Təsəvvüf və mistisizm
Tarix: 30.12.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Gerçəkliyin mahiyyəti haqqında suallar insan təfəkkürünün hər zaman aparıcı meyarına çevrilib. Keçmişin qaranlıq səhifələrindən günümüzə qədər meydana gələn, formalaşan və inkişaf edən müxtəlif əqidəli düşüncələr, fəlsəfi fikirlər tarixdə iz buraxıb. İbtidai insanın ətraf aləm haqqındakı fikirləri zaman keçdikcə öz əvvəlki əhəmiyyətini itirərək yeni bir məzmun kəsb etməyə başladı. Zaman keçdikcə bu fikirlər erroziyaya uğrasa da, müəyyən ideyaların bəziləri öz xarakterini itirməmişdi. İnsanlar artıq maddi dünya ilə birgə mənəvi dünya haqqında da düşünməyə, sonsuz kainat, kainatın sirləri haqqında öz mülahizələrini yürütməyə başladılar.
Ümumbəşəri məzmun kəsb edən fəlsəfənin ilk rüşeymlərinin Şərqdə meydana gəlməsi danılmaz faktdır. Şərq təfəkkürü, dünyagörüşü öz orijinallığı ilə seçilmişdir. Qədim köklərə malik Şərq xalqlarının ictimai fəlsəfi fikir tarixi öz zənginliyi və dolğunluğu ilə fərqlənir. İstər islamdan əvvəl, istərsə də sonra Şərqdə yaranmış dini-fəlsəfi təlimlər böyük fəlsəfi ideyaların təzahür etməsində vəsilə rolunu oynamışdır. Bu dini-fəlsəfi təlimlərdən biri sayılan sufiyyə də orta əsrlərdə yaranmış, inkişaf və təkamül mərhələsinə çatmış dini-mistik bir təlim idi. Təsəvvüf və ya irfan elmi adlanan sufilik təlimi zəngin və təkrarsız fəlsəfi ideyaları özündə ehtiva edib.
Orta əsrlərdə müsəlman Şərqində geniş yayılmış sufiyyə cərəyanının nümayəndələri insanın özünü kamilləşdirməsi prinsipinə böyük önəm verirdilər. Özünü kamilləşdirən insanın Allahın intuisiya və ekstaz (ekstaz və ya vəcd - ruhun dünyəvi reallıqlardan xilas olaraq özündən keçmə və coşğunluq halına deyilir) yolu ilə dərk olunması əqidəsinə möhkəm inam bəsləyirdilər.
Sufi fikir adamlarını düşüncə tarixi boyunca narahat edən suallara cavab axtarır, insanın kimliyi, kainatın sirlərini öz metodoloji prinsipləri ilə araşdırırdı. Həqqə qovuşma yolu ilə Həqqin dərk olunması hər zaman sufinin əsl və əsas amalı idi. Mistik eşq, ilahi nurlanma, xüsusi ayinlər, rəqslər və duaetmə mərasimləri sufiyyə təriqətinin əsas atributlarından biri idi. Sufiyyə təriqətində mürid adlanan şagirdlər mürşid adlanan rəhbər, pir, ağsaqalla möhləm və qırılmaz mənəvi tellərlə bağlı olmalıydı.
Sufinin fikrincə, bütün məhəbbətin əsasında yarananın yaradılanlara qarşı olan məhəbbəti önəmli bir yer tutur. Mütləq olana qarşı olan məhəbbət öz səmimiliyi ilə səciyyələnməlidir. İnsanın Allahı dərk etməsi, qovuşması yolunda önəmli bir mövqeyə malik olan mistik məhəbbətin varlığı zamanı ağıl öz əhəmiyyətini itirmiş olur. Təsəvvüf fəlsəfəsinə görə insan ilahi düşüncəyə müəyyən qayda-qanunlara əməl etməklə deyil, qəlb, könül yolu ilə nail ola bilər. Özünü dərk etmək sufi həyatının əsl mahiyyətinə çevrilməlidir. Təsəvvüf fəlsəfəsində əsas mahiyyət ruhu pis və mənfi xarakterlərdən təmizləyib, həqiqi bilgi olan Allahı dərk etməkdir. Allahı dərk etməyin, Allahı bilməyin yolu isə “saffa”dan, yəni saflaşmadan mərifətə doğru olan yoldur.
