“Balıq ovunun intensiv aparılması balıq ehtiyatının kəskin azalmasına səbəb olub”
Tarix: 26.12.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Sara Əliyeva: “Balıqların növ tərkibi, fəsillər üzrə yayılması, mühüm vətəgə əhəmiyyətli növlərin və onların körpələrinin biologiyasının öyrənilməsi sahəsində tədqiqat aparmaq üçün müəyyən avadanlıqlar lazımdır”
Biomüxtəlifliyin qorunması və növlərin sayının artırılması təbiətin qorunması və iqtisadiyyatın da inkişaf etdirilməsi üçün vacib məqamlardandır. Bu mövzuda müsahibimiz elmi tədqiqatçı Sara Əliyevadır:

-Mən - Əliyeva Sara İsmayıl qızı 27 iyun 1981-ci ildə Qubadlı rayonunda anadan olmuşam. İlk təhsilimi Səbail rayonunda yerləşən H.Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər liseyində almışam. 1999-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub, 2003-cü ildə bakalavr, 2006-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. 2007-2009-cu illərdə AMEA Zoologiya İnstitutunda doktorantura pilləsində təhsilimi almışam. 2012-ci ildə “Şəmkir su anbarı vətəgə balıqları (çəki, çapaq, sıf) körpələrinin biologiyası” mövzusunda dissertasiyanı müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi adını almışam. 2012-ci ildə elm sahəsində əldə etdiyim nailiyyətlərə görə ”Zirvə” Ziyallılar Təşkilatının təşkil etdiyi “Nurlu Zəka Sahibi” diplomuna layiq görülmüşəm. Zoologiya İnstitutu Gənc Alimlər və Mütəxəssislər Şurasının katibiyəm. 2007-ci ildən AMEA Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasında kiçik elmi işçi, 2013-ci ildən isə böyük elmi işçi vəzifəsində çalışıram. 16 elmi əsərim yerli və xarici jurnallarda dərc edilibr. Tədqiqat apardığım elmi istiqamət Mingəçevir su anbarı balıqlarının bioloji xüsusiyyətləri, yayılması və bioloji göstəricilərində baş vermiş dəyişikliklərin öyrənilməsidir.
- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?
- Zoologiya vahid bir elm deyil. Tədqiqat vəzifələrinə görə Zoologiya elmi bir sıra sahələrə bölünür. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı nöqteyi-nəzərdən öyrənir. Bu sahələrdən biri də İxtiologiya adlanır. İxtiologiya onurğalılar zoologiyasının bir bölməsi olub, yunanca «ixtis» - balıq sözündən götürülmüş; balıqları, onların quruluşunu, biologiyasını, sistematikasını, təkamülünü, yayılmasını, ekologiyasını öyrənir. Balıqlar insanların həyatında mühüm əhəmiyyətə malikdir. Balıq əti, tərkibində, əsasən, çoxlu miqdarda tam keyfiyyətli, həyat üçün zəruri olan amin turşuları ilə zəngin zülallara malik bioloji qiymətli yeyinti məhsuludur. Bundan başqa, insanlar balıqlardan dekorativ bəzək kimi, həmçinin balıq ovu ilə idman və əyləncə məqsədilə məşğul olurlar.
- Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Azərbaycanın bioloji müxtəlifliyində dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Bildiyimiz kimi, Azərbaycan nərə balıqları və qara kürü istehsalına görə bütün dünyada məşhurdur. Vaxtilə dünya üzrə nərə ehtiyatlarının 80-90 %, bəzi məlumatlara görə isə hətta 95 % Xəzər dənizində cəmləşmişdi. Bizim apardığımız ixtioloji tədqiqatlar stasionar xarakterlidir və fasiləsiz olaraq su anbarında balıqların növ tərkibi, fəsillər üzrə yayılması, mühüm vətəgə əhəmiyyətli növlərin və onların körpələrinin biologiyasının öyrənilməsi sahəsində tədqiqat aparmaq üçün müəyyən avadanlıqlar (qayıq, gəmi) lazımdır. Tədqiqat apardığımız Mingəçevir su anbarında xüsusi tədqiqat gəmisi olan “Zərdabi” adlı gəmi demək olar ki, istismara yararsız hala düşmüş və ciddi təmirə ehtiyac duyulur. Materiallar toplamaq üçün qurma və sürütmə torlardan istifadə edirik. Bu da su anbarında dərinliklər üzrə materialların toplanmasında müəyyən çətinliklər yaradır. Xarici mütəxəssislərin apardıqları tədqiqat işləri ilə müqayisə olunduqda, xarici mütəxəssislər çöl şəraitində tədqiqatların aparılması üçün lazım olan avadanlıqlarla tam təmin olunublar.
- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?
