“Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsi qaçılmaz oldu”
Tarix: 24.12.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Son günlər cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də manatın devalvasiyaya uğramasıdır. Ekspertlər də bunu əsaslı və qaçılmaz sayırlar və bildirirlər ki, manatın üzən məzənnəyə keçirilməsinin alternativi yox idi. Dünya bazarında neftin son bir il ərzində təxminən 3 dəfə qiymətdən düşməsi neft ixrac edən ölkələrin milli valyutasına ciddi təsir edib. Devalvasiyanın birinci dalğası ilin əvvəlində baş vermişdi. Amma neft sona qədər də ucuzlaşmaqda davam etdi və buna görə də ikinci devalvasiyanın baş verməsi qaçılmaz oldu. Qeyd edildiyi kimi, bu proses dünyanın digər əsas neft ölkələrində, lap elə qonşu Rusiyada da ciddi bir şəkildə hiss olunmaqdadır. Amma vacib olan əsas məsələ bu fonda əhalinin maraqlarının qorunması və aztəminatlı insanların çətinliklərlə üzləşməsini aradan qaldırmaq, bununla bağlı lazımi tədbirləri uğurla həyata keçirməkdir.
Bu barədə bizə fikirlərini bildirən iqtisadçı alim Vüqar Bayramov qeyd etdi ki, əslində, Mərkəzi Bankın üzən valyuta siyasətinə keçəcəyi gözlənilən idi: “Son bir ildə 12 milyard dollardan çox xarici valyuta rezervlərini itirən Mərkəzi Bank ya sərəncamındakı 5 milyard dollarının da bazarda əriməsini gözləyərək bir neçə aydan sonra yeni məzənnə siyasətinə qədəm qoymalı idi, ya da bunu daha tez etməklə əlində tənzimləmə üçün kiçik də olsa rıçaqlar saxlamalı idi. Nəticə təbii ki, eyni olacaqdı: manat dəyər itirəcəkdi. Üzən valyuta rejimi manatın məzənnəsinin aşağı düşməsini şərtləndirməli idi. Əvvəlcə də üzən məzənnə siyasətinə keçidin qaçılmaz olduğunu və bunun da milli valyutanın məzənnəsini azaldacağını demişdim. Gözlənilən oldu və artıq manatın məzənnəsi sərbəst buraxıldı”.
Təbii ki, indiki məqamda ən çox müzakirə edilən məsələ manatın kəskin dəyər itirməsinin mənfi nəticələrinin azaldılmasıdır. İqtisadçı alim bununla bağlı öz təkliflərini bu cür çatdırdı: “Bank və kreditləşmə sektorunda xarici valyuta, xüsusən də dollar ilə götürülən kreditlər üçün yeni mexanizmlərin hazırlanması və tətbiq edilməsi lazımdır. Bunun üçün Mərkəzi Bank ya manatla artan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da xarici valyutada olan kreditlərin ödənilməsi üçün uzunmüddətli güzəşt müddəti müəyyənləşdirməlidir. Dollar ilə kredit götürən şəxslərin ödəmə qabiliyyətlərinin azalması gözləniləndir. Belə olan halda isə Mərkəzi Bankın məzənnə fərqindən yaranan xərcin bir hissəsini kompensasiya etməsi olduqca vacibdir. Digər tərəfdən, Mərkəzi Bank dollarla krediti olan vətəndaşlar üçün uzunmüddətli güzəşt müddəti təyin etməklə bunun müqabilində bankları vəsaitlə təmin edə bilər. Hökumətin kredit götürənlərin xərclərinin kompensasiyasına hesablanan kompleks tədbirlərin görülməsinə ehtiyac var. Mərkəzi Bankın milli valyuta ilə olan əmanətlərin indeksasiyası mexanizmi tətbiq etməsi zəruridir. Bankların likvidliyinin qorunması üçün sağlamlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Mərkəzi Bank kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarını genişləndirməklə onların güzəştli kreditlər ilə təmini həyata keçirməlidir ki, “kövrək bankların” müflişləşməsinin qarşısını ala bilsin.
Sosial sferada da proqnozlaşdırılan yeni real inflyasiya səviyyəsinə uyğun olaraq əməkhaqqı, pensiya və təqaüdlərin indeksasiyasının həyata keçirilməsi labüddür. Əməkhaqlarının inflyasiya tərəfindən yeyilməsinin qarşısının alınması üçün əməkhaqlarının indeksasiyası sisteminin hazırlanıb tətbiq edilməsinə ehtiyac var. Bütün prioritet sosial layihələr üzrə indeksasiya sisteminin hazırlanıb tətbiq edilməsinin reallaşması lazımdır. Milli valyutanın dəyərsizləşməsi səbəbindən manatla təklif edilən sosial ipoteka kreditləri üzrə maksimum məbləğin artırılması və faizlərin optimallaşdırılması gərəkdir.
Həmçinin ixrac potensialı artırılmalıdır. Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün üçün xarici ticarətdə bütün süni baryerlərin və inhisarçılığın aradan qaldırılması vacibdir. Üzən valyuta rejimində manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq müəyyənləşir. Ölkəyə daxil olan xarici valyutanın artması dollar təklifini artıraraq manata təzyiqi azalda bilər. İndiki vəziyyətdə Azərbaycana daxil olan xarici valyutanın həcminin artırılması birbaşa xarici ticarətdəki baryerlərin aradan qaldırılmasından asılıdır. Xarici ticarət xidmətlərinin “ASAN xidmət”ə verilməsi prosesinin sürətləndirilməsi və idxal-ixrac əməliyyatlarında elektronlaşmasının genişləndirilməsi bu məsələdə müsbət effekt verə bilər”.
Bundan başqa, kənd təsərrüfatı və digər sahələrdə bir sıra tədbirlərin intensivləşdirilməsinin məqsədəuyğun olduğunu qeyd edən ekspertin fikrincə, təkliflərin reallaşması istehlak bazarında qiymətlərin tənzimlənməsi, əhalinin gəlirlərində real artımın qorunması, qeyri-neft ixracatının stimullaşdırılması, ölkəyə daxil olan xarici valyutanın həcminin artırılması kimi istiqamətlərdə daha yüksək uğurlara nail olmağa imkan verəcək. Nəticədə, üzən məzənnə prosesində mənfi təsirlərin aradan qaldırılması asanlaşar. Hökumətin bu sahədə həyata keçirdiyi tədbirlərin effekt verməsi üçün diqqətin gücləndiriləcəyi gözlənilir.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info