Azərbaycanda bu il keçiriləcək bütün qəbul imtahanlarının günləri açıqlandı
Tarix: 15.02.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən yeni tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, həmçinin qəbul imtahanlarının günlərinin elan olunması və “Abituriyent” jurnalının 1-ci sayının təqdimatı ilə bağlı mətbuat konfransı keçirdi.
TQDK sədri bildirdi ki, komissiya tərəfindən 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. M.Abbaszadə qeyd etdi ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək: “Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq. Ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 9-dan mayın 15-dək, ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək keçiriləcək. Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı 1-20 may tarixlərində olacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsi mayın 19-da Bakıda və bölgə mərkəzlərində olacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində iştirak etmək istəyənlər ərizələrini mayın 8-dək təsdiqlətməlidirlər, əks halda onlar imtahanın ikinci mərhələsində iştirak edəcək. İyunun 23-də isə rus bölməsi üzrə Azərbaycan dili imtahanının II mərhələsi yalnız Bakıda keçiriləcək. Hərbi liseylərə ərizə qəbulu 15 aprel-25 iyun tarixlərində aparılacaq. Magistraturaya sınaq imtahanı 17 fevral, magistraturanın I mərhələsi üzrə qəbul imtahanı 3 mart, II mərhələsi isə 23 iyunda keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq. Ali məktəblərin müxtəlif istiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək olacaq. Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinin (tam orta təhsil bazasında) müsabiqəsi və yerləşdirilməsi 18-22 avqustda aparılacaq”. Qeyd olundu ki, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 17 iyul-15 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanı 5-13 avqustda, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə 25 avqustda keçiriləcək. Orta ixtisas müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9-12 sentyabrda baş tutacaq. Rezidenturaya sınaq imtahanı 17-18 avqustda, sənəd qəbulu 14-23 avqust, qəbul imtahanı isə 9-10 sentyabrda keçiriləcək. Orta məktəblərə monitorinq imtahanları aprel-may aylarında keçiriləcək. Buraxılış imtahanları (eksternat və təkrar buraxılış imtahanları daxil olmaqla), iyunda, peşə liseylərinə buraxılış imtahanları 17 martda olacaq.

Ali məktəblərə qəbul
imtahanlarının tarixləri məlum olub


TQDK sədri 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqladı. M. Abbaszadə bildirdi ki, ilk imtahan III ixtisas qrupu üzrə keçiriləcək. Belə ki, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 28-də keçiriləcək: “Bu, hələlik layihə şəklindədir. Qəbul imtahanlarının tarixləri müvafiq qurumlarla dəqiqləşdirilib. Hava şəraiti və ya digər səbəblərdən imtahan tarixində dəyişiklik ola bilər. Ötən il də qəbul imtahanlarının tarixini əvvəldən elan etsək də, sonradan buraxılış imtahanları ilə əlaqədar tarixlər dəyişdirildi. İmtahanların tarixi əks olunan cədvəl gələn həftədən TQDK-nın saytında veriləcək”.

2013/2014-cü tədris ili üçün tələbə qəbulu
qaydaları açıqlandı

TQDK sədri 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun qaydalarını da açıqladı. M.Abbaszadə bildirdi ki, bütün qaydalar və qəbul imtahanı proqramları “Abituriyent” jurnalının 1-ci sayında dərc olunub. Onun sözlərinə görə, bununla da bu ilin qəbul kampaniyası başlayıb: “Bu qəbul qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib və hüquqi cəhətdən qaydalarda heç bir dəyişiklik yoxdur. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər təyin olunacaq vaxtda internet vasitəsi ilə “Abituriyentlərin elektron ərizəsi”ni dolduraraq müvafiq sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Bu il də bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. Belə ki, I ixtisas qrupunda - riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək”. TQDK sədri abituriyentlərə və müəllimlərə bu jurnalla tanış olmağı məsləhət görüb. Onun sözlərinə görə, çox zaman müəllimlər burada olan proqramlarla tanış olmadan abituriyentləri hazırlaşdırırlar: “Amma bu proqramı abituriyent, müəllim və valideynlər mütləq oxumalıdır. Buna əsasən da abituriyentlər bilərlər ki, cari ildə qəbul qaydalarında hansı dəyişikliklər edilib. Bundan əlavə, nəyi yaxşı bilirlər, nəyisə təkrar etməlidirlər. Jurnalda builki qəbul imtahanlarında istifadə olunacaq test nümunələrinə uyğun olan müəyyən test nümunələri verilib. Bəzən imtahan qurtarandan sonra müəyyən fikirlər səsləndirilir ki, suallar çətin olduğundan abituriyentlər aşağı nəticə göstəriblər. Amma bir daha bildirirəm ki, bu suallar yarım il bundan öncə elan edilib. Bu gün də hansı elmi müzakirə tələb olunursa, biz bunları aparmağa hazırıq”.

