“Həyatda nəsə əldə etmək üçün insan öz sevdiyi işlə məşğul olmalıdır”
Tarix: 14.12.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Turan Eldarova: “Universitet, professorlar və kitabxanada olan materiallardan çox şey asılı olsa da, insanın istəyi və konsentrasiyası böyük rol oynayır”

Xaricdə təhsil alan gənclərimizin sırası ildən-ilə genişlənir. Onlar oxuduqları ölkədə təhsilləri ilə yanaşı ictimai işlərə də vaxt ayırırlar və ölkəmizi uğurla təmsil edirlər. Adı birincilər sırasında hallanan belə savadlı və öncül gənclərdən biri də London İqtisadiyyat və Siyasət məktəbində (LSE) İqtisadi inkişafın idarəetməsi fakültəsində təhsil alan Turan Eldarovadır. Bu uğur formulunun sirrini bilən aktiv gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
- Özüm haqda qısaca onu deyim ki, adım Turan Eldarovadır və artıq dörd aydır ki, Avropanın aparıcı paytaxt şəhərlərindən olan Londonda təhsil alıram. Mən, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi nəzdində, Dünya iqtisadiyyatı ixtisası üzrə Xüsusi İstedadlar Qrupuna daxil olub, bakalavr dərəcəsini qırmızı diplom ilə bitirmişəm. Universitetdə oxuduğum 4 il ərzində müxtəlif kurs və təlimlərdə iştirak edərək fərdi inkişaf etməyə və bacarıqlarımı artırmağa çalışmışam. BMT-nin Minillik layihəsinin direktoru, Azərbaycan Futurologiya Təşkilatı və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunmuş birillik “Azərbaycan Proqnozlaşdırılması” Futurologiya kursu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti tərəfindən təşkil olunmuş “Beynəlxalq İqtisadiyyat” kursu, ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyası tərəfindən təşkil olunmuş Biznes Akademiyası və digər təlimləri müvəffəqiyyətlə bitirmişəm.
- İctimai işlərdə aktivlik göstərirsinizmi?
- Bəli. Yuxarıda sadaladığım məqamlarla yanaşı, eyni zamanda mən daim ictimai fəaliyyətlə məşğul olmuş, sosial cəhətdən xeyirli olmağa çalışmışam. Universitetə daxil olan kimi, ADİU-nin Tələbə Gənclər Təşkilatına və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına üzv oldum. 2012-ci ildə isə Avropa Tələbələr Birliyinin (ATB) Azərbaycandakı nümayəndəsi oldum, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini vəzifəsinə seçildim. Biz, təşkilat çərçivəsində müxtəlif biznes və xeyriyyəçilik layihələrini həyata keçirmişik. Ancaq ən böyük marağım həmişə öz ixtisasıma, gələcək nailiyyətlərimə və cəmiyyət üçün gətirə biləcəyim faydaya olaraq qalırdı. Buna görə, xaricdə təhsil almaq qərarına gəldim və magistratura dərəcəsini əldə etdikdən sonra Azərbaycana qayıdıb, bu məqsədlərimə çatmaq arzusundayam.
-Necə oldu ki, Londonda təhsil almaq qərarını verdiniz?
- Öncə onu deyim ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirəndən sonra, mənim üçün ən böyük sual hansı sahədə təhsilimi davam etdirmək idi. Biz, çox hallarda bu suala ciddi yanaşmırıq, amma həyatda nəyisə əldə etmək üçün insan öz sevdiyi işlə məşğul olmalıdır. Çünki məqsədlərimizə nail olmaq üçün, biz özümüzü işə həsr etməliyik, bunu isə işi sevmədən etmək çox çətindir. Almaniyadan dostlarım, hətta 2-3 illik səyahətə çıxıb, bu suala cavab axtarırlar və bəlkə də buna görə onlar istədiklərinə həmişə nail olurlar. Çox sevinirəm ki, bu suala cavab tapmaq üçün mənim də müəyyən qədər vaxtım oldu. Bir il “Schlumberger” neft servis şirkətində işləyib, dərin fikirləşəndən sonra öz qərarımı verdim. Hazırda mən London İqtisadiyyat və Siyasət məktəbində (LSE) İqtisadi inkişafın idarəetməsi fakültəsində təhsil alıram.
-Bəzən deyirlər ki, başqa ölkələrdə, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində təhsil almaq xeyli çətindir.
- Əlbəttə, xaricdə təhsil almaq asan deyil. Çünki fənlərin çətin olması ilə yanaşı, yeni mühitə uyğunlaşmaq da lazımdır. Amma universitetdə oxuyan tələbələrin çoxunun bu problemlə qarşılaşmaması üçün bir-birimizə dəstək olmağa kömək edir. Dərslərin başlanmasından bir neçə ay keçməsinə baxmayaraq, artıq universitetə həddindən artıq çox bağlanmışam. Dərslər maraqlı keçir və bunun səbəbi professorların elmi tədqiqatlarla yanaşı, mövzunun tətbiqi tərəfini də əhatə etmələridir. Müəllimlərin böyük qismi müxtəlif beynəlxalq təşkilatlarda iş təcrübəsinə malik və ya hazırda tədris etdikləri sahədə çalışırlar, budur ki, əldə etdiyimiz biliklərin tətbiqi haqda daha dərin anlayış formalaşdırırıq.
Bir neçə ay ərzində bölüşə biləcəyim ən azından bir nəticə çıxara bildim. Universitet, professorlar və kitabxanada olan materiallardan çox şey asılı olsa da, insanın istəyi, məqsədyönlülüyü və konsentrasiyası böyük rol oynayır. Xaricdə və ya Azərbaycanda, xarici kitabxanada və ya Mirzə Fətəli Axundov adına Milli Kitabxanada oxumaqdan asılı olmayaraq, işin effektivliliyi ancaq orada təhsil almaq istəyən tələbənin özündən asılıdır.
-Sizə təhsilinizdə uğurlar arzu edirik və yeni müvəffəqiyyətlər qazanmağınızı diləyirik.
-Təşəkkür edirəm və mən də sizə, kollektivinizə dərin minnətdarlığımı bildirirəm ki, gənclərin fəaliyyəti, təhsili ilə maraqlanıb onların içindən aktivlərini seçərək cəmiyyətə tanıdırsınız.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info