“İspaniyadakı azərbaycanlılar arasında həmrəylik var”
Tarix: 17.12.2015 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Mahir Qurbanov: “Bayramlarımızda İspaniyada yaşayan katalonları öz evimizə dəvət edirik”

İstər xaricdə, istərsə də ölkə daxilində yaşayan gənclərimiz vətənin adını uca etməyi özlərinə milli borc bilirlər. Onlar bilik və bacarıq, eləcə də öz fəaliyyətləri ilə bunu sübut edirlər. Elə müsahibimiz Mahir Qurbanov da həm xaricdə təhsil alarkən, həm də ölkəmizdəki işində bu amala sadiq qalıb. Xatırladaq ki, Mahir Qurbanov Göyçay rayonunda doğulub. Daha sonra isə Ukraynanın Xarkov şəhərində yaşayıb. 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetinin İspan dili üzrə tərcüməçilik fakültəsində təhsil alıb. Tələbəlik illərində ADU-nun Amerika mərkəzində danışıq klubunun rəhbəri olub. 2013-2014-cü illərdə Barselona Dövlət Universitetinin Siyasi təhsil ixtisası üzrə magistr pilləsində təhsil alıb. Bir sıra dövlət tədbirlərində, rəsmi qonaqların qəbulunda ispan dili üzrə tərcüməçilik edib. Hazırda politoloq, eyni zamanda ispan və ingilis dilləri üzrə tərcüməçidir. Bununla yanaşı, “Azərbaycan-Latın Amerikası Gənclərinin Dostluğu” İctimai Birliyinin sədri, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının vitse-prezidentidir.
-İspaniyada təhsil alarkən Azərbaycanın təbliğatını necə
aparırdız?

- Hər bir əcnəbi insan yaşadığı ölkənin mentalitetinə, aurasına, ictimai-siyasi vəziyyətinə uyğun olaraq diaspor işini apara bilər. Diaspor, yaşadığı ölkənin dilində səlis danışmalı, onların mədəniyyətini bilməli, ictimai-siyasi proseslərində fəal olmalıdır. Təbii ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız diaspor işində fəaldırlar. Məncə, diaspor işində fəaliyyət və fəallıq vaxtdan asılıdır. Yəni hər hansı xarici ölkədə nə qədər çox yaşasan, öz fəaliyyətini daha yaxşı edə bilərsən. Məsələn, mən İspaniyada təhsil aldığım bir il ərzində Azərbaycan haqqında az məlumatı olan tələbələrə və ictimaiyyət nümayəndələrinə çalışdığım qədər məlumatlar verdim. Təbii ki, İspaniyada fəaliyyət göstərən səfirliyimiz bu işi müvəffəqiyyətlə aparır. Amma Barselona Kataloniyanın paytaxtı olduğu üçün biz də orada təhsil alan azərbaycanlılar olaraq çalışırdıq ki, qədim tariximiz, zəngin mədəniyyətimiz haqqında məlumatları düzgün və dolğun verək. Əsas məqsədim İspaniyada Azərbaycanı layiqli şəkildə təmsil etmək idi. Bütün hallarda azərbaycanlı olaraq vətənimi və xalqımı hər zaman üstün tutmağa hazır idim və hazıram. Çünki harada olsam da, qanım azərbaycanlı qanıdır.
- İspanlar Qarabağ münaqişəsi haqqında nə dərəcədə məlumatlıdırlar? Siz bu istiqamətdə hansı işlər görürdüz?
-Əlbəttə ki, bu təbliğat aqressiya olmadan, diplomatik formada aparılmalıdır. 2014-cü ilin fevralında məndən iki həftə önsə İspaniyanın “Mollet del Valles” radiosunun “Annour la Llum” proqramına orada fəaliyyət göstərən bir erməni politoloq dəvət olunmuşdu. O, Dağlıq Qarabağ münaqişəsi və qondarma erməni soyqırımı haqqında yanlış fikirlər bildirmişdi. Bu radionun da dinləyicisi çoxdur. Mən həmin radio ilə əlaqə saxlayıb erməni politoloqun səhv fikirlərinin səsləndirilməsinə etirazımı bildirdim. Qeyd etdim ki, azərbaycanlı olaraq bu münaqişə haqqında mən də fikirlərimi bildirmək istəyirəm. “Çünki bu konfliktdir, burada hər iki tərəfin fikirlərinə yer verməlisiz”, -deyə onlara çatdırdım. Onlar əvvəl qəbul etmək istəmirdilər, amma qarşılarına qoyduğum fakt və uzun təkidlərimdən sonra çıxış üçün razılıq verdilər. Fevralın 26-da “Annour la Llum” proqramında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında çıxış etdim. Proqramdan dərhal sonra “Mollet del Valles” radiosuna çoxsaylı zənglər daxil olmuşdu. Radionun dinləyiciləri həmin verilişdən sonra artıq bu münaqişədə kimin haqlı, kimin isə haqsız olduğunu daha yaxşı anlamaq imkanı əldə etdiklərini söyləmişdilər. Bir həftə ərzində dinləyicilər tərəfindən bu buraxılış 118 dəfə onlayn yüklənmişdi. Bu da öz növbəsində həmin ilin rekord göstəricisi idi.
