“Radikal müxalifət Əkrəmin əsərinin ərsəyə gəlməsində əsas rol oynayıb”
Tarix: 15.02.2013 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Aydın Hüseynov: “Bu qüvvələr nəinki xalqın iradəsini təmsil edən iqtidara, bütün Azərbaycan xalqına qarşı çıxırlar”

Cümşüd Nuriyev: “İctimai palata” və “ziyalılar forumu” Əkrəm Naibovla oxşar fəaliyyət göstərir”


Əkrəm Naibovun antiazərbaycan əsəri haqlı olaraq ictimai qınağa səbəb oldu və demək olar ki bütün ölkə ictimaiyyəti, bütün dünya azərbaycanlıları tarixin təhrif olunduğu, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının tapdalandığı, 20 faiz torpağının işğal olunması faktının danıldığı bu əsərə layiqli qiymətini verdi. Amma ölkədə bəzi dairələr Ə.Naibovun müdafiəsinə qalxdılar. Sonradan ictimai qınaqdan çəkinərək bu əsərə layiqli qiymət vermək əvəzinə susma mövqeyində gözləməyi üstün tutdular.

Təbii ki, hansısa əsərə, yaxud fikrə müxtəlif mövqe sərgiləmək hər kəsin haqqıdır və bu ölkədə heç kimin bu haqqı tapdalanmır. Amma müzakirə mövzusu ümummilli, dövlətçilik maraqları olduğu məqamda qalxıb bunu müdafiə etmək, ona etiraz edənlərə qarşı ittihamlar irəli sürmək iki fikri formalaşdırır. Ya bu qüvvələr Ə.Naibovun düşüncəsində, kimliyində özlərinə yaxın nələrsə olduğunu hesab edirlər, yaxud da bu düşüncədə və kimlikdədirlər. Ya da bu qüvvələrin, söhbət ümummili maraqlardan getsə belə, öz çıxarları var və bu çıxarları heç nəyə qurban vermək istəmirlər, hətta düşmən ölkənin maraqlarının müdafiəsi hesabına olsa da. Birinci fikrin nə qədər həqiqətə yaxın olduğunu demək olmasa da, hər halda Ə.Naibovu müdafiə etməklə bu qüvvələr onunla eyni düşüncədə olduqlarını, yaxud bu düşüncələri paylaşdıqlarını göstərdilər. Amma ikinci fikir, yəni şəxsi maraqların dairəsində “hərlənmək” və bu maraqlara hər şeyi qurban verməyə hazır olmaq onlara yaxın amillərdir.
Ə.Naibovu müdafiə edənlərin sırası nə qədər seyrək olsa da, onların kimliyi, məqsədi və fəaliyyəti maraqlıdır. Belə ki, reneqat Eldar Namazovun dəstəsi “Daş yuxular” romanını müdafiə edən ilk dairələrdəndir. Lakin onlar sonradan susmaq mövqeyinə keçdilər ki, susmağın özünün razılıq əlaməti olduğunu nəzərə alsaq, bu dairənin əsərdən əvvəlcədən xəbərdar olduğunu ehtimal etmək olar. Çünki Ə.Naibov E.Namazovun rəhbərlik etdiyi “ziyalılar forumu”na yaxın şəxs idi və böyük ehtimalla əsərin ilk müzakirəsini öz “ailə masasında” təşkil etmişdi. Əsərin üzə çıxması isə “masa” üzvlərinin razılığını göstərir. Əgər onlar buna qarşı olsaydılar, ya əsərin nəşrinə mane olar, ya da heç olmasa ictimaiyyəti xəbərdar edərdilər. Başqa bir ehtimala görə isə, onlar “ziyalılar forumu”nun imicinə zərbə vurulacağından ehtiyatlanaraq, danışmayıblar.
Ə.Naibovun “müdafiəçiləri” sırasına “ictimai palata” və bu qurumun ətrafındakı təşkilatlar da daxildir. Onların arqumentləri isə yanlış olduğu qədər maraqlıdır. Çünki əsərdə Azərbaycanın yaxın keçmişi ilə bağlı xeyli təhqiramiz fikirlər səsləndirilir, radikal müxalifət kəsiminin ideoloji dayaqları adlandırdıqları Əbülfəz Elçibəy və həmin dövrün insanları olduqca mənfi, həqiqətə uyğun olmayan formada göstərilir. Buradan sual doğur: “ictimai palata” təmsilçiləri və ətrafındakılar özlərinə ünvanlanmış küçə söyüşlərini ifadə azadlığı, insanpərvərlik kimi qəbul edərlərmi? Onların humanizm nöqteyi-nəzərindən çıxış etmələri və susmaları onu deməyə əsas verir ki, bu qüvvələr hansısa maraqlar naminə bu əsəri qəbul edirlər. Lakin bu maraqlar nədirsə, milli maraqlardan çox uzaq olduğu aydındır. Onların mövqeyindən belə anlaşılır ki, bu qüvvələr “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edirlər. Yəni iqtidara qarşı olan, yaxud iqtidarın qəbul etmədiyi hər nə varsa onlar üçün “dostdur”. Amma, Ə.Naibovun yazdığına “bu, bədii əsərdir” deyərək haqq qazandıranlar bilməlidilər ki, bu tipli yazılar erməni millətçilərinin əlində bayraq edilir. Ola bilməz ki, bunun belə olduğunu radikal müxalifət bilməsin.
Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirənlərdən biri də Rüstəm İbrahimbəyovdur. Bu şəxsin ermənilərə simpatiyası olduğu gizlin deyil və dəfələlərlə bunu onun dilindən də eşitmişik. Hətta, o, Bakını ermənilərsiz təsəvvür etmədiyini belə dilə gətirir. Belə bir əsərin ortaya çıxması isə görünür, Rüstəm bəyin erməni sevgisini nümayiş etdirməsi üçün göydəndüşmə oldu.
Bu əsərin müdafiəsinə qalxmaq uzun illərdir “hüquq müdafiəçisi” adı altında Azərbaycanın daxilində erməni maraqlarına xidmət edən Leyla Yunusa da müəyyən dividentlər qazandırır. Məhz buna görə də Ə.Naibovun şəksiz müdafiəçisi kimi çıxış edən L.Yunus bununla Ermənistanın “Region” Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi “publicdialogues.info” saytına əvəzsiz mövzular tapdı. Həmçinin, o, “müdafiəçi” qismində maliyyə aldığı erməni lobbisinə də yarınır. Onun Ramil Səfərovu “qatil” adlandırması və bu hadisədən sonra “Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Naibov xilas edir” deməsi L.Yunusun kimliyini şərhsiz ortaya qoyur.
Təbii ki, Ə.Naibovun müdafiəçilərinin kim olduğunu və hansı məqsədlərə xidmət etdiyini Azərbaycan xalqı da yaxşı anlayır.

