Devalvasiya prosesi qaçılmaz idi
Tarix: 23.12.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranı ilə bağlı proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etdi ki, nəticədə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi. İlk anda bu prosesin mahiyyətini anlamayıb təşvişə düşənlər olsa da, öz fikirlərini bildirən iqtisadçılar, ekspertlər, mütəxəssislər mövcud vəziyyətin zəruri addım olduğunu bildirirlər.

Üzən məzənnə rejimi milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir

Baş verən proseslərə aydınlıq gətirən AMB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Onun sözlərinə görə, ötən ilin iyun ayından etibarən beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb və bu, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salıb, ölkənin tədiyyə balansına əhəmiyyətli təsir edib: “Valyuta bazarına və məzənnəyə təsir edən amil yalnız neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, İran rialı son 3 ildə 120 faiz devalvasiyaya uğradı, Qazaxıstan təngəsi 108 faiz, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir. Buna görə də üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Biz ilk auksionumuzu təşkil etdik. Həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”. E.Rüstəmov əlavə edib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən sistemdir.

Sahib Alıyev: “Dövlət çalışacaq ki, bu proses sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin”

Millət vəkili Sahib Alıyev də baş verən proseslərlə bağlı narahat olduğunu desə də bunun qaçılmaz olduğunu bildirir: “Bizim qonşularımız üzən məzənnə kursuna çoxdan getmişdilər. Valyutası bir ildə 250 faizə qədər dəyər itirən Ukraynanı yada salın. Neftin bir ilin içində 3 dəfə ucuzlaşması, üstəlik bizim əsas ticarət tərəfdaşlarımızın valyutalarının dəyərdən düşməsi reallığında ya biz bütün strateji ehtiyatlarımızı tükədərək sonra daha pis vəziyyətə düşməli, ya da indi atılan addımı atmalıydıq”. Millət vəkilinin sözlərinə görə, bu ərəfədə Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün, müstəqilliyimizin, konstitusiya quruluşumuzun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün özünün ehtiyat fondundan 10 milyon manat ayırması ondan xəbər verir ki, dövlət manatın devalvasiyasından sonra prosesləri başlı-başına buraxmayacaq: “Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi ilk növbədə çalışılacaq ki, bu, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin”.

Əli Məsimli:
“Belə hallar keçici xarakterli olacaq və xeyli uduş əldə
edə bilərik”

Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli isə bildirib ki, Azərbaycan hökuməti fevralın 17-də yumşaq devalvasiya elan edib, üç gün sonra - ayın 21-də şok devalvasiya gedəndə biz yumşaq devalvasiyanın tərəfdarı kimi çıxış etdik: “21 dekabr devalvasiyası isə məcburiyyət üzündən atılan növbəti və həm də 21 fevralla müqayisədə daha sərt devalvasiya addımıdır. Bu addım sosial itkilər baxımından problemli olsa da, qaçılmazlığı baxımından iqtisadi məntiqə uyğun, strateji perspektivlər baxımdan zəruri idi”. Üzən məzənnə siyasətinin ölkəmizə nə vəd etməsinə gəldikdə isə millət vəkilinin sözlərinə görə, üzən məzənnə siyasətinin beynəlxalq praktikadan məlum olan öz müsbət və mənfi cəhətləri var: “Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməklə uzunmüddətli perspektivdə valyuta siyasətində geniş manevr imkanları əldə edəcək. Azərbaycanın ixrac etdiyi malların ucuzlaşması müqayisəli üstünlük yaradacaq. Ondan faydalanmaq isə həyata keçirilən siyasətdən asılı olacaq. Amma siyasət düzgün qurulsa, belə hallar keçici xarakterli olacaq və iqtisadiyyatımızın neftdənkənar real hissəsini rəqabətqabiliyyətli səviyyəyə gətirib xeyli uduş əldə edə bilərik. İnhisarçılıq, korrupsiya və məmur özbaşınalıqlarına son qoymağa imkan verən ciddi, sistemli və sürətli islahatlar rejiminə , “yaxşı qazanmağı və qənaət etməyi bacaran çevik hökumət modeli”nə keçməklə vəziyyətdən az itki ilə çıxmaq imkanı realdır. İqtisadiyyatın sosial sektorun müvafiq sahələrini, xüsusən də bankları və əhalini belə kəskin devalvasiyanın mənfi təsirindən qorumaqdan ötrü zəruri proqram hazırlayıb həyata keçirmək və devalvasiya nəticəsində açıq qalan suallara operativ cavab vermək lazımdır. Çünki milli valyutanın nisbi sabitliyi əhalinin güzəranı ilə birbaşa əlaqəli məsələdir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info