Radikal müxalifət Əkrəm Naibovun məsələsində siyasi maraqlar güdür
Tarix: 15.02.2013 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Zahid Oruc: “Kimlərsə “ədəbi azadlıqlar” adı
altında hansı şəxsi və ya qüvvəni desən, müdafiə etməyə hazırdırlar”


Jalə Əliyeva: “Bu qüvvələrin ziddiyyətli mövqeləri heç bir ölçüyə sığmır”

Antiazərbaycan manifesti ola biləcək qədər qərəzli, tarixi saxtalaşdırmaq ruhunda yazılan Əkrəm Naibovun “Daş yuxular” əsərinə müxalifətin radikal kəsiminin və bu düşərgədəki antimilli ünsürlərin münasibəti, sərgilədiyi mövqeyi milli maraqların ortaya çıxdığı məqamlarda onların hansı cəbhədə yer alacağını bir daha göstərdi. Belə ki, “ictimai palata” adlanan qurum Ə.Naibovun müdafiəsinə qalxaraq, cəmiyyətin ona qarşı münasibətini dəyişdirməyə çalışır. Bu qüvvələrin başında dayanan İsa Qəmbərlə Əli Kərimlinin susması, Ə.Naibovun yazdıqlarının söz azadlığı, ədəbi təfəkkürün məhsulu olduğunu iddia etmələri isə “balığın başdan iyləndiyini” göstərir.
Maraqlıdır ki, özlərini daim milli maraqların qoruyucusu kimi göstərən, xırda problemdən sensasion hadisələr düzəldən və xarici təşkilatlara palaz-palaz məlumatlar göndərən bu şəxslər milli maraqların həqiqətən təhlükə altında olduğu bir vaxtda nə üçün öz qınlarına çəkiliblər?
Prosesə əvvəldən diqqət yetirəndə görürük ki, əvvəlcə bu qüvvələr Ə.Naibovun müdafiəsinə qalxdılar, lakin tezliklə xalqın etirazına qarşı gələ bilməyəcəklərini anlayıb susmaq yolunu tutdular. Amma təsir dairələrində olan mətbuatla, eyni zamanda kiçik həcmli elektoratları ilə hələ də antimilli manifesti müdafiə etməkdə davam edirlər. Misal üçün, AXCP sədri Ə.Kərimlinin təlimatlarına uyğun olaraq, “Azadlıq”qəzeti bu işdə xüsusi rol oynayır. AXCP kurasiyasına daxil olan bu qəzetin dəfələrlə erməni lobbisinin, o cümlədən Ermənistanın ruporuna çevrildiyinin şahidi olmuşuq. Bu məsələdə də cəmiyyətin mövqeyinə qarşı çıxan qəzet Əkrəm Əylislinin əməlinə bəraət qazandırmağa, onu müdafiə etməyə cəhd göstərir. Bunun üçün qəzet “kosmopolit” və anti-milli təfəkkürlü ünsürlərə geniş yer verir, cəmiyyəti məsələnin mahiyyətindən yayındırmağa və siyasiləşdirərək hakimiyyətə qarşı yönəltməyə çalışır.
Məsələnin maraqlı tərəflərindən biri də, radikal müxalifətin bu məsələdən də hakimiyyətə qarşı istifadə etməsidir. Bununla daha çox öz siyasi maraqları çevrəsində dövrə vuran “ictimai palata” təmsilçiləri belə hesab edirlər ki, xalqın antimilli davranışa qarşı etirazı əslində iqtidarın əməlləridir. Bu cür yanaşmanın nə dəcərədə absurd olduğu ortadadır. Lakin onların əsas məqsədi isə ictimai rəyin yanlış yerə yönəldilməsi və milli məsələlərdən belə, şəxsi maraqlar naminə istifadə etməkdir.
Radikal müxalifətin yanaşmasında absurd məqamlardan biri də guya vətəndaşların Ə.Naibova etiraz etməklə Azərbaycanın milli maraqlarına zərər vurmalarıdır. Burada haqlı olaraq sual yaranır: Bəs mili maraqlar nədir? Müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iş aparanda, xarici antiazərbaycan dairələrlə sıx əməkdaşlıq edəndə, onların sifarişlərini yerinə yetirəndə, “Eurovision” vaxtı küçələrə çıxaraq xarici jurnalistlərin diqqətini yanlış istiqamətə yayındıranda nə üçün milli maraqlardan bəhs edilmirdi?
