“Heç bir təhdidə boyun əymək olmaz”
Tarix: 01.12.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Son günlər Nardaranda baş verən hadisələr cəmiyyətin diqqət mərkəzindədir və baş verənlərlə bağlı ictimaiyyət nümayəndələri, ziyalılarımız öz fikirlərini bildirirlər. Həmin insidentin qanunauyğun olmadığını deyən ziyalılarımız bundan sonra da gənclərimizi belə təxribatlara uymamağa çağırır. Onlar həmin ərazidə sakit həyat tərzinin davam etməsinin önəmli olduğunu qeyd edirlər və bəzi qrupların insanları təhdid edərək gündəlik yaşayış normalarından uzaqlaşdırmağa çalışmalarını pisləyirlər.
Qeyd edək ki, ölkənin hər bir ərazisində olduğu kimi, Bakının Nardaran kəndində də uşaqların, gənclərin təhsili vacibdir. Bu kimi hadisələr onların təhsildən yayınmasına şərait yaradır. Xatırladaq ki, təhsildən yayınma gənclərimizin gələcəyi üçün problemə yol açır. Yeri gəlmişkən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu gün erkən nikah faktlarına görə Bakı kəndləri, o cümlədən Nardaran cənub bölgələrini geridə qoyub. Bildirilib ki, burada qızların təhsil məsələsində problem var və qızları erkən nikaha məcbur edən valideynləridir. O da vurğulanır ki, zorakı mühitdə böyüyən uşaqlar psixoloji gərginliyə məruz qalır. Məhz bu baxımdan həmin problemlərin mövcud olduğu kəndlərdə nəinki əlavə problemlər yaratmaq, onların həllinə, o cümlədən gənclərimizin təhsilinə imkan yaratmaq lazımdır.

“Gənclərimiz təxribatçı adamların fikirlərinə uymamalı və düzgün yol
seçməlidirlər”

Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədr müavini, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova qəzetimizə bildirdi ki, bu gün dünyanın bir sıra ölkələrində müxtəlif toqquşmalar, müharibələr baş verir və qeyri-sabitlik hökm sürür: “Azərbaycanda isə siyasi sabitlikdir, ölkəmizin son illər sosial-iqtisadi inkişafı göz qabağındadır. Bunu gözü götürməyən bəzi xarici qüvvələr müxtəlif təxribatlar törətməyə cəhd edir. Biz belə qüvvələrin ölkəmizdəki təxribatlarına uymamalı, mövcud sabitliyi qorumağa çalışmalıyıq. Belə bir şəraitdə xarici dairələr kimlərisə əllərində alət də edə bilərlər. Ancaq Azərbaycan xalqı həmin dairələrin yox, məhz dövlətin və dövlətin siyasətinin yanındadır. Nardaranda baş verən hadisəni də ölkəmizə qarşı yönəlmiş təxribatlardan biri hesab edirəm. Hadisənin iştirakçıları da din adı altında fəaliyyət göstərən terrorçu radikal qruplaşmanın üzvləridir və xaricdən təşkilatlanan, xaricdən maliyyələşən, xaricdən proqramlaşdırılan insanlardır. Bu gün hüquqi, dünyəvi dövlət olan Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi göstərilir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad, sərbəst və mehriban şəraitdə yaşayırlar. Buna baxmayaraq, hüquqi dövlət olan Azərbaycanda hər şey qanunlarla tənzimlənir. Yəni hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Çünki qanunlara tabe olmamaq, polisə qarşı silahlı müqavimət göstərmək, insanların həyatına təhlükə yaratmaq dövlətçiliyə qarşı böyük təhdiddir. İnanıram ki, Azərbaycanda bütün inanclı insanlar indiyədək olduğu kimi, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx şəkildə birləşəcək və bu cür ekstremist qruplara qarşı kəskin etirazlarını bildirəcəklər. Mən hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı atdığı addımları birmənalı şəkildə dəstəkləyirəm. Bir qrup şəxslər tərəfindən gəncləri düz yoldan çəkindirmək cəhdləri edilir. Ancaq gənclərimiz öz dövlətinin tərəfində olmalıdırlar. Təxribatçı adamların fikirlərinə uymamalıdırlar. Heç bir təhdidə boyun əyməməli və düzgün yol seçməlidirlər”.

