Müsavat qurultaydan niyə qaçır?
Tarix: 18.02.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Zahid Oruc: “İsa Qəmbər iki ildən artıqdır ki, qanunsuz olaraq partiyanı yönləndirməkdədir”

Aydın Mirzəzadə: “Qurultayın ləngiməsinin səbəblərindən biri də cəmiyyətə təqdim edə biləcəkləri heç bir ideyanın olmamasıdır”

Tahir Kərimli: “Müsavatdakı qeyri-demokratik mühit faktdır və qurultayın keçirilməməsi heç də obyektiv səbəblərlə bağlı deyil”

Müsavat Partiyasının qurultayının keçirilməsi artıq bir ildən çoxdur ki, təxirə salınır. Qurultayın keçirilməməsini ekspertlər başqa səbəblərlə bağlasa da, partiya bunu müvafiq yer olmaması ilə əlaqələndirir. Nəzərə alsaq ki, bu il prezident seçkiləri keçiriləcək, o zaman, müsavatın qurultay düyününün cözülməsi qaçılmazdır. Lakin Müsavat partiyası qurultayın keçirilməsinə tələsmir və bunun seçkilərdən sonrakı dövrə qala biləcəyini istisna etmir. Belə ki, partiya başqanının müavini Gülağa Aslanlı mediaya açıqlamasında deyib ki, yer olsa, bir ay ərzində qurultay keçirməyə hazırdırlar. O, qurultayın seçkilərdən sonraya qalması fikrini istisna etməyib və qeyd edib ki, yeganə problem qurultayı keçirmək üçün yerin olmamasıdır.
Müsavat funksionerlərinin açıqlamalarından da görünür ki, onlar bu məsələdə həmişə olduğu kimi yenə də hökuməti günahkar hesab edirlər və əsas gətirirlər ki, qurultayda iştirak edəcək şəxslər 400 nəfərdən artıq olacağı üçün hökumət onlara geniş zal verməlidir. Qeyd edək ki, bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti Müsavata bir neçə yer təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Bu “tərəddüdlər” ortaya bir neçə sual çıxarır. Doğrudanmı Müsavat qurultay keçirmək istəyindədir və həqiqətənmi Müsavatın problemi təkcə yerlə bağlıdır, yoxsa...?
Məsələyə lap əvvəldən nəzər saldıqda bir sıra mətləblər də meydana çıxır. Belə ki, Müsavatın qurultay keçirmək istəyindən əvvəl partiya daxilində başqanlıq problemi var idi. Buna da partiya nizamnaməsində edilən dəyişiklik səbəb oldu. Nizamnaməyə görə, partiya sədri iki dəfədən artıq seçilə bilməz və bunun pozulması qeyri-demokratik addım hesab olunur. Maraqlı olansa hazırda İ.Qəmbərin özünün qeyri-demokratik addıma getməsidir. Çünki belə bir müddəa nizamnaməyə salınanda İ.Qəmbər qarşıda hələ 10 il vaxt olduğunu hesab edərək, bu müddət ərzində hakimiyyətə gələcəyinə ümid edirdi. Nizamnaməyə salınan bu müddəa ilə bir növ demokratiya nümunəsi göstərməyə çalışırdı. Hətta müsavatçıların hamısı “heç bir partiyada bu cür demokratik müddəalar yoxdur” fikri ilə fəxr edirlər. Lakin İ.Qəmbərin ümid etdiyi dövr gəlib keçdi və bütün ümidlər arxivə çevrildi. Müsavat rəhbərliyi də “qaş düzəltmək istədikləri yerdə göz çıxardıqlarını” o zaman anladılar.
Nizamnamədəki bu dəyişiklik, eyni zamanda partiya daxilində başqanlığa iddia edənlərin hərəkətə keçməsinə səbəb oldu. Nəticədə isə partiya daxilində iki cəbhə formalaşdı: Qurultayın keçirilməsini, yəni İ.Qəmbərin başqanlıqdan getməsini istəyənlər və bunun əksini düşünən, əsasən hazırkı başqanın ətrafındakılar. Bu dəyişikliyin çətinlik yaratdığı tərəf isə İ.Qəmbərə yaxın çevrə oldu. Çünki qurultayın keçirilməsi faktiki olaraq İ.Qəmbərin getməsi deməkdir. Əgər İ.Qəmbər getmək istəməsə partiyanın nizamnaməsinin pozmuş və bununla da, demokratiyadan uzaq olduğunu etiraf etmiş olur.
Məhz Müsavatın hökumətlə “yer davası” da elə bu zaman başladı ki, bunu da İ.Qəmbər və onun getməsini istəməyənlər təşkil etdi. Partiya daxilində bununla bağlı kifayət qədər müzakirələr aparıldı və əsas mövzu kimi qurultay üçün lazımi yerin verilməməsi məsələsi şişirdildi. Lakin əsas məsələ nə qədər kölgədə qalsa da, müsavatçıların “ağır oturub, batman gəlişi” problemin heç də yer olmadığını göstərir. Çünki normal məntiq siyasi fəaliyyətdə mümkün məsələlərin tezliklə həllini tələb edir. Müsavat qurultayının gecikməsi isə nə bu məntiqə sığır, nə də partiya nizamnaməsinə. Əslində baş verənlər və perspektiv gözləntilər qurultayın kerçirilməsində maraqlı olmayanların partiyada çoxluq təşkil etməsini, daha düzgün desək, güclü olmasını göstərir.