- Bildiyimiz kimi, Kür çayı üzərində hidrotexniki qurğuların yaradılması Kür-Xəzər hövzəsinin balıqçılıq təsərrüfatında ciddi dəyişikliklərin baş verməsinə səbəb olub. Son illərdə ətraf mühitə antropogen təsirin qlobal xarakter alması və bu təsirin ilbəil güclənməsi ilə əlaqədar su mühitində yaşayan canlılar üçün tamamilə yeni ekoloji şərait yaranmış, hər bir canlının, o cümlədən balıqların davranışında və onların bioekoloji xüsusiyyətlərində müəyyən dəyişikliklərə səbəb olub. Uyğunlaşma xarakterli bu cür dəyişikliklərin öyrənilməsi mühüm elmi əhəmiyyət daşımaqla yanaşı, böyük təcrübi əhəmiyyət də kəsb edir. Bu baxımdan su anbarlarının mühüm vətəgə balıqlarından olan çapaq, çəki, sıf, külmə, şəmayı balıqlarının həyat tərzində (xüsusilə onların erkən inkişaf mərhələlərində) baş vermiş dəyişikliklərin tədqiq olunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar su anbarlarının balıq məhsuldarlığının artırılması və ondan səmərəli istifadə olunması istiqamətində əməli təkliflərin hazırlanmasına, orada məskunlaşmış qiymətli vətəgə balıqlarının bioloji strukturunun, çoxalma şəraitinin yaxşılaşdırılmasına, ehtiyatlarının əsaslı dərəcədə yüksəldilməsinə imkan verir. Qeyd olunanları nəzərə alaraq sənaye balıq ovu aparıldığı bir vaxtda balıq ovunun dinamikasına təsir edən ekoloji və antropogen amillərin müəyyən edilməsini, hövzənin balıq ehtiyatının formalaşmasında mühüm rol oynayan vətəgə əhəmiyyətli balıqların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi vacib məsələlərdən biridir.
- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Maraqlı sualdır. Davamlı inkişafın əsas tərkib hissələri ətraf mühitin mühafizəsinin təkmilləşdirilməsi, maddi rifahın yaradılması və sosial ədalət prinsiplərinə nail olmaqdır. Bu üç tərkib hissələri arasında tarazlığa nail olmaq davamlı inkişaf sahəsində uğurların açarıdır. İqtisadi rifah olmadığı halda, ətraf mühitin mühafizəsi sahəsindəki yüksək nəticələrin heç bir mənası yoxdur. Davamlı inkişafın bir hissəsi olan bioloji müxtəliflik hal-hazırda sürətlə məhv olur. Bioloji müxtəlifliyin sabitliyinin pozulmasının əsas səbəbləri torpağın düzgün istismar olunmaması, ətraf mühitin çirkləndirilməsi, təbii sərvətlərdən həddən artıq istifadə edilməsidir. Yeni növ canlıların ekosistemə daxil olması, iqlim dəyişməsi də bioloji müxtəlifliyə təsir edən amillərdəndir. Son illərdə su hövzələrində balıq ovunun intensiv aparılması vətəgə əhəmiyyətli balıqların ehtiyatının kəskin surətdə azalmasına səbəb olmuşdur. Bu azalmanın qarşısını almaq və su anbarlarında balıq ovunun tənzimləmək məqsədilə bir çox tədbirlər görülməlidir. Bu tədbirlər nədən ibarətdir? Məlum olduğu kimi, balıqlar çoxalma vaxtı, əsasən, kürüləmə yerlərinə toplanırlar və elə bu vaxtda da balıqçılar tərəfindən həmin sahələrdə balıq ovu aparılır. Bu isə balıqların su anbarında miqdarının getdikcə azalmasına səbəb olan ən başlıca amillərdən biri hesab olunur. Digər tərəfdən ov alətlərindən düzgün istifadə edilmədiyindən ovlanma ölçüsünə çatmayan balıqlar ovlanılır ki, bu da balıqların miqdarının sürətlə azalmasına gətirib çıxarır. Balıqların çoxalma yerlərinin məhdud olduğunu nəzərə alaraq bəzi meliorasiya işlərinin aparılması məqsədə uyğun hesab edilməlidir. Verdiyimiz bu təkliflər aidiyyəti qurumlara təqdim olunub.
- Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?
- Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra təhsildə müəyyən islahatlar aparıldı. Aparılan bu təhsil islahatları elmi-nəzəri əhəmiyyəti ilə fərqlənir. Təhsil və elm müəssisələrinin maddi-texniki bazası ən müasir avadanlıqlarla təmin olunsa da, müəyyən çatışmazlıqlar hələ də var. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Bir gənc mütəxəssis kimi təklif edərdim ki, təhsil müəssisələrində şagirdlərin əldə etdikləri elmi-nəzəri biliklər praktikada tətbiq olunmalı, mütəmadi ekuskursiyalar təşkil olunmalıdır.
- Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?
- Ölkəmizin dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi üçün yeni, yüksəkixtisaslı mütəxəssislərə daim ehtiyacı olub. Azərbaycanın dünyaya inteqrasiyasından sonra bu təlabat xeyli artıb. Gənclərin ölkəmiz üçün lazımi ixtisaslar üzrə xaricdə təhsil alması prosesi, bu gün cəmiyyətimizin ən mühüm amilinə çevrilib. Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb işləməsi əsas problemlərdən birinə çevrilib. Baxmayaraq ki, gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı qəbul olunub, bu proqrama əsasən, dövlət hesabına xaricdə təhsil alanlar 5 il müddətində Azərbaycanda işləməlidirlər. Xaricdə təhsil almış tələbənin burda qalıb işləməsini istəyiriksə, lazımi şərait yaradılmalı, yüksək əməkhaqqı olan işlə təmin edilməlidir. Öz töhfələrini bu ölkəyə verməli, müasir, demokratik Azərbaycanınımızın çiçəklənməsində yaxından iştirak etməlidirlər.
-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz ?
İnşallah, məqsədim elmi fəaliyyətimi davamlı olaraq inkişaf etdirmək və Azərbaycan elminə öz töhfəmi verməkdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info