Müsavatdan Əli Kərimlini sıradan çıxaracaq kart-blanş təklifi
Tarix: 16.02.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Bu cür gedişlər ictimai rəylə manipulyasiya etməyə hesablanıb”

Müxalifət düşərgəsinin radikal kəsimində yer alan AXCP və Müsavatın prezident seçkilərində əsas namizəd olmaq savaşı davam edir. Bəzən bu savaş açıq, bəzən gizli formada getməsinə baxmayaraq, hər iki partiyanın əsas hədəfi digərinin namizədini sıradan çıxarmaq və heç olmasa, “ictimai palata” adlanan qurumun vahid namizədi olmaqdır.
Bu istiqamətdə artıq iki ilə yaxındır ki, qarşılıqlı “zəiflətmək, sıradan çıxarmaq” siyasəti aparılır. Belə ki, cəbhəçilər Müsavat başqanı İsa Qəmbəri müxtəlif formalarda gözdən salmağa çalışır, müsavatçılarsa bunu cavabsız qoymurlar. Hətta dəfələrlə bu partiyaların daxilində “guya ümumi müxalifətin seçkisi kimi” seçki oyunları aparılaraq öz sədrlərinin üstün səsini təmin edəcək səsvermələr keçirilib.
Hazırda isə bu partiyaların eyni qurumda təmsil olunmasına baxmayaraq, onları siyasi müttəfiq kimi deyil, daha çox “mehriban düşmən” obrazında görmək olar. Düşərgədəki proseslər AXCP və Müsavatın eyni namizədinin olmayacağına əminlik yaratsa da, hər iki partiya digərinin güzəştə getməsi üçün əlindən gələni edir. Nəzərə alınmalıdır ki, bir müddət əvvəl İ.Qəmbərin tələsik namizədliyini irəli sürməsinə də AXCP-nin önə çıxması səbəb olmuşdu. Çünki AXCP sədri Əli Kərimli Müsavatsız yeni birlik yaratmaq istiqamətində bir sıra gedişlər etdi. Bunun nə dərəcədə alındığını demək olmasa da, bütün hallarda Ə.Kərimlinin İ.Qəmbəri sıradan çıxarmaq cəhdi idi. İ.Qəmbərin əks addımları isə özünü çox gözlətmədi. Bugünlərdə 7 kiçik partiyanın Müsavatla koalisiyaya getməsi və İ.Qəmbəri dəstəklədiklərini bəyan etməsini də məhz Ə.Kərimliyə qarşı revanş hesab etmək olar.
Maraqlı olansa hər iki partiyanın digərini güzəştə məcbur etməsi istəyinin hələ də olmasıdır. Belə ki, Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli Ə.Kərimlinin İ.Qəmbərə 2014-cü ilin sonuna qədər kart-blanş verməsini təklif edib..
Qeyd edək ki, kart-blanş razılaşma, problem yaratmamaq, icazə vermək deməkdir. Daha çox hansısa dövr üçün nəzərdə tutulmuş müvəqqəti məsələlərdə kart-blanş terminindən istifadə edirlər.
Ə.Kərimliyə kart-blanş təklifi birmənalı şəkildə İ.Qəmbərə güzəştə getməsi və namizədliyini irəli sürməməsinə çağırışdır. Bunun nə dərəcədə reallaşacağı isə olduqca çətin məsələdir. Çünki bu partiyaları “bir damın altına” gətirən səbəb mövcud elektoratlarının zəifləməsi, sosial bazalarının itirilməsidir. Bir arada görünmək cəhdləri isə daha çox ictimai rəyə hesablanmış və real zəifliklərinin kölgədə qalmasını təmin edəcək addımdır. Amma nəzərə alsaq ki, bu il keçiriləcək prezident seçkilərindən sonra ölkə müxalifətinin bir çox qüvvələri siyasi səhnədən getməyə məcbur qala bilər, o zaman hazırkı vəziyyətdə Ə.Kərimlinin İ.Qəmbərə güzəştə getməsi gələcəkdə onun siyasi karyerasının sonunu yaxınlaşdıra biləcək amildir. Bu baxımdan kart-blanş təklifinin reallaşmayacağını indidən proqnozlaşdırmaq olar.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da “Palitra”ya açıqlamasında bunun mümkünsüzlüyünü diqqətə çatdırıb. Partiya sədri hesab edir ki, bu cür gedişlər ictimai rəylə manipulyasiya etməyə hesablanıb: “Onlar əvvəlcə AXCP və Müsavatın birləşməsini deyirdilər, sonra isə qurum yaradaraq bir araya gəlməyə çalışdılar. Amma heç biri alınmadı. Bundan sonra AXCP və Müsavatın hansısa müstəvidə birləşməsi mümkün deyil”.
S.Cəlaloğlu bildirib ki, hər iki partiyanın üzvləri birləşmənin tərəfdarıdır. Onun sözlərinə görə, buna mane olan şəxslər var.
“Ya sədrlər, ya funksionerlər, ya da başqa qüvvələr buna imkan vermirlər. Çünki bu düşərgədə şəxsi və qrup maraqları önə çıxan birinci məsələdir. Bu partiyalar hakimiyyətdə olduqları dönəmlərdə bir-birilərini qəbul etmirdilərsə, indi necə razılaşa bilərlər?. Bir cəbhədə olmaq bir yerdə olmaq demək deyil”-deyə partiya sədri qeyd edib. Onun sözlərinə görə, bu kimi məsələlər seçki öncəsi görüntülər yaratmaq məqsədi daşıyır.
Bunun ictimai rəyə hesablandığını məsələnin digər tərəfi də göstərir. Belə ki, seçkiyə gedəcək və nəyisə dəyişdirəcək gücə malik olmayan bu qüvvələrin indidən seçkinin sonrasını düşünmələri “tullanmadan bərəkallah demək” kimi bir şeydir. Bunu özləri də yaxşı anlayır.
A.CƏLALOĞLU




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info