“Azərbaycan masada olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır”
Tarix: 22.12.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Elmar Məmmədyarov: “Lavrov tərəfindən irəli sürülən təkliflərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan zəbt edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub”
Xarici işlər naziri Elmar Məmmədyarovun AZƏRTAC-a məxsusi müsahibəsini təqdim edirik:
-2014-cü ilin oktyabr ayında Parisdə keçirilmiş son görüşdən bir ildən artıq müddətin keçməsindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin 2015-ci il dekabrın 19-da Bern şəhərində növbəti görüşü baş tutdu. Bu görüş barədə nə deyə bilərsiniz?
-2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 10-da Soçi, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Nyu-Port (Uels) və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Paris görüşləri keçirildi. Bu görüşlər nəticəsində müəyyən müsbət dinamika əldə edildi və Paris görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistanı və Azərbaycanı sülh sazişi üzərində işləməyə dəvət etdi. Bunun ardınca isə 2014-cü il dekabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində Ermənistan və Azərbaycanı tezliklə sülh sazişi üzərində işləməyə çağıran bəyanatla çıxış etdilər. Azərbaycan hələ o zaman sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdi. Amma Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi Yerevanın məlumatına görə, 46 min nəfərdən artıq şəxsi heyət və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlərin nəticəsində Ermənistan tərəfindən məlum helikopter insidentinin yaranmasının provokasiya edilməsi danışıqlarda hər hansı irəliləyişin əldə olunmamasına və gərginliyin daha da artmasına xidmət etdi. Ona görə də bir ildən artıq müddətin keçməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 2015-ci il dekabrın 19-da dövlət başçıları səviyyəsində İsveçrənin paytaxtı Bern şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ev sahibi kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edirik. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli və prezidentlərin Bern görüşündən sonra 2015-ci il 19 dekabr tarixli bəyanatlarında Ermənistan və Azərbaycan hərtərəfli həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət olunurlar. İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan olundu.
-Həmsədrlərin də istinad etdiyi danışıqlar masasında olan təkliflər nədən ibarətdir? Siz ATƏT-in dekabrın 3-4-də Belqradda keçirilmiş nazirlər toplantısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən təkliflərə eyham etdiniz?
-ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən problemin həlli ilə əlaqədar münaqişə tərəfləri olan Ermənistana və Azərbaycana təkliflər təqdim olunub. Bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2015-ci il ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan zəbt edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir? Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır.
Göründüyü kimi, danışıqlar prosesində konkret təkliflər olduğu halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir. Hətta ABŞ-da və digər ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü məsələlərdən diqqəti yayındırmaq və hədəfi yalnız insidentlərin araşdırılması mexanizminə yönəltmək kimi siyasət yürüdülür.
-İnsidentlərin araşdırılması mexanizmi nəyi nəzərdə tutur və bununla bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir?
-İnsidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə əlaqədar kompleks tədbirlərin bir elementi olaraq, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2011-ci 5 mart və 2012-ci il 23 yanvar Soçi bəyanatlarında öz əksini tapıb. İnsidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə biləcək kompleks vasitələrdən biridir. İlk növbədə ondan başlayaq ki, insidentlər nəyə görə baş verir? Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər də baş verməz, onların araşdırılmasına da ehtiyac qalmaz. Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra Azərbaycan tərəfindən bir daha bəyan edildi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır. Ümumiyyətlə, insidentlərin araşdırılması mexanizm olaraq bir sıra suallarla müşayiət olunur və Azərbaycanın işğal edilmiş əraziləri ilə Ermənistanın dövlət sərhədi boyunca olan məntəqələrdə onun tətbiqi məsələsinə baxıla bilər. Ermənistan tərəfindən məqsədyönlü şəkildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də istinad etdiyi hərtərəfli həll prosesinin ən vacib elementi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması arxa plana atılaraq, insidentlərin araşdırılması ön plana çəkilir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.
-Berndə münaqişənin humanitar aspektləri, girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və ümumiyyətlə, prezidentlərin Paris görüşünün davamı olaraq, humanitar məsələlər müzakirə edildimi?
-Prezidentlərin Bern görüşündə də münaqişənin humanitar aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı.
Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 2010-cu il 27 oktyabr tarixli Həştərxan, 2011-ci il 5 mart və 2012-ci il 23 yanvar tarixli Soçi bəyanatlarında əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu. Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir. Bu xüsusda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və İsveçrə hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq. BQXK-nın hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə müəyyən məlumatın verilməsi mümkün olacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli bəyanatında Azərbaycan tərəfindən təmas xəttini keçmiş bir nəfər əsgər və bir nəfər mülki şəxsin Ermənistana qaytarılması təqdirəlayiq humanitar akt və beynəlxalq humanitar öhdəliklərə uyğun addım kimi qiymətləndirildi. Həmçinin tərəflərə çağırış edilərək Həştərxan bəyanatının ruhunda qalan bütün əsir və girovların qaytarılması qeyd edildi. Onu da bildirim ki, bundan bir qədər əvvəl Azərbaycan tərəfdən xoş niyyətin göstəricisi olaraq daha bir ailə də Ermənistan tərəfinə təhvil verildi. Odur ki, indi növbə Ermənistanındır. Rəsmi Yerevan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info