“Ola bilsin, radikal müxalifət Ə.Naibovu buna təhrik edib, indi də müdafiəsinə qalxıb”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov da “Palitra”ya açıqlamasında bildirib ki, xalq bu qüvvələri tanıyır və buna görə də onların heç birinə dəstək vermir. Onun sözlərinə görə, “ictima palata” və Ə.Naibovu müdafiə edən digərləri onun bu hərəkətlərinə, Azərbaycan xalqının heysiyyətinə toxunmasına, Azərbaycan tarixini təhrif etməsinə, ermənilərə göstərdiyi xidmətlərinə susurlarsa, deməli onunla eyni düşüncədədirlər: “Ə.Naibovun yanında olduğu bu qüvvələr bu yazının ortaya çıxacağını və necə yazıldığını əvvəlcədən bilirdirlər. Onlar üçün bu, yeni fakt olmadığına görə də susurlar. Bu qüvvələr, harda Azərbaycan xalqının mənafeyi varsa, orda özlərini görmürlər. Harda milli maraqlardan söhbət gedirsə, ordan həmişə kənar gəzirlər. Onlar üçün əsas olan şəxsi və siyasi maraqlardır. Bu məsələdən, xalqın buna etirazından da siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar”.
Siyasi Şuranın üzvü qeyd edib ki, bu gün Azərbaycan iqtidarı xalqın iradəsini ifadə edir və iqtidarın sözü xalqın, xalqın sözü iqtidarın sözü deməkdir. Onun sözlərinə görə, bu qüvvələr nəinki xalqın iradəsini təmsil edən iqtidara, həm də bütün Azərbaycan xalqına qarşı çıxırlar.
“Hər kəs bilir ki, bu yazı bir günün işi deyil. Bu, əvvəldən yazılmış bir yazıdır və Ə.Naibovun təmsil olunduğu “ziyalılar forumu”nda müzakirə edilib. Çünki yazıçılarda belə bir xüsusiyyət var ki, onlar nəyisə həmişə ətrafında müzakirə edir, dəstək axtarır. Bu baxımdan, onların əvvəldən bundan xəbərləri olub. Həmçinin, radikal müxalifət də burda əsas rol oynayıb. Həta ola bilsin ki, radikal müxalifət Ə.Naibovu buna təhrik edib, indi də müdafiəsinə qalxıblar”-deyə o, diqqətə çatdırıb.
A.Hüseynov R.İbrahimbəyovun Ə.Naibovun müdafiəsinə qalxmasına da münasibət bildirib. Deyib ki, bu şəxs də Ə.Naibovun təmsil olunduğu qurumda təmsil olunur və buna ən çox sevinənlərdən biri də odur: “R.İbrahimbəyovun erməni sevgisi bəlli məsələdir. Bu şəxs heç vaxt Azərbaycan maraqlarını müdafiə etməyib. İndi isə əlinə yaxşı fürsət düşüb. O, bir sıra ittihamlar səsləndirir, Azərbaycanda demokratiyanın olmamasını iddia edir. Yaxşı olar ki, öz erməni sevgisini, ermənilərə göstərdiyi xidmətlərini, maliyyə fırıldaqlarını və hansı məqsədlər üçün siyasətə atıldığını düşünsün. Anlasın ki, bu millət onun kim olduğunu yaxşı bilir və heç vaxt bu kimi ittihamlara, iddialara səs verməz. Hesab edirəm ki, Azərbaycan xalqının qiymət verdiyi bu qüvvələrə bir gün tarix də dərs verəcək”.
L.Yunusun bu məsələdə canfəşanlıq etdiyinə gəlincə, A.Hüseynov bildirib ki, bu şəxsin adını eşidəndə gözümüzün önündə erməni obrazı canlanır. Onun sözlərinə görə, L.Yunusdan bundan artığını gözləmək də olmaz.

