Dövlət bütün tədbirləri görür ki, vətəndaşlar sıxıntı çəkməsin
Tarix: 15.01.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Adil Əliyev: “Azərbaycan güclü dövlətdir və bütün vəziyyətlərdən alnıaçıq, üzüağ çıxmağa qadirdir”

Tahir Rzayev: “Əsas məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin inkişaf etdirilməsidir”

İlqar Orucov: “Ən yaxın vaxtda görülən tədbirlər əlverişli biznes mühiti üçün şərait yaradacaq”

Ötən sayımızda qeyd etdiyimiz kimi, bu gün bütün dünya ölkələrində neftin qiymətlərinin düşməsi ilə bağlı olaraq ciddi maliyyə və iqtisadi böhran müşahidə olunmaqdadır. Bir-birlərilə zəncirvari şəkildə bağlı olan dünya iqtisadiyyatları neftin qiymətlərinin kəskin enməsi və nəticədə, dolların qiymətinin qalxması ilə bağlı olaraq zərər görməkdədirlər. Bu məsələ ilə bağlı maliyyə böhranı dünyanın ən inkişaf etmiş ölkələrini belə, çox çətin vəziyyətdə qoyub.
Məsələn, inkişaf etmiş Qərb dövlətlərində belə, iqtisadi resessiya və işsizlik kəskin xarakter alıb. Həmçinin Yunanıstan, Bolqarıstan və digər Şərqi Avropa dövlətləri çox çətin duruma düşüblər, dövlət borcları, iqtisadi geriləmə, büdcə kəsirləri və işsizlik bu dövlətləri əldən salıb. Bundan başqa, dünyanın ən nəhəng dövləti və ən sürətlə inkişaf edən iqtisadiyyata malik, iqtisadiyyat baxımından dünya ikincisi olan Çin belə, dolların qarşısında aciz qalaraq, milyardlarla dollar valyuta itkisinə məruz qalıb. Belə ki, dünyada neftin qiymətlərinin düşməsi nəticəsində Çin yuanı önəmli dərəcədə dəyərini itirib, bu isə ölkədə iqtisadi geriləmələrə səbəb olub. Buna görə də Çin daxilində dollar mübadiləsinə çox ciddi məhdudiyyət və maneələr qoyulub. Göründüyü kimi, bu cür böhran durumu və faktları dünyanın ən güclü iqtisadiyyat nəhənglərində də mövcuddur və daha kəskin xarakter alıb. O cümlədən Azərbaycan da neft ixrac edən ölkə kimi bu baxımdan müvəqqəti sıxıntılarla üzləşib. Burada maraqlı məqam neft ölkəsi olmayan Çin kimi dünya nəhənglərinin belə, neftlə bağlı başlayan problemlərə görə çətin duruma düşməsidir. Deməli, dünyada nəinki neft ölkələri, neft ixrac etməyən, güclü iqtisadiyyatı olan dövlətlər belə, indi daha pis durumdadır. Belə bir dünya böhranı fonunda Azərbaycan dövləti bütün vacib və mümkün tədbirləri həyata keçirir ki, vətəndaşlarımız böhrandan minimum sıxıntılarla yaxa qurtara bilsin və müvəqqəti hal olan hazırkı situasiyadan yenidən rifah halına adlasın. Amma bu məsələdə cəmiyyətin hər bir üzvü dövlətə və ümumi işə öz dəstəyini əsirgəməməlidir. Bununla bağlı olaraq fikirlərini bildirən millət vəkili Adil Əliyev də qeyd edib ki, dövlət başçısı budəfəki çıxışında həm hökumət məmurlarına, həm də cəmiyyətə mesaj verdi: “Məmurlara işlərində daha ciddi və məsuliyyətli, cəmiyyətə isə ictimai nəzarəti gücləndirməkdə fəal olmağı tapşırdı”. O, açıqlamasında bildirib ki, belə həssas məqamlarda şirkətlərə də qənaətlə işləmək, az qazancla kifayətlənmək, məsələlərə xeyriyyəçi kimi yanaşmaq lazımdır: “Cəmiyyət Azərbaycan dövlətinin xalqımız üçün yaxşı gələcək qurmaq istəyində olduğunu görür. Azərbaycan güclü dövlətdir və bütün vəziyyətlərdən alnıaçıq, üzüağ çıxmağa qadirdir”.
Millət vəkili Tahir Rzayev isə bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək tədbirlərin əsasında duran məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir. T.Rzayev bildirib ki, bir sıra regionlarda bu istiqamətdə mühüm işlər görülüb: “Məsələn, Ağcabədi rayonunda süd kombinatları yaradılıb və həm heyvandarlığın inkişafı, həm də süd məhsullarının istehsalı üçün böyük işlər görülüb. Rayonda taxılçılıqla əlaqədar böyük bir təsərrüfat, o cümlədən böyük ət kombinatı yaradılıb”. R.Rzayev vurğulayıb ki, bu proses bütün regionlarda həyata keçirilməlidir: “Taxılçılıq, bitkiçilik, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik. Azərbaycan şərabı dünya şöhrəti qazanıb. Bu sahəni də inkişaf etdirə, o cümlədən, nar şirəsi, üzüm şirəsi və digər meyvə şirələrinin istehsalını artıra bilərik. Heyvandarlığı daha da inkişaf etdirməklə xaricə ət məhsullarının ixracını artıra bilərik”.
