Tarixi təhrif etməyin...
Tarix: 06.01.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Türkiyənin “Yeni Şafak” qəzetinin 23 dekabr 2015-ci il tarixli sayında bu nəşriyyənin baş redaktoru İbrahim Karagülün "21. yüzyılın Şah İsmail’i ve Türkiye-İran savaşı.." sərlövhəli yazısı dərc edilmişdir. Həmin yazıda müəllif, eyni zamanda Azərbaycanın tarixini də təhrif etmişdir. Belə ki, o, türk dünyası tarixində ali məramlı tarixi şəxsiyyət kimi tanınan və “böyük türk” deyə çağrılan, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin banisi Şah İsmayılın milli mənsubiyyətini yanlış təqdim etmişdir. Elə bu üzdən də “Yeni Şafak” qəzetinin baş yazarı İbrahim Karagül Türkiyənin “Bengü türk” telekanalında yayımlanan “Ters açı” proqramının aparıcısı Murat İdenin sərt cavabına tuş gəlib. Qeyd edilməlidir ki, Murat İde yazı müəllifinə layiqincə cavab vermişdir.

Azərbaycanın elm adamları olaraq, "Yeni Şafak" qəzetinin baş redaktorunun yazısı, həqiqətən, bizi də üzmüşdür. Bununla belə, biz məqalə müəllifi İbrahim müəllimi o qədər də qınamırıq. Çünki bir çox başqaları kimi, o da indiyədək I İsmayılın hansı dövlətin şahı olduğunu anlaya bilməmişdir. Buradan da görünür ki, İbrahim Karagül kimi bir qəzetin baş yazarı qonşu və qardaş bir ölkədə baş verən hadisələri məntiqi ardıcıllıqla izləmir, onlara beynəlxalq rakursdan baxıb təhlil edə bilmir, hətta mətbuatına belə nəzər salmır. Əks təqdirdə, o, 2012-ci ilin sonunda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatda dərc edilərək geniş müzakirə obyektinə çevrilmiş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" tədqiqatını, onun redaktorluğu ilə 2015-ci ildə Bakıda "Şərq-Qərb Nəşriyyat Evi" tərəfindən çap edilmiş və nəinki Azərbaycanın, eləcə də Yaxın Şərqin siyasi tarixində silinməz izlər buraxmış, Qərb tarixçilərinin “Şərqin Napoleonu” adlandırdıqları Nadir şah Əfşarın diplomatik irsini türk tarixinə laqeyd olmayan bütün oxucular üçün nəzərdə tutmuş “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabını oxumuş olardı və o zaman bilərdi ki, Şah İsmayıl Xətai İranda türkçülüyün formalaşması və inkişafına, Nadir şah isə azərbaycançılığın genişlənib yayılmasına əvəzsiz xidmətlər göstərmişdir.
İbrahim Karagülün bu yanaşmasından sonra ona bildirmək istərdik ki, əgər latın qrafikası ilə çap edilən və yayılan, eyni zamanda beynəlxalq miqyasada saytlara malik olan Azərbaycan mətbuatına əli çatmırsa, ya onları oxumağa hövsələsi və həvəsi yoxdursa, o zaman coğrafi məkan baxımından ona daha yaxın olan Avropa müəllifləri Gene Qartveytin “İran tarixi” və Jozef Viyesehöferin “Antik Pers tarixi” kitablarını mütaliə etsin, anlasın ki, İran 80-dən çox millət və xalqların məskunlaşdığı, onlara aid inzibati-ərazi vahidlərini özündə birləşdirən bir dövlətin adıdır.
Hörmətli İbrahim Karagülün diqqətinə təqdim etmək istərdik ki, Səfəvilər dövləti digər əyalətlərə nisbətdə sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan ərazisində yarandı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər. Azərbaycan türkü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Hərbi komandanlıq, maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki, bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-u azərbaycanlı idi. Ordu da demək olar ki, azərbaycanlılardan təşkil olunurdu. Səfəvi dövlətinin Şamlu, Rumlu, Ustaclı, Təkləli, Zülqədərli və başqa bu kimi məmurları türk tayfalarından çıxmış adlı-sanlı şəxsiyyətlərdən ibarət olmuşdur. Sarayda qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkçəsi işlədilirdi. Sizcə, şah İsmayıl başqa millətdən olsaydı, Azərbaycan Səfəvilər dövlətinin dilini türk dili edərdimi?