Sonradan mart ayında yenidən məni “Mollet del Valles” radiosuna dəvət etdilər. Budəfəki verilişdə Azərbaycanın hərtərəfli inkişafı, eyni zamanda, uğurla davam etdirilən genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət haqqında geniş söhbət apardıq. Veriliş boyu “Əsrin müqaviləsi”, ümumilikdə ölkəmizdə uğurla həyata keçirilən yeni neft strategiyası, onun iqtisadi proseslərə müsbət təsiri barədə məlumat verdim.
Maraqlıdır ki, bundan sonra “Badalona” Dövlət Televiziyasına məni dəvət etdilər. Burada da Azərbaycan və İspaniya gənclərinin əməkdaşlığı mövzusunda danışdım. Azərbaycana qayıdandan sonra isə “Skype” vasitəsilə İspaniyanın çoxsaylı dinləyici auditoriyası olan “Radio Juventud Gran Canaria”ın radiosunun populyar “Radio dos luces” proqramına müsahibə verdim. Qeyd edim ki, müsahibə ispan radiosunun təşəbbüsü ilə reallaşdı. Bu proqramda da Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi və İlk Avropa Oyunları haqqında danışdım.
Həmçinin İspaniya və Azərbaycan əlaqələrinə də toxundum, Azərbaycanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirdim.
-İspaniyadakı səfirliyimiz gənclərin ictimai fəallığına nə kimi dəstək göstərir?
- İspaniyadakı səfirliyimiz soydaşlarımıza çox gözəl dəstək göstərir. Hər bir bayramda və ya digər əlamətdar günlərdə keçirilən müxtəlif tədbirlərlə bağlı orada yaşayan və fəaliyyət göstərənlərə elektron formada məlumatlar göndərilir. Oradakı bütün azərbaycanlılar həmrəy olaraq gəlib o tədbirlərdə iştirak edirlər. İspaniyadakı soydaşlarımız istənilən məsələ ilə bağlı səfirliyə yaxınlaşıb, hər hansı dəstəyi istəyə bilərlər. Mən səfirliyin ərazisində olanda özümü çox rahat hiss edirdim. Sanki Azərbaycanda imiş kimi idim.
-Xaricdəki gənclərimizin ictimai fəallığını necə qiymətləndirirsiz?
-Xaricdə təhsil alan gənclərimizdə vətənə sədaqətlə qulluq etmək hissi çox güclüdür. Onlar istəyirlər ki, xaricdə azərbaycanlı olduqlarını bildirsinlər. İspaniyada azərbaycanlılar hər zaman həmrəydirlər, bir-birlərinə köməklik göstərirlər. Bayramlarımızda İspaniyada yaşayan katalonları öz evlərinə dəvət edirlər. İspanlar artıq bilirlər ki, Azərbaycanda nələr var.
-İspanlarla azərbaycanlıların hansı oxşar və fərqli cəhətləri var?
- Oxşar cəhətlərimiz odur ki, biz də, onlar da temperamentli xalqlarıq. Onlar da azərbaycanlılar kimi dostluğa sadiqdir, vətənlərini çox sevirlər. Amma azərbaycanlılarda qonaqpərvərlik daha çoxdur, nəinki ispanlarda.
-Bir politoloq olaraq Avropadakı ictimai-siyasi vəziyyəti necə təhlil edərdiz?
- Avropada terrora qarşı mübarizə aparılır. Təkcə Avropa deyil, beynəlxalq aləm, o cümlədən Azərbaycan da dünya ölkəsi olaraq terrora qarşıdır və terroru pisləyir. Prezident İlham Əliyev də UNESCO-dakı son çıxışında dedi ki, keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.
Təbii ki, bu hadisələr Fransada da baş verdi. Ondan da əvvəl İspaniyanın Barselona şəhərində müəyyən qruplaşmalar arasında terror hadisələri baş vermişdi. Təbii ki, ölən və yaralananlar var idi. Əlbəttə ki, terrorun qarşısının alınmasında beynəlxalq birlik olmalıdır. Siyasi mövqedən baxsaq yeni və köhnə, balaca və böyük qruplaşmalar var. Onların istiqamət və koordinasiyasını bilmək lazımdır. Lakin Avropada çətin vəziyyət yaranıb. Baxmayaraq ki, Avropa ölkələri bir-birinə köməklik göstərməyə çalışırlar. Amma iqtisadi böhran Avropa ölkələrinə öz mənfi təsirini göstərib. Bu terror problemi də Avropaya bir təzyiq oldu.
-Avropalılar, konkret olaraq ispanlar inanırlarmı ki, bu terroru törədənlərin İslama aidiyyəti yoxdur?
-Biz görürük ki, İslam pərdəsi arxasında terror edib və özünü nümayiş etdirənlər, əslində, müsəlman deyillər. Bu, bir oyundur. Ona görə də bütün İslam dünyası və bunu başa düşən qeyri-müsəlmanlar belələrini pisləyir. Bunu Avropada yaşayan müsəlmanlar, avropalılar, ümumiyyətlə, bütün dünya liderləri də deyirlər.
Eyni zamanda ispanlar da bunu çox gözəl başa düşürlər. Çünki onların ətrafında minlərlə müsəlman yaşayır və onlarla dostluq edirlər. Təbii ki, onlar bilirlər ki, bunun arxasında başqa pis niyyəti olan, dünya stabilliyinə, dostluğuna zərər verən qruplaşmalar var. Ona görə avropalılar, eləcə də ispanlar da anlayır ki, əsl müsəlman bunu etməz.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info