Digər tərəfdən, mövcud vəziyyət Müsavatın qurultayının keçirilib, keçirilməyəcəyinin heç nəyi dəyişməyəcəyi qənaətini yaradır. Lakin prosedura görə, qurultay mütləq baş tutmalıdır, bir qədər gec olsa da. Prosedura görə də hazırkı başqan İ.Qəmbər postundan getməlidir ki, burda vəziyyəti bir az qəliz görünür. Çünki “demokratik əzələ nümayişi”nə bənzəyən belə bir addımın sonrakı nəticələri İsa bəy üçün arzuolunan deyil.
Hazırda İ.Qəmbər prezident seçkilərinə namizədliyini irəli sürüb, amma bu, partiya nizamnaməsinə zidd addımdır. Burdan belə çıxır ki, İ.Qəmbər iki ilə qədərdir ki, Müsavat partiyasına qeyri-qanuni rəhbərlik edir, onun seçki kampaniyasına başlaması da qeyri-qanunidir. Bunu Müsavatda da yaxşı anlayırlar. Bu baxımdan, onların yer məsələsini yenidən gündəmə gətirmələri və qurultayın seçkilərdən sonraya qala biləcəyi kimi fikirlər səsləndirmələri İ.Qəmbərin nizamnamədən kənar hərəkət etməsinin üstünü kamuflyaj etmək, ya da heç olmasa, bunu səssiz ötürmək məqsədi daşıyır.
Məsələ ilə bağlı qəzetimizə danışan millət vəkili Zahid Oruc hesab edir ki, faktiki olaraq İ.Qəmbər öz başqanlığını partiya nizamnaməsindən kənar davam etdirir: “Vaxtilə isə partiyada daxili qüvvələrin səsini idarəçilikdə tanımaq istəyərək, rəhbərlik üçün zaman limiti qoymuşdular. Yəni İ.Qəmbər iki ildən artıqdır ki, qanunsuz olaraq partiyanı yönləndirməkdədir. Bu gedişlər, xüsusilə də seçkiöncəsi heç bir şey olmadan ortaya çıxıb, qurultayla bağlı danışmaq, Müsavatın indidən özünü sığortalamaq istəyidir”.
Millət vəkili qeyd edib ki, əslində Müsavatın qurultayının keçirilməsi cəmiyyət üçün o qədər də önəm daşımır. Onun sözlərinə görə, Müsavat və onun başqanı cəmiyyət həyatında çox kiçik bir yer daşıyır, bu üzdən də qurultayın keçirilməsi xüsusi qərarlarla, sədr seçkisi ilə və İ.Qəmbərin adını hansısa fərqli liderlik adına keçirməklə də önəmli deyil və heç nəyi dəyişməyəcək.
“Hesab edək ki, sabah onların qurultayı reallaşdı. Guya o biri gün fövqəladə hadisələr baş verəcək, cəmiyyətdə qüvvələr nisbəti dəyişəcək, hakimiyyətin gücü azalacaq, bu fonda Müsavatın gücü xüsusi bir səviyyəyə gəlib çatacaq? Qəti şəkildə bu baş verməyəcək. Açığı, mediada hiss etdirməsələr, sıravi vətəndaşlar Müsavatın qurultayını nə xatırlamazlar, nə də maraqlanmazlar”-deyə o vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə qəzetimizə açıqlamasında bildirib ki, bu gün ölkədə hansısa bir siyasi partiyanın qurultayını, yaxud hansısa tədbirini keçirmək kimi problem yoxdur. Onun sözlərinə görə, Müsavat Partiyası qurultayını keçirmək üçün kifayət qədər imkana sahibdir: “Sadəcə olaraq, onlar qurultayın keçirilməməsində maraqlıdırlar və bəzi məqamlarda bundan piar kimi istifadə edirlər. Partiya daxilində gələcək lider məsələsini yoluna qoya bilməyiblər. Güclü qruplaşmalar var ki, qurultaydan sonra parçalanmaya səbəb ola bilər. Digər tərəfdən, qurultayın ləngiməsinin səbəblərindən biri də cəmiyyətə təqdim edə biləcəkləri heç bir ideya, proqramın olmamasıdır. Fikir verin, qurultay keçirməkdən danışırlar, lakin qurultayda hansı məsələləri müzakirə edəcəkləri, hansı ideyaları irəli sürəcəkləri barədə heç bir məlumat yoxdur. Çünki belə bir ideya, ümumiyyətlə, mövcud deyil”. Onun sözlərinə görə, mövcud vəziyyətdə Müsavat partiyasının gücü partiya ətrafı söhbətlərin gündəmə gəlməsində özünü göstərir. Millət vəkili qeyd edib ki, Müsavat istər İ.Qəmbər, istərsə onsuz seçkilərə getməsinsə baxmayaraq, heç bir nəticə göstərə bilməyəcək.
Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, yer, vaxt kimi əsaslar Müsavat üçün bir bəhanədir. Onun sözlərinə görə, qurultayı az adamla və istənilən yerdə keçirmək mümkündür: “Bundan əvvəl də belə keçiriblər, bəs indi niyə keçirmirlər? Çünki nizamnamədəki dəyişiklik İ.Qəmbər üçün ciddi problemlər deməkdir və onun gələcək imicini zərbə altına qoyub. Bu səbəbdən də, qurultay məsələsi süni sürətdə uzadılır, nizamnamə pozuntularına gedilir. Əks təqdirdə təklif olunan neçə yerdən biri ilə razılaşıb keçirərdilər. Onların tələb etdiyi yerlərə nəzər saldıqda da bunun bir bəhanə olduğunu demək olar”.
T.Kərimli bildirib ki, Müsavat iqtidarı günahlandırmaqdansa özünün qeyri-demokratik davranışlarına diqqət yetirsin. Partiya sədri hesab edir ki, Müsavatdakı qeyri-demokratik mühit faktdır və qurultayın keçirilməməsi heç də obyektiv səbəblərlə bağlı deyil.
Asif NƏRİMANLI




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info