Görünür, onlar üçün “milli maraq” anlayışı yalnız siyasi maraqlar ortaya çıxanda, ya da hakimiyyəti tənqid edəndə anlayış olaraq yada düşür.
Məsələ ilə bağlı “Palitra”ya danışan millət vəkili Zahid Oruc bildirib ki, “Daş yuxular” əsəri cəmiyyət üçün də bir mənəvi test idi. Onun sözlərinə görə, bu, hər kəsin Azərbaycana, ölkənin tarixinə, Ermənistanın həyata keçirdiyi aqressiyaya yeni baxışını ortaya qoydu: “Zənn edirəm bu, hər kəs üçün milli kimlik məsələsini də müəyyənləşdirdi. Kimlərsə istənilən mövzudan əlavə cəbhə açıb onu hakimiyyət əleyhinə yönəltməyə çalışırdısa, onlar da barmaqla sayılacaq qədər ortada qaldılar. İstənilən dönəmdə göz önünə gətirməliyik ki, kimlərsə ədəbi azadlıqlar altında hansı şəxsi və ya qüvvəni desən, müdafiə etməyə hazırdırlar. Yetər ki, iqtidar əleyhinə olsun. Buradan da görünür ki, söhbət heç də Ə.Naibovun və ya əsərdəki tezislərin müdafiəsindən getmir. Bununla o qüvvələr ona qarşı çıxanların mövqeyini əsas götürüb guya ölkədəki mənfi durumdan şikayət etməyə başladılar. Halbuki kiçik bir zaman keçdi və müxalifət qüvvələrinin içində bir çoxu xalqın iradəsinin əleyhinə getməyin ağır nəticələr verə biləcəyini anladı və ondan sonra ya susdular, ya da guya mövqe nümayiş etdirdilər. İndi özlərini azad media hesab edənlərə demək istəyirəm: İ.Qəmbərin mövqeyi nə dərəcədə yaradıcılıq azadlığına, birgə yaşayışa, demokratiyaya zərbə vurmuş olur?”.
Millət vəkili qeyd edib ki, bu əsər və onun tezislərinə, gələcək nəticələrinə, ermənilərin 100 illik informasiya və siyasi savaşında tutduğu yerə qiymət verəndə başqa bir məqamı qabardırlar ki, bu da sanki işğalçı erməninin obrazını verməklə, Azərbaycanda şəhidləri və müharibə itkilərini bir kənara qoymaqla düşmənə sevgini stimullaşdırır, barış hərəkatında dostluğa əl uzadırlar: “Sanki müharibəni iqtidarlar aparır, sadə xalq isə savaşmazdı. Halbuki, deyilən sıravi erməni ilə, millətçi, ideoloji dairədəki erməninin heç bir fərqi yoxdur. Müharibəni, işğalı həyata keçirən bütün erməniçilikdir. Məgər kimsə kənarda qalıb ki, onu ayıraq. Ona görə də, bu gün Ə.Naibova haqq qazandıranlardan açıq şəkildə soruşmaq lazımdır: doğrudanmı siz müharibədən yoruldunuz? Barış hərəkatının təmsilçiləri olaraq sizi işğal ərazilərinə buraxan erməni sabah sizi qətlə yetirəcək”.
Z.Oruc hesab edir ki, Ə.Naibovu müdafiə edənlərin üzərinə süngü ilə gedilmirsə, onların da bütövlükdə milləti mühakimə etməyə nə ixtiyarı, nə də haqqı çatır.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, bu əsərə heç bir halda haqq qazandırıla bilməz: “Bu mümkün də deyil. Bu gün Əkrəm Naibovu müdafiə edənlər bununla humanist hisslərdən çıxış etmək istəyirlərsə, elə məsələlər var ki, orda humanizm gülünc görünə bilər. Humanizmdən o vaxt danışıla bilər ki, həqiqətən də, əsər ali hisslər üzərində qurulmuş olsun. Bir əsərdə ki, illərdən bəri hüquqları tapdalanmış, alçalmış, təhqir edilmiş, yurd-yuvalarından qovulmuş bir xalqın əzab-əziyyətlərinin üstündən xətt çəkilib, bir çox titulları olan öz xalqı və dövləti tərəfindən yüksək mükafatlandırılan bir yazıçı öz xalqının bu əzablarının üstündən xətt çəkib, görməzlikdən gələrək bu bəlaları ona yaşadan tərəfə öz cümlələrində haqq qazandırırsa, bunun artıq humanizmlə, insanpərvərliklə heç bir əlaqəsi yoxdur”.