Deputat qeyd edib ki, sahibkarlar üçün Azərbaycanda yaradılan şərait ildən-ilə inkişaf etdirilir: “Amma bəzi süni maneələr də var, sənədləşmə işlərində müəyyən ləngimələr olur. Prezident İlham Əliyev bildirdi ki, elə çevik idarəetmə strukturu yaradılmalıdır ki, bütün məsələlər tez həll edilsin. Dövlət başçısı bütün nazirlərə, əlaqədar təşkilatlara göstəriş verdi ki, bu işə məsuliyyətlə yanaşılmalıdır. Hər bir vətəndaşın səyi, təşəbbüskarlığı lazımdır. Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə qeyd edir ki, bu gün dünyada gedən gərgin siyasi proseslər fonunda dünya iqtisadiyyatında baş verən böhran təbii ki, bizdən də yan keçə bilməzdi: “Əslində gərgin situasiyadan dünyada elə bir ölkə göstərmək mümkün deyil ki, təsirsiz ötüşsün. Həqiqət ondan ibarətdir ki, bu iqtisadi qasırğanın səbəbləri süni yaradılıb və əslində bu gözlənilməz və proqnozlaşdırılması mümkün olmayan bir proses idi. Neftin qiyməti kəskin aşağı salınmaqla bütün neft ixrac edən ölkələrdə eyni situasiya yaradıldı. Eyni zamanda böhranın fəsadları bir qədər də genişləndi və bütün dünya iqtisadiyyatında təhlükəli vəziyyət yaratdı. Maliyyə böhranı bütün ölkələrin milli valyutalarının dəyərdən düşməsinə səbəb oldu. Ən böyük korporasiyalar belə işçilərini ixtisar etmək və sərt qənaət tədbirlərinə keçidi təmin etmək istiqamətində fəaliyyətə keçiblər. Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında ölkə başçısı konkret istiqamətləri bəyan etməklə insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. Burada vacib məqamlardan bir neçəsini xüsusilə qeyd etmək lazımdır. İnhisarçılığa qarşı mübarizə, süni qiymət artımına qarşı mübarizənin sərtləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi, vətəndaşların pensiya və təqaüdlərinin artırılması ilə bağlı tədbirlərin görülməsi ilə bağlı tapşırıqları böhran dövrünü əhatə edəcək proqramın əsas tezisləri idi. Situasiyadan istifadə edərək qiymətləri süni şəkildə artıran möhtəkirlərə qarşı kəskin inzibati və cəza tədbirləri görülür və bundan sonra da görüləcək. Artıq xidmət sahələrində tələb olunan lisenziyaların bir çoxu ləğv edilib, qalanları da ASAN xidmətə verilib. İnanıram ki, ən yaxın vaxtda bu tədbirlər əlverişli biznes mühiti üçün şərait yaradacaq və neftdən asılılıqla mübarizəni təmin edəcək. Təbii ki, çətinliklər, sosial problemlər yaranıb. Bütün bunları dövlət bilir, başa düşür. Manatın devalivasiyası kimi məsuliyyət tələb edən zəruri addımın atılması qaçılmaz idi. Amma proseslər bunu diktə etdi və dövlət zərurətdən bu yola getdi. Çıxış yolları axtarılır, islahatlara gedilir. Böhrandan çıxmaq, insanların sosial problemlərinə kömək istiqamətində çevik proqramlar üzərində iş gedir və təsirli qərarlar qəbul ediləcək. Azərbaycan bu böhrandan çıxmaq iqtidarındadır və bunun üçün ciddi tədbirlər görülür. İnsanlar bu məqamlarda daha diqqətli, daha ayıq-sayıq olmalıdırlar. Çünki dövlət rəhbəri səviyyəsində bütün diqqət Azərbaycan insanının böhrandan maksimum az ziyanla çıxmasına, sosial qayğılarının dövlət tərəfindən qarşılanmasına yönləndirilib. Həyata keçirilən islahatlar optimizm hissi yaradır ki, biz prosesi arxada qoyacağıq. İnsanların ilk növbədə, səbirli olması lazımdır. İnsanlar dərk etməlidirlər ki, kənar təsirlər, radikal çağırışlar, insanlarda dövlətə və dövlətçiliyə qarşı inam hissini aradan qaldırmaq kimi təxribatçı bəyanatlar prosesdən çıxış yolu deyil”.
Alimin fikrincə, vəziyyətdən çıxış yolu dövlətə güvənməkdən, dövlətin və dövlətçiliyin yanında olmaqdan, ölkə başçısının antikrizis islahatlarına dəstək olmaqdan, ölkənin siyasi rəhbərliyi ilə xalqın birliyindən keçir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info