Təsəvvüf və ya sufiyyə. İslam dini yarandığı dövrdən başlayaraq Ərəb xilafəti ərazisində təsəvvüf, sufiyyə adı altında mistik təlim yaranıb formalaşmağa başladı. Müsəlman Şərqində dini-fəlsəfi dünyagörüşü kimi yaranan sufiyyə təlimində Quran və sünnət iki əsas mənbə hesab olunur. İslam dini zəminində formalaşan sufiyyə təliminin nümayəndələri intuitiv idraka böyük önəm verirdilər.
Sufiyyə sözünün mənşəyi haqqında müxtəlif mü­lahizələr mövcud olub. Tədqiqatçılar əksəriyyəti bu sözün mənşəyinin suffə (ərəbcə - daxma) sözündən, bəziləri suf (ərəbcə - yun paltar) sözündən, bəziləri də sofizm (yunanca - müdriklik) sözündən törəməsini vurğulayırlar. Biz əgər müxtəlif tədqiqatçıların təsəvvüf və ya sufiyyə sözünün mənşəyinin haradan gəldiyinə nəzər yetirmiş olsaq, aşağıdakı mənzərənin şahidi olarıq:
1. Əshabi-suffə - sofa əhli, daxma əhli deməkdir. İslamın ilk yarandığı dövrlərdə ömrünü ibadətə sərf etmiş yersiz-yurdsuz dindarlar üçün islam peyğəmbərinin göstərişi ilə suffələr, yəni kiçik daxmalar tikilirdi. Əshabi-suffə adlanan bu daxmaların dindar sakinləri sufiliyin və yaxud da təsəvvüf fəlsəfəsinin təməl ünsürlərinin formalaşmasında heç şübhəsiz ki, müəyyən təsirlər göstərməyə bilməzdilər.
2. Sufanə - sufan və yaxud da sufanə adlanan bir bitki növüdür. Bir sira araşdırmaçılar sufilərin yeməyə dəyər vermədiklərini və bitkilərlə qidalandıqlarına görə bu adı sufan bitkisinin adı ilə izah edirlər.
3. Saffa və ya səfvvət - saflaşma mənasındadır. Sufiyyə sözünün saffa, yəni saflaşma sözündən də törədiyini söyləyən tədqiqatçılar mövcuddur. Çünki sufilikdə saflaşma, mənəvi təmizlənmə böyük bir əhəmiyyət kəsb edirdi.
4. Səffi-əvvəl - ön cərgə deməkdir. Sufilərin qəlbləri və təqva duyğusu ilə Allaha yönəlmiş sevgiləri ilk sırada durduğundan bəzən onlara saffi-əvvəl də deyirdilər.
5. Bənni-sufə - Kəbəni ziyarətə gələnlərə xidmət edən bir qəbilə adıdır. Hələ islamdan öncə Bənni-sufə qəbiləsinə bu tapşırıq verilmişdi.
6. Süffətül-qafa - ənsə tükü deməkdir. Sufilər geyimə önəm vermədikləri üçün saçlarına da fikir vermir, bu səbəbdən də uzun saç saxlayırdılar.
7. Sifət - bir sufi mənəvi cəhətdən gözəl sifətlərə, yəni xarakterlərə malik idi. Bir sıra tədqiqatçılar sifət kəlməsindən sufiliyin yarandığını ehtimal edirlər.
8. Sofizm və ya sofia - yunanca müdriklik deməkdir. Bəzi tədqiqatçılar isə sufiyyə sözünün yunan müdrikləri ilə bağlı olduğunu və sofizm kəlməsi ilə əlaqədar yarandığını iddia edirlər.
9. Suf - sufiyyə sözünün suf, yəni yun paltar sözündən yarandığını iddia edənlər isə onların isti iqlim şəratində yun paltar geyinərək asketik həyat tərzi sürməsini göstərirdilər.
Məşhur türk tədqiqatçısı H.K.Yılmaz “Açarları ilə təsəvvüf və təriqət” adlı əsərində yuxarıdakı sözlərin hər birinin üzərində dayanır və sonda bu qənəaətə gəlir ki, bunların içərisində sufiliyin mənəbəyini götürüldüyünə ən böyük ehtimal olunan söz “suf”, yəni, yun parça sözündən yaranmasıdır.