“Özünə, nəslinə, xalqına hörməti olan Əkrəmi müdafiə edə bilməz”

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev isə Ə.Naibovu müdafiə edənlərin psixoloji problemlərinin olduğunu hesab edir. Onun sözlərinə görə, kimsə müxalifətdə olan adam haqqında bir fikir söyləyirsə, onu iqtidarın siyasəti hesab edən və müdafiəsinə qalxan radikal müxalifət və onların yaxın çevrəsi bununla ümummilli maraqlara zərbə vuran şəxslə eyni pillədə dayandıqlarını göstərirlər.
“Bu qüvvələr əvvəlcə hay-küy qaldırdılar, sonra isə susdular. Bir tərəfdən bildirirlər ki, bu əsərdəki fikirlər ilə razılaşmırıq, digər tərəfdən isə bildirirlər ki, bu söz azdlığı olmalıdır. Bu söz azadlığı onların liderləri olan Əbülfəz Elçibəyi biabırçı şəkildə, açıq mətnlə biabır edir. Belə çıxır ki, bu insanlarda mənəviyyat yoxdur. Əgər ölkənin, xalqın apardığı bir hərəkatı Əkrəm Naibovun qələmə verdiyi kimi qəbul edirlərsə, onda Əkrəm Naibovun onlar haqqında söylədiyi sözləri də qəbul edirlər. Özünə, nəslinə, xalqına hörməti olan insan Əkrəm Naibovu müdafiə edə, dəstəkləyə bilməz. Onlar Əkrəm Naibov kimi erməni dəyirmanına su tökürlər. Onların bu addımının Ermənistan Yazıçılar Birliyinin atdığı addımla heç bir fərqi yoxdur. “İctimai palata”nın öz dövlətlərinə, xalqına hörməti yoxdur. Əksinə, ermənilərə yarınmaqdan başqa bir şey deyil”-deyə politoloq qeyd edib. Politoloq hesab edir ki, radikal müxalifət xaricdən tapşırıq alıb ki, iqtidar nəyi müdafiə edirsə onun əleyhinə çıxsınlar, yaxud əksinə: “Bu şəxslərin milli maraqlarda belə öz sözləri yoxdur. Çünki bu, onlar üçün əsas deyil. Rüstəm İbrahimbəyovun özü də hansısa dairələrdən tapşırıqlar alaraq Ə.Naibovun müdafiəsinə qalxır. Bu həmin şəxsdir ki, vaxtilə “ermənilər gedəndən sonra Bakıda elita qalmayıb” deyirdi, indi də eyni tezisdən çıxış edir”.
C.Nuriyev onu da qeyd edib ki, R.İbrahimbəyov, L.Yunus və radikal müxalifətlə Eldar Namazovun dəstəsi Ə.Naibov ilə oxşar fəaliyyət göstərir və Azərbaycan maraqlarına qarşı çıxırlar.

Asif NƏRIMANLI




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info