Tariximizi dünyaya daha dolğun təqdim etməyə ehtiyac var
Tarix: 09.12.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Prezident: “Bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır”

Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu tarixinin araşdırılması və əsl həqiqətlərin dünyaya çatdırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları Xəzər-Aralıq dənizi-İran körfəzi regionuna daxil idi.
Azərbaycan xalqı bu ərazidə-tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, dövlətçilik ənənələri yaradıb. Dövlətçilik tariximizin araşdırılması, təbliğ edilməsi gənclərimizin zəngin tariximizi bilməsi, onunla fəxr etməsi, dövlətə, Vətənə məhəbbət ruhunda böyüməsi baxımından da əhəmiyyət daşıyır. Gənclərimizin dövlətçilik tariximizi yaxından bilməsi onların müxtəlif tribunalardan istifadə edərək işğalçı Ermənistanın yalan maşınını susdura bilməsi üçün vacibdir. Bu gün torpaqlarımızın 20 faizinin işğal altında olması tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini zəruri məsələ kimi qarşıya məqsəd qoyur. Sadəcə, onu qeyd edək ki, torpaqlarımızı işğal edən ermənilərin bizə qarşı istifadə etdiyi təbliğat resurslarından biri də yalançı faktlar əsasında saxtalaşdırılmış tarixidir. Ermənistanın təbliğat maşını müxtəlif elmi dairələr, media orqanlarından istifadə edərək dünyaya yalan məlumatlar ötürməklə məşğuldurlar. İşğalçı qüvvələr bununla da Qarabağda qədim xalq olduqlarını isbatlamağa və dolayı yolla Qarabağın işğalına haqq qazandırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq. Amma bir məsələ var ki, biz qədim və zəngin dövlətçilik tariximizi araşdırmaq və onu müxtəlif vasitələrdən istifadə edərək təbliğ etməklə ermənilərin yalanını ifşa edə bilərik. Bunun üçün müasir informasiya texnologiyaları imkanlarından maksimum dərəcədə istifadə etmək lazımdır. Doğrudur, bu istiqamətdə xeyli iş görülüb, amma yalan üzərində qurulan ənənəvi düşmən təbliğatı bizi bu sahədə fasiləsiz fəaliyyətə çağırır. Ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına əngəl törətmək üçün əllərindən gələni edirlər. Həmin qüvvələrin fəaliyyətini heçə endirmək üçün tariximizi, qədim dövlətçilik ənənələrimiz araşdırmalı və təbliğ etməliyik.

“Azərbaycanın çox zəngin tarixi var”
Bu məsələ ölkə Prezidentinin həmişə xüsusi diqqət göstərdiyi sahələrdən biridir. Dövlət başçısı İlham Əliyev dünyanın müxtəlif nüfuzlu tribunlarından istifadə edərək ermənilərin yalan təbliğatını ifşa edir. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bir daha zəngin tariximizin araşdırılmasının nə qədər vacib olduğunu diqqətə çatdıraraq konkret tövsiyələr verdi: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər. Onun “Stepanakert” adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni, bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”. Dövlət başçısının təşəbbüsü ilə İrəvan xanlığı ilə bağlı ərsəyə gətirilən sanballı elmi əsər artıq bir neçə dilə tərcümə edilib. Bütün dünyaya tariximizin nə qədər zəngin olduğunu, İrəvan xanlığının Azərbaycana məxsus olduğunu və ermənilərə heç bir aidiyyətinin olmadığını sübut etməliyik. Bu elmi əsərin xarici dillərə tərcümə edilməsi işi davam etdirilməlidir. Dövlət başçısının çıxışında qeyd edildiyi kimi, ermənilər Qarabağın, regionun, Cənubi Qafqazın tarixini saxtalaşdıraraq dünyaya yalan məlumat və öz mövqelərini sırımağa çalışırlar. Düşmən ölkənin “alimlərinin” bu fəaliyyəti dünyanın müxtəlif ölkələrində cəmləşən erməni diaspor təşkilatları tərəfindən dəstəklənir. Halbuki həqiqət bizim tərəfimizdədir. Azərbaycanın zəngin dövlətçilik tarixi var və bu tarix bizim xalqımızın milli sərvətidir. Bu sərvətə sahib çıxaraq onu dünya ictimaiyyətinə təbliğ etmək, əsl reallıqları çatdırmaq lazımdır.

