Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qazla təmin olunması istiqamətində işlər uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, hazırda rayonun 10 kəndinə, yəni Ləkçılpaq, Yalman, Mırtı, Yeniarx, Müskürlü, Çərəkə, Qaraxıdır, Şəkər, Bəydövül, Alpoud kəndlərinə müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz borularının çəkilişi həyata keçirilir, sayğaclar quraşdırılır. İşlərin bu ilin yayınadək başa çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, rayonda 6 kəndin qazlaşdırılması işləri bu günlərdə başa çatdırılıb. Yaxın vaxtlarda Hüngütlü kəndində 162, Aşağı Qaraməryəm kəndində 222, Şıxəmir kəndində 72, Xəlitli kəndində 335, Çaxırlı kəndində 713 və İnçə kəndində 958 abonent təbii qazla təmin olunacaq.
Qeyd edək ki, son bir ildə rayonun 7 kəndinə təbii qaz verilişi bərpa edilib. İndiyədək Göyçay şəhərində və 24 kənddə 16 min 430 mənzil qazlaşdırılıb.
|