Millət vəkili Ə.Naibovu müdafiə edən “ictimai palata”ya səslənərək, onları ədalətli, milli mövqe tutmağa çağırıb. Qeyd edib ki, bu qüvvələrin ziddiyyətli mövqeləri heç bir ölçüyə sığmır.
Qeyd edək ki, Ə.Naibovun “müdafiəçiləri” arasında Leyla Yunus da özünəməxsus şəkildə rol oynayır. Əslində onun bu kampaniyada iştirakı və rolu heç də təəccüblə qarşılanmamalıdır. Çünki “hüquq müdafiəçisi” adından gen-bol sui-istifadə edən bu şəxsin çoxillik fəaliyyətində erməni təəssübkeşliyi qırmızı xətlə keçir. L.Yunusun Ermənistanın “Region” Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi “publicdialogues.info” saytında Ə.Naibovun müdafiəsi ilə bağlı kampaniyaya başlaması da onun son “xidmətləri” sırasına yazılmalıdır. Əslində bu saytın yaradılmasında məqsəd də Ə.Naibovun demək istədiklərinin başqa formasıdır. O, Ramil Səfərovu “qatil” adlandırır və iddia edir ki, bu hadisədən sonra “Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Naibov xilas edir”. Bu iddianın özü də L.Yunusun antimilli mövqeyini bir daha ortaya qoydu.
Zahid Oruc L.Yunusun mövqeyini təəccüblə qarşılamır. Onun sözlərinə görə, özünü həddən artıq azadlıqsevər kimi göstərən dairələrin sərgilədiyi mövqeyin daxilində gizlin mətləblər də var.
“Belə ədəbi, siyasi körpüləri keçmişdə də görmüşük. Bəlli olub ki, ermənilərin barış üçün çalışanları əslində işğal gerçəkliyini unutdurmaq, onu qanuniləşdirmək istəyindən irəli gəlir. Məsələ odur ki, bu gün hansısa vahid informasiya məkanından, fikir mübadilələrindən, qarşılıqlı tanımadan, əlaqələrin qurulmasından bəhs edənlər dünənki hərbi təcavüzü həyata keçirənlər və onların övladlarıdır. İndi L.Yunus onların sifətini təmizləyib bizə hansı erməninin mənzərəsini göstərmək istəyir?”-deyə millət vəkili soruşub.
Qeyd edib ki, Ə.Naibovun dublikatını erməni cəmiyyəti özündə bir günün içində linç edər və görk olsun deyə tabutunu gözlər önünə çıxarar: “Leyla Yunus və onun digər silahdaşları nəyə çalışır? Onsuz da zaman və xalq bu şəxslərin qiymətini verəcək. İndi bunlar bizi nədə qınamağa çalışırlar? Sual verilə bilər. 30 min erməniyə dözən azərbaycanlı nədən bu əsəri küfr sayır? Çünki hər bəndi üzrə antiazərbaycan manifestidir və bu obrazda heç kim olmaq istəmir. Əkrəmin təsvir etdiyi ölkə biz deyilik. Odur ki, bu məsələdən çıxış edərək kimsə erməni sevgisini göstərə, onlara nifrət etmədiyini deyə bilər. Amma əsaslı olaraq nifrəti qazanmış erməniyə münasibəti də bu xalqın əlindən ala bilməz”.
Z.Oruc diqqətə çatdırıb ki, L.Yunusun kim olduğunu və hansı maraqlara xidmət etdiyini bu millət bilir və tezliklə bu şəxslər layiqli qiymətlərini alacaqlar.
Asif CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info