Yaqub Mahmudov:
“Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”

Bu sahədə görülən işlərlə bağlı vəziyyəti “Palitra”ya dəyərləndirən Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudov bildirdi ki, bizim düşmənlərimizin əsas tezislərindən biri Azərbaycanın dövlətçilik tarixinin inkarı üzərində qurulub: “Azərbaycanın qədim dövlətçilik tarixi var. Bizim 5 min illik dövlətçilik tariximiz var. Düşmənlərimizin əsas tezislərindən biri Azərbaycanın dövlətçilik tarixinin inkarı üzərində qurulub. Bu səbəbdən AMEA-nın Tarix İnstitutu Azərbaycanın qədim dövlətçilik tarixinin araşdırılması məsələsinə xüsusi diqqət ayırır. İnstitutda eramızdan əvvəl 4 minilliyin sonu, 3-cü minilliyin əvvəlinin araşdırılması istiqamətində iş aparılır. Yadda saxlamaq lazımdır ki, bizim qədim dövlətçilik tariximiz var. Yəni regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Öz ərazimizlə yanaşı, tayfalarımız qonşu ərazilərin dövlətçilik tarixində də mühüm rol oynayıblar. Orta əsrlərdə Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar kimi imperiyalar yaradılıb. Yəni bizim xalqımız imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub. Dövlətçilik tariximizin araşdırılması ilə bağlı mənim “Azərbaycan: Qısa Dövlətçilik Tarixi” kitabım nəşr edilib. Nadir şahın, Qacarlar dövrünün araşdırılmasına xüsusi diqqət ayrılır. İrəvan xanlığı ilə bağlı məsələ böyük əhəmiyyət kəsb edir. Faktiki olaraq İrəvan xanlığının ərazisi indiki Ermənistan ərazisidir və ora bizim sülalələr tərəfindən idarə olunub. Qarabağ xanlığının araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə Ermənistan adlı dövlət olmayıb, ermənilər buraya sonradan köçürülüblər. Tarix İnstitutu dövlətçilik tarixinin araşdırılmasına, ulu öndərin tapşırığı ilə Xalq Cümhuriyyəti dövrünün araşdırılmasına önəm verərək ensiklopediya hazırlayıb. İndi isə müstəqillik dövrünün İlham Əliyev dövrünün araşdırılmasına başlamışıq. AMEA-nın 70 illik yubiley tədbirində çıxış edən dövlət başçısı İlham Əliyev onun tapşırıqları, tövsiyələri ilə tarixçilərin dövlətçilik tarixinin araşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Cənab Prezident 25 illik müstəqillik dövrünün araşdırılması kimi mühüm tapşırığı qarşıya vəzifə qoydu. Biz tarixçilər dövlət başçısının böyük etimad göstərərək qarşımıza qoyduğu vəzifəni qeyd edilən vaxtda başa çatdırmağa çalışacağıq”. Qeyd edək ki, professor Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ingilis, rus və ispan dillərinə tərcümə edilib. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və soyqırımları tarixinə həsr olunmuş digər əsərlərin də yaxın zamanlarda ispan dilində nəşr olunması və Latın Amerikası ölkələrinin oxucularına çatdırılması nəzərdə tutulub.

Dövlətçilik tarixi ilə bağlı mə lumatların yer aldığı broşürlər hazırlanmalı, xarici kitabxanalarla əlaqə qurulmalı, xarici dildə saytlar yaradılmalıdır

Azərbaycanın qədim dövlətçilik tarixinin təbliği istiqamətində fəaliyyəti gücləndirmək lazımdır. Bunun üçün nə etmək laxımdır? Hesab edirik ki, qiymətli elmi əsərlərin xarici dillərə çevrilməsi, xarici elmi nəşrlərdə dərc edilməsi, xarici KİV orqanlarında yayılması işi mütəşəkkil qaydada təşkil edilməlidir. AMEA-nın və Prezident yanında Elm Fondunun qrantları hesabına dövlətçilik tarixi, Azərbaycan həqiqətləri ilə bağlı qiymətli tarixi məlumatlar xarici dillərə tərcümə edilməli, broşürlər şəklində müxtəlif tədbirlərdə, elmi konfranslarda paylanmalıdır. Bu işə xaricdəki səfirliklərimizi də əlavə etmək lazımdır. Bilavasitə diplomatik fəaliyyət göstərdikləri ölkələrin elmi dairələri, media orqanları ilə əlaqəli şəkildə iş quraraq, onlara müxtəlif materiallar təqdim etmək, həmin ölkələrin kitabxanalarına Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi ilə bağlı tərcümə edilmiş nəşrlər təqdim edilməlidir. Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi iş burada nümunə ola bilər. Azərbaycan alimlərinin, xüsusinə xarici dil bilən alimlərin xarici səfərləri artırılmalı, onlar iştirak etdikləri konfranslarda zəngin dövlətçilik tariximizlə, Qarabağla bağlı həqiqətləri çatdırmalıdırlar. Eyni zamanda ölkə daxilində də dövlətçilik tariximizin təbliği işinə diqqət ayırmaq lazımdır. Müxtəlif dillərdə olan xüsusi saytlar yaratmalı və orada Azərbaycan həqiqətləri, dövlətçilik tariximizlə bağlı faktlar yerləşdirilməlidir. Bu işləri sistemli şəkildə həyata keçirməklə dövlət başçısının qarşıya qoyduğu məqsədə nail ola, erməni yalanlarını ifşa edə və dövlətçilik tariximizi dünyaya təqdim edə bilərik.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info