Siz, İbrahim Karagül, şah İsmayılın qurduğu dövlətdə başqa mədəniyyətin nişanələrini gördünüzmü? Bütün orta əsr müəllifləri Səfəvilərin türk dövləti olduğunu, şah İsmayılın isə təmiz türk olduğunu yazmışlar. Görünür, sizin bu barədə məlumatlarınız yoxdur. Əgər V.V.Bartold, İ.P.Petruşevski və V.F.Minorski kimi görkəmli şərqşünas alimlər şah İsmayılı Azərbaycan türkü kimi qəbul etməkdən imtina edənlər üçün (o sırada sizin üçün də) avtoritet deyildirsə, onda bir sıra başqa Qərb tədqiqatçılarının fikirlərinə də istinad etmək olar.
Biz isə tarixi faktlara söykənərək bir daha qeyd etmək istərdik ki, Azərbaycan Səfəvi Dövlətində türklər dövlətin əsas dayağı statusunu saxlamaqla hərbi və siyasi elitanı təşkil edirdilər. Məhz Şah İsmayıl Xətainin Azərbaycan dilində qanunvericilik fəaliyyətini aktiv tətbiq etməsi faktı orta əsrlərdə Azərbaycan türklərinin siyasi elitasının və savadlı təbəqəsinin formalaşmasına kömək etmişdir. Həmin dövrdə Azərbaycan türkcəsinin vahid dövlət dili statusunda işlədilməsi faktı etnik şüurun təşəkkülünə təkan vermiş, xalqın sıx birləşməsi,vahid dövlətçilik tarixinin yaranması üçün əsas olmuşdur.
İbrahim Karagül, əgər siz tarixi yaxşı öyrənsəydiniz, bilərdiniz ki, Azərbaycan hökmdarları ilə osmanlı hökmdarları arasında daim isti münasibətlər olmuşdur. Şah İsmayıl və II Bəyazid arasındakı münasibətlər “oğul-ata” münasibəti kimi olmuş və bu əlaqələr sonrakı zamanlarda da eyni tərzdə şah I Təhmasib və sultan Süleyman arasında davam etdirilmişdir. Azərbaycan Səfəvilər dövləti və Osmanlı hökmdarları arasındakı bütün yazışmalar türk dilində aparılmışdır. Əgər şah İsmayıl məzhəblərə fərq qoysaydı, o zaman Azərbaycan Səfəvilər dövlətində ayrı-ayrı təriqətlərə aid məscid və ibadətgahlar olmazdı! Bu bir həqiqətdir ki, Şah İsmayılın qurduğu dövlət dini baxımdan dövrünün ən tolerant dövlətlərindən biri olmuşdur. Bilin ki, şah İsmayıla qarşı qərəzli fikirləriniz Türkiyə xalqı tərəfindən də birmənalı qarşılanmayacaq.
Qeyd edilməlidir ki, bugünkü Türkiyədə İran , xüsusilə də, Azərbaycan vilayətinin tarixinin araşdırılması və təbliği çox aşağı səviyyədədir və bu istiqamətdə maarifləndirmə işlərinin təşkili, demək olar ki, sıfır dərəcəsindədir. Yalnız müvafiq dərnəklər və cəmiyyətlər səviyyəsində bu iş məhdud dairələrdə təbliğ edilir, o da əslən elmi araşdırmalara söykənmir. Belə ki, türk elm adamları İranın Azərbaycan vilayətinin türkləşdiyini səlcuqların buraya gəlişi ilə əlaqələndirirlər. Halbuki, İranda türklərin məskunlaşması və mədəniyyət izləri e.ə. IV-III minilliklərə gedib çıxır. İrandakı Lullubi, Kuti, Turukki və Manna kimi dövlətlərin mövcudluğu bu ərazilərdə tarixən türklərin yaşadığını göstərir.
İbrahim Karagül, diqqətinizə onu da yetirmək istərdik ki, hazırda da İran əhalisinin 50%-ə qədərini Azərbaycan türkləri təşkil edir və İranın rəsmi statistikasına söykənən araşdırmaların nəticələri onu da deməyə əsas verir ki, bütün İran ərazisindəki Azərbaycan türklərinin, demək olar ki, böyük əksəriyyəti bu ölkənin iqtisadi cəhətdən inkişaf etmiş vilayət və şəhərlərində yaşamaqla onun mədəni, milli-mənəvi və əxlaqi dəyərlərini zənginləşdirirlər.
Səməd Bayramzadə
Tarix üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun
şöbə müdiri

Ramil Rüstəmov
Şərqşünaslıq İnstitutunun
elmi işçisi



İstinad:
1. İbrahim Karagülün "21. yüzyılın Şah İsmail’i ve Türkiye-İran savaşı.." sərlövhəli yazısı üçün bax: http://www.gunlukkoseyazilari.com/oku?p=http://www.gunlukkoseyazilari.com/yeni-safak-ibrahim-karagul-23-aralik-2015-21-yuzyilin-sah-ismaili-ve-turkiye-iran-savasi/144933&gazete=Yeni%20%C5%9Eafak&yazi=http://www.yenisafak.com/yazarlar/ibrahimkaragul/21-yuzyilin-sah-ismaili-ve-turkiye-iran-savasi-2024763&title=
2. “Ters açı” proqramının aparıcısı Murat İdenin cavabı üçün bax: https://www.youtube.com/watch?v=i2qw4mZt1vQ






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info