Həmidə xanım Cavanşirin 140 illik yubileyi qeyd olunub
Tarix: 19.02.2013 | Saat: 22:08:00 | E-mail | Çapa göndər


Görkəmli ictimai xadim, Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından biri Həmidə xanım Cavanşirin anadan olmasından 140 il keçir. Bu münasibətlə Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndindəki ev-muzeyində yubiley mərasimi keçirilib.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin iştirak etdikləri tədbirdə çıxış edənlər Həmidə xanımın zəngin həyat, maarifçilik və xeyriyyəçilik fəaliyyətindən danışıblar.
Məlumat verilib ki, Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarında Şuşa qəzasının Kəhrizli kəndində, zəmanəsinin görkəmli ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Əhməd bəy Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsidir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşünə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə atasının şeirlər kitabını nəşr etdirmək üçün Tiflisə gedən Həmidə xanım burada Cəlil Məmmədquluzadə ilə tanış olub. 1907-ci ildə Həmidə xanım Mirzə Cəlillə ailə qurmuş və ədibin ömrünün sonunadək çətin və kəşməkəşli həyat yollarında həmişə ona dayaq olub.
Həmidə xanım Kəhrizli kəndində kəhriz vurdurub, toxuculuq emalatxanası, məktəb açıb və burada dərs deyib. O, yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliklərə tutulanlara yardım göstərməyi öyrənərək kəndliləri müalicə edib.
Böyük xeyriyyəçi kimi yaddaşlara həkk olunan Həmidə xanım təkcə Kəhrizlinin deyil, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanların əlindən tutub, o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Həmidə xanım Cavanşir Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və sədr müavini olub, 1912-ci ildə Zaqafqaziya pambıqçılarının XIII qurultayında məruzə edib. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda - Mirzə Cəlilin məzarının yanında dəfn olunub. Həmidə xanımın Kəhrizli kəndindəki evi təmir edilərək muzeyə çevrilib, kəndin mərkəzində büstü qoyulub. Ev-muzeyi Həmidə xanımın yadigarı olan məişət əşyaları, əl tikmələri, ailə fotoarxivləri, əlyazmalarla təmin edilib. Tədbirdə məktəblilər şair Vaqif Kəhrizlinin Həmidə xanıma həsr etdiyi şeirləri söyləyiblər.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info