“Öz dövlətinin maraqlarını qara qəpiyə belə, satmağa hazır olanlar...”
Tarix: 26.12.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Fikrət Yusifov: “Son beş ildə ÜDM-də qeyri-neft sektorunun payı 20 faiz artıb”

Dünyada baş verən proseslərin qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməsi nəticəsində ölkəmizdə üzən məzənnə rejiminə keçildi. Bir çox mütəxəssislər, iqtisadçılar bunun zəruri bir addım olduğunu bildirdilər. Hətta Azərbaycan Mərkəzi Bankının "üzən məzənnə" rejiminə keçidlə bağlı qərarını şərh edərkən Dünya Bankının Bakı ofisi Azərbaycan milli valyutasının çevikliyinin təmin edilməsini son bir neçə ay ərzində manat üzərində intensivləşmiş təzyiqin yumşaldılması üçün atılan zəruri addım olduğunu bildirdi.
Mövcud vəziyyətlə bağlı fikirlərini bildirən ölkə başçısı da qeyd edib ki, bu gün təkcə neftin deyil, dünyanın taleyi həll olunur: “Neft gəlirlərimizin aşağı düşməsi, təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulub ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun”.
Son iki ay yarım dövr ərzində neftin qiymətlərinin əlavə olaraq 30 faiz ucuzlaşması hər kəsin gözləntilərini və optimizmə söykənən mülahizələrini alt-üst etdiyini, manatın dekabr ayının 21-də məcburən üzən məzənnəyə keçirildiyini deyən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikrincə, bu dəyişiklik hər fürsətdə Azərbaycana, onun maraqlarına qarşı çıxıb, qərəzli kampaniyalar aparanlara yeni bir “ruh” verib: “Öz dövlətinin maraqlarını qara qəpiyə belə, satmağa hazır olanlar manatın dəyərdən düşməsini elə bir “şövqlə” qarşıladılar ki, heç qatı düşmənlərimiz onlar qədər sevinmədi. İndi bu adamlar özlərini, az qala, iqtisadiyyatın Vanqası kimi qələmə verib, “Biz demişdik…”nidası ilə müşayiət olunan statuslar və məqalələr yazırlar. Bu gün mətbuat səhifələrində, “Biz vaxtında yazdıq, dedik ki, manatı təhlükə gözləyir, onu üzən məzənnəyə keçirmək lazımdır, ancaq bizim çağırışlarımızı heç kim eşitmədi” kimi fikirlər səsləndirən “ifrat ağıllılara” deyirik ki, heç də hər şey onların “gördükləri” və “eşitdikləri” kimi olmayıb. Bir müddət əvvəlki çağırışlarının əsassız olmadığını “göstərməyə” çalışanlar bir məsələni başa düşməlidirlər ki, dövlət manatın üzən məzənnəyə hazırlıqsız keçirilməsinin fəsadlarını hamıdan daha yaxşı bildiyi üçün maksimum çalışırdı ki, bu addım vaxtından əvvəl atılmasın. Onsuz da manatın bu ilin əvvəlində 34% devalvasiyası baş vermişdi. Bu, kifayət edirdi. Lakin təəssüf ki, neftin dünya bazarındakı qiymətinin son iki ayda 30% ucuzlaşması səbəbindən manatı 21 fevraldan sonrakı məzənnədə saxlamaq mümkün olmadı. Amma hökumət və Mərkəzi Bank bunun üçün hər şeyi etdi. Heç kəs istəmirdi ki, manat yenidən devalvasiyaya uğrasın və rəsmi səviyyələrdə verilən açıqlamalardan da görünür ki, hökumət neftin 50 dollarlıq səviyyəsində qalacağını ehtimal etdiyindən manatla bağlı kəskin addımlardan mümkün qədər qaçmağa çalışıb. İndi yazırlar ki, biz vaxtında dedik, ancaq bizi eşidən olmadı. Bu yazıları oxuyanda az qalırsan inanasan ki, manatın taleyi bizim bəzi iqtisadçı ekspertlərdən başqa heç kəsi narahat etmir. Bu adamlar elə zənn edirlər ki, nə hökumətdə, nə də Mərkəzi Bankda manatın taleyi kimisə düşündürmür və atılan addımlar da kortəbiidir. Xeyr, belə deyil! Mətbəxi bilməyib, meydandan kənarda dayanaraq söz güləşdirənlər əmin olmalıdırlar ki, hökumətdə də, Mərkəzi Bankda da manat ətrafında baş verənlərlə bağlı gecə-gündüz müzakirələr gedir və hər bir vəziyyət üçün optimal çıxış yolları axtarılır”.