Rufiz Qonaqov:
“Terroru qarşısına məqsəd qoyan dini təşkilatların qarşısı dünyanın hər yerində alınır”

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov isə bildirdi ki, Nardaranda baş verən hadisələr ilk növbədə çox təəssüfləndirici bir haldır: “Mən istəməzdim ki, hazırkı inkişaf mərhələsində, indiki sabitlik şəraitində hansısa düşmən qüvvələri sevindirək. Əfsuslar olsun ki, Azərbaycana qarşı uzanan məkrli əllər həmişə olub və bu gün də var. Din pərdəsi adı altında müəyyən gəncləri radikallaşdırıb, qruplaşdıraraq dini cərəyanlara cəlb etməklə müəyyən xarici kəşfiyyat orqanları həmişə Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq istəyiblər. Ümumiyyətlə, Nardaranda baş verən hadisəni təkcə nardaranlıların özlərinin törətdiyi bir hadisə kimi qiymətləndirmirəm. Bu cəhdin qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb, günahkarlar, təqsirli bilinənlər həbs edilib, istintaq gedir. Yəqin ki, istintaq nəticəsində müəyyən məsələlər üzə çıxacaq. Hüquqi qiymət veriləndən sonra da daha dəqiq deyə biləcəyik ki, bunun arxasında hansı ölkələr durur. Təqribən aydındır ki, bu gün Azərbaycana qarşı yönəlmiş bu çirkin niyyət öz nəticəsini vermədi və onun qarşısı dövlət tərəfindən qətiyyətlə alındı”.
R.Qonaqovun sözlərinə görə, Azərbaycan tolerant bir ölkədir, din azaddır, sərbəstdir: “Qeydiyyatdan keçmiş müxtəlif dini təşkilatlar var. Ölkəmizdə ali dini qurum olan Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərir. Lakin dini təşkilatlar, əgər siyasi bir cərəyan kimi yaranırsa və dövlət çevrilişinə cəhd göstərirsə, terrorla bağlı hər hansı məsələni qarşısına qoyursa, ümumiyyətlə, dövlətin konstitusion hüquqlarına qarşı hər hansı cəhdlər göstərirsə belə, bir dini qurumların nəinki Azərbaycanın, dünyanın hər bir ölkəsində yaranmasına imkan verilə bilməz. Bütün dünya ölkələri də məhz belə edir, burada qeyri-adi heç nə yoxdur. Əgər hər hansı dini təşkilat ölkəmizdə fəaliyyət göstərirsə, dövlətin qeydiyyatından keçməlidir, rəsmi qaydada Ədliyyə Nazirliyindən şəhadətnamə almalıdır, yəni aşkarlıq şəraitində, gizli şəkildə yox”.
O da vurğulandı ki, əgər Nardaranda baş verən hadisələrlə bağlı bəzi qruplar tərəfindən insanlar təhdid edilirsə, bu çox təəssüfləndirici və yolverilməz bir haldır: “Azərbaycan Konstitusiyasına görə, hər bir vətəndaş azaddır, onu nəyəsə təhrik etmək, təzyiq göstərmək, müəyyən dini cərəyanlara təhrik edərək qoşmaq qanunla da qadağandır. Belə bir hallar varsa, hüquq-mühafizə orqanları müvafiq addımları atacaqlar. Ancaq mən düşünürəm ki, Nardaran əhalisi imkan verməməlidirlər ki, onlardan kimlərsə çirkin məqsədlər üçün istifadə etsin. Bizdə olan məlumata görə, Nardaran əhalisi bu hallardan narahatdırlar. Əgər onları qorxu içərisində saxlayan hansısa dini cərəyanla bağlı narahatdırlarsa, onlar narahat olmamalıdırlar. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info