Bəzi tədqiqatçılar sufiliyin yaranmasını və geniş yayılmasını cəmiyyətdə gedən təbəqələşmə prosesi ilə əlaqələndirirdilər. Sufiliyin təbəqələşmədən yarandığını iddia edənlər onların tərki-dünya həyat tərzi sürməsini, aşağı təbəqə arasında geniş yayıldığını misal göstərirdilər.
Asketlər zahidlər maddi cəhətdən zəngin həyat tərzini mənəvi zənginliklə əvəz edirdilər. Və bu mənəvi zənginliyi dünyanın hər cür maddi nemətlərinə biganə qalmaqla və maddiyyata nifrət bəsləməklə əldə edirdilər. Təsəvvüfdə tərki-dünya insanlara mütəcəvvid (mütəcəvvid - ərəbcə “dünyadan əl çəkən adam” mənasına gəlirdi) də deyilirdi. Sufiyyə təliminin ilkin və əsas ideyalarından biri zöhd ideyasıdır, zöhd isə dünya nemətlərinə biganə qalmaq və sadə həyat tərzinə uyğun bir tərzdə yaşamağa çalışmaqdan ibarətdir.
Zahidin dünya malına laqeyd münasibəti onun o mənəvi təkamülün formalaşmasına səbəb olur. Zahidin gerçəkliyin mahiyyətinin dərk olunmasına qarşı yönəlmiş proses zamanı mənəvi tərəqqi önəmli bir rola malikdir. Əgər ortodoksal islam təfəkkürünə görə Allah haqqında məlumat əldə etmək üçün “Quran” və hədis önə sürülürdüsə, sufilər bu düşüncəni inkar edirdilər. Sufilərə görə dinin zahiri (açıq) və batini (gizli) tərəfləri var. Dinin açıq tərəflərindən fərqli olaraq gizli tərəfi şəriət, həqiqət və mərifət yolu ilə əldə olunur.
VIII əsrdə İraq və Suriya ərazisində meydana gələn sufiyyə fəlsəfəsində idealist metafizika aparıcı mövqeyə malik idi. Asketik həyat tərzi yolu ilə Allaha tədricən yaxınlaşma, Allahın mərhələlərlə dərk edilməsi və Allahın dərk edilməsinə qarşı olan məhəbbət sufilik fəlsəfəsində idealist metafizikanı formalaşdırmışdı.
Mistisizm - kəlməsi “mystikos” yunancadan əsrarəngiz olmaq, danışmamaq, dodaqları və gözləri yummaq mənalarını ifadə edir. Mistisizm dinlərin dəruni və ruhani bir formasıdır. Bütün dinlərdə mistisizm ünsürləri mövcud olub, islam mistisizmi olan təsəvvüf fəlsəfəsinin mistisizm ilə oxşar və fərqli cəhətləri mövcuddur.
Təsəvvüf fəlsəfəsinin mistisizm fəlsəfəsi ilə eyniləşdirilsə də, bunların mahiyyətinə ciddi nəzər yetirsək, bir sıra fərqli xüsusiyyətlərin şahidi olarıq. Maddiyyatdan ibarət olan bu dünyadakı bütün həyat yolunu axirət dünyasına sərf edən bu təlimin nümayəndələrinin davranış qaydaları zahiri görünüşdə Hindistan və Çin tərki-dünyalarının davranış tərzinə uyğun gəlirdi. Xristianlığın və neoplatonizmin təsirinin də hiss olunduğu sufiyyə təliminin tərəfdarları zahid, tərki-dünya, asket həyat tərzi sürür, maddi aləmə laqeyd bir münasibət bəsləyirdilər.
İspaniyadan Hindistana qədər uzanmış Ərəb Xilafəti ərazisində yaranmış müxtəlif təlim və cərəyanlar mənəvi mədəniyyətlə birgə insanların sosial həyatına da ciddi təsir göstərirdi. Ezoterik (Yunanca “esoterikos” - daxili sözündəndir və yalnız mütəxəssislərin anlayacağı ideyalar bu terminlə xarakterizə olunur) fəlsəfi təlimlər içərisində sufi fəlsəfəsi daha çox diqqəti cəlb edirdi. Bu təlimi digər təlimlərdən fərqləndirən xüsusiyyətlərdən dini mistisizmi, Allaha qarşı yönəlmiş mistik məhəbbəti və həqiqətin dərkinə doğru istiqamətlənmiş inamı nümunə göstrəmək olar.
Mistisizmi digər təlimlərdən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
1. Bütün mistik sistemlərdə əxlaqi dəyərlər öz əksini tapıb. Bu əxlaqi dəyərlər insanların nəfsini riyazatla təmizləməyə yönəlir.
