“Fiziki məhdudiyyətli gənclərin təhsil haqqından azad olunmasına ehtiyac var”
Tarix: 03.12.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Təranə Şövkət: “Küçə və parklarda, yeni tikilən binaların girişində əlillərin hərəkətinin bəzən düzgün nəzərə alınmaması onlara problem yaradır”

3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Son illərdə ölkədə əlilliyi olan şəxslərlə bağlı bərpa-müalicə sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün məqsədyönlü işlər aparılır. Bu işlərdə əsas məqsədlərdən biri də əlilliyi olan şəxslərə münasibətdə tibbi yanaşma ilə bərabər, sosial modelin tətbiqinə, həmin şəxslərin sosial reabilitasiya potensialı nəzərə alınmaqla onun reallaşmasına şərait yaradılmasıdır. QHT sektoru da əlillərlə bağlı müəyyən fəaliyyətlər göstərirlər. Müsahibimiz “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyinin rəhbəri Təranə Şövkətdir.
-Təşkilatınız haqqında məlumat verərdiniz.
-“Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi həssas təbəqədən olan insanlarla işləyən qeyri-hökumət təşkilatıdır. Birlik Ədliyyə Nazirliyində 29 noyabr 2013-cü il tarixdə dövlət qeydiyyatından keçib.
Əslində birliyin əsas hədəfi, müxtəlif insan qrupları; uşaqlar, gənclər eləcə də ehtiyacı olan bütün insanlardır.
Fəaliyyətimizi də yalnız ölkə ərazisində qururuq. Əsasən isə fiziki məhdudiyyətli uşaq və gənclərin sosial və təhsil problemləri ilə məşğul oluruq. Təşkilatın üzvlərinin sayı 16 nəfərdir. İşləyənlərin sayı 2, könüllülərin sayı isə 24 nəfərdir.
Təşkilatımız həmçinin internat evindən çıxan gənclərə yardım edib, onların problemləri ilə maraqlanaraq mətbuatda işıqlandırıb. Bundan başqa aztəminatlı 700-dən çox ailəyə xeyriyyə yolu ilə toplanmış vəsaitlər hesabına Novruz, Ramazan və Qurban bayramlarında və fərdi şəkildə ərzaq, geyim, yataq ehtiyacları, avadanlıq (televizor 100 ədəd, soyuducu 11 ədəd, paltar yuyan 4 ədəd, digər elektrik avadanlıqları, məktəbli ləvazimatları) ilə yardımlar etmişik. 16 yaşlı fiziki məhdudiyyətli Miriyeva Sürayəni distant təhsilə, 20 yaşlı Mustafayeva Vüsalənin isə birinci dəfədən 5-ci sinfə bərpa olunmasına nail olmuşuq. Fiziki məhdudiyyətli Bağırova Bircəxanımın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunması üçün də köməklik etmişik və hər il onun təhsil haqqı 2000 AZN olmaqla ödənilir. Digər tələbəmiz Məmmədova Sevdanın təhsil haqqına yardım edilir. Ali məktəblərdə, kolleclərdə təhsil alan əlil tələbələrin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına şərait yaradılmasına dəstək veririk. Əlilliyi olan şəxslərin işlə təminatına çalışırıq. 2015-ci ildə 2 nəfərin işlə təmin olunmasına nail olmuşuq.
Müraciət edən ailələrə psixoloji yardımlar da göstərmişik və ya aidiyyəti üzrə ictimai birliklərə, mərkəzlərə yönləndiriliblər.
Şagirdlərin dərslərinin hazırlanmasında olan bəzi problemlərə köməklik edilib, müraciət edənlərə kompüter və rəsm kursları keçilib.
Birliyimiz 2013-cü ildə “Əlilliyi olan uşaq və gənclərin yay düşərgəsi”, 2014-cü ildə “Fiziki məhdudiyyətli gənclər üçün psixologiya, kompüter və bank işi”, “Sən də təhsilə öz töhfəni ver”, 2015-ci ildə “Sərhədsiz idman”, Aprel-Autizm Marifləndirmə ayında “Mavi işıqlandır” və “Şəhər Mədəniyyətinin Videoçarxlar vasitəsilə Təbliği” layihələrini həyata keçirib.
2013-cü ildən bu günə kimi istedadlı fiziki məhdudiyyətli uşaq və gənclərin əl işlərindən ibarət 50-yə yaxın satış sərgi təşkil edərək satışdan əldə olan vəsaiti əl işi sahiblərinə verib.
2013-cü ildə kitab aksiyası keçirərək Gürcüstanda yaşayan soydaşlarımıza 500-dən çox kitab göndərmişik. Çox ağır vəziyyətdə yaşayan 2 ailə isə sponsor himayəsinə verilib. Fəaliyyətimizlə tanış olan insanlar bizə müraciət edərək ehtiyaclı insanların ünvanını götürərək yardım edirlər.