TQDK sədri:
“Monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə ehtiyac yoxdur”

M.Abbaszadə bildirdi ki, bu il Azərbaycanda orta məktəblərin şagirdləri arasında monitorinq imtahanlarının yalnız V, IX və XI siniflərdə keçirilməsi nəzərdə tutulur. TQDK sədri qeyd etdi ki, bu siniflərdə monitorinq imtahanlarının müəyyən fənlərdən keçirilməsi planlaşdırılır: “Ancaq bu il digər siniflərdə də monitorinq imtahanları keçirilə bilər. Aprel-may aylarında keçiriləcək monitorinq imtahanları bütün ölkə üzrə təşkil olunmayacaq. Bu imtahan yalnız seçilmiş müxtəlif orta məktəblərdə keçiriləcək. Monitorinq imtahanının keçirilməsi üçün rayon, şəhər, uzaq kənd məktəbləri seçiləcək. Bununla da müxtəlif məktəblər və siniflər üzrə şagirdlərin biliyi yoxlanılacaq”. Komissiya sədri monitorinq imtahanlarına hazırlıq adı ilə məktəblərdə müxtəlif test imtahanlarının keçirilməsinə də aydınlıq gətirib: “Rayon təhsil şöbələri və məktəblərin özləri tərəfindən keçirilən hər hansı test imtahanının TQDK-ya heç bir aidiyyəti yoxdur. Bizə məlumatlar daxil olur ki, bəzi məktəblərdə test imtahanları keçirilir və deyilir ki, guya bu imtahanlar TQDK tərəfindən keçirilir. Bu, belə deyil. Monitorinq imtahanlarını biz yalnız aprel-may aylarında keçirəcəyik. Monitorinq imtahanlarından əvvəl şagirdlərin hazırlıq məqsədilə hər hansı imtahanda iştirak etməsinə isə ehtiyac yoxdur”.

Azərbaycanda peşə liseylərinin buraxılış
imtahanları da TQDK tərəfindən keçiriləcək


TQDK sədri bildirdi ki, bu ildən etibarən Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək. Komissiya sədri qeyd etdi ki, ötən il buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən aparılıb. Onun sözlərinə görə, bu ildən isə həm 9, həm də 11 illik bazadan peşə liseylərində buraxılış imtahanları komissiya tərəfindən aparılacaq: “Bu buraxılış imtahanları orta məktəblərin buraxılış imtahanları ilə müqayisədə daha tez keçiriləcək. Peşə liseylərinin buraxılış imtahanlarının tez keçirilməsi həqiqi hərbi xidmətə çağırışla əlaqədardır. Çünki peşə liseylərinin məzunları aprelin 1-dən hərbi qulluğa çağırılırlar”. TQDK sədri qeyd edib ki, bu ildən “Tələbə-Məzun” Dövlət Elektron Sisteminə peşə liseyləri ilə də bağlı məlumatlar yerləşdiriləcək. Onun sözlərinə görə, ancaq hazırda bazanın doldurulması ilə bağlı müəyyən problemlər var. Peşə liseylərinin rəhbərləri müvafiq məlumatları TQDK-ya tez təqdim etsələr, onların buraxılış imtahanlarını vaxtında keçirmək mümkün olacaq. Komissiya sədri vurğulayıb ki, peşə liseylərinə buraxılış imtahanları martın 17-də təşkil olunacaq.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info