2. Əxlaqi dəyərlərə xidmət edən riyazatda mütləq həqiqətə nisbətdə fani olmaq öz əksini tapmışdır.
3. Mistizimdə həqiqəti ağılla, zəkayla dərk etmək yox, qəlbə aid kəşf, zövq və mənəvi təcrübə burada rol oynamalıdır.
4. Mütləq varlıqda fani olma nəticəsində insanda sükun və hüzur yaranır.
5. Mistisizmdə simvollar və rəmzi ifadələr əsas yer tutur. Buna səbəb isə mistisizmdəki mənəvi zövqlərin qeyri-mistiklərdən gizli saxlanılmasıdır.
Düşüncə tarixinə nəzər yetirdiyimiz zaman mistisizmin köklərinin təsəvvüfdən də əski dövrlərə gedib çıxdığının şahidi olarıq. Mistisizm ünsürləri ilk dəfə olaraq qədim Hindistanda özünü büruzə vermişdi. Qədim Hindistanda yaranan Vedizm və Brahmanizm dinlərində mistisizmin ünsürləri öz əksini tapmışdı. Hind mistiklərinin düşüncəsinə görə, ölüm nəticəsində insan ruhu azad olur, bu azad olma prosesi isə təsəvvüf fəlsəfəsinin “mövti-iradi” istilahına uyğun gəlir.
Məşhur filosof Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni (962 - 1048) “Təhqiqi malil-Hind” adlı əsərində Hindistanın inancları, dini və fəlsəfi məzhəbləri barədə müfəssəl məlumat verir. Biruni bu əsərində təkcə Hindistanın düşüncə tarixi barədə məlumat verməklə kifayətlənmir, eyni zamanda bu inancların digər inanclarla, xüsusilə də islam mistikası olan təsəvvüflə əlaqəsini də izah edir.
Qədim Misirdə də mistisizm ünsürləri öz əksini tapmışdır. Misir kahinləri məbədə yeni gələn rahibləri xüsusi fiziki və mənəvi imtahanlardan keçirirdilər. Qədim Yunanıstanda mistisizmin yaranmasında isə Pifaqor, Sokrat və Platon böyük rol oynayıblar. Pifaqorun mistik məktəbinə qəbul edilən tələbələr də müəyyən fiziki və mənəvi imtahandan keçməli idi, bəzən bu məktəbə qəbul olmaq üçün 5 il lazım olurdu. Bu mistik məktəbə qəbul edilən tələbələrə isə batini elmlərə xas olan xüsusi təlimlər verilirdi.
Təsəvvüf və mistisizmi tam olaraq eyniləşdirmək düzgün deyil. Təsəvvüfün mistisizmdən fərqli cəhətləri aşağıdakılardır:
1. İnsana ötəri hisslər verən mistisizmdən fərqli olaraq təsəvvüf insana ruhi və mənəvi, ali hislər kəsb edir.
2. Təsəvvüfdə iztirab olmadığı halda, mistisizmdə iztirab önəmli bir əhəmiyyət kəsb edir.
3. Mistisizm insanların tərbiyə metodlarında fərdi xarakterləri nəzərə almır, təsəvvüfdə bunun əksinə olaraq fərdi xarakterlərə görə zəngin tərbiyə metodları var.
4. Təsəvvüfdə mənəvi tərəqqi üçün fərdlərin cəhdləri böyük önəm kəsb etdiyi halda, mistisizmdə bu amil heç bir əhəmiyyət kəsb etmir.
5. Mistisizm, sadəcə olaraq, vəcdəgəlmə ilə kifayətləndiyi bir halda, təsəvvüfdə vəcdəgəlmə ilə birgə dərketmə prosesi də öz əksini tapıb.
6. Mistisizmdə vəcdəgəlmə prosesində hər hansı bir rəhbərə ehtiyac yoxdur, təsəvvüfdə isə bundan fərqli olaraq şeyxə, müridə, dini bələdçiyə ehtiyac var.
7. Əgər mistisizmdə əsas məqsəd ruhun bədən üzərindəki hakimiyyətini ələ almaqdırsa, təsəvvüfdə əsas məqsəd ruhun təmizlənib Allaha qovuşmasıdır.
Rəhim Həsənov
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı, ADMİU-nun redaktoru




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info