2014 –cü ildə Azərbaycan Rəssamlıq Akademiyasının Sərgi Muzeyində “Saf rənglər-2”, 2015-ci ildə isə “Saf rənglər-3” festivallarının iştirakçısı olmuşuq. İştirakçılarımızdan Nağıyeva Şəhla 1-ci yerin qalibi olub.
Bundan başqa ali məktəblərlə əməkdaşlıq edir, ADA Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində sərgilər keçirmişik.
Mütəmadi olaraq əlillərin mədəni-kütləvi istirahətini təşkil edir, konsert və tamaşalara aparırıq. Fəaliyyətimiz haqqında çox danışmaq olar. Hesab edirəm bu qədər bəs edər.
-Əlillərin, ehtiyacı olanların problemlərinin həlli istiqamətində xeyli işlər görürsünüz. Bəs dövlətdən necə, sizə hansısa dəstək, qayğı varmı?
-Bu suala bir neçə cavab verərdim. Öncə onu deyim ki, ictimai birliklərin dövlətin inkişafında özünəməxsus yeri var. Əlbəttə biz çatışmazlıqları, uyğunsuzluqları müzakirə edərək dövlətin müzakirəsinə çıxarırıq. Təbii ki, aidiyyəti dövlət qurumları qaldırılmış məsələləri araşdıraraq müsbət həlli üçün iş görür. Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəmiyyətimiz üçün, ölkəmizin inkişafı və xalqın mənafeyinə xidmət edən layihələri dəyərləndirir. Amma yerli icra qurumlarından demək olar dəstək görmürük. Onlar ictimai birliklərlə az əməkdaşlıq edir və həlli onlardan asılı olan problemlərin həllində kömək etmir, ya da bizə problemi həll etməyə icazə vermirlər. Bu mənada çox istərdim, icra hakimiyyətlərinə bu barədə tapşırıqlar verilsin.
-Bəs əlillərin əsas problemləri nələrdir və bununla bağlı hansı təklifləriniz olardı?
-Bilirsiniz ki, əlillik bir çox səbəblərdən yaranır. Anadangəlmə və sonradan qazanılan. Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə, Çernobıl qəzasının aradan qaldırılmasında əlil olanlara, 20 yanvar əlilləri və eləcə də şəhid ailələrinə xüsusi diqqət var. Onların mənzil və avtomobil ilə təminatı geniş miqyasda həyata keçirilir. Ancaq 1970-ci ildən mənzil növbəsində duran uşaqlıqdan və ümumi xəstəliklər səbəbindən əlil olan şəxslərin mənzil təminatı olmaması ilə də rastlaşırıq. Gecəqondu evlərdə və ya darısqal, bir neçə ailənin bir yerdə məskunlaşdığı ailələrdə çox zaman dünyaya gələn uşaqlarda ciddi problem olur və yaxud bu uşaqlar erkən yaşlarından əlillik statusu qazanır. Digər problemlər yeni salınmış küçə parklarda, yeni tikilən binaların girişində ramlar (panduslar) çox azdır. Səkilərdə, dayanacaqlarda fiziki məhdudiyyətli şəxslərin hərəkəti üçün maneələr çoxdur. Əhali ilə əlilliklə bağlı maarifləndirmə işləri aparılmalıdır ki, onlar küçədə hansısa əlil arabası istifadəçisini və ya digər hərəkəti məhdud olan şəxs gördükdə “qulaq çəkmək”, “sədəqə vermək” kimi hərəkətlər etməsinlər. Əksinə bunu normal qəbul edərək əlilliyi olan şəxsə təhqir olunmayacaq formada qayğı göstərsinlər.
Bakı şəhərində əlillər üçün idman mərkəzləri, üzgüçülük hovuzları demək olar ki yoxdur. Buna tələbat olduqca çoxdur. Nəzərə almaq lazımdır ki, az müavinət alan fiziki məhdudiyyətli bir gəncin bütün bunlardan yararlanması üçün Sumqayıt şəhərinə gedib-gəlməsi mümkünsüzdür.
Fiziki məhdudiyyətli gənclərin təhsil haqqından azad olunmasına ehtiyac çoxdur. Hesab edirəm, dövlətimiz bu sahədə müvafiq tədbir görərək onların təhsilinə kömək edəcək. İdarə, müəssisə rəhbərləri əlilliyi olan şəxslərin işlə təmin olunmasına az kömək edirlər. Mövcud kvotanın zəif işləməməsi əlillərin işlə təmin olunmasını ləngidir.
Hətta tibb müəssisələrində bəzən çox böyük soyuqqanlılıqla qarşılaşırıq. Xəstələrimizə soyuq münasibət sərgilənir və bunlarla əlaqədar bizə müraciətlər edilir.
- Küçə və parklarda, yeni tikilən binaların girişində ramlar (panduslar) quraşdırılmamasından gileyləndiniz. Bu barədə aidiyyəti qurumlara məlumatlandırmalar edirsizmi?
- Ticarət mərkəzləri və keçidlərdə xüsusi qurğular vasitəsilə fiziki məhdudiyyətli insanlar rahat hərəkət edə bilir. Təəssüflər olsun ki, keçidlərdə, bir çox küçələrdə quraşdırılan ramlar standartlara uyğun olmur. Dünya standartlarına əsasən ramlar 7-9 dərəcə bucaqda olmalıdır. Belə olduğu halda, bizdə onlar 45 dərəcəli bucaq altında tikilir ki, bundan da əlil arabası istifadəçiləri çox vaxt istifadə edə bilmir, nəticə etibarilə, keçidlərdəki ramlar istifadə olunmadığından mövcud pilləkənləri ensizləşdirdiyindən, əhalinin hərəkətinə mane olur.
Maarifləndirici tədbir kimi əsasən sosial şəbəkələrdə paylaşımlar edilir. Müvafiq təşkilatların ünvanına iradlar söylənilir. Təəssüflər olsun ki, bizdə bu cür layihələrin icrasını qəbul edən komissiya yoxdur.
-Əvvəlki illərlə müqayisədə əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı hansı müsbət addımlar var?
- Prezident İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və nazir Səlim Müslümov əlilliyin qarşısının alınması və reabilitasiya işlərinin görülməsi sahəsində çox işlər görürlər. Bunun nəticəsidir ki, hazırda əlillərlə işləyən ictimai birliklər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki “Sağlamlıq imkanları məhdud şəxslərin peşə reabilitasiyası mərkəzi” tərəfindən əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı çoxsaylı layihələr həyata keçirilir. Müxtəlif tədbirlər vasitəsilə onların potensial və bacarıqları nümayiş etdirildikcə fiziki məhdudiyyətli şəxslərdə ruh yüksəkliyi, pozitivlik, özünə inam hissi yaranır. Bu gün onlar açıq fikrə sahibdirlər, cəmiyyətdə gedən proseslərə qarışır, problemləri söyləyirlər.
İdman yarışlarına qoşularaq böyük nailiyyətlər əldə edirlər.
Bir neçə inkluziv bağça və məktəb var ki, bu da əlilliyə erkən müdaxilə olunmasına, uşaqların inkişafına kömək olur.
Azərbaycan Milli Paralimpiya Komitəsi və Uşaq Paralimpiya Komitəsi yaradılıb və çox böyük nailiyyətlər əldə edilib.
-Mətbuatın əlillərin problemlərinin təbliği işində rolu nədən ibarətdir? Hansı təklifləriniz olardı?
-Mətbuat QHT-lərlə sıx əlaqədə olmalıdır, fiziki məhdudiyyətli şəxslərlə görüşlər keçirərək onları dinləyib neqativ halları, mövcud problemləri, bəzi məmur özbaşınalıq və hörmətsizliklərini işıqlandırmalıdır.
QHT-məmur debatı təşkil edilsə, zənn edirəm, daha çox nailiyyət əldə etmək olar. Mətbuat və televiziya işçilərinə əlillik barəsində düzgün terminlər işlədilməsi barədə seminar keçirilməlidir. Televiziyalarda tez-tez “fiziki qüsurlu”, “qüsurlu insan” sözləri işlədilir ki, bu da əlilliyi olan şəxslərin təhqir olunmasına dəlalət edir. “Qüsur” yox, “məhdudiyyətli deyilsə” daha məqsədəuyğun olar. Yuxarıda sadaladığım keçidlərin, dayanacaqların, küçələrin, parkların, binaların fiziki məhdudiyyətli insanlara müəssər olmaması, onların faktlarını mətbuatda işıqlandırmaqla kömək etmək olar. Əllliyi olan şəxslərin, fiziki məhdudiyyətlilərin istedad və bacarıqlarını əks etdirən materialların(reportaj, məqalə və s.) hazırlanaraq cəmiyyətə ötürülməsi (yayımlanması) digər fiziki məhdudiyyətli şəxslərə, onların ailələrinə stimul verəcək. Əlillərin bacarıqlarını əks etdirən sərgilərin, konsertlərin, debatların təşkil olunması da yaxşı olardı.
Sonda onu da deyim ki, bu cür insanların çoxu xüsusi istedada malik olurlar, onların əksəriyyəti azından əla toxuma işləri görürlər, şəkil çəkir, müxtəlif əl işləri, suvenirlər düzəldirlər. Ancaq mütəmadi olaraq bu işlərin realizasiya olunması üçün mağazalar yoxdur. Bu isə mütləq olmalıdır. Bu, onların büdcəsinə də müsbət təsir edər.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info