İqtisadçının sözlərinə görə, neftin qiymətlərinin 50 dollardan aşağı düşmə ehtimalı nə qədər idisə, siyasi oyunlardan qaynaqlanan prosesin yumşalacağı, neft qiymətlərinin bir qədər artacağı da bir o qədər gözlənilən idi və elə bu səbəbdən də həm hökumət, həm də Mərkəzi Bank tələsmirdi”.
F.Yusifov onu da deyir ki, biz də proseslərin siyasi motivlərdən qaynaqlanması faktından çıxış edərək, neftin qiymətinin daha da aşağı düşəcəyini gözləyirdik: “Lakin bir məsələni bilmək vacibdir. Baş verən proseslərin dərinliklərini meydandan kənarda olanlarla bu prosesləri idarə edənlər eyni səviyyədə bilə bilməzlər. Azərbaycan hökuməti və Mərkəzi Bank manatla bağlı məlum addımı bir neçə ay əvvəl atmayıbsa, deməli, onların neftin qiymətləri ilə bağlı müəyyən gözləntiləri olub. Başqa çıxış yolu qalmadıqda isə məcburiyyət qarşısında bu addım atılıb. Məsələyə dərindən yanaşdıqda, görürük ki, hökumətin “ləng” davranışının kökündə yenə də ümumxalq maraqları, əhalini itkilərdən mümkün qədər qorumaq istəyi dayanıb. Heç kim 5-10 gündən sonra dünya neft bazarında nə baş verəcəyini deyə bilməz və Azərbaycan hökuməti də sırf optimist gözləntilərlə manatı bütün mümkün vasitələrlə qorumağa çalışdı. Azərbaycanda qeyri-neft sektoru yaxşı inkişaf etsəydi indi bu proseslər baş verməzdi” deyənlər heç özlərinə sual verirlərmi ki, əgər Azərbaycanda qeyri-neft sektoru inkişaf etməyibsə, onda iqtisadiyyatın qeyri-neft sektorundan 1,7 milyard dollar həcmində ixraca necə nail olunur? Əgər bu sektor bəzilərinin təqdim etdiyi kimi, “bərbad” vəziyyətdədirsə, onda necə olur ki, son illər ərzində biz özümüzü bütün inşaat və tikinti məhsulları ilə və başqa bir çox məhsullarla tam təmin edə bilmişik? Təkcə son 5 ildə Ümumi Daxili Məhsulda bu sektorun payı 20%-ə qədər, bu sektordan ixracın həcmi isə 60%-dən çox artıb. Faktları, reallıqları danmaq olmaz. Bəli, hər birimiz istərdik ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ən qısa zamanda tam aradan qaldırılsın. Qeyri-neft sektorunda daha ciddi nəticələrin əldə olunması hamımızın istəyidir. Ancaq gəlin unutmayaq ki, Azərbaycanın neft sənayesinin 100 ildən artıq tarixi var və bir neft ölkəsini dərin tarixi köklərə malik, oturuşmuş iqtisadi sistemdən birdən-birə ayırmaq asan məsələ deyil. Əgər bu istiqamətdə hansısa addımlar atılmasaydı, hökumət bu məsələdə ciddi kursa malik olmasaydı, onda yuxarıda qeyd etdiyimiz nəticələri də əldə etmək mümkün olmazdı. İndi əsas məsələ bu sektorun daha sürətli inkişafını təmin edən tədbirlərin görülməsidir. Bu istiqamətdə də artıq dövlət başçısı səviyyəsində ciddi qərarlar qəbul edilib və digər zəruri qərarların da yaxın günlərdə qəbul ediləcəyi gözləniləndir.
Nəhayət, gəlin unutmayaq ki, bu gün dünya siyasi meydanında çox ağır oyunlar gedir ki, bütün bunların da nəticəsində bütövlükdə bəşəriyyət təhlükə qarşısında qala bilər. İndi Yaxın Şərqdə gedən proseslər təkcə neftin qiymətini deyil, ümumən dünyanın taleyini müəyyənləşdirir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info