Çinlə əlaqələrin yeni müstəvisi: Prezidentin səfəri nə vəd edir?
Tarix: 11.12.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“İpək Yolu İqtisadi Kəməri”nin yaradılması ilə qlobal transmilli yol layihələrinə start verildi. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yolunda çox ciddi bir addım olacaq”

Prezidentin Çinə səfəri artıq başa çatıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü zamanı ölkə başçısı bildirib ki, ölkələrimizi möhkəm münasibətlər bağlayır: “Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdıran dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırıb. Həmçinin Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.
Səfər zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənəd imzalanıb.
Mütəxəssislər də ölkə başçısının Çinə səfərini müsbət qiymətləndirir və iki ölkə arasında bir çox sahələrdə əlaqələrin daha inkişafına yol açacağını bildirirlər.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, son illər ərzində Azərbaycan hökuməti Çinlə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində çox ciddi addımlar atıb və bunun da əsasında hər iki ölkənin iqtisadi maraqlarının müxtəlif formalarda kəsişməsi faktı dayanır: “Son 10 ildən bir qədər artıq vaxt ərzində Çinlə Azərbaycanın ticarət əlaqələri 3 dəfəyə qədər artıb. Lakin potensial imkanların bundan dəfələrlə artıq olduğu hər iki tərəfə tam aydındır. Elə bu səbəbdəndir ki, hər iki ölkənin siyasi rəhbərliyi iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bundan hər iki ölkənin maksimum iqtisadi fayda götürməsi şanslarını reallaşdırmağa qərar veriblər. Bu gün Çin dünya Ümumi Daxili Məhsulunun 13%-dən çoxunu istehsal edir. Bu prizmadan yanaşıldığı halda kimsə Azərbaycan Çin iqtisadi əlaqələrinin Çin üçün əhəmiyyətini lazımınca dəyərləndirməyə də bilər. Ancaq əsl həqiqət ondan ibarətdir ki, bu münasibətlərdə fiziki həcmlər ölçü vahidi deyil. Söhbət qarşılıqlı iqtisadi əlaqələrdən hər iki tərəfin maksimum yararlana bilməsindən gedir. Ən vacib olanı da elə budur. Əslində Çinlə Azərbaycanın iqtisadi əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Bu əlaqələrin başlanğıcı iki min il öncə Böyük İpək Yolu vasitəsilə qoyulub. Bu gün isə tarixi bu qədər qədim olan həmin əlaqələri əsaslı şəkildə genişləndirmək şansları yaranıb”.
İqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividentlər verə biləcəyini deyən ekspertin fikrincə, Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsində Azərbaycanın maraqları hər kəsə aydındır: “Dünya iqtisadiyyatında bu qədər böyük rolu olan nəhənglərdən biri ilə iqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividentlər verə bilər. Digər tərəfdən, bu münasibətlərdən istifadə edib Çin kapitalının Azərbaycana yönəlməsinə nail olmaq mümkündür ki, bu da az əhəmiyyət kəsb edən məsələ deyil”.
Bəs Çinin Azərbaycan kimi çox da böyük olmayan bir ölkə ilə iqtisadi əlaqələri genişləndirməkdə marağının böyük olmasını nə ilə izah etmək? sualına cavab olaraq F.Yusifov deyir ki, bu sualın da cavabı aydındır: “Artıq illərdir ki, Çin Qərbə - Avropaya daha səmərəli nəqliyyat dəhlizinin yaradılması üzərində düşünür. Çinin 2014-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 2,3% artaraq 26,43 trilyon yuani (bugünkü kursla təxminən 4,1 trilyon dollar) həcmində olub. Lakin bu qədər böyük iqtisadi uğurlara imza atan bu ölkədə loqistika məsələsi çox ciddi problemdir. Çin rəsmi dairələri tərəfindən verilən məlumata görə, ölkənin Ümumi Daxili Məhsulunda loqistika xərclərinin xüsusi çəkisi 18-20% arasındadır. Bu, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkələrindəki analoji göstəricidən iki dəfə çoxdur və bu Çin hökumətini ciddi düşündürür.
Aydındır ki, həcmi quru yolu ilə daşınan yüklərdən 100 dəfə çox olan və uzun dəniz yolu ilə Qərbə daşınan yüklərin iqtisadi səmərəsi getdikcə azalır. Belə yüklərin daha qısa avtomobil və dəmir yolları vasitəsilə daşınması isə daşınan malların qiymətlərinin aşağı salınması hesabına onları daha çox rəqabət qabiliyyətli və daha rentabelli edə bilər. Bu səbəbdən ən qısa marşrutla Asiya ilə Avropanı birləşdirəcək həm avtomobil, həm də dəmir yollarının alternativi yoxdur. Çin bu planları coğrafi mövqeyi kifayət qədər uyğun olan Azərbaycan vasitəsilə reallaşdırmaqda olduqca maraqlıdır. Bu məqsədlə Çin hətta on milyardlarla dollar həcmində investisiya tələb edən və əsrin möcüzəsi hesab olunacaq bir layihənin - Xəzər dənizi üzərindən Qazaxıstanla Azərbaycanı birləşdirən asma avtomobil yolunun çəkilişini reallaşdırmağa da təşəbbüs göstərib. Elə Prezidentin son səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” da artıq bu qlobal transmilli yol layihələrinə start verildiyinin rəsmi bəyan olunması deməkdir. Həcmi yüz milyardlarla dollarla ölçülən yüklərin Azərbaycan ərazisindən daşınması isə Azərbaycanın büdcəsinə milyonlarla dollar əlavə vəsaitin daxil olması deməkdir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yolunda çox ciddi bir addım olacaq”.
Mütəxəssis onu da qeyd edir ki, Çinin Azərbaycanla bağlı siyasi ambisiyaları yoxdur və Çin Azərbaycanla bərabər əsaslarla iqtisadi əməkdaşlıq etmək niyyətindədir: “Bu gün Azərbaycanı öz təsir dairəsinə almaq üçün min bir oyundan çıxan Qərb ölkələri və qonşu ölkələrdən Çini bizim üçün fərqləndirən əsas məqamlardan biri də elə budur. Azərbaycan hökuməti bütün bu məqamları təhlil edib Çinlə əlaqələrin daha da genişləndirilməsi yolunu tutmağa qərar verib. Bu çox doğru və uzaqgörən bir siyasətin nəticəsidir. Bütün təhlillər göstərir ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı imzalanmış müqavilələr Azərbaycan iqtisadiyyatına çox ciddi töhfələr verəcək və indiki məqamda dövlət başçısının Çinlə əlaqələri daha da genişləndirməyə yönələn addımları olduqca yerinə düşən seçim və zəruri gedişdir”.

Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info