“G əlin etiraf edək ki, ABŞ-ın devirdiyi Qəddafi və Mübarək “pis adamlar” olsalar da, ölkələrində radikallara qarşı mübarizə
aparırdılar”
“Suriya lideri Bəşər Əsədin Amerika Birləşmiş Ştatları tərəfindən hakimiyyətdən uzaqlaşdırılması cəhdi istər-istəməz “İŞİD”-in bu ölkədə nəzarəti əlinə almasına gətirib çıxaracaq”.
Bu fikirləri texaslı konqresmen Ted Kruz milli teledebatlardakı çıxışı zamanı bildirib. O, ABŞ-ın son illər bir çox ölkədə siyasi rejimləri devirmək siyasətini tənqid edərək bunu “səhv siyasət” kimi xarakterizə edib: “Amerika prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton NATO-nun köməyi ilə Liviyada hakimiyyəti devirərkən, bu yolla demokratiyaya nail olacaqlarını bəyan etmişdilər. Lakin nəticəsi nə oldu? Nəticə göz önündədir. Hazırda bu ölkə radikallar tərəfindən idarə olunan bir zonaya çevrilib”. Başqa bir nümunə kimi, Misir Ərəb Respublikasını xatırladan Ted Kruz bildirir ki, yenə də ABŞ-ın köməyi ilə hakimiyyətdən uzaqlaşdırılan Hüsnü Mübarəkdən sonra bu ölkədə hakimiyyətə kimlər gəldi? Yenə də “Müsəlman qardaşları” adlı təşkilatı: “Bəli, gəlin etiraf edək, həm Liviya lideri Müəmmar Qəddafi, həm də Hüsnü Mübarək “pis adamlar” idilər, öz ölkələrində “insan hüquqları”nı pozurdular. Lakin unutmaq lazım deyil ki, bu liderlər həm də ölkədəki radikallara qarşı mübarizə aparırdılar”. Senator onu da əlavə edib ki, ABŞ artıq öz səhvlərini başa düşməlidir: “Əgər biz Əsədin hakimiyyətinə son versək, bu “İŞİD”-in bütün Suriyanı nəzarət altına almasına gətirib çıxaracaq və bu, ABŞ-ın milli təhlükəsizliyi üçün sarsıdıcı zərbə ola bilər”.
Ağasəf Babayev
|