“Fəxri adlar almışların davranışları diqqətdə saxlanmalıdır”
Tarix: 15.02.2013 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Əkrəm Naibovla bağlı parlamentin xüsusi iclasının keçirilməsi təklif edildi
Dünən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 9 məsələ, o cümlədən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” daxil idi. İclasda “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi də müzakirə edildi.
Qeyd edək ki, dünənki iclasda cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri müxtəlif problemlərə toxundular. Millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin icra strukturlarının rəhbərlərinə xəbərdarlığına toxundu. O, bu məsələdə millət vəkillərinin dövlət başçısı ilə həmrəy olmasını zəruri saydı. Millət vəkili Etibar Hüseynov çıxışında Əkrəm Naibovun “Daş yuxular” romanına toxundu. O dedi ki, müvafiq dövlət qurumları fəxri adlar almış adamların davranışlarını diqqət mərkəzində saxlamalıdır. Etibar Hüseynov təklif etdi ki, bununla bağlı Milli Məclisin xüsusi iclası keçirilsin.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev dedi ki, dövlət başçısının söylədikləri hər bir vətəndaşın ürəyində olan fikirlər idi. Onun sözlərinə görə, məmurlar vətəndaşlara xidmət etməlidir: “Seçicilərimin müraciəti ilə bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan-İran sərhəd-keçid məntəqəsində İran məmurları Azərbaycan vətəndaşlarını təhqir edir, aşağılayırlar. Hətta vətəndaşların keçidini süni şəkildə gecikdirmək üçün kompyuteri söndürürlər. Bunu aidiyyəti orqanlar araşdırmalıdır. İran vətəndaşlarına biz çox hörmətlə yanaşırıq. İran sərhədindəki məmurlar isə belə etmirlər. Bu məsələ araşdırılmalıdır”.
Millət vəkili Adil Əliyev “Azəristilik”in fəaliyyətindən şikayətini bildirdi: “Bundan əvvəl parlamentdə çıxış edərkən qaldırdığım məsələ “Azəristilik” tərəfindən həll olunmayıb, seçicilərimin istilik problemi həllini tapmayıb”.

28 bələdiyyədə ciddi qanun
pozuntuları

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzədə qeyd etdi ki, ötən il inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52 min 370 bələdiyyə aktı daxil olub. Bu, 2011-ci illə müqayisədə 64 faiz çoxdur. Təqdim olunmuş bələdiyyə aktlarına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilib. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilib və onların qanuna uyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib. Bələdiyyələr tərəfindən bu təkliflər qəbul olunub, 5 aktla bağlı məhkəmələrdə iddia qaldırılıb, onlardan 4-ü təmin edilib.
Həyata keçirilən tədbirlər nəticəsində il ərzində 8 min 970,47 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. İnzibati nəzarət tədbirləri nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
İl ərzində bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanıb.
Daha sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olundu.
Millət vəkili Elmira Axundova isə qeyd etdi ki, son illərdə yerli özünü idarəetmə orqanlarına diqqət artırılıb. Bələdiyyələrin hüquqi maarifləndirilməsi baxımından tədbirləri yüksək dəyərləndirən E.Axundova bu il bələdiyyə rəhbərləri ilə Milli Məclis üzvləri arasında görüşlər keçirilməsini təklif edib: “Çünki biz bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxlu sayda şikayətlər alırıq. Torpaqda çalışan insanlar hələ də bilmək istəmirlər ki, torpaqlar hərrac yolu ilə satılır. Buna görə də rayonlardakı insanlara torpaq və bələdiyyə qanunvericiliyi ilə bağlı məlumatlar verməlidirlər. Bələdiyyələrin əlavə gəlir mənbələri olmalıdır”.
Millət vəkili Əli Məsimli isə təklif etdi ki, 2020-ci ilə qədər olan dövrdə bələdiyyələrin inkişaf istiqamətləri ilə bağlı dövlət proqramı hazırlansın: “Bələdiyyələrin statusu artırılsın, onlara tam və müstəsna səlahiyyət verilsin”.
Millət vəkili Qüdrət Həsənquliyev də bələdiyyələrə verilən səlahiyyətlərin artırılmasını təklif etdi.
Millət vəkili Zahid Oruc isə bələdiyyə sədrini yerli əhalinin seçməsini təklif etdi.
Deputat Siyavuş Novruzov dedi ki, Türkiyədə kəndə bir muxtar seçilir və bu kifayət edir: “Azərbaycanda da kənddə bələdiyyədə bir nəfərin olması kifayətdir. Rayonlarda hazırda bələdiyyənin 18 üzvü var. Bu, nəyə gərəkdir? 3 nəfər rayon üçün kifayətdir”.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd etdi ki, Prezident tərəfindən qəbul edilən “Açıq hökumət üzrə milli fəaliyyət planı”nda əsas məsələlərdən biri də bələdiyyələrdə qulluğa qəbulun müsabiqə yolu ilə keçirilməsidir: “Artıq bununla bağlı iş başlanıb. Bütün bələdiyyələrə müsabiqə ilə əlaqədar tövsiyə məktubu hazırlanıb. Bir neçə bələdiyyədə müsabiqənin keçirilməsinə başlanılıb. 2015-ci ilə qədər bu proses həyata keçiriləcək”.
Müzakirələrdən sonra məruzə parlament tərəfindən qəbul edildi.
İclasda qrant və ianələri qeyri-rəsmi alanlara qarşı cərimələr təsdiqlənib. Eyni zamanda "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun da qəbul olunub. Qanuna görə uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik də müzakirəyə çıxarılıb. Dəyişiklik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu dərəcələri ilə bağlıdır. Sənəd səsvermədə qəbul edilib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info