Nardaranda xüsusi əməliyyat keçirilir
Tarix: 01.12.2015 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərib cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar.
Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd «Molotov Kokteyli», 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar edib, yolları bağlayıb, barrikadalar qurub, silah qismində əşyalar toplayıb, lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb.
O da qeyd edilməlidir ki, daxili işlər və prokurorluq orqanları tərəfindən dəqiqləşdirilmiş məlumatlar əsasında qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular saxlayan şəxslər müəyyən edilərək həmin əşyaların könüllü təhvil verilməsi tələb olunub, ancaq qəsəbənin bir qrup nümayəndəsinin silah saxlayan şəxslərə müvafiq müraciəti müsbət nəticə verməyib.
Cari il noyabrın 30-da isə Gəncə şəhərində “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılıb, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb.
Bununla yanaşı, Azərbaycanın vətəndaşları olduqları halda, qəsəbənin bir sıra sakinləri hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxır, özlərini dövlət orqanlarına münasibətdə tərəf saymağa, hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq kimi bölücülük xarakterli şərtlər və digər qanunsuz tələblər irəli sürməyə cəhdlər göstərirlər.
Dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş həmin şəxslər qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər.
Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin bir qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirlər.
Göstərilənlər nəzərə alınaraq, vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə 2015-ci il dekabr ayının 1-də saat 8.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.
Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücum edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info