasız qalmır, baş verən insidentlə bağlı öz fikirlərini bildirirlər. O cümlədən ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da bu hadisələrlə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlərin çox vacib olduğunu bildirirlər:

Məhərrəm Zülfüqarlı:
“Nardaran hadisələrində də müəyyən xarici qüvvələrin əli var”
Ölkəmizdə baş verən bu hadisəyə regionda gedən hadisələrin tərkib hissəsi kimi baxmaq lazım olduğunu deyən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı bildirdi ki, bu gün Azərbaycanı istəməyən qüvvələr bir neçə sahə üzrə ölkəmizə təzyiq etməyə çalışırlar: “Bir tərəfdən AvropaOyunları, parlament seçkiləri ərəfəsində, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu, bir tərəfdən isə digər qüvvələr tərəfindən təzyiqlər edilib. Yəqin ki, bu qüvvələrin kimlərdən ibarət olması, bu proseslərin kimin dəstəyi ilə olması əsas səlahiyyətli qurumlar tərəfindən ortaya çıxacaq. Nardaran hadisələrində də müəyyən xarici qüvvələrin əli var, bu, birmənalıdır. Məqsəd də Azərbaycanı zəiflətmək, ölkəmizdə idarəolunmaz proseslərə rəvac verməkdir. Dövlət qurumları bu proseslərin qarşısını qətiyyətlə almalıdırlar ki, Azərbaycandakı mövcud stabilliyi qoruyub saxlaya bilək”. M.Zülfüqarlı onu da bildirdi ki, tarixən dini və milli hisslər çox həssas olub və müəyyən qüvvələr də bundan istifadə ediblər: “Azərbaycanda tolerantlıq hökm sürür, nəinki müsəlman məzhəbləri, xristian dini mövcuddur, yəhudi sinaqoqları, hətta son illər katolik kilsəsi tikilib. Yəni Azərbaycanda din azaddır. Ancaq missioner fəaliyyəti ilə məşğul olan bir sıra qrupların məqsədi ölkəmizi zəiflətmək üçün problemlərdən istifadə etməkdir. Həmçinin Nardaranda baş verən hadisədə də mövcud problemlərdən sui-istifadə halları var. Hər bir ölkənin problemləri var və bunu danışıqlar, islahatlar yolu ilə həll etmək olar. Ancaq silahlanmaq, təpki göstərmək artıq dövlətimizi zəiflətmək istəyən xarici qüvvələrin dəyirmanına su tökməkdir. Ona görə də terrorçu ekstremistlərin qarşısı qətiyyətlə alınmalıdır ki, nəinki dövlətimizin iqtisadi gücünü artıraq, Dağlıq Qarabağ kimi problemimizi həll edək. Bu təxribatlar ərazi bütövlüyünün bərpasına da, diplomatiyamızın son illər əldə etdiyi nailiyyətlərə, inkişafına da mənfi təsir göstərir. Əgər son bir ayda Avropa Şurasında iki böyük komissiyada sənəd qəbul olunubsa, həm işğal olunmuş ərazilərin adı birbaşa sənəddə çəkilirsə, həm də Sərsəng su anbarı ilə bağlı ikinci bir sənəd qəbul olunubsa, bu, Azərbaycanın uğurudur. Amma Azərbaycanı zəiflətmək istəyən qüvvələr bu cür təxribatlarla həmin uğurlara kölgə salmaq istəyir. Biz dağlıq Qarabağ kimi taleyüklü problemlərimizin həlli üçün daxildə bu cür təxribatlara imkan verməməliyik”.

Rauf Zeyni:
“Azərbaycan ictimaiyyəti dinə zidd olan silahlı
qruplaşmaları qəbul etmir”

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirdi ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirir, 20 faizdən çox torpaqlarımız işğal altındadır və bu müharibədə, ərazi bütövlüyümüzün bərpa olunmasında, eləcə də 20 Yanvar hadisələri zamanı xalqımız minlərlə itki verib: “Bu hadisələr zamanı çox qeyrətli oğullarımız müstəqilliyimiz uğrunda mübarizə aparıblar. Bu dövlətçilik, müstəqillik Azərbaycan xalqı üçün ulu öndərimizin dediyi kimi, ən böyük tarixi nailiyyətdir. Bu dövlətçiliyə, cəmiyyətin stabilliyinin, sabitliyinin pozulmasına qarşı hər hansı bir radikal dini qruplaşmalar, silahlı qruplaşmalar, mütəşəkkil cinayətkarlar, hər hansı bir qüvvələr cəhd göstərərsə, bu cəhd ali qanunlarımız, konstitusiya, hüquq-mühafizə orqanlarının bilavasitə əməliyyatı çərçivəsində bütün cəhdlər aradan qaldırılmalıdır. Bundan əlavə, vətəndaş cəmiyyətinin, profilaktik, maarifçilik tədbirlərinin gücləndirilməsi çox vacib məsələdir. İnsanlar kamil, məlumatlı olsalar, vətəndaş cəmiyyətində geniş iştirak etsələr, hər hansı bir dini radikal cərəyana qoşulmasalar, zərərli vərdişlərə qoşulmasalar bu cür hallar baş verməz. Ona görə də mən düşünürəm ki, Nardaranda baş vermiş bu cür halların hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilərək qarşısı alınması ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun verdiyi rəyi biz qəbul edirik və mövqeyimiz dövlətçilik mövqeyindən irəli gəlir. Buna görə də həmin qüvvələrin hər hansı bir formada fəaliyyəti yolverilməzdir. Bu gün Azərbaycanın inkişaf mərhələsində, xaricdən düşmənlərin təhdidi ilə rastlaşdığı bir vaxtda daxildən belə halların baş qaldırması Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş addımdır, cəmiyyətə qarşı yönəldilmiş fəaliyyətdir və onların qarşısı vaxtında alınmalıdır”. MQF rəhbərinin sözlərinə görə, Azərbaycan tolerant bir ölkədir, qanun çərçivəsində hər hansı bir dini fəaliyyətlə məşğul olmaq heç kimə qadağan edilməyib: “Lakin tamamilə dinə zidd olan, İslama aid olmayan, müsəlmançılığa yaraşmayan hər hansı dini qruplaşma, onun da sonradan silahlı qruplaşmaya çevrilməsi qətiyyən yolverilməzdir və Azərbaycan ictimaiyyəti buna dözümlü yanaşa, qəbul edə bilməz”.

Sahib Məmmədov:
“Dini radikalizm potensial təhlükə ocaqlarıdır və
bunun qarşısı alınmalıdır”


Əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov isə bildirdi ki, bu hadisədə vəzifəsini yerinə yetirən, asayişi təmin edən polis əməkdaşları həlak olublar: “Əslində biz dini radikalizmlə bağlı narahatçılığımızı bildiririk. Bunlar potensial təhlükə ocaqlarıdır və sosial şəbəkələrdə, toplantılarda açıq çıxışlar edirlər. Bu, çox ziyanlıdır. Yalnız administrativ yolla yox, maarifləndirmə genişləndirilməlidir, vətəndaş cəmiyyəti inkişaf etməlidir, bunun qarşısı alınmalıdır. Bizdə ənənəvi dinlər və təriqətlər əvvəlki qaydada fəaliyyətini davam etdirsə heç bir problem yoxdur. Bəzi qeyri-ənənəvi dini cərəyanlar, bəzi ənənəvi təriqətlərin radikal qanadları, əslində, sadəcə, həmin təriqətin adından çıxış edirlər. Onlar ara qatmaq, bəzi ölkələrin maraqlarını yerinə yetirmək istəyirlər. Ümumiyyətlə, bu hadisəni çox pisləyirəm, həm də narahat oluram. Onu da qeyd edim ki, Nardaran əhalisi çox xeyirxahdır, əminəm ki, bu təxribat əksəriyyətinin ürəyindən deyil”.

Vüqar Qədirov:
“Nardaranda baş verən hadisələr Azərbaycana
arxadan vurulan zərbə kimi qiymətləndirilməlidir”

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun sözlərinə görə, heç kimə sirr deyil ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, təbii sərvətləri daim ölkəmizi bir çox xarici dövlətlərin maraqlarının toqquşduğu bir məkana çevirib: “Bu baxımdan Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyən dövlətlər, xarici kəşfiyyat orqanları zaman-zaman öz məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrlə ölkəmizdə qarışıqlıq yaratmağa, öz çirkin niyyətlərini həyata keçirməyə can atıblar. Nardaranda baş verən hadisələrdə xaricdən idarə olunan, qarışıqlıq və qarşıdurma yaratmaqla dövlətimizin sürətli inkişafının qarşısını almağa, sabitliyi pozmağa, Ermənistanla aparılan müharibədə Azərbaycana arxadan vurulan zərbə kimi qiymətləndirilməlidir. Son zamanlar dünyanın müxtəlif bölgələrində, Azərbaycana yaxın olan dövlətlərdə qanlı müharibələrin, toqquşmaların getdiyi bir zamanda ölkəmizdə silahlı qarşıdurma yaratmağa çalışmaq, dövlətin güc strukturlarına silahlı hücum etmək, Konstitusion dövlət quruluşunun silahlı yolla dəyişdirilməsinə cəhd edərək ağır cinayətlər törətmək birmənalı olaraq dövlətə və xalqa xəyanət kimi qiymətləndirilməlidir. Öz xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına silahlı basqın edərək qətlə yetirən, terror, xaos, qarşıdurma yaradan bu cür dini radikal qruplar birmənalı olaraq ən sərt şəkildə qanunun tələblərinə uyğun cəzalandırılmalıdır. Azərbaycan ictimaiyyətini, gənclərimizi bu cür separatçı qüvvələrə qarşı daim həssas olmağa, müstəqil, suveren dövlətimizin qorunmasında fəal, ayıq-sayıq